Modernizm iddiası

Modernizm iddiası

30 Sentyabr 2019, 16:30 400
Modernizm haqqında danışmaq asan olsa da onun mahiyyətini dərk etmək heç də asan deyil. Nəzəriyyəsini bilmək, onun əsasında yazılan romanları, hekayələri oxumaq və nəticə çıxararaq bu izmin nə olduğunu başa düşmək bir az zəhmət tələb edir. Təbii ki, biz bunu oxuculardan gözləmək niyyətində deyilik. Oxucuya zövq almaq və maraqlı mətn lazımdır. Lakin bu günün yazarları, ədəbiyyatla məşğul olanları və ədəbi tənqidçiləri bunları bilməlidir, oxumalıdır, öyrənməlidirlər.
Müəllifi, yalnız adını eşitdiyi, mahiyyətindən xəbərsiz olduğu hansısa bir izmə bağlamaq nə müəllifə nə də tənqidçiyə başucalığı gətirmir.
 
Modernizmin yaranmasını şərtləndirən əsas səbəb dövr və həmin dövrün prosesləridir. Biz sovetlər zamanında dünyadan təcrid olunmuşduq və proseslərdən kənarda idik. SSRİ-də bir dövr var idi – Kommunist Partiyası dövrü. Partiya hər sahədə olduğu kimi hər şeyi, o cümlədən ədəbiyyatı da idarə edirdi. Ola bilsin ki, dünyadakı ədəbi proseslər, yeniliklər, yeniləşməyə təkan verən əsərlər gizli də olsa Moskvaya qədər gəlib çıxa bilirdi. Lakin ucqarlarda bu əlçatmaz idi.
SSRİ dağılmağa başlayanda əvvəlcə onun dəmir qadağaları yumşaldı. Bu yumşalma qadağan olunan xarici ədəbiyyatların tərcüməsi, ədəbi jurnal və qəzetlərdə bu cür mətnlərin görünməsi ilə nəticələndi. Mərkəzdə nəşr olunan "İnostrannaya literatura” jurnalı İttifaqda bu yeniliyin əsas lokomotivlərindən idi. Azərbaycanda da bu proses baş verdi, "Xəzər” dünya ədəbiyyatı dərgisi bu sahədə ilk addımları atdı. Bizdə forma və üslub cəhətdən, təhkiyə və süjet baxımından yad olan əsərlər dərc olundu, kitablar nəşr edildi. Və beləcə bizim sosrealist yazarlar modernizm nümunələri ilə tanış oldular. Bu tanışlıq onlara o qədər xoş gəldi ki, artıq həmin izmə aid olan əsərləri təqlid eləməyə başladılar. Bu prosesin özündə qeyri-ciddilik yoxdur və belə də olmalı idi. Hətta öz əsərlərində modernizmin hansısa kurallarından uğurla istifadə edən yazarlar da var. Lakin o dövrün təsiri, ab-havası ilə yazılan və bu günə qədər yazılmaqda davam edən əsərləri modernizmə aid etmək, məncə, düzgün deyil.
 
Son vaxtlar ədəbi mühitimizdə belə bir tendensiya yaranıb. Kimsə öz əsərində modernizm elementindən istifadə edirsə digər yazarlar da həmin elementdən istifadə edir. Bu da modernizmin fərdi üslubyaratma prinsiplərindən uzaqlaşmaq deməkdir, kütləvilik içində, sanki günün tələbi təsiri bağışlayır, sosrealizmə doğru dönüş baş verir. Görünür, biz hələ uzun zaman sosrealizmdən qaça bilməyəcəyik.
İndi bizim ədəbi mətnlərimizdə modernizmdən çox postmodernizm elementlərindən istifadə olunur. Əslində bu təqlid və cəhddən başqa bir şey deyil. Hamımzın tanıdığı müəlliflərin əsərlərində uğurlu nümunələri misal gətirmək olar. Lakin bu nümunədən və hansısa elementdən, priyomdan uzağa getmir, əsərin mətnini bütövlükdə ehtiva edə bilmir.
 
Hərdən görürsən ki, hansısa yazar və ya ədəbi tənqidçi modernizmə və postmodernizmə aid əsərlərin izlərini orta əsrlərdə, hətta antik ədəbiyyatda axtarırlar. Bunlar başa düşmək istəmirlər ki, bu izmlər konkret dövrün və proseslərin nəticəsində meydana gəlib.
Modernizmə və postmodernizm sənət cərəyanlarıdır. Bu izmlər öncə sənətin digər sahələrində memarlıq, rəssamlıq və kino kimi sahələrdə meydana gəlir, yekun olaraq ədəbiyyatda sona çatır. Həmişə ədəbi münasibət digər sahələrdən "geri qalır”. Məsələn, Birinci və İkinci dünya müharibəsi haqqında gözəl əsərlər həmin müharibələrdən sonra meydana gəldi.
 
Məncə, Azərbaycanda modernizm ədəbiyyatda olduğu kimi digər sahələrdə də gec yarandı. Hətta tələsib yarandı demək də bir o qədər düz deyil. Belə olan halda postmodernizmdən necə danışa bilərik?!
 
Səxavət Sahil