• cümə, 19 Aprel, 13:44
  • Baku Bakı 25°C

İctimai məzmunlu şeirin mövqeyi

16.03.20 13:30 3078
İctimai məzmunlu şeirin mövqeyi
İctimai məzmunlu şeirlərin ustası Maya Angelounun şair kimi əsas üstünlüyü mövzular üzrə dəyişən poetik intonasiyası hesab oluna bilər. Bu tipli şeirlərdə qəzəb, əsəb, etiraz tonu poetikliyi üstələyir, zaman-zaman sözçülükdən qaçmaq, uzunçuluğa varmaq kimi şeiri yorucu edən amillə də qaçılmaz olur. Belə şeirlərin başqa poetik nümunələrdən başlıca fərqi ondan ibarətdir ki, şair əvvəlcədən nə deyəcəyini, fikrini kimə və necə çatdıracağını yaxşı bilir, nəticədə şeir sanki yazı prosesində yaranmır. Çağdaş dünyamızın problemlər məngənəsində boğulduğu bir dönəmdə ən rəngarəng poeziya ictimai məzmunlu olandır, çünki bu tipli şeirlər öz dövrü üçün ciddi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, yaşanılan problemlər gələcək nəsillərə də miras qalır, onda bu cür şeirlərin ömrünün artdığını, aktuallıq müddətinin uzandığını deyə bilərik. Adətən, ictimai məzmunlu şeirlər bəzi şairləri "avara qoyur”: o mənada ki, bu mövzulu şeirlərə meyl etdikcə şair həddən artıq populyarlıq qazanır, amma zamanla anlayır ki, o, bir dövrdən sonra sadəcə sosial sifarişin reallaşmasına çalışan bir alətə çevrilib. Poeziya isə bu cür "kənardan idarəetmələri” sevmir, nəticədə təbiiliyini itirir.
Ancaq Maya Angelou bu tipli şeirlər yazsa da fərqli bir poetik mövqe seçib və ona görə də böyük şöhrət qazanıb. Bu fərqli yol nədən ibarətdir: O daim lirika ilə sosial şeirin ortaq nöqtəsində dayanıb və bu da onu bir şair kimi tükənməyə qoymayıb. Eyni zamanda onun şeirinin problem coğrafiyası da bəs qədər genişdir və fərqli insan mənzərələri ilə tanış olan şair onların müxtəlifdilli dərdlərini ifadə edib və nəticədə rəngarəng bir poetik irs meydana gətirib.
İctimai motiv, sosial problemlərin poetik ifadəsi şairə eyni zamanda rəngarəng şeirlər yazmaq üçün geniş imkanlar da yaradıb: Çünki ictimai motivli şeir təkcə avtobioqrafik xarakter daşımır, yaxud yalnız şair müşahidələrinin yekunu kimi ərsəyə gəlmir, əksinə orada kənar obrazlar, adamlar və onların müşkülləri, toxunduqları problemlər özü şeirdə qəhrəman rolunda çıxış edirlər. Maya Angelounun şeirlərində də oxşar üstünlükləri müşahidə etmək mümkündür: Yəni, o kölələrin azadlığı, ağanın quluna öz dinini qəbul etməyə məcbur qoyması, qadın hüquqsuzluğu, erkən nikah, kapitalizmin belbükən qaydaları, kişilərin zorakılığı, qürbətdəki sıxışdırmalar, öz haqqını müdafiə edə bilməyən insanların çarəsizliyi, küçə həyatı və sair problemlərə həsr olunan şeirləri mövzular üzrə şairə ayrı-ayrı tonlarda danışmağa, başqa-başqa mövqelərdən çıxış etməyə, dürlü intonasiyaları canlandırmağa, poetik ahəngdarlığı müxtəlif ladlar üzərində çatdırmağa, yeni səslərlə danışmağa imkan verir. Əlbəttə, bütün sadalananlar şeiri əlində əridə bilən, mövzunu istədiyi səmtə yönəldib qəlbindəki qayəni poetik müstəviyə kökləməyi bacaran şair üçün əvəzsiz imkanların yaranması deməkdir. Özünü başqasının yerinə qoyub yazmaq çətin, amma mümkün məsələdir. Sanki başqasının yaşadıqlarını yaşamısan kimi yazmaq və o mövqedə oxuculara qurama görünməmək, əlbəttə ki, Maya Angelou kimi istedadı qaynayıb-daşan bir müəllif üçün reallaşa bilən ədəbi imkan idi və o da bir dünya vətəndaşı, bəşər övladı, hamını öz qardaş və bacısı nəzərində görən bir şair kimi hər cür problemlərin əsirinə çevrilmiş insanların sözçüsü kimi qalmağı bacarırdı.
Maya Angelounun sosial şeirləri bir başa onun doğulduğu və xalqını əzablara sinə gərməyə sövq edən mühitlə bağlı idi. Baxmayaraq ki, Maya Angelou xanım idi, daha çox dərəcədə zaman-zaman qadınların kişilər tərəfindən əzilməsindən yazırdı, amma onun sərt tonu, etiraz dolu poetik intonasiyası kişilərə xas zəhmlə oxucuya ötürülür. Sosial, ictimai məzmunlu şeirdə pafosdan qaçmaq çətin məsələdir, o mənada çətindir ki, o tipli şeirlər yazan şair poetik əsərlərində daha çox dərəcədə nitq irad edirmiş kimi görünür. Təbii ki, kütlə qarşısında dayanıb fikir bildirməyin öz qaydaları var və onlar tələb edir ki, müəllif ictimaiyyətin"dilində” danışsın, amma Maya Angelou bu "tələ”dən ustalıqla yayınır, şeirlərində problemləri cəmiyyətə xitabən dilə gətirsə də, onları bir insanın taleyi kimi fərdiləşdirir. Buna görə də onun şeirləri pafosdan, ritorikadan, "müstəntiq ahəngi”ndən uzaqdır və olduqca təbii təsir bağışlayır. Baxmayaraq ki, o kütlənin şairi hesab olunur, milyonların rəğbətini qazanıb, XX əsr dünya şeirinin ən çox oxunan imzalarındandır, amma o, şeirlərində ictimai problemləri öz içindən keçirərək təqdim edir və nəticədə obrazları, qəhrəmanları və mühiti ilə həmtale, həmqismət mövqeyini özünə poetik qərargah seçir...
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər