AZE | RUS | ENG |

Qafqaz regionunun ən güclü mediası

Qafqaz regionunun ən güclü mediası
Ekspertlər Azərbaycan mediasının durumunun ölkədəki inkişafa adekvat olduğunu düşünürlər

Maarifpərvər Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və Azərbaycanda ilk milli mətbu orqanı olan "Əkinçi” öz ətrafında dövrünün qabaqcıl ziyalılarını birləşdirib. "Əkinçi” qəzeti ilə təməli qoyulan və hazırda 144 illiyi qeyd olunan milli mətbuatımız müstəqilliyimizin bərpasından sonra özünün intibah dövrünü yaşayır. Ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz və mətbuat azadlığına mane olan senzura ləğv edilib, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırılıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da Milli Mətbuatının 144 illiyi münasibətilə 22 iyulda keçirilən tədbirdə Azərbaycan mediasının inkişafından söhbət açaraq, mətbuat tariximizin son 27 ilinin müstəqillik dövrünə təsadüf etdiyini diqqətə çatdırıb. Bildirib ki, 27 illik tarixə malik müstəqil mediamız ölkəmizi dünyada layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. 
 
 

Müstəqil mediamızın inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətlərini xatırladan Əli Həsənov deyib ki, 1998-ci ildə ümummilli liderin fərmanı ilə Azərbaycan mətbuatı üzərindən senzura strukturları, eləcə də medianı tənzimləyən dövlət qurumu olan Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Beləliklə, Azərbaycan mediasına öz fəaliyyətini tənzimləyə bilməsi üçün şərait yaradılıb, jurnalistlərin dəstəyi və iştirakı ilə Mətbuat Şurası təsis olunub. Şura mətbuatın, o cümlədən jurnalistlərin problemlərini mütəmadi araşdırır, dövlət qarşısında təşəbbüslərlə çıxış edir və müvafiq olaraq, dövlət tərəfindən o təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir. Prezidentin köməkçisi vurğulayıb ki, Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlini qoymuşdusa, ulu öndər Heydər Əliyevin adı azad medianın banisi kimi tariximizə düşüb. Onun sözlərinə görə, ulu öndərin 2003-cü ilə qədər bilavasitə özünün iştirakı ilə davam etdirilən media siyasəti həmin dövrdən etibarən Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıl, prinsipial şəkildə həyata keçirilir və medianın bugünkü inkişafında dövlətimizin başçısının xüsusi xidmətləri var. Ə.Həsənov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından, Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilməsindən, mətbuatın dövlətin himayəsində və qayğısında olmasının əhəmiyyətindən də söhbət açıb.
 
 

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, hər il 22 iyul Milli Mətbuat Günündə mediamızın, milli mətbuatımızın keçdiyi yola nəzər salınır, bir növ, hesabat aparılır. Onun sözlərinə görə, hər bir media mənsubu özünə sual verir ki, ötən bir il bizə nə verdi, gələcəklə bağlı gözləntilər nədir və sair. Millət vəkili deyib ki, Azərbaycan mediası bu gün Qafqaz regionunun ən güclü mediasıdır: "Bu, kifayət qədər zəruri statusdur. Həm peşəkarlıq, həm də texniki baxımdan lider mövqeyə sahibik. Xaricdə regionumuzla əlaqədar başlıca informasiya mənbəyi kimi qəbul olunuruq. Bu, əlbəttə ölkəmizdə media ilə bağlı həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə hər zaman həssas yanaşıb. Məlum olduğu kimi, o, 22 iyul Milli Mətbuat Günü münasibətilə özünün tvitter hesabında ölkə jurnalistlərini təbrik edərkən mətbuatı Azərbaycanın xaricdəki səsi adlandırıb. Bu fikir həm böyük dəyərdir, həm məsuliyyətdir, həm də media ilə əlaqədar görülməli olan işlərə sanki yeni bir çağırışdır. Doğrudan da dövlət başçısı hər zaman çıxışlarında kütləvi informasiya vasitələrimizin məhz xaricdəki missiyasına önəm verdiyini bildirib. Biz də onun baxışlarından irəli gələrək dərk edirik ki, əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək olmaz. Biz xaricdəki aparıcı media qurumları ilə rəqabət apara biləcək daha peşəkar jurnalist ordusu formalaşdırmalıyıq. Elə etməliyik ki, öz həqiqətlərimizi beynəlxalq ictimaiyyətə o ictimaiyyətin baxış bucağına nəzərən, xaricilərin düşüncə tərzi və üslubu kontekstində təqdim edək. Bunun üçün peşəkarlığın daha fərqli standartlarının tətbiqi zəruridir”.
 
 

"Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin baş redaktoru Yunus Oğuz da qəzetimizə açıqlamasında bildirib ki, müstəqil Azərbaycan mediası ölkəmizin, xalqımızın, dövlətçiliyimizin maraqlarının keşiyində dayanıb. Onun qənaətincə, Azərbaycan mediası müstəqil şəkildə dövlətin və ölkə başçısının müdafiəçisi olmaqla, ictimai rəyin düzgün istiqamətlənməsində mühüm rol oynayır: "Müstəqil Azərbaycanın müstəqil mediası ictimai rəyə təsir edəcək, prosesləri analiz edib nəticə çıxaracaq, insanları düzgün yönləndirməyi bacaracaq gücə sahibdir. Misal üçün, ötən il Gəncədə baş verən hadisələr, Mingəçevirdəki elektrik stansiyasında yaranan qəza və ondan irəli gələn məsələlərlə bağlı media obyektiv xəbərlər, analitik yazılar, müsahibə və reportajlar yaymaqla, bu hadisələrdən sui-istifadə etmək istəyən xarici qüvvələrin qarşısını ala bildi. Həmin qüvvələr bu hadisələr üzərindən insanları kütləvi itaətsizliyə, aksiyalara cəlb etmək istəsələr də Azərbaycan mediasının düzgün ictimai rəy formalaşdırması buna mane oldu. Bu iki hadisədən sonra baş verənlər Azərbaycan mediasının öz dövlətini və dövlətçiliyini, xalqın maraqlarını müdafiə etdiyini, qoruduğunu növbəti dəfə ortaya qoydu. Belə bir fonda Azərbaycan dövləti də müstəqil medianı müdafiə edir, medianın, o cümlədən mətbuatın inkişafına dəstək göstərir. Xatırladım ki, vaxtilə Azərbaycan mediası çox dağınıq fəaliyyət göstərirdi. Həm daxilə, həm də xaricə işləmədə Azərbaycan mediası arzuolunan səviyyədə deyildi. Pərən-pərən olub pərakəndə maraqlara xidmət edirdi. Lakin son 15 ildir ki, Azərbaycan mediası dövlətin və dövlətçiliyin, xalqın maraqlarının qorunması istiqamətində öz fəaliyyətini daha da gücləndirib. Bu maraqlara qarşı çıxanlara layiqli cavab verir”.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967