Mübaliğə satirik xarakterin yaradılması vasitələrindən biri kimi
(H.Mannın "Unrat müəllim” romanı əsasında)
Unrat müəllim və ya bir tiranın sonu
Yarandığı tarixdən bəri (XV əsrin sonu XVI əsrin əvvəli) "qrotesk” (Qrotesk – təsviri sənət, teatr və ədəbi əsərdə insan və əşyaları eybəcər – komik təsvir edən fantastik ifrat mübaliğə. Qroteskinandırıcılıq həddini keçir, təsvirə hədsiz şərtilik verir və surəti həqiqətdən uzaqlaşdırır) termini özündə təkcə "gülməli” deyil, həm də "bədheybət” anlayışlarını birləşdirir. Amma bu problemin öyrənilməsinin ilkin mərhələlərində araşdırmaçılar hər şeydən əvvəl iki aspektdən birinin – komik tərəfin öyrənilməsinə diqqət yetirirlər.
"Unrat müəllim” romanı
(1905) yazıçının tərcümeyi-halında xüsusi yer tutur. Əgər onun daha əvvəlki
əsərlərində biz qroteskin təkcə ayrı-ayrı elementləri ilə qarşılaşırdıqsa, bu
əsərdə məhz qroteskin üzərinə müəyyən rol düşür. H.Mann dünyanı bütün
məntiqsizliyi ilə təsvir etməsə də, yaratdığı həyati material ilk baxışda
tamamilə adi görünür.
Unrat müəllimin xarakteri
H.Mannın gimnaziyada əldə etdiyi təəssüratlarından yaranmışdır. Bu xüsusda
Tomas Mannın maraqlı qeydləri var. Onun yazdığına görə Kateriniumda
(qardaşların təhsil aldıqları gimnaziya bu cür adlanırdı) şagirdlərlə müəllimlər
arasında ədavət heç vaxt səngimirdi. "Bir dəfə müəllimlərdən biri şagirdə
hədə-qorxu gələrək: "Mən sənin karyeranı məhv edərəm!” demişdi”, deyə yazıçı
xatırlayır. Bu sözlər məlum olduğu kimi sonralar onun qardaşının romanına daxil
oldu. 1980-ci ildə H.Mannın məktəb yoldaşı Lüdviq Eversə məktubları ilk dəfə
dərc edildi. Əsərdə əlavə olaraq L.Eversin müəllimlərin xarakterik cizgilərinin
çox dəqiq təsvir edildiyi kiçik etüdü yer alır. Məsələn L.Evers latın dili
müəllimi Martens haqqında yazır: "Gürzə kimi hücum etdi ona (şagirdə) baş
müəllim Martens”. H.Mannda oxuyuruq: "Umrat ilan sancmış kimi büdrədi, heç kim
hətta düşünməyə belə macal tapmadı. O, Lomana hücum etdi”. Romanda bu cür
nümunələr çoxdur.
Unratın xarakterini
araşdırarkən görürük ki, H.Mann ona müəllim-tiranın təsirli obrazını yaratmaq
imkanı verən konkret həyati müşahidələrdən keçmişdir. Lakin, yazıçının fikri
bununla məhdudlaşmırdı. H.Mann bir dəfə roman haqqında demişdi: "Elə bil o,
möcüzə ilə yaranıb. Əslində o, mənim qəlbimdə çoxdan yetişmişdi və bu sadəcə
olaraq mənim tez-tez haqqında düşündüyüm "iqtidarın zülmünə cavab” idi".
"Unrat müəllim” romanında
H.Mann məhz bu cür – əmr etmək və məhv etmək yanğısı ilə yaşayan dar
düşüncələrə malik qiyamçı meşşanı təsvir edirdi. Unrat satirik obrazdı, yazıçı
onu yaradaraq ideologiyanın reaksiyasının əleyhinə çıxış eləmişdi. H.Mannın
yaşadığı Nitsşe ideyaları dövrü olan 90-cı illərin sonunda həmin fəlsəfə onu
əvvəlcə antiburjua cərəyana doğru cəlb edirdi. "Unrat müəllim” romanının yazıldığı
dövrdə H.Mann artıq Nitsşe ilə münasibətlərini gözdən keçirmişdi. Unrat
obrazında o, həm də "üstinsan”ın parodiyasını yaratmışdı. Unrat sadəcə olaraq
zalım müəllim deyil. Unratın xarakterinin qorxulu həqiqəti və böyük ümumiləşmiş
gücü onda sonradan faşist ideologiyası üçün zəmin olacaq cizgilərin təcəssüm
olunmasındadır.
Unrat satirik xarakterdi.
Henrix Mann satirik-yazar olaraq onun daha üstün qabarıq cizgilərini nəzərə
çatdırır. Satirik xarakterlərin bu cür qurulması obrazlara nominal məna verməyə
imkan yaradır. Unratın müəllifin bütün roman boyunca qabartdığı əsas xarakteri
hər şeyə üstün gələn hökmranlıq və dağıtmaq şövqüdür. Məhz bu, onun insanlara,
həyata qarşı münasibətini, hərəkətlərini təyin edir, hisslərinin,
düşüncələrinin, təsəvvürlərinin özünəməxsus dünyasını yaradır. Sözügedən
hisslər və meyllər romanda o qədər kəskin formada verilib ki, bəzən hətta
patologiya ilə məhdudlaşır. Qrotesk xarakterin, adətən, mübaliğə üzərində
qurulmasına baxmayaraq, bu, onu müəyyənləşdirən xüsusi əlaməti deyil. "Mübaliğə
sadəcə olaraq gerçəyin qismən pozulmasıdır, kəmiyyət həqiqətindən keyfiyyət
həqiqəti çərçivələrində geri çəkilməsidir” – D.Nikolayev yazırdı.
Unratın xarakterində
keyfiyyətli həqiqətin pozulması onun bütün hədləri aşan hakimiyyət yanğısını ortaya
çıxarır. Bu, hərəkət və düşüncələri həyatının həqiqi şərtləri ilə tez-tez
uyğunlaşmayan manyakdır. O, sanki öz ayrıca dünyasında yaşayır, həmin məkan isə
real dünya ilə uyğun deyil. "O, gimnaziyanı və orada baş verən hər şeyi həyatın
özü kimi ciddi qəbul edirdi. Tənbəllik pozğunluq və müftəxorluqla, diqqətsizlik
və güləyənlik qiyamla bərabərləşmişdi, uşaq tapançasından noxudla atəş açmaq
inqilaba çağırış idi”. Məhz Unrat balaca dəcəlləri cəzalandıraraq qiyamla az
qala ümumdövlət səviyyəsində mübarizə apardığını düşündüyünə görə, məktəb
həyatındakı hər bir xırdalığı ciddi qəbul edir. Onun özü barədə "həqiqətdən
uzaq olan, amma hədsiz şişirdilmiş” düşüncəsi də bu əsasla yaranıb: "Mən
gimnaziya müəllimiyəm – deyə o, cavab verdi. Bu isə sanki mən dünyanın hökmdarıyam
kimi səslənir”.
Keyfiyyətli həqiqətin
pozulması Unrat obrazına şərti xarakter bəxş edir. Lakin, adi həyati
hadisələrdə bu şərtilik oxucu tərəfindən dərhal qəbul edilmir. Hətta Tomas Mann
kimi böyük təsvir ustası da qardaşının romanını ilk dəfə oxuduqda
heyrətlənmişdi: "O qədər qeyri-adidir ki, gözlərinə inana bilmirsən – deyə o,
yazırdı. Unrat konsert zalında "Qazamata!” deyə qışqırarkən özünü sanki sinifdə
dərs zamanı hiss edir”.
Mannın bioqrafı Peter de
Çendelson onun bu epizoda münasibətini şərh edərkən qeyd edirdi: "Tomas Mann
"Unrat müəllim”i bilavasitə təqdim edildiyi kimi qəbul etmiş və kitab onda
kəskin narazılıq yaratmışdı”. Bu obrazın şərtiliyini bir çox sovet tənqidçiləri
də hiss etməmişdilər. Məsələn, N.İ.Çetunova roman haqqındakı resenziyasında
yazırdı: "Unrat "canlı” insan deyil, insanda insana qarşı bu cür ədavət,
konkret individual xarakterdə insanlıqdan kənar hisslərin bu cür
birləşdirilməsi adətən olmur”. Amma H.Mann öz qarşısında konkret individual
xarakter yaratmaq tapşırığı qoymamışdı. N.İ.Çetunovanın "insanlıqdan kənar
hisslərin birləşməsi” adlandırdığı anlayış məhz satirik kəskinləşmənin qrotesk
formasıdır. Yazıçının məqsədi olduqca geniş idi. Bu səbəbdən də Tamara
Motılyova "Unrat obrazı öz qrotesk şişirdilməsinə baxmayaraq tipikdir” deyə
qeyd etdikdə tam haqlıdır.
"Unrat müəllim” romanında
H.Mann ətraf aləmin alogizmini (alogizm – məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın
vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsi), onun bəzən dəhşətli
dərəcədə məhdudlaşdırılan eybəcərliklərini ifşa edir. Dünyanın hökmdarı roluna
iddialı olan və özünü bu rolda hiss edən rəzil – alogizmin üzünə dik baxan da
odur – bu da bizi Unratın xarakterini qrotesk xarakter kimi qəbul etməyə məcbur
edir. Amma romanda qrotesk təkcə baş qəhrəmanın xarakteri deyil. Bütün roman
alogizmin tərs sistemi kimi qurulur. Romanın fabulasının özü məntiqsiz olduğu
qənaətindədir: vasvası və əxlaq keşikçisi olan müəllim öz həyatını tam azad
iradəli qadınla bağlayır, yaşadığı şəhərdəki əxlaqsızlığın ocağı olan
qumarxananın sahibinə çevrilir. Unratın ətraf aləmlə münasibətlərinin inkişafı
da alogizmdən uzaqdı. Romanın əvvəlində kimsə Unratın təhqiramiz ləqəbini
səsləndirdikdə qəzəblənirdi, sonunda isə həmin ləqəblə yüksək titul kimi fəxr
duyur. Alogizmin prinsipinə görə təkcə romanın əsas süjet xətləri deyil, həm də
ayrı-ayrı detalları qurulub.
Unratın xarakteri üzərində
çalışarkən H.Mann özünü psixoloji satiranın əsl ustası kimi aparıb. Yazıçı əsas
diqqəti öz qəhrəmanının psixoloji xarakterinə cəmləyir, onun "düşünmək və
danışmaq” bacarığını qroteks formada meydana çıxarır. Amma qrotesk-fantastik
xarakteri Unratın ancaq cəfəng ideyaları ilə yekunlaşmır. Onun düşünmək
manerasının özü də qrotesk formada ortaya çıxır. Unratın düşüncəsi cansız,
keyimiş vəziyyətdədir. Düşüncə dinamikası onun üçün yaddır. Onun ağlının
psixoloji qatı gipsdən düzəlib. Amma bu, təkcə Unrat üçün xarakterik deyil.
Psixoloji xarakteristikanın quruluşunun bu cür prinsipi bir çox satirik obrazlara
aiddir, məsələn İuduşka Qolovlyov (M.Y.Saltıkov-Şedrinin "Cənab Qolovlyovlar”
romanının qəhrəmanı), Klim Samgin (Maksim Qorki "Klim Samginin həyatı”),
Mayakovskinin satirik pyeslərinin qəhrəmanları kimi. A.V.Lunaçarski Klim Samgin
obrazını analiz edərkən yazırdı ki, onun daxili quruluşu "daralmışdır və onun
psixikasının qabalığı səbəbindən insanlıqdan kənar vəziyyətdədir”.
Satirik qəhrəmanın
psixoloji qatlarının xüsusiyyəti özünəməxsus düşüncə manerasında yekunlaşır.
Hər bir satirik qəhrəman xüsusi düşüncə stereotipinə malikdir. Biz görürük ki,
Unratın düşüncə tərzi ancaq müəllim peşəsi ilə bağlı olan müəyyən
kateqoriyaların anlayış çərçivəsində məhdudlaşır və bu düşüncə stereotipi
dəyişilməz olaraq qalır. Unrat təkcə öz hərəkətlərini deyil, həm də düşüncələrini
kəskin reqlametə salır, bu da ona avtomat, mexanizm cizgiləri bəxş edir,
hansısa bədheybət, qeyri-normal təəssüratı yaradır. Beləliklə, Unratın davranış
tərzi qrotesk formadadır, bu da hər zaman eyni model üzrə qurulan düşüncə
formuludur. Nəticə – ümumiləşdirilmiş sözün çatdırılmasıdır: "Mənim üstünlüyüm
– ümumiləşdirərək deyirəm – mənim şəxsi işimdir”, "Sevimli freyleyn –
ümumiləşdirərək deyirəm – dünən axşam sizdə görünür yenə də gənclərlə görüş baş
tutmuşdur”.
