Müdrik rəhbər və dahi şəxsiyyət - Fotolar

Müdrik rəhbər və dahi şəxsiyyət - Fotolar

Siyasət
03 Oktyabr 2019, 00:01 13768
Azərbaycan tarixinin yeni dövrünün böyük bir hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünya şöhrətli siyasətçi istər sovetlər birliyi dövründə, istərsə də müstəqilliyimizin ilk illərindən başlayaraq xalqımızın taleyində önəmli rol oynayıb, ölkənin inkişafına, dövlətçiliyin möhkəmlənməsinə xidmət edib. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində çalışan Heydər Əliyev 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
 
 

Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev ölkənin məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb. XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnib. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyənləşdirib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.
 
 

Konkret faktlara müraciət etsək, 1970-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilib. Sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilib. Yeni sənaye sahələri yaradılıb, sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlanıb. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tutub. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunub. 
 


Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirilib, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilib. Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan verib. Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycan Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılıb. Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşayıb. Respublikanın paytaxtı Bakı şəhərinin, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirilib.
 


1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. O uzun müddət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib. Lakin 80-ci illərin sonuna doğru SSRİ rəhbərliyinin həyata keçirdiyi idarəçiliklə barışmayan Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Həmin illərdən başlayaraq SSRİ ərazisində, o cümlədən Azərbaycanda vəziyyət gərginləşib, iqtisadi tənəzzül yaşanıb. Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatizminin baş qaldırması fonunda ölkədə milli azadlıq hərəkatının geniş vüsət alıb, xalq SSRİ rəhbərliyinin yarıtmaz siyasətinə etiraz edərək meydanlara axışıb. Məhz belə bir vaxtda, konkret olaraq 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə rus hərbçiləri paytaxt Bakıya yeridilib, əliyalın, dinc etirazçı əhaliyə qanlı divan tutulub. 
 


Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib. O bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
 
 

1991-ci ilin oktyabrında Azərbaycan SSRİ-dən ayrılaraq müstəqilliyini yenidən bərpa edib. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan xalqı siyasi rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində yeni bəlalarla düçar olub. İlk prezident Ayaz Mütəllibovun və onu hərbi yolla devirərək hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyünün, Prezident Əbülfəz Elçibəyin cəmi 2-3 illik fəaliyyəti Azərbaycanı yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyub. Ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurub. Azərbaycanda yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verib. Nəticədə, 1993-cü ilin may-iyun aylarında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalıb, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilib.
 


Xüsusən 1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb. İyunun 8-də Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya gəlməsi əmr olunub. Belə bir zamanda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. İyunun 9-da Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olub. 
 
Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın səsinə səs verərək yenidən hakimiyyətə qayıtması və iyunun 15-də Ali Sovetin sədri seçilməsi Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazılıb. Çünki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarıb. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılıb, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilib, vətəndaş müharibəsinin qarşısı alınıb. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edilib. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib və 2003-cü ilin oktyabr ayına qədər ölkəyə rəhbərlik edib. 
 
 

Heydər Əliyev müasir və demokratik, müstəqil xarici siyasət yürüdən Azərbaycanın memarıdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. O, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Müstəqilliyimizin bərpasından sonra Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş özünü göstərib. 
 
 

1993-cü il oktyabrın 3-də müstəqil Azərbaycanda ümumxalq səsverməsi ilə Prezident seçilən ulu öndər Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib. O, öz fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Azərbaycan xalqı da heç vaxt ondan dəstəyini əsirgəməyib. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Alpər İSMAYIL