• şənbə, 27 Aprel, 02:29
  • Baku Bakı 14°C

İslanmış göz yaşlarına inanın

16.03.20 13:00 2440
İslanmış göz yaşlarına inanın
Müasir poeziyamızın tanınmış nümayəndələrindən biri – Balayar Sadiqin yeni şeirlər, poemalar kitabı çapdan çıxıb – "İslanmış göz yaşı”.
Şeir yazmağa orta məktəb illərindən başlayan, amma bir şair kimi keçən əsrin doxsanıncı illərindən tanınan, XXI əsrin iyirmi ilində isə ədəbi ictimaiyyətin diqqətini cəlb edən Balayar Sadiq artıq öz yaradıcılığının yetkin mərhələsinə qədəm qoyur. Niyə də tanınmasın, Səməd Vurğun əlli beş yaşını görmədi, Müşfiq iyirmi doqquz yaşındaydı qətlə yetiriləndə, Əli Kərim isə 38 il yaşadı. Amma onu da deyim ki, indi şeir meydanı çox basırıqdı, bir şairin tamam-kamal etiraf olunması bəzən qırx-əlli yaşından başlayır.
Amma Balayar Sadiqə indi biz yetkin şair kimi qiymət verə bilərik. O, bu səviyyəyə birdən-birə nail olmayıb. İstedad var, şair üçün mövzular da tükənmir, həyat hadisələrindən, cəmiyyətdən, Vətən məhəbbətindən, sevgidən, təbiətdən, öz fərdi duyğularından… nədən istəyirsən yaz. Qəzetlər, jurnallar hər gün şeirlə "nəfəs alır”. Amma bu istedadı məlum çərçivələrdə sınayırsansa, "dünyaya yeni bir nəğmə” (S.Yesenin) verə bilmirsənsə, o zaman Məmməd Araz demişkən: "şair ömrü yaşaya bilməzsən”. Balayar Sadiqin ilk şeirləri ilə son şeir kitabları arasındakı fərq yaxşılığı irəliyə doğru uzanan bir yolu xatırladır və deyərdim ki, bu çətin yolda o, həmişə axtarışda olub. Mən Balayarı heç bir şairə oxşatmaq və o şairdən təsirləndiyini sübut eləmək fikrində deyiləm. Amma çox sevdiyim bir şair-Əli Kərimin şeirlərində gördüyüm o bənzərsiz təşbehləri, metaforaları xatırlayıram və deyim ki, Balayarın şeirlərində də Əli Kərim yolunu hiss edirəm. Onun Əli Kərimin unudulmaz xatirəsinə həsr etdiyi poemadan bəzi uğurlu, fikrin poetik ifadəsini qüvvətləndirən bir –iki nümunəyə müraciət etmək istəyirəm. Əli Kərimin qəfil vəfatıyla bağlı belə bir neçə misra var: Sözün infarkt günüydü. Gecənin qara gözləri üşüyürdü pəncərədə hıçqıran lampa işığında. Gözəl tapıntıdır!
Və sonra:
Uzaqlarda bir nar ağacının
gülöyşə yuxusu
38 yerdən çatladı.

O gün 38 yaşın köynəyi
dar gəldi
Əli Kərimin əyninə.

Ağrıya-ağrıya
son dəfə içindəki ağrıya
dirsəkləndi Əli Kərim.

Göyçayda nar ağaclarının
alov-alov çiçəkləri,
Əli Kərimin ölümünə
üsyan bayrağı qaldırmışdı.


Bu, hər misrası müasir şeir təfəkkürünə uyğun gələn nümunədir. Balayar Sadiq üçün, bəlkə də, mövzunun özü yox, onun necə, hansı poetik vasitələrlə ifadə etmək önəmlidir. Məsələn, onun Vətənə həsr etdiyi şeirlərinin heç birində standart və şablon ifadələrə, misralara təsadüf etmədim. O, Vətənin ağrılarından daha çox yazır.
Üşüyür Şəhidlər Xiyabanında.
Qurban olduğumun buyurduqları.
Xəzəri güzgü tək tutub əlində,
Saçını darayır neft buruqları.

Şəhər küçələri gülümsəyir, bax,
Gecələr ac yatar kəndistan yolu.
Hər kənddə bir şəhid laylası yatıb,
Hər kəndin bir oğul gözləri dolub.

Sıxma ürəyini, qurbanın olum,
Darıxma, gün gələr, düzələr hər şey.
Könlündən qələbə keçirsə əgər,
Götür Mübarizin ürəyini gey!

Gəraylı bir şeir forması kimi zərif və incədir, böyük «qardaşı» qoşmadan şəkil etibarilə fərqlənmir (qafiyə sistemi, bəndlərin quruluşu, sonda təxəllüsün işlənməsi, mövzu baxımından), amma ən kövrək, ən incə mətləbləri məncə, gəraylıda söyləmək olur. Deyirlər ki, qoşmanı şair bütün ömrü boyu yazır, təcnisi ən yetkin, əqilli çağlarında, gəraylını isə daha çox gəncliyində, bir də gəncliyi ilə vidalaşanda qələmə alır. Balayar Sadiq "Ömrün gəraylı çağları” kitabına daxil etdiyi gəraylıları otuz-qırx yaşları arasında yazıb.
Balayar Sadiqin şeirlərində təşbehlər, metaforalar silsiləsi göz oxşayır. Bu onun bədii təxəyyülünün çevikliyindən, mütəhərrikliyindən xəbər verir. Özü də bu təşbeh və metaforaların əksəriyyəti təzədir. Gəlin diqqət edək: "Dünən bir misra ümid əlləri qoynunda keçdi yanımdan. Göydələnləri kərpic-kərpic ləpələnir bu şəhərin… Bu gün yazmadığım bir şeirin misralarından, İçimdə üşüyən sükutun səsindən asdım özümü. Qəbrimin bir ömür uzaqlığında Ümid qana batmış bayraq kimidir. Əcəl şahə qalxıb kişnəyən yerdə, Cəsarət bir paslı yaraq kimidir». Axırıncı dörd misrada iki təşbeh var və hər ikisi fikrin ifadəsi üçün yararlıdır. Qana batmış bayraqla pas atmış yaraq arasında da məntiqi əlaqə diqqəti cəlb edib. Balayarın şeirlərində soyuq yataq nakam qəbirə, yuxular aj sərçəyə bənzədilir. Belə təşbehlər bol-boldur.
Balayar Sadiq həm də modern şeirlər yazır. Qoşmadan, gəraylıdan modern şeirə "sıçramaq” o qədər də asan deyil, çox vaxt bu "keçid” uğursuzluqla nəticələnir.
Sonet formasının poeziyamızda görünməsindən bir əsr keçir. Çox maraqlıdır ki, son on ildə sonet janrına tez-tez müraciət olunur. Çox çətindir sonet yazmaq, amma sonetlər çələngi yaratmaq ondan da çətin. Məlumdur ki, sonet Avropa xalqlarının poeziyasında səkkiz yüz illik bir tarixi olan lirik janrlardan sayılır. Sonet italyanca nəğmə mənasını verir. Sonetin ilk nümunələrini XIII əsrdə italyan şairi Yakoro da Lentini yaratmışdır. Daha sonralar Qvido Kavalkanti, Dante Aligyeri, Françesko Petrarka, Vilyam Şekspir, Adam Mitskeviç, Puşkin, Fet, Selvinski, Tofiq Fikrət dəyərli sonetlər qələmə almışlar. Azərbaycan ədəbiyyatında isə sonet XX əsrin əvvəllərində təşəkkül tapmışdır. Əlibəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan "Fyüzat”da Azərbaycan sonetinin ilk nümunələri işıq üzü görüb. Bakıda yaşayan osmanlı ədibi Əhməd Kamal, inqilabçı şair Səid Səlmasi, daha sonra H.Cavid, Əlipaşa Səbur bununla da poeziyaya yeni janr gətirmişlər. Sonrakı onilliklərdə isə A.Şaiq, M.Müşfiq, A.Yıldırım, Ə.Kürçaylı, Adil Babayev, Şəkər Aslan, Vaqif Hüseynov, Abbasağa, Rəfiq Zəka, Sabir Mustafa, Abbas Abdulla, Elşad
Səfərli bu janrın tamamilə milli məzmunla zənginləşən nümunələrini yaratmışlar. Bu sırada Adil Babayevi xüsusilə fərqləndirmək istərdim. Xalq şairimiz Bəxtiyar Vahabzadənin bir yazısında dediyi fikri misal gətirmək istəyirəm: «Oəzəl klassik ədəbiyyatımızda necə məşhur idisə, Avropa ədəbiyyatında da sonet elə məşhur idi.
Balayar Sadiq son illərdə bu janra tez-tez müraciət edir.O, həm italyan sonetinin quruluşuna uyğun sonetlər yazır, həm də sonetlər çələngi qələmə alır. Xüsusilə, sonetlər çələngi yaratmaq şairdən istedad tələb edir. Azərbaycan ədəbiyyatında onun ilk nümunəsini Şəkər Aslan yaratmışdır. Məlumdur ki, hər bir sonet iki katren (iki dörd misra) və iki tersetdən (iki üç misra) ibarətdir. Bu katrenlər və tersetlər arasında məntiqi əlaqə qırılmamalıdır. On dörd sonet və sonetlər çələngi yaradırsansa, on beşinci sonet hər sonetin birinci misralarından təşkil olunur. Bu Balayarın "Həsrət qoxulu misralar” adlı sonetlər çələnginin onbeşinci soneti:

Sevgi məktubudu sənin gözlərin,
Ağlımı başımdan elə aldı ki…
Ömrümü-günümü yıxıb gedirsən,
Daha yıxılmamış nəyim qaldı ki?!

Adımı üstündən toz kimi çırp get,
Ta vida nəğməsi nəyə gərəkdi.
Səndən vəfalıdır sənin həsrətin,
Qəlbimlə xatirə şəklini çəkdi.

Arzular çatlayıb gülöyşə kimi,
Hərdən boynubükük bənövşə kimi.
Misralar içində adımı yoxla.

Candan ağrı-ağrı mən sökülmüşəm,
Bax bir salamatam, yoxsa ölmüşəm,
Götür öz ovcuna-qəlbini yoxla.

Təbii ki, bu yazıda mən Balayar Sadiqin bütün şeir və poemalarını əliyyül-əla hesab eləmirəm. Onun şeirlərində də ortabab misralar, bir çox şeirlərində fikrin bədii ifadə ilə uzlaşmaması hallarına rast gəlmək olar. Sonetlərə və sonetlər çələnginə tez-tez müraciət etmək də, məncə, aludəçiliyə gətirib çıxarır və get-gedə əvvəlki sonetlərinin "dadı-duzu” az duyulur. Özü də bunu gec-tez hiss edəcək.
Balayara heç bir məsləhət vermək istəməzdim. Məncə, onun poetik axtarışları tükənməyib.

Vaqif YUSİFLİ
banner

Oxşar Xəbərlər