AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sonrakı peşmanlıq

Sonrakı peşmanlıq

30 Dekabr 2019, 09:30 432
Görkəmli filoloq, professor Kamran Əliyev bir sıra hekayələrin müəllifidir. Ədibin sevilə-sevilə mütaliə edilən və böyük təsir gücünə malik belə əsərlərindən biri də "Novruza bir gün qalırdı” hekayəsidir.
 
Bu hekayə Müəllifin Novruz bayramı ərəfəsində başına gələn bir əhvalatdan bəhs edir. Yazıçı ilk növbədə Novruz bayramına bir gün qalmış şəhərin küçələrinin, o cümlədən tələbə yoldaşlarının əhval-ruhiyyəsinin təsvirini verir. Şəhərin küçələri tərtəmiz idi və o, filologiya fakültəsində ikinci növbədə oxuyurdu. Qrup uşaqlarının pıçhapıçları ara vermirdi. Xüsusilə qızlar künc-bucağa qısılıb xısın-xısın danışırdılar. Əhvalat o dəqiqə məlum olur. Şəlalə Oruz Arazçaylının Novruz bayramı ilə əlaqədar ona aldığı hədiyyəni qəbul etməmişdi. Ən pisi bu idi ki, belə bir hadisə ikinci dəfə təkrar olunurdu. Şəlalə əvvəlki illərdən fərqli olaraq, 8 mart ərəfəsində də bu cür hərəkət etmiş, heç kəsin gözləmədiyi halda əməlli başlı qan-qaralıq salmışdı. Onda da, indi də hamı Şəlaləni qınayırdı ki, sənə hörmət qoyub hədiyyə alıblar, belə etməzlər. Şəlalə isə bu barədə bir kəlmə belə danışmırdı. Lakin ötən il Şəlalə Oruc üçün ovuc-ovuc "moskovski” konfetlər daşıyırdı. Oruc isə bu konfetləri adi nəzakət qaydası kimi yox, ona olan sevgi kimi başa düşürdü. Əslində, onların bir-birlərini istəyib-istəməmələri özlərindən başqa heç kəsə məlum deyildi. Lakin burada ьüəllifin öz qrup yoldaşları Musa Ələkbərlinin yazdığı məşhur dastanından yadına düşən misraları bu məhəbbətin bütün qrupu narahat etdiyinin şahidi oluruq:

Uca zirvə göy üzündən nəm çəkər,
Pürrəngi çay yana-yana dəm çəkər,
Bu hicrandan fakültəmiz qəm çəkər,
Kül eyləyər darülfunu bu nalə,
Şəlalə!

Bu yazdığı misralarla Musa sanki Şəlaləyə üsyan edirdi və onu gözünü açmağa səsləyirdi. Bu misraları eləcə deyib qurtarmışdı ki, qrupun dilli-dilavər qızı Arzu zəngin səsini eşidər-eşitməz tələm tələsik çantasını açıb bloknot çıxararaq onu mənə uzadır və deyir: "Mən Oruc-moruc, Şəlalə-məlalə deyiləm ha, götürməzsən başına çırparam”.
 
Cildinə üz çəkilmiş bloknotun üz qabığındakı medalyonun içərisində belinə qırmızı lent bağlanmış səməni şəkli vardı. Arzunun gözləri mənə zillənmişdi. Mən isə heç nə demədim. Sanki bu hədiyyə ilə Arzu nəsə demək istəyirdi. Və xüsusilə onun Oruc ilə Şəlalənin adını hallandırması ciddi maraq doğurur. Burada Arzunun ьüəllifə bəslədiyi gizli sevgi barədə düşünmək olar.
 
Bu səssizlikdə Arzu dillənərək, saat 4-də yuxarı binada – Akademiya metrosunun yanında Novruz bayramı ilə bağlı tədbir keçiriləcəyi barədə məlumat verərək, mənə birlikdə getməyi təklif edir. Və bu barədə razılığa gəldikdən sonra 4 nəfər – Arzu, Çiçək, müəllifin özü və nə qədər qəribə olsa da Şəlalə birinci dərsdən sonra universitetin yuxarı binasına yollanırlar. Qapının ağzında bəlli olur ki, heç kəsi içəri buraxmırlar, xüsusilə Baksovetin yanında yerləşən filologiya, şərqşünaslıq və jurnalistika fakültələrindən gələn tələbələri heç yaxına da qoymurlar. Amma onların bəxti gətirir ki, orada növbətçilik edənlərdən biri Çiçəyin əmisioğlu idi və o, gizlicə onları içəri buraxır. Tədbir kimya fakültəsində böyük auditoriyada keçirilir.
 
