• cümə axşamı, 28 mart, 21:03
  • Baku Bakı 13°C

Səhnədən zala enən tamaşalar

24.07.20 10:15 1951
Səhnədən zala enən tamaşalar
İnteraktivlik, izləyicilərin tamaşalarda iştirakı getdikcə populyarlaşır
Dünyanın mərkəzində insan dayanır. O insan həm də teatr tamaşaçısıdır. Tamaşaçı üçün tamaşanın təsiretmə xüsusiyyətinə malik olması önəmli məqamlardandır. Ona bu şansı isə yalnız interaktiv tamaşalar təqdim edir. Azərbaycanda çox az sayda interaktiv tamaşalar hazırlanır.
Bəs görəsən interaktivlik nədir və teatrlarımız bu metodikadan nə qədər istifadə edirlər?
Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti,sənətşünaslıqüzrə fəlsəfə doktoruElçin Cəfərov interaktiv teatrın müasir teatr sənətinin əsas mövcudluq formalarından biri olduğunu vurğulayır: "Əslində teatr mahiyyətinə görə hər zaman interaktiv olub. Xüsusən də teatr sənətinin kökünü, rüşeymini təşkil edən rituallığına, xalq oyunu, meydan tamaşalarına baxanda görürük ki, onlarda tamaşa və tamaşaçı münasibətləri olmayıb. Onlarda tamaşaçı da, o ayini icra edənlər də, ayinin təşkilatçıları, sehrinə gələn adamlar da vahid bir sistemin tərkib hissələridir. İnsanların müəyyən bir ayinə inancları formalaşır və elə hesab edirlər ki, bu ayin nəticəsində gün çıxacaq. O ayini icra edənlər də həmin ayinin icrası zamanı oraya toplaşan insanlarla eyni dərəcədə inanıb, oyuna qoşulurlar. Bu da o deməkdir ki, mahiyyət etibarı ilə teatr sənəti yaranışdan interaktiv olub. Sonradan dördüncü divar və teatrla tamaşaçı arasında sərhədlər meydana gəlib. Bu iki komponent müəyyən mənada uzaq düşüb. Ancaq müasir dönəmdə dünya teatrı daha maraqlı, daha aktual, daha təsirli ola bilmək üçün yenidən interaktivliyə əl atır. Xüsusilə uşaq və gənclər üçün nəzərdə tutulan tamaşalarda interaktivlik meyllərinə daha çox rast gəlirik. Dünya teatrı artıq çoxdandır ki, interaktivliyin vacibliyini, mühümlüyünü anlayıb, bu istiqamətdə işləməyə cəhd göstərir. O ki qaldı Azərbaycan teatrına, bizdə də interaktiv tamaşalara son zamanlar daha çox yer verməyə çalışılır. Xüsusən də Tərlan Rəsulovun yaratdığı, bədii rəhbərlik etdiyi müstəqil "dOM” teatrı. Bu teatrın tamaşaları interaktiv tamaşalardır. Bilavasitə tamaşaçı ilə canlı ünsiyyətə, tamaşaçını oyuna qoşmaq prinsipinə söykənir. Bu tamaşaların bədii-estetik səviyyəsindən asılı olmayaraq, bu cür cəhdlər, təşəbbüslər gərəklidir, Azərbaycan teatrında yeni istiqamətlərin açılması, tətbiqi üçün faydalıdır. Digər teatrlarımızda da interaktivlik cəhdləri var. Bəzən görürük ki, teatrlarımız hər hansı interaktiv tamaşaları imitasiya edir. Bu, interativlik deyil. Tamaşanın içərisində müəyyən detallar, elementlər sanki tamaşaçı ilə ünsiyyətə yönəlir. Tutaq ki, hər hansı tamaşada aktyor zala enir, tamaşaçı ilə danışır, zala xitab edir, öz monoloqunda tamaşaçılara yönəlir. Aktyor yaxınlaşaraq tamaşaçıya əlindəki rekviziti verir ki, bunu saxla və yaxud tamaşaçıdan söz soruşur, ona müraciət edir. Bu, interaktivlik deyil. Bu, bir çox situasiyalarda interaktivliyin imitasiyası kimi özünü göstərir və sadəcə interaktivliyi oynamaqdır. Mən bunun da əleyhinəyəm. Tamaşa ya interaktivdir, ya da interaktiv deyilsə, dördüncü divar poetikası çərçivəsində hazırlanıbsa, burda interaktivliyi imitasiya etmək zərərli ola bilir. Tamaşanın bütövlüyünü, strukturunu dağıdır. Amma bütövlükdə tamaşa mahiyyətinə görə daha təsirlidir, daha yaddaqalandır və maraqlıdır. Bunun da psixoloji əsası var ki, çağımızın insanı kiməsə qulaq asmaq, kiminsə məsləhətlərini dinləməkdənsə, öz mövqeyini, fikrini dayaz da olsa, yanlış da olsa, ortaya qoymağa daha çox meyillidir”.
