Şofer Əhmədin 57 yaşını qeyd edən 75 yaşlı aktyor
Elxan Qasımov: "Özümü potensialıma uyğun
şəkildə realizə etməyi bacarmadım”
- Elxan müəllim, 75 yaş bir sənətkarın sözünü deməsi üçün ən gözəl mərhələdir. Yaradıcı insan üçün yaşın fərqi varmı?
- Amma siz 75 illik mübarizdən məğlub kimi çıxmış olursunuz?
Ömür yolunun 75-ci səhifəsini yaşayır. Bu gün
onun nə az, nə çox, 75 yaşı tamam olur. İnsanların qəlbində şofer Əhməd kimi tanınıb, sevilib. Bu il şofer Əhməd obranın dünyaya gəlişinin
57 ili tamamdır. Şofer Əhmədi uşaqdan
böyüyə hər kəs tanıyır. Elxan Qasımovu isə sənətə dəyər verən, pisi yaxşıdan ayırmağaı
bacaran sənət dostları daha yaxşı tanıyır.
Əməkdar artist olan, əslində isə xalqın
artisti sayılan Elxan Qasımovu doğum günündə biz də təbrik etdik. Onunla
söhbətimizdə 75 illik ömür yoluna nəzər saldıq. - Elxan müəllim, 75 yaş bir sənətkarın sözünü deməsi üçün ən gözəl mərhələdir. Yaradıcı insan üçün yaşın fərqi varmı?
- Hər yaşın öz
gözəlliyi var. Yaradıcı insan üçünsə yaşın fərqi həm var, həm də yox. Yəni
baxır hansı sənətkar üçün. Misal üçün, kinoda rejissor və aktyor üçün 75 yaş
şərt deyil. Belə ki, çalışaraq təcrübə qazanırsan, daha böyük kütləyə çıxmış
olursan, dünyanı dərk edirsən, sağlamalığın imkan verirsə, 75 yaş əsl işləməli
vaxtdır. Çünki bu sənətdə təcrübənin, öyrəndiklərinin, qazandıqlarının da böyük
rolu var. Elə sənət var ki, o, gəncliyi
sevir, burada fiziki güc lazımdır. 75 az yaş deyil. 75 yaş bir imtahandır.
Əslində indiki dövrüdə 60 yaş keçid dövrüdür. Amma yenə mən o yaşa önəm
vermirəm. Özümü 75 yaşındakı kimi hiss etmirəm. Bu yaşımda belə, mütaəmadi
olaraq kitablar oxuyuram, filmlərə baxıram.
Hələ də oxuduğum romanlardan, izlədiyim materiallardan təsirlənirəm və
bunu qavraya, o hissi, həyəcanı hiss edə bilirəm. Bu da məni ruhlandırır ki,
mən hələ gəncəm. Ancaq son zamanlar
özümdə bir az kövrəklik hiss edirəm.
- Kövrək olmağınıza səbəb nədir?
- Sosial şəbəkədə Afrikada və ya müharibə
gedən ölkələrdə ac uşaqların, əl-ayağı yalın, köməyə ehtiyacı olan vəziyyətdəki
şəkillərini görəndə özümü saxlaya bilmirəm. Gözlərim dolur. Özümə hakim ola
bilmirəm. Bunun elmi tərəfdən mənasını izah edə bilmərəm. Belə şeylər mənə
təsir göstərir.
- Qeyd
etdiniz ki, 75 yaş heç də az rəqəm deyil. Bəs geriyə baxanda nəyin peşmanlığını
yaşayırsınız?
- Geriyə boylanmağı çox sevməsəm də, xəcalət
çəkəcəyim bir keçmişim də yoxdur. Elə bir şey etməmişəm ki, bu gün onun
peşmanlığını çəkim. Ancaq bir insan olaraq təəssüfləndiyim məqamlar var. Misal
üçün, zamanında sevdiyim, dəyər verdiyim insanlarla çox ünsiyyətdə ola
bilərdim. Hansı ki, bu gün onlar həyatda yoxdurlar. Həyat onlarla doya-doya,
birlikdə zaman keçirməyə imkan vermədi. Elə bilirdim ki, o insanlar hər zaman
yanımda olacaq. Ancaq onlardan doymadım. İndi düşünürəm ki, qardaşlarımı,
dostlarımı, dəyər verdiyim insanları gecə-güzdüz qucaqlamalı idim.
- Bəs sənət baxımından peşmanlığını
çəkdiyiniz məqamlar olmayıb?
- Mən özümü potensialıma
uyğun şəkildə realizə etməyi bacarmadım.
Allahın verdiyi istedadın ancaq 30 faizini işlətdim.
- Səbəb
nə oldu buna?
- Səbəbini özüm
də bilmirəm. Bəlkə xarakterimdən irəli gəlir.
