AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Borcunu qaytarmadığımız dost

Borcunu qaytarmadığımız dost

18 May 2020, 14:00 543
Elman Telmanoğlu - 70                                          
                           
Bir insan ömründən söz açıram mən. Bu ömür payını Ulu Tanrı Günəşin qızılı şəfəqlərinin yer üzünə səpələndiyi, təbiətin nura qərq olunduğu bir vaxtda 15 may 1950-ci ildə bərli-bərəkətli, qədim Oğuz torpağı olan Şərur elinin Düdəngə kəndində sayılıb-seçilən, öz ziyalılığı ilə el-obanın hörmətini qazanan Telman müəllimin ailəsinə bəxş edibdir.
 
Bütün kənd uşaqları kimi oda boy atıb, məktəbə gedib, ata-ananın dediklərini edib, təsərrüfatda çalışıb, qəlbinin dərinliyində özünə yer tapan jurnalistlik peşəsinə yiyələnmişdir. Ömrünün 50 ildən çoxunu həmişə uca tutduğu bu peşəsi ilə fəxr etdiyi Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, ömrünün 70-ci baharına qovuşan Elman Telman oğlu Məmmədov (Elman Telmanoğlu) haqqında danışmaq istəyirəm.
 
Onunla ilk dəfə qiyabi tanış olmuşuq. 1968-ci ilin fevral ayında Şərur rayonunda (keçmiş İliç) dərc olunan "İşıqlı yol” qəzetində mənim də, Elmanın da məqaləsi dərc olundu. İmzalarımızı tanıdıq... 1970-ci ilin aprel ayında "İşıqlı yol” qəzetinin nəzdində "Şərur qönçələri” ədəbi birliyi fəaliyyətə başladı. İlk məşğələdə tanış olduq... Və bu tanışlığımız dostluğa çevrildi. Elman Telmanoğlu Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə təhsil alaraq bu gün fəaliyyətini davam etdirən "Şərururun səsi” qəzetində çapçı köməkçiliyindən redaktorluğa qədər şərəfli bir yol keçdi. Mən də ömrümün 40 ilə qədərini Təhsil Şöbəsində metodkabinet müdiri və kadr işləri üzrə məsləhətçi kimi çalışdım. Hər birimizin özünəməxsus işləri ilə yanaşı, istəyimiz "Şərurun səsi” qəzetinin yüksək şəkildə çapına nail olmaq idi. "Şərur qönçələri” ədəbi birliyinin məşğələlərindən sonra oxunmuş əsərləri qəzetdə dərc etmək üçün seçmək, redaktə etmək məsuliyyəti bizim üzərimizə düşmüşdü. Elman Telmanoğlu ədəbi birlik üzvlərinə qarşı nə qədər səmimi olsa da, zəif şeir və hekayələrin dərcində bir o qədər sərt olurdu. "Şərur” ədəbi birliyinin məşğələlərinin keçirildiyi yer və tarix haqqında qəzetdə elan verər, məşğələdə oxunub bəyənilən bədii yazıların qəzetin növbəti saylarında dərcinə nail olar, məşğələlərdə yeni iştirak edən gənclərə qayğı ilə yanaşar, onları çətin yolun şərəfli yolçusu olmağa həvəsləndirərdi.
 
Elman Telmanoğlu ilk yazılarını "Şərurun səsi” qəzetində dərc elətdirər, sonradan bu yolda daha böyük uğurlar qazanan ədəbiyyat adamları ilə həmişə əlaqə saxlayır, onların keçdiyi şərəfli həyat yolundan, kitablarından nümunələr dərc elətdirirdi. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri - İsa Həbibbəyli, Muxtar İmanov, müxbir üzvü Kamran Əliyev, elmlər doktoru Akif İmanlı, filologiya elmləri doktoru Sona Vəliyeva, Seyfəddin Eyvazov,  şair və yazıçılardan Vaqif Məmmədov, Hüseyn Əsgərov, Abdulla Qurbani, Kəmaləddin Qədim, Nəriman Zeynalzadə, Rafiq Oday, Budaq Təhməz, Aləmzər Sadıqqızı, Ələsgər Talıboğlu, Kəmalə Nəsrin və başqaları Elman Telmanoğluna və redaktoru olduğu "Şərurun səsi” qəzetinə dərin hörmət bəsləyir və sevdikləri yazılarını bu qəzetin səhifələrində dərc etdirirdilər.
 
Elman Telmanoğlunun fəaliyyəti və yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Ömrünün 50 ildən çoxunu sevimli qəzetinə həsr edən Elman müəllim mətbəədə texniki işdə çalışanda da, qəzetin müxbiri, şöbə müdiri, redaktor vəzifəsində işləyərkən də onun öz işinə məhəbbəti sonsuz olubdur. Hansı janrda, hansı mövzuda yazmasından asılı olmayaraq ADU-da dərs demiş müəllimlərinin tapşırıq və tövsiyələrinə sadiq qalaraq jurnalist məsuliyyətini qoruyub saxlamışdır. İstər keçmiş Sovetlər İttifaqı dövründə, istərsə 1990-cı illərin hakimiyyətsizliyi illərində, istərsə də müstəqil Azərbaycanın tərəqqiyə doğru addımladığı dövrlərdə Elman Telmanoğlunun redaktoru olduğu qəzet kütlə tərəfindən rəğbətlə qarşılanan və sevib-sevilən, oxunan qəzetlərdən olubdur.
 
Elman Telmanoğlu Odlar Yurdu Azərbaycanı, onun ədəbi və ayrılmaz hissəsi olan Naxçıvan elini çox sevir. Adı "Kitab-i-Dədə Qorqud” dastanında çəkilən, qədim Oğuz torpağı olan Şərur elinin hər bir qarış torpağını addım-addım gəzmiş, bu yerlərin misilsiz gözəlliyini, tarixi abidələrini, mərd və zəhmətkeş insanlarını, təbii nemətlərini, dağlarını, dərələrini öz yaradıcılığına, jurnalistik qabiliyyətinə xas şəkildə qələmə almışdır. Şərur rayonunun dağ kəndləri olan Havuş, Şahbulaq, Aşağı Yaycı, Axura, Tənənəm kəndlərinin dünəni, bu günü müqayisəli şəkildə qələmə alınaraq geniş oxucu kütləsinə çatdırılmışdır.
Elman Telmanoğlu qələmiylə onlarla duzlu və məzəli Mirzə Cəlil sayağı satirik yazılar, düşündürücü və ifşaedici felyetonlar oxucuya təqdim olunmuşdur.
Vətən torpaqlarının müdafiəsində şəhid və əlil olmuşların həyat və döyüş səhnələri müntəzəm olaraq "Şərurun səsi” qəzetinin səhifələrində geniş işıqlandırılmışdır.
 
Elman Telmanoğlu rəhbəri olduğu kollektivin həmişə qayğısına qalar, onlara öz təcrübəsini mənimsədər, sevinclərinə, kədərlərinə şərik olar. O, həmçinin övladlarına mehriban, qayğıkeş atadır, nəvələrinə, nəticəsinə sevimli babadır.
 
Həyatda qazandığı halal və təmiz əməyi ona şan-şöhrət gətiribdir. O, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası rəhbərliyinin Sərəncamları ilə ali mükafatlara və fəxri adlara layiq görülübdür. Elman Telmanoğlu Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi və Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Bir çox müsabiqələrin qalibi olmuş, fəxri fərmanlarla və diplomlarla təltif olunmuşdur.
 
Bunu da qeyd etməliyəm ki, Elman Telmanoğlunun tövsiyəsi və redaktəsi nəticəsində onlarla yazarın kitabları nəşr olunub, geniş oxucu kütləsinə çatdırılıbdır. Dəfələrlə təkliflər olunsa da, onun yaradıcılıq nümunələrindən ibarət bir toplusunun çapına razılıq verməyibdir. Doğrusu, ömrünün 70-ci baharında onun borcunu qaytarmaq istədik. Yenə də razılıq vermədi... Sağlıq olsun...
 
Bir də 25 il bundan əvvəl Elman Telmanoğlunun 45 yaşına yazdığım şeirə baxdım. Gördüm ki, Elman müəllimin özü kimi, ona yazılan şeir də təzə-tərdir. Mən də bu şeirlə onun ad gününü təbrik etməyi qərara aldım.
 
Küləklər dağları əyə bilməyir
 
Yaman oxşarın var dağlara, qardaş,
Bədniyyət gözünə dəyə bilməyir.
Kökünə, köksünə bələdliyindən
Küləklər dağları əyə bilməyir.
 
Dağlar tək vüqarlı duruşuğun var,
Həyatın yolları çəndi, dumandı.
Sənə öz qələmin ən qiymətli var,
Bu ki, həqiqətdi, bu ki, gümandı.
 
Həyatda qazancın, ən böyük səyin
Tikdiyin qaladı - dostluq qalası.
O qədər genişdir təmiz ürəyin,
Bir ordu yığmısan, orda qalası!
 
Keçdiyin ömrünün dolaylarında
Ləl kimi qiymətli sözlərin qalıb.
Həyatın sehrkar olaylarında
Gözəllik ardınca gözlərin qalıb.
 
Süfrən açıq olub ürəyin kimi,
Halal çörəyini kəsmişik, qardaş!
Sən ki, gözləmirsən özgəni, yadı,
Sənin ad gününə gəlmişik, qardaş!
 
Həmişə vüqarlı, mərd dayanmısan,
Sənə çox yaraşır fəxri adların.
Şam edib ömrünü gizli yanmısan,
Halaldı aldığın mükafatların.
 
... Yaman oxşarın var dağlara, qardaş,
Bədnəzər gözünə dəyə bilməyir.
Kökünə, köksünə bələdliyindən
Küləklər dağları əyə bilməyir.

 
 
İbrahim Yusifoğlu
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşı