• şənbə, 27 Aprel, 01:41
  • Baku Bakı 14°C

MODERNİZM

25.07.16 11:09 2181
MODERNİZM

Harri Martinson (1904-1978) - XX əsr İsveç ədəbiyyatının ən görkəmli yazıçı və şairlərindən biridir; 1949-cu ildə İsveç Dil və Ədəbiyyat Akademiyasının üzvü seçilib, 1974-cü ildə Nobel mükafatına layiq görülüb. Məşhur "5 cavan” qrupunun üzvü olub. Yeri gəlmişkən, digər Nobel mükafatı laureatı Artur Lundkvistin də fəaliyyəti məhz bu qrupla bağlı olub. 1929-cu ildə bu iki yazıçı ilə birlikdə İelqren, Sandqren və Asklund bir şeir antologiyası çap etdirib ona qrupun adını verdilər. Onların yaratdığı modernizm forması sonralar "primitivizm”, yaxud "vitalizm” adını aldı.Harri Martinson "Modernizm” məqaləsini məhz "5 cavan” qrupunda fəaliyyət göstərdiyi dövrdə yazmışdır.

**

Modernizm – qeyri-konkret, yayğın bir anlayışdır və görünür, o, bizim ağlımıza gəlməyən şeyləri də ifadə edə bilər. Buna görə də modernizm haqqında hər kəsin öz təsəvvürü olmalıdır. Mənim modernizmim, mahiyyət etibarilə mədəniyyətə düşmən olan bir anlayışdır. O, heç də cəmiyyətə zidd getmək istəmir, ancaq təbiəti baxımından o, elə belədir. Modernizm (mən onu Homerdən Li Mastersə qədər keçdiyi bütün yolu nəzərdə tuturam) həmişə cəmiyyət deyilən bir strukturun düşməni olub və bu proses indi də davam edir. Kəskin şəkildə ifadə etsək, onun mütləq və mütləq olduğu qədər də təbii qiyamçı olmaqdan özgə bir vəzifəsi olmamışdır, elə bu səbəbdən də indiyə qədər xoşbəxtlik barədə heç bir "bürokratik arzuda, nə də qara magiyanın "təşkil edilmiş” reaksiyalarında özünə yuva qurmağa can atmamışdır. Modernizm çox təbii bir şəkildə (yəni hər hansı bir proqramın məntiqi nəticəsi kimi deyil) həyatdan doğaraq meydana gəlmişdir – o, subyektiv, intim məftunluqlar, dəlicəsinə məhəbbətlər seriyası və kəskin nifrətlər məcmusudur. Dinamik şəkildə irrasional olan modernizm bütün dünyanı bir qövs kimi əhatə edir. Onun dünya obrazı – hərəkətdir, seyr və dalğın düşüncələr deyildir. Seyrə, dalğın düşüncəyə əsaslanan həyat qüdrətli bir istinad nöqtəsinə malik olduğunu güman edir, ona elə gəlir ki, canındakı güclə bütün dünyanı darmadağın etmək olar. Hərəkət isə qəhqəhə çəkib yerindən götürülərək ildırımdan sürət alır, özünü dünyanın düz ortasında hiss edərək, qürur yaradır – bunun müqabilində isə dünyaya doğrudan da, nəsə qeyri-adi bir şey gəlir.

Çörəyi xəyal olan mədəniyyət adamı isə həmişə məhkum olunduğu xaosdan qaçır, özünəxas bayağılıqla ucaltdığı bir uydurma ömrün içində yaşayır və əsl həqiqətdə elə bu xaosun içindən cücərib qalxır – beşikdən məzara kimi bu xaos onun içində – ruhunda və qəlbində dərindən kök salır, qalın bir yorğan kimi hər şeyin üstünü örtür. Növbətçi polisin insani "mən”i hələ polisin özü demək deyildir. Əvvəllər növbətçi polis həmişə öz "mən”indən üstün idi, yəni o, fərdi xaosdan qorxub çəkinirdi, bu qorxu hissi onu hərdən dolaşığa da salırdı; o gündə azı yüz dəfə sanki dərin yuxudan silkinib özünə gəlməyi təlqin etməklə məşğul olurdu. O, indi daha çox insandır, daha çox sivil polisdir və vəzifələrinin öhdəsindən məharətlə gəlir. Mədəniyyətindən, sivilliyindən daha çox onun içindəki insanın önəmi var. Onun mahiyyət və məğzində "düyünlənən” bir sıra irrasional məqamlar olmasaydı, o, sadəcə rasional robot olardı – yaddaşsız məxluq bir an içində heç nəyin badına gedir. İndi isə o, özü-özlüyündə irrasionaldır və insan olduğunu bildiyi üçün həyatı hər bir toxunmasıyla hiss edərək yaşayır. İnsan – irrasional simfoniyadır, onun humanizmi də, dühası, böyüklüyü də, alçaqlığı, sevinci və dərdi də irrasional mahiyyətdən güc alaraq doğulur.

Bu dünyada yalnız vəhşi heyvanlar rasionaldır.

İnd mədəniyyət və sivilizasiya anlayışları arasında sərhəd çəkməyə elə bir lüzum olmadığından (çünki bu anlayışlar iki əks xassəli kimyəvi element kimi, nəhayət, gözəgörünməz bir əlaqə formulunun sayəsində – yeni insan subyektivimizinin əsasında bir-birinə qarışıblar) bundan sonra gündən-günə ətrafındakı münaqişə haləsinin böyüdüyü mədəniyyət barədə qızğın mübahisələr açmaq yersizdir.

İndi yalnız kitabxana və kilsələrdə, böyük ziyafətlər və Skanendəki yaz bayramlarında qarşılaşdığımız mədəniyyətlər diktatorluğun qalıqlarından, başqa sözlə desək, mərasim təbərrüündən özgə bir şey deyildir, ancaq onlar daha dünyada baş verən hadisələrə təsir etmədiklərindən özlərinin hakimlik statuslarından da məhrum olublar, bununla da norma olmaq hüquqlarını itiriblər. Mədəniyyətlərin sintezi adlı anlayış uydurmadır (nə qədər dəbdəbəli, cazibədar görünsə belə!). Bə qədər böyük bir inamdan, hansı məqsəd və niyyətlərdən doğsa belə, bu – yalandır.

Versaldan sonra sənayeləşmə Avropa mədəniyyətini kobud sivilizasiyaya sürüklədi. Avropanın yeni həyatı sivilizasiya fasilələrindən (kəsiklərindən) ibarət olan hərəkətdir.

Step Selyander "Daqens Nyu-Heter”-də dörd modernist sənətkar haqqında çap etdirdiyi məqalədə göstərdiyi kimi, modernizmin indiyə qədər də kütlə tərəfindən tanınmaması yalnız belə bir faktı sübut edir ki, kütlə özünün şüur saxlancığına hifz etdiyi qiyamdan ömür-billah xəbərsizdir.

Modernizm hadisəsi kütlələrin sivil hərəkətlərindən doğulub meydana gəldi. ancaq özünə uydurma bir inamın sahibi olan kütlələr, "geniş ictimaiyyət!” onu bir heç nə kimi rədd etdi. Bu elə belə də olmalıydı, yəni belə olmasaydı, qəribə görünərdi. Modernizm dünya əhəmiyyətli bir faktor deyildir, əgər, o, belə bir mənanı daşısaydı, heç modernizm də olmazdı. Modernizm elə özünəməxsus, əlahiddə hadisədir ki, tamamilə yeni baxış bucağının gücünə hər bir insanda öz ifadəsini tapır. Modernizm həmişə, hər an, hər dəqiqə dəyişən irrasionallıqdır o, insanın bağrının başında bir məşəl kimi yanır. O, qeyri-adilik taxtından enib yekrəngləşə də bilər, insanı təkcə gətirib canını boğazına yığa də bilər, ancaq heç zaman köhnə ləpirləri tapdayıb keçməz. Çünki müasir modernizm sivilizasiya və mədəniyyətin normalarından bilmərrə, asılı olmayaraq, köçünü daha gözəl həyat haqqında xəyallar üzərində qürur, yaxud mədəniyyət və sivilizasiya normaları ilə amansız mübarizədən doğulur. Çağdaş modernizm insanidir. İnsanın gülüşü, körpə uşağın ağlaması, həyəcan və göz yaşları təbii olduğu qədər! Onun məğzində məşələ dönmüş ürək durur və o, beləcə bütün zamanları yola salacaq.

Tərcümə edən: Cavanşir Yusifli

banner

Oxşar Xəbərlər