- Xarakteriniz necədir ki?
- Həyatda
qəddarlığı, yaltaqlığı bacarmadım. Bu hisslər məndən uzaq olub. Çəkildiyim
filmlərdən, mövqeyimdən heç zaman
istifadə edərək müəyyən məqama gəlməmişəm. Əslində çox filmə çəkilə bilərdim,
ancaq onların hamısından imtina etdim.
- İndi peşmansınız?
- Yaltaqlığı
bacarmadığıma görə peşman deyiləm. Ancaq potensialımdan istfadə edə bilmədiyimə
görə geriyə baxanda özümdən razı qalmıram. Bu gün edilən təbriklər, zənglər,
yazılan təbrik mesajlarını görəndə sevinirəm və xalqın sevgisi məni
ruhlandırır. O dəyəri gördükdə, boşuna
yaşamadığımı düşünürəm. Bu gün haqqımda səsləndirilən fikirlər məni sevindirir.
Demək ki, mən bu həyatı düz yaşamışam. Buna görə geriyə baxanda peşman olmuram. Həyatdır də.... Hər insanın
həyatında dorğu və yalnış addımı olur.
SSRİ dövründə, ondan sonrakı illərdə xarici
ölkələri gəzmişəm, Azərbaycanın bütün rayonlarına kəndləri ilə birlikdə səyahət
etmişəm və o gözəllikləri görmüşəmsə, bu, mənim bəsimdir. - Bu il şofer Əhmədin 57, Elxan Qasımovun isə
75 yaşı tamam olur. Həyatınız da belə zidiyyətli keçib?
- Qəribə təsadüfdür. Tortun üzərində 75
rəqəminin yerini dəyişib şofer Əhmədin ad gününü qeyd edəcəyəm. Xalq məni şofer Əhməd kimi tanıdı, isti münasibət
göstərdi. Çalışmışam ki, insnaların gözündə olan o dəyərə, o sevgiyə xələl
gətirməyim.
-
"Əhməd hardadır?" filmi 57 il bundan öncə çəkilsə də, siz müasir
filmlərin qəhrəmanlarından daha çox tanınırsınız. Bunun nə ilə
əlaqələndirirsiniz?
- Azərbaycan kinosunun elə görkəmli aktyorları
var ki, onların da əksəriyyəti bir obrazlarına görə tanınıb. Bu normal haldır.
Mən böyük ustadlarla işlədim. Məsələn, istedadlı heykəltaraş əlindəki palçıqdan
sənət əsəri düzəldir. Palçığı əli ilə formalaşıdırıb onu qəlibə salır. Ustadlar
var ki, aktyorları, tələbələrini elə sıxıb, qəlibə salırlar. Və nəticədə
ortaya peşəkar bir iş çıxır. Müəllimim Ədil İsgəndərov da elə ustadlardan idi.
- Bugünün
gənclərinə məsləhətiniz nədir?
- Nə qədər bacarırlar çox kitab oxusunlar, çoxlu
filmlərə baxsınlar. Nəzəriyyəni bilən, kitablardan hali olan aktyor öznü dərk edə bilir.
- Yəqin ki, yeni yaşınızın ilk günündə də
oturub, bu son ildə etdiklərinizi götür-qoy edəcəksiniz. Keçmişə boylanıb,
gəlcəyə ümidlər bəsləyəcəksiniz. Sizcə, bu 75 ildə əldə etdikləriniz daha çox olar, yoxsa itirdikdləriniz?
- Mənə elə gəlir
ki, itirdiklərim daha çox olar...
İtki nə
çəki, nə metr, nə də hər hansı ölçü vahidi ilə ölçülmür. Heç maddiyatla
da ölçülmür.
- Amma siz 75 illik mübarizdən məğlub kimi çıxmış olursunuz?
- Xalqın sevgisini qazana bilmişəmsə, bunun
özü böyük xoşbəxtlikdir. Ölçü vahidinə qaldıqda isə 10 parametrdən götürsək, 9-da itirmişəm. Yalnız birində
qazanmışam. Qazancım xalqın məhəbbəti olub.
- Yəqin ki, məğlubiyyətin səbəbləri də sizə
məlumdur.
- Bir az həyatım
keşməkeşli olub. Baxmayaraq ki, sınmamışam, dağılmamışam, heç kimə əyilməmişəm.
11 il kirayədə yaşadım, heç kimə heç nə demədim. Heç kəsə əyilmədim. Hər
qaranlıq gecənin bir işıqlı sabahı var.
Mən düz yolumla getdim. Düz getmək çətin də olsa, şərəflidir. Çalışmışam
ki, düz gedim, Allahın verdiyi ömrü düz yaşayım.
Xəyalə Rəis