Bu auditoriya Müəllifə yaxşı məlum idi. O, qəbul imtahanları zamanı fransız dilindən burada imtahan vermişdi. Və imtahandakı tələbələri, xüsusilə də bu imtahandan kəsilən qızları ürək ağrısı ilə xatırlayırdı. Belə ki, adını bilmədiyi bir qız yaxşı cavab verməmişdi, lakin ona 3 yazmaq olardı. Qız da ciddi cəhdlə 3 almaq istəyirdi. Əslində, müəllimə də tərəddüd içərisində idi. Onun bu üçü nə üçün istədiyini maraqla soruşdu. Axı onun qəbul üçün onsuz da balı çatmayacaqdı. Qız ağlamsınaraq: "Müəllimə, mən rayona gedən kimi hamı soruşacaq ki, kəsilmisən, yoxsa konkursa düşmüsən?” – dedi. Müəllimə təəccüblə: "Ay qızım, bunun nə
mənası var, müsabiqədən keçmədin, yaxud kəsildin?” – soruşdu. Qız yazıq-yazıq dilləndi: - "Müəllimə, bizim kəndimizdə kəsilənləri lağa qoyurlar. Bütün imtahanlardan qiymət alıb qəbul olmayanların isə az-maz hörməti olur”. Müəllimə elə bu cavabı gözləyirmiş kimi "qoy səni lağa qoysunlar, eybi yox, yaxşı hazırlaşıb gələn il təzədən gələrsən” – deyərək o qıza iki yazdı. Qız isə ağlayaraq auditoriyanı tərk elədi.
 
İkinci qız Yevlaxdan gəlib imtahan verən Samirə idi. Samirənin adı müəllifin yadında qalmışdı, çünki onlar ilk gündən bir qrupda imtahan verirdilər. Hətta yazılı imtahanda Samirəyə köməklik də göstərmişdi. Samirə tam cavab verməsə də, ona da 3 yazmaq olardı, o da 3 istəyirdi. Lakin müəllimə eyni sualla ona da müraciət elədi: "Üç sənin nəyinə lazımdır? Deməsən, 2 yazacağam”. Müəllimə düşünürdü ki, 3 alsa da qəbul olmaq üçün balı çatmayacaq. Samirə müəllimənin sözlərində bir işıq görüb dilləndi: "Müəllimə, mən ikinci ildir ki, qəbula gəlirəm. Keçən il kəsiləndən sonra gedib kolxozda işləmişəm. Bir illik əmək stajım olduğu üçün mənə bir üç lazımdır, qəbul olacağam”. Müəllimə isə hirslə "sən bizə kələk gəlirsən” - deyərək ona da 2 yazdı. Bununla da Samirənin içində qoruyub saxladığı işıq qapqara zülmətə çevrildi.
 
Müəllif öz fransız dili müəllimi Əli müəllim ilə burada imtahan götürən müəllimi müqayisə edir. Bir az bilən tələbəyə 3 yazan Əli müəllim onun və oxucuların gözündə ucalır, lakin 3 almaq üçün can-fəşanlıq edən tələbə qızlara 3 yazan bu müəllim isə onun, xüsusilə oxucuların qəlbində nifrət oyadır. Hər kəs ona mənfi obraz kimi yanaşır. Və beləliklə, o dövrün bəzi qəddarcasına davranan müəllimlərinin obrazları canlanır, bu problemi qabardılır.
Müəllifin Samirə haqqında xüsusi qeydləri də diqqəti cəlb edir. O, dərs dediyi tələbələrə müraciət edərək, Samirəni yaxud onun uşaqlarını tanıyan kəslərdən bu barədə ona xəbər vermələrini xahiş edir. Bununla da müəllif Samirənin onun yaddaşında, xatirələrində xüsusi iz qoyduğunu, ona olan xüsusi marağını göstərmiş olur. "Kaş bu yazını o, özü oxuyaydı” sözlərinin də ürəkdən deyildiyi hiss edilir.
 
Novruz bayramı ilə bağlı tədbirin keçirildiyi auditoriyaya tərəf gedə-gedə bunları fikirləşərkən Arzu onu düşüncələrdən ayırır:
- Çatmışıq, tədbir burada olmalıdır!
Qapını açaraq amfiteatr formasında olan yarıqaranlıq auditoriyaya daxil oldular. Hər tərəfə şamlar və səmənilər düzülmüşdü. Arzu, Şəlalə və Çiçəyə oturmaq üçün yer tapıldı. Müəllif isə divarın dibində ayaqüstə qaldı. Bu əsnada bir qız ona yaxınlaşaraq əlindən tutub apardı. Bu qız Şamama idi. Onun yarıqaranlıq otaqda Müəllifi tanıması təəccüblü idi. Onlar partaların birində yanaşı otururlar. Tələbələrin plaşları partaların üzərində idi. Müəllif də Şamamanın köməyi ilə plaşımı çıxardır və Şamama onu səliqə ilə qatlayıb öz plaşının üstünə qoyur.
Müəllif burada Şamamanın yarıqaranlıq otaqda onu tanımasını, plaşını çıxarıb qatlayaraq öz plaşının üzərinə qoymasını xüsusi qeyd edir. Sanki bununla Şamamanın ona olan sevgi hissləri ifadə olunur.
 
Daha sonra auditoriyanın qapısı açılır və dörd-beş nəfər içəri daxil olur. Partkomun müavini qəzəblə üzünü auditoriyaya tutaraq: "Bizim universitetdə icazəsiz heç kim heç bir tədbir keçirə bilməz!”- deyərək qışqırdı və səhnənin ortasında qoyulmuş iri səməniyə bir göz qırpımında təpik vurub dağıtdı. Həmin səmənini Şamama gətirmişdi və onu əzizləyə-əzizləyə böyütmüşdü. Buna görə o, hıçqıraraq ağlamağa başladı.
 
Bir azdan auditoriya boşaldı. Arzu, Şəlalə, Çiçək, Şamama və müəllif deyib gülərək qızlar yataqxanasına tərəf hərəkət edirlər. Birdən Şəlaləyə ilham gəlir və özü də ləzzət ala-ala Musa Ələkbərlinin şeirindən bir bənd deyir:

Musa, sözü mətləbinə doğru de,
Aşiq yardan yana baxsa oğru de.
Sən vicdanın açıq danış, doğru de,
Söylə Oruc çatacaqmı vüsalə,
Şəlalə!


Bu misraları deyən Şəlalə hər kəsi heyrətə salmışdı. Bununla müəllif oxucunu düşünməyə vadar edir. Şəlalə Orucu həqiqətən sevirdimi? Elə idisə onun hədiyyələrini niyə qəbul etmirdi? Bəlkə də, heç özü də bundan əmin deyildi. Amma hər halda o da bu barədə düşünürdü. Orucun vüsala çatıb-çatmayacağı ona da məlum deyildi və bu haqda fikirləşirdi. Bəlkə, o da Orucun vüsala çatmağını istəyirdi. Və məncə, bunun üçün gözləyirdi.
 
Novruz şənliyi qızlar yataqxanasında davam edirdi. Şənlik qurtarandan sonra oğlanlarla qızların görüş yeri olan yataqxananın vestibülündə müəllif Şamama ilə bir tərəfə çəkilib söhbət etməyə başlayır. Şamama hələ də səməninin dağılmasını yadından çıxara bilmirdi. Deyirdi ki, elə bil bu səməni mənim bəxtim idi, bəxtimi vurub dağıtdılar.
 
Şamama sabah tezdən rayona gedəcəyini deyəndə müəllif, sadəcə, "Bayramın mübarək” sözlərini yavaşca pıçıldayıb gülümsündü. O isə: "Mənə heç br sözün yoxdur?”- deyə dilləndi. Nə deyəcəyimi bilmədim. Şamama "Rayonda məni nişanlayacaqlar!” - dedi və sürətlə uzaqlaşdı.
 
Sura xala müəllifi zorla yataqxanadan çıxaranda Şamamanın son sözləri beynində ildırım kimi təlatüm yaradırdı və qəlbindən təsəlli kimi bir aprel aldatma günü gəlib keçirdi. Amma aldatma gününə hələ çox vardı, bayırda yazın nəfəsi duyulurdu, Novruz bayramının qədəmləri hiss edilirdi.
 
Hekayənin sonu oxucunun qəlbində də bir təlatüm yaradır. Axı, o da Şamamanın getməsini istəmirdi. Ancaq niyə bir söz demədi? Yəqin ki, bu sualın cavabını sadəcə müəllifin özü bilir. Ya o, Şamama barədə nə düşündüyünü bilmir, - onun ağlı qarışıq idi -, ya da ki o cəsur davranmadı, sevgisini etiraf etmədi və gecikdi. Hər halda bir gün, bəlkə də, "kaş fərqli davranardım və Şamamanı getməyə qoymazdım” -deyə düşünəcək. Biz görürük ki, burada Müəllif çətin vəziyyətdə qalır, nə edəcəyini bilmir. Sanki Şəlalə də bunu hiss edirdi. Belə ki, onun səmənisinin dağılması ona bu barədə işarə vermişdi. O, hiss etmişdi ki, bu səməni ilə birlikdə onun bəxtini də vurub dağıtmışdılar.
 
Kamran İmranoğlunun (Əliyevin) "Novruza bir gün qalırdı” hekayəsindən belə bir nəticə çıxarmaq olar ki, insan həyatda hər zaman daha cəsur davranmalıdır. Öz sevgisini göstərməyi bacarmalıdır. Çünki sonra gec ola bilər və sonrakı peşmanlıq heç vaxt fayda verməz.

Ləman Qasımova