Tacikistan Fars körfəzinə çıxır

Tacikistan Fars körfəzinə çıxır

Siyasət
19 İyul 2019, 18:28 21310
Tehran və Düşənbə Tacikistanın İranın Çabahar limanından istifadə imkanlarını müzakirəyə çıxarıblar. Bunu jurnalistlərə Tacikistan nəqliyyat nazirinin müavini Şirəli Qancalzode bildirib. Onun sözlərinə görə, İran tacik mallarının nəqli məsələsində ən təhlükəsiz və əlverişli marşruta çevrilə bilər. Düşənbə bununla bir məqsəd güdür - tacik mallarının üzünə sərhədlərini bağlayan Türkmənistandan yan keçib əlverişli marşrut əldə etmək. "Əgər Tacikistan hökuməti Çabahar dəniz limanı ərazisində yer icarəyə götürmək barədə qərar qəbul edərsə, bu, ona mallarının nəqli kontekstində əlverişli ola bilər. Lakin bir məsələ var ki, orada infrastruktur, o cümlədən anbarlar qurulmalıdır”, - deyə Tacikistanın nəqliyyat nazirinin müavini "Avesta” agentliyinə müsahibəsində bildirib. Onu da qeyd edək ki, bu məsələ Tacikistan və İran prezidentləri – Emomali Rahmonla Həsən Ruhani arasında bu ayın əvvəlində Düşənbədə aparılan danışıqlarda əsas müzakirə mövzusu olub. Ekspertlər prezidentlərin bu görüşünü iki ölkə arasında 2015-ci ildəki gərginlikdən sonra bir istiləşmə kimi qiymətləndiriblər.
Gərginlik Düşənbənin İranı Tacikistan İslam Dirçəlişi Partiyasını maliyyələşdirməkdə ittiham etməsindən sonra başlayıb. Tacikistan bəyan edirdi ki, bu qruplaşma ölkədə dövlət çevrilişi etməyə cəhd göstərib. Bundan əlavə, partiya 2020-ci ildə keçiriləcək prezident seçkiləri zamanı kütləvi aksiyalara hazırlıq cəhdində günahlandırılmışdı. Lakin son vaxtlar hər iki tərəf münasibətlərin normallaşması istiqamətində bir sıra addımlar atıb. Məsələn, bu yaxınlarda səfirlərin təyinatı baş verib. Ardınca da Tacikistan XİN rəhbəri Siroceddin Muxriddin İrana səfər edib. Məhz o, Ruhanidən Çabahar limanından istifadəyə icazə verilməsini xahiş edib. Perspektivdə limanın yeni inşa edilən Çabahar-Zahedan dəmir yolu və Şimal-Cənub-Qazaxıstan-Türkmənistan-İran şərq dəmir yolu vasisətilə Xəzərin nəqliyyat sistemi ilə birləşəcəyi gözlənilir. Tacikistan öz növbəsində bu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinə çevrilmək arzusundadır. Bu marşrutla Cənubi-Şərqi Asiyadan Hindistana və oradan da Sankt-Peterburqa və Avropa ölkələrinə hərəkət təmin edilə bilər.
Yeri gəlmişkən, Düşənbəni Tehrana müraciət etməyə qonşu Aşqabadla olan gərginlik də məcbur edib. Türkmənistan tacik yükdaşımaları üçün öz sərhədini bağlayıb və ona aid TIR-ları öz ərazisindən niyə buraxmadığını izah etmir. Türkmənistan tərəfi ilk dəfə ötən ilin yayında tacik TIR-ları üçün yolu bağlayıb. Nəticədə İran-Türkmənistan sərhədində yüzlərlə TIR yığılıb qalıb. Aşqabad TIR-ların "təhlükəsizlik baxımından” ölkəyə buraxılmadığı haqda məktub göndərib. Sonradan qadağa götürülsə də, bu ilin əvvəllərindən yenidən Tacikistan yükdaşıyanları Türkmənistan ərazisinə buraxılmayıblar. "Asiya+”un məlumatına görə, nəticədə tacik hakimiyyət orqanları problemi alternativ marşrutlarla həll etmək qərarına gəlib. Tacikistan nəqliyyat nazirinin birinci müavini Sohrab Mirzozoda keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda tacik yüklərinin İran sərhədinə çatdırılması üçün iki marşrut var. Birici marşrut Özbəkistan ərazisindən Aktau limanından Bakıya, orada isə quru yolla İranadır. Bu yol da 3650 km-dir. Müqayisə üçün bildirək ki, Türkmənistan ərazisi ilə yol 1450 km. idi. Azərbaycan ərazisi ilə marşrut Türkmənistan marşrutundan daha uzun olsa da, tacik TIR-larının stabil və təhlükəsiz hərəkətinə imkan verir.  S.Mirzozoda bildirib ki, tacik yükdaşıyanlarının Azərbaycan və Gürcüstan yol infrastrukturundan istifadə etməsinə dair bu ölkələrlə razılaşmaları qısa müddətdə əldə ediblər. İkinci marşrut isə Özbəkistan, Qazaxıstan, Rusiyadan Gürcüstana və orada da İrana uzanır. Bu yol da 4850 km-dir. Qeyd edilir ki, məsafə ilə paralel proporsional olaraq yanacaq sərfi, eləcə də, gömrük məntəqələrinin də sayı artır. Çabahar limanında infrastruktur işləri Tacikistana hansı sahəni götürəcəyindən asılı olaraq 2 mlrd. dollardan 15 mlrd. dollara qədər başa gələ bilər. Bu pulu Düşənbəyə kimin verəcəyi də açıq qalır. "İranın pulu yoxdur. Tacikistan üçün əlverişli olan öz yüklərini Pakistanın Qvadar limanına çatdırmaqdır. Bu liman Çabahardan 192 km. məsafədədir. Başqa bir əhəmiyyətli məsələ odur ki, Tacikistan Çabahar imanı vasitəsilə hansı yükləri  daşıyacaq? Məsələ ondadır ki, Tacikistan ixrac etdiyi mallardan üç dəfə çox mal idxal edir. Bütün nadir qazıntı metalları və qiymətli daşlar bazarı Çinin əlindədir.
Tacikistan əsasən mineral resurslar, alüminium, kənd təsərrüfatı məhsulları ixrac edir”, - deyə "Nezavizimaya qazeta”ya müsahibəsində Strateji qiymətləndirmələr və proqnozlar Mərkəzinin direktor müavini İqor Pankratenko bildirib. Ekspertin qənaətincə, söhbət ilk növbədə ticarətin yeni mərhələsindən gedir. Düşənbə burada "satışa” İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü ilə bağlı mövqeyini çıxarıb: tacik hakimiyyəti bu üzvlüyə qarşı çıxmamağa hazır olduqlarını bildirirlər. Əvəzində də maddi yardım və investisiya istəyirlər. Bir faktı da nəzərə alaq ki, ŞƏT-ə üzvlük İran üçün həddən artıq vacib və prinsipial məsələdir. Tehran da ödəmələrə hazırdır. Qalıb bu vəsaitin həcmi məsələsi. Ekspertlər hesab edirlər ki, tacik hakimiyyəti daha çoxunu əldə etmək istərdi, lakin İranın maksimum dərəcədə ixtisarlara gedəcəyi şübhəsizdir. Bu səbəbdən də bizləri qarşıda dramatik hadisələr – tərəflərin iqtisadi və siyasi sövdələşmələri gözləyir. Nəzərə alaq ki, hər iki tərəf bu məsələlərdə əsl peşəkardırlar. Bütün bunlara rəğmən, prosesin necə başa çatacağı hətta ən optimist ekspertlər üçün də qaranlıq qalır.
 
Azər NURİYEV