Adətən araşdırmaçılar
romanın sonluğuna az diqqət yetirirlər, amma bu, olduqca vacibdi. Son səhifə
tragikomik aspektdə verilib. Qəhrəmanın vəziyyəti faciəvi, eyni zamanda komikdi
və hətta obraz bir neçə fars element daşıyır, məsələn şagirdi Unratı su şlanqı
ilə isladanda. Bu sonluqda H.Mannın həm faciəvi, həm də komik başlanğıca malik
olan qroteskinin əsl mahiyyəti sintezləşdirilmişdir. Unratın xarakterinin bu
tragikomikliyi "Mavi mələk” filmində xüsusilə qeyd edilmişdir, burada Unrat
ömrünün sonunda kloun olur. H.Mann rejissorun Unrat obrazının daxili
bacarığının daha bir həddini aşkar etməyə müvəffəq olduğu bu qərarını "böyük,
diqqətəlayiq tapıntı olaraq” qiymətləndirmişdir.
İlk baxışda Unratda
H.Mannın daha əvvəlki "Həsrət qalınan torpaq” romanındakı Andreas Tsumze ilə
ümumi cəhətləri çoxdur. Hər ikisi öz sahiblərinə sədaqətlə xidmət edirlər –
Andreas onlara qulluq göstərib əyləndirərək, Unrat onlar üçün sadiq təbəə
yetişdirərək. Onların hər ikisinə dözürlər, lakin onlar öz yerlərini unutduqda
və öz sahibinin əmlakına qəsd edəndə isə özlərindən uzaqlaşdırırlar.
"Unrat müəllim” romanının
ümumi fonu "Həsrət qalınan torpaq” əsərindən daha kədərlidir. Həyata diqqətlə
və dərindən baxanda yazıçı öz həmvətənlərini Almaniya üzərində dolaşan
təhlükədən xəbərdar edərək orada faciəli tərəflər açır. Bax elə buna görə də o,
bir çox teatr xadimlərinin romana "parlaqlıq” bəxş etmək cəhdlərinin qəti
şəkildə əleyhinə olmuşdur. "Unrat müəllim” ekranlaşdırılmaqla qalmamış, həm də
səhnələşdirilərək əyalət səhnəsində nümayiş edilmişdir. Anna Erix Oberşeyer romanı
"Ervin Ştrausun on şəkildən ibarət musiqili komediya”sına çevirərək operettaya
bənzər quruluş ərsəyə gətirdikdə, H.Manna öz dostu və bioqraf Karl Lemkedən bu
quruluşa təkidlə mane olmağı xahiş edir. Yüngül janr romanın ciddi məzmununu
korlayırdı.
"Unrat müəllim” əvvəlki
əsərlərdən Almaniyada baş verən sosial proseslərə dərindən nüfuz etməsinə görə
fərqlənir. O, həyatı kəskin təzad və ziddiyyətləri ilə görür, baş qəhrəmanın
qrotesk xarakterinin yaradılması ona Unratın ideya və davranışlarının absurdluğunu
ifşa etməyə, xarakterinin satirik kəskinliyini gücləndirməyə imkan verir.
"Unrat müəllim” H.Mannın
satirikə çevrilməsində yeni pillə oldu. Qrotesk xarakterlərin satirik
kəskinliyi vasitəsi kimi sonralar onun novellalarının gələcək inkişafını əldə
edir, "Millətin həyatından səhnələr” dramatik etüdündə, "Lidisa” (hadisələr Çexoslovakiyada Lidisa kəndində baş
verir) romanında isə yazıçı faşist rəhbərlərin satirik obrazlarını tam
istehzalı sarkazmla yaratmağa müvəffəq olur.
Mənbə: md-eksperiment.org
Lidiya Vladimirovna KobzarevaRus dilindən tərcümə edən: Xatirə Nurgül