İlk interaktiv teatrımız olan "dOM”-un rəhbəri, rejissor Tərlan Rəsulov bildirir ki, Azərbaycanın bəzi regionlarında interaktiv tamaşalar qurmaq cəhdləri olub: "Azərbaycanda bu istiqamətdə müəyyən nəticələr əldə edilsə də, bir çoxları üçün bu yenidir. Bu tamaşaçılar üçün də bir qədər qeyri-adi görünür. Belə ki, izləyici teatr tamaşaçısı kimi tamaşanın içərisində iştirak etməyə hazır olmalıdır. Bu günün tamaşaçısı klassik tamaşalara baxıb, əl çalmaqla işini bitirirsə, birdən-birə ondan aktiv formada tamaşanın gedişatında iştirak etmək tələb edilir. İnsanlar buna hazır deyillər. "dOM” teatrı tamaşaçıları bu istiqamətdə yetişdirməyə çalışır. Bu istiqamətdə hazırlıqlar görüb, müəyyən qədər yol qət etsək də, pandemiya bütün planları pozdu. Karantindən sonra həmin prosesi sıfırdan başlamalı olacağıq. Tamaşaçılar bizim tamaşaların iştirakçısı olduqda, ilk dəfə çəkinirdilər, növbəti tamaşalarımızda daha çox iştirak etməyə başlayırdılar”.
T.Rəsulov bəzən bu anlayışı yanlış təqdim edənlərin də olduğunu bildirir: "Burda göstərdiyimiz tamaşadan sonra izləyicilər yaxınlaşıb, təşəkkür edirlər. Deyirlər ki, tamaşanın gedişatında iştirak etmək istəyiblər. Hətta əgər müdaxilə edərlərsə, tamaşanın quruluşuna mane ola biləcəklərini düşünənlər daha çoxdur. Bunun günahını tamaşaçılarda görmürəm. Bizim teatr isə bu xüsusi metodika üzərində işləyir. Biz də teatrımızın aktyorlarına xüsusi treninqlər keçirik. Aktyor elə oynamalıdır ki, tamaşaçıda o prosesdə iştirak etmək istəyi, həvəsi yaransın. Əfsuslar olsun ki, bəzi yerlərdə interaktiv tamaşalar başqa cür qəbul edilir. Belə ki, imitasiya edərək tamaşa zamanı tamaşaçıya nəsə verir, alır, söz soruşurlar. Halbuki, bu, interaktivlik deyil. Tamaşaçının yaxasından tutub dartmaq, ona tərəf aqressivlik göstərmək düzgün deyil. Aktyor tamaşanı elə oynamalıdır ki, inandırıcı olsun. Bu istiqamətdə birinci addımı aktyor atmalı, o zəmini yaratmalıdır ki, tamaşaçı orda iştirak etmək istəsin. Daha sonra digər mərhələlər başlasın. Bu o qədər də asan iş deyil. Aktyor səhnəyə çıxmaqla, əzbərlədiyi sözləri deməklə iş bitmir. O dərəcədə dəqiq və emosional oyanmaq lazımdır. Kifayət qədər inandırıcılıq burda aparıcı mövqe tutur. Belə ki, tamaşaçı komfort zonasından çıxmalı və iştirak etməlidir”.
Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan klassik tamaşalarda interaktivliyə çox az hallarda rast gəlindiyini vurğulayır: "Mənim ilk quruluş verdiyim "Turpun nağılı” son dərəcə interaktiv tamaşa olub. Burada aktyorları tamaşaçılar seçirdi. Belə ki, sonda aktyor tamaşanı oynamaqdan imtina edirdi. Belə olduqda, obrazlar arasında vakansiya yaranırdı. Aparıcımız tamaşanın tempindən kənara çıxmadan zala müraciət edirdi ki, siçan obrazını kim oynaya bilər? O zaman bütün zal səhnəyə çıxmaq arzusunu bildirirdi. Biz də onların arasından iki nəfəri seçib, onlara paltarları geyindirir və qrim edərək tamaşanı bitirirdik”.
İ.Soltan klassik tamaşalara müdaxilə etmək imkanının olmadığını qeyd edir: "Tamaşaçını maarifləndirmə məsələsi interaktivlikdən daha aşağıdır. Klassik tamaşalar "səhnədə sözümü dedim, işimi bitirib, getdim” variantıdır. Kim istəyir anlasın, kim istəyir anlamasın - təsiri bağışlayır. Dördüncü divar bizə imkan vermir. İnteraktiv tamaşalarda isə rejissorun bacarığından çox şey asılıdır. Biz tamaşaçılara daha artıq nüfuz etməyi bacarırıq. Zalın zəif cəhəti hansıdırsa, biz ora daha çox nüfuz edirik. Tamaşaçını durğunluqdan çıxarmaq mümkün olur. Klassik tamaşa tamaşadan fərqli olaraq, interaktiv tamaşada passiv tamaşaçı aktiv olmağa dəvət edilir. Tamaşaçı birbaşa iştirakçıya çevrilir. Həm də bununla zaldakı insanın potensialı üzə çıxır”.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının ədəbi hissə müdiri Həmidə Rüstəmova deyir ki, teatr XXI əsrdə çox maraqlı bir proses keçir və bu məqamda interaktiv tamaşalar aktuallığını qoruyub saxlamağı bacarır: "İstər nağıllarda, istərsə də komediya səhnə nümunələrində - istənilən yaş kateqoriyalarına xitab edən tamaşalarda aktyorla tamaşaçının arasında yaranan rabitə vacib amillərdəndir. Aktyorla tamaşaçının birbaşa dialoqu olmasa, səhnədə nə baş verirsə-versin, uğurlu hesab edilmir. Çağdaş formalar, texniki məzmunların səhnəyə daşınmasına baxmayaraq, canlı rabitə, ünsiyyətin yerini heç nə vermir. Bəzən aktyorun ifa etdiyi, burda və indi baş verən hadisəyə tamaşaçının münasibəti olmur. Tamaşa düşüncə olaraq başqa strukturda qurulur. Tamaşaçı bəzən prosesi yox, prosesin yaratdığı təəssüratı analiz edir. Sanki beynində bir pəncərə açır. Kukla Teatrında interaktivliyə gəlincə, teatrımız yaranışından interaktiv olmasaydı, yəqin ki, bu gün mövcud olmaz və inkişaf edə bilməzdi. Adi taxta və ipdən yaradılan varlığı səhnə elementinə çevirmək və onu tamaşaçıya təqdim etmək birbaşa ən yüksək interaktivlik deməkdir. Hazırda kukla teatrı formalarında interaktivlik olmasa, tamaşaçı ilə səhnədə baş verən proses arasında rabitə qurulmasa, heç bir halda bu marağı yaratmaq mümkün deyil. Rejissorlar tamaşa hazırlayarkən buna diqqət yetirməlidir. Bu interaktivlik aktyorla rejissorun fəaliyyətində, musiqidə, hətta qurulan işıqla olmalıdır. Bunların heç biri olmasa, yaradıcı prosesdə bunu tamaşaçıya çatdırmaq mümkün olmayacaq. Kukla Teatrında hər zaman interaktiv tamaşa formaları tətbiq olunur. Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq”, "Küllücə” studiyalarında interaktivliyin tətbiqi ilə tamaşalar hazırlanır. Ötən mövsümdə bir neçə belə tamaşa hazırladıq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər