Azərbaycan dünya mədəniyyəti
xəzinəsinə çox dahilər vermişdir: Əbülhəsən
Bəhmənyar Azərbaycani, Nizami Gəncəvi, Nəsrəddin
Tusi, İmadəddin Nəsimi, böyük türkoloq Mirzə Kazım bəy...
XIX yüzillikdə Rusiyada şərqşünaslıq
elminin yaradıcılarından biri olan Mirzə Məmmədəli Qasım oğlu Kazım bəy Dərbənddə
böyümüş, ilk təhsilini ailə içində – dövrünün əsilli-nəsilli məşhur ziyalısı,
islam mədəniyyətinin böyük bilicisi, atası Hacı Qasımdan alan gənc Məmmədəli, ərəb
və fars dillərinə mükəmməl yiyələnmiş, hətta 17 yaşında "Опыт грамматики
арабского языка” аdlı (ərəb dilində) ilk əsərini yazmış, ömrünün son günlərinə
qədər çox sevdiyi pedaqoji fəaliyyətindən ayrılmamışdır.
Mirzə Kazım bəyin elmi həyatında
və hərtərəfli inkişaf edən ensiklopedik bir alim kimi yetişməsində XIX əsr
Rusiya ictimai-siyasi mühitinin böyük rolu olmuşdur. Böyük alim, şərqşünas,
filosof, hüquqşünas, tarixçi, pedaqoq, ən başlıcası, türk dillərinin mahir tədqiqatçısı
– dünya şöhrətli türkoloq Mirzə Kazımbəy qazandığı uğurlara görə, Rusiya Elmlər
Akademiyasının müxbir üzvü, İngiltərə, Fransa, Almaniya, Danimarka, Amerika
Birləşmiş Ştatları, eləcə də Yaxın və Orta Şərq ölkələrinin akademik təşkilatlarının,
elmi cəmiyyətlərinin üzvü seçildi. Əsərləri İngiltərədə, Fransada, Almaniyada
rus, ingilis, alman, fransız, ərəb, fars, türk, Azərbaycan dillərində çap
olundu.
M.Kazım bəyin rus və dünya
türkoloji mühitində böyük sensasiyaya səbəb olan "Türk-tatar dilinin ümumi
qrammatikası” (Kazan, 1839, 1846) kitabı
mükəmməl, vacib və fundamental əsər kimi Rusiyada iki dəfə ən böyük ödüllərdən
sayılan Demidov mükafatına layiq görülmüşdür. İkinci nəşrindən cəmi iki il
sonra alman dilinə tərcümə edilərək Avropanın ali məktəblərində dərslik kimi
öyrədilən bu kitab, iki əsrə yaxındır ki, Azərbaycan dilinə çevrilməmişdi.
Sevindirici haldır ki, son
dərəcə əhəmiyyətli və ağır məsuliyyət tələb edən bu iş artıq reallaşdı. 178 il
sonra tədqiqatçı-alim, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri
doktoru, professor İdris Abbasov əsəri, nəhayət, ana dilimizə layiqli şəkildə tərcümə
edə bildi. O, kitabı geniş tədqiq və şərhlərlə tərcümə edib. Əsər nəşriyyatda nəfis
şəkildə çap olunmuşdur. Tərcümə, tədqiq və şərhdən ibarət irihəcmli monoqrafiya
elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Tərcümə yalnız "quru” çevirmə
olmadığı üçün, düşünürəm ki, tədqiqatçı-alim əsərə "Mirzə Kazımbəy. Türk-tatar
dilinin ümumi qrammatikası. Tərcümə, tədqiq və şərh (Bakı, 2017. 1007 səh.)” adını
verməsində haqlıdır, çünki əsər, həqiqətən də, tədqiqat və şərhlərlə zəngindir.
Hər şeydən əvvəl, professor
İdris Abbasov Mirzə Kazım bəyin dil məsələlərinin həssaslığını, onun linqvistik
üslubunu, hər dil nümunəsinə fərdi yanaşma səriştəsini (əsərdə belə hallar –
yerli kiçik xalqların dil materialları ilə müqayisələri çoxdur) mənimsəyə
bilmişdir. Bu səbəbdən, əsərdə dil faktlarının izahı, hətta onların canlı
danışıq variantlarının tədqiq və şərhləri oxucu-mütəxəssisi qane etdiyi kimi,
mütərcimi də keyfiyyətli dilçi kimi səciyyələndirir. Fikrimizcə, bu təbiidir və
mütərcimin həssas, dilçi səriştəsindən xəbər verir.
Əsərin digər səciyyəvi cəhətlərindən
biri budur ki, tədqiqat Avropa mənşəli zəngin elmi və təcrübi türkoloji mənbələrlə
müqayisəli şəkildə aparılmışdır. Demək lazımdır ki, bu istiqamətdə mütərcimin
uğuru göz önünə gəlir. Ümumən, onu vurğulamağı vacib hesab edirəm ki, Mirzə
Kazım bəyin yaradıcılığına "baş vurmaq” o qədər də asan iş deyil. Bunu mən, hələ
1960-cı ildə "Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası” əsəri və
"Müasir Azərbaycan dili” adlı diplom işi yazarkən duyub hiss etmişdim. Amma sağ
olsun mənim müəllimlərim, professor Əlövsət Abdullayev, professor Fərhad
Zeynalov! Onlar diplom işini yazmaq üçün mənə elə bir plan-prospekt vermişdilər
ki, çətinlik çəkmədən diplom işini yazdım və bütün imtahan komissiyasının üzvləri
yekdilliklə onu "mini dissertasiya” hesab etdilər. O zaman həmin iş diplom işi
səviyyəsində olmalı idi. Bu gün, Allaha şükürlər olsun ki, dövlətimiz elmin inkişafı üçün hər cür şərait
yaratmışdır. Bizə qalır şəraiti dəyərləndirib, bu kimi işlərin ağırlığından
qorxmadan titanik zəhmətə çiyin vermək! Alqışlanası haldır ki, professor İdris
Abbasov belə bir işi öhdəsinə götürmüş və uğurla başa çatdırmışdır. Əhsən!
İdris Abbasov türkologiya
ilə əlaqədar dünyanın müxtəlif xalqlarına məxsus alimlərin – latın dilində
H.Miqiza, F.Meninski, ərəb dilində Sibaveyhi, Xəlil ibn Əhməd əl-Fərahidi, İbn
Malik, Abbas Həsən, Qasim əl-Muradi, Süyuti, fransız dilində İ.Holderman,
M.Viqye, A.Jober, Jan-Şarl dö Bess, A.Fayzmayer, L.Dübö, Şarl Vyot, M.Nassif ,
ingilis dilində A.Davids, italyan dilində K.Komidas və digərlərinin əsərlərinə
müraciətlər etmiş, M.Kazım bəylə yanaşı, onların da əsərlərini araşdırmışdır.
Qarşıya qoyduğu məqsədə çatmaq üçün İ.Abbasov latın, ərəb, italyan, fransız,
türk, ingilis, rus, ispan dili qrammatikalarını müqayisəli tədqiqata cəlb
etmişdir. Əsərin ədəbiyyat siyahısında onların dəqiq adları verilmişdir.
Kitabın tərcümə, tədqiq və şərhində terminlərin dəqiqləşdirilməsi üçün
İ.Abbasovun tez-tez ən mötəbər mənbələrə müraciət etməsi, araşdırmanın dəqiqliyinə
xidmət etməyə yönəlmişdir. Kitabı
oxuduqca, müəllifin bir sıra qaranlıq məqamlara aydınlıq
gətirmək üçün müxtəlif mənbələrdə araşdırmalarını intensiv surətdə
davam etdirdiyinin şahidi oluruq. Məsələn, tədqiqatçı-alim qeyd edir ki,
M.Kazım bəyin işlətdiyi felin azaltma dərəcəsinə Ural-Altay dillərində daha
çox rast gəlinir. Belə ki, o, Yevgeni Sıpanov, Maya Yambulatova, Aleksandr
Popov, Vladimir Radnayev və digərlərinin əsərlərini araşdırdıqca,
felin növləri haqqında daha maraqlı mənzərələr göz önündə canlanır. Bu məqsədlə İ.Abbasov Ural-Altay dillərinin dialekt və
şivələrindən gətirdiyi misallarla fikrini əsaslandırır. Göstərilir ki, komi dilində,
ona qohum olan udmurt dilindən fərqli olaraq, kod (кодь) suffiksinin
əlavəsi ilə hərəkətin azaltma dərəcəsini ifadə edən forma mövcuddur.
Felin neytral dərəcəsi formal şəkildə ifadə olunmuş digər iki dərəcənin
düzəldilməsi üçün əsas və oriyentir rolunu oynayır. Hətta nitqdə çoxaltma
dərəcəsi tez-tez sifətin müqayisə dərəcəsi ilə qarşılaşdırılır.
Fin-uqor dillərindən olan müasir mari dilində fel şəkilçiləri
çoxfunksiyalı xarakterə malikdir. Eyni şəkilçinin həm sözdüzəldici,
həm də formadəyişdirici funksiya daşıdığına tez-tez rast gəlmək
olur. Yaxud kalmık dilinin
qrammatikasında təkrarlı fellər felin məlum, məchul, orta və qayıdış növlərindən
əmr formasına müvafiq şəkilçilərin artırılması yolu ilə düzəlir və s.
Professor İ.Abbasovun latın dilinin qrammatikasına müraciət etməsi
fel haqqında linqvistik baxış bucağını bir qədər də genişləndirir. O
qeyd edir ki, isim, yaxud sifətlərdən düzələn fellər denominativ
(denominatives) adlanır. Digər fellərdən düzələn fellər ya təkrarlı
(frequentative), ya başlanğıc (inceptive), ya arzu
(desiderative), ya azaltma (diminutive), ya da şiddətləndirmə
(intensive) felləri kimi təsnif olunur.
İdris
Abbasov göstərir ki, M.Kazım bəy "Şərq dilləri qrammatikasının bəzi labüd terminləri” ifadəsini işlədəndə ənənəvi
ərəb dili qrammatikasına xas istilahları nəzərdə tuturdu. O, çox haqlı olaraq
belə qənaətə gəlir ki, Avropada Türk-Azərbaycan
dilinin qrammatikasına dair M.Kazım bəydən əvvəl yazılan əsərlərdə sintaksisə dərindən
təmas edilməmişdir. Məhz ilk dəfə olaraq M.Kazım bəy Azərbaycan dilinin
sintaksisini sistemli şəkildə təqdim etməyə nail olmuşdur. Bu zaman o, ərəb,
rus və qərb dilçiliyinin elmi nailiyyətlərindən yaradıcı şəkildə faydalanmış,
Azərbaycan dili sintaksisinin aydın mənzərəsini yaratmağa çalışmışdır. İ.Abbasov
müasir tədqiqatçı üçün çətin anlaşılan ərəb dili qrammatik terminlərinin, daha
doğrusu, M.Kazım bəyin sintaksis
bölümündə işlətdiyi, ancaq çox vaxt izahını vermədiyi qrammatik istilahların şərhini
vermişdir.
İ.Abbasovun oxuculara təqdim etdiyi M.Kazım bəyin "Türk-tatar dilinin ümumi
qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyasında hər bir dil hadisəsinin
araşdırılmasında koqnitiv və kommunikativ təhlillər verilmiş, hər bir dil hadisəsi
koqnisiya (idrak prosesilə) və kommunikasiya (nitq aktı ilə) hadisələri ilə əlaqəli
şəkildə tədqiqatdan keçirilmişdir. Bu zaman tədqiqatçı-alim qrammatikanın həm də
fəlsəfi mahiyyətli olmasını göz önünə gətirərək, xüsusən fransız filoloqlarının
(Dyödone Tyebo kimi), filosoflarının (Antuan Destü dö Trasi kimi) düşündürücü
mülahizələrinə də istinadlar verməklə, tədqiqatın nəzəri mahiyyətini oxucuya təqdim
edə bilmişdir.
Professor İ.Abbasovun M. Kazım bəyin çoxəhatəli və zəngin dil
materiallarına verdiyi şərhlər yalnız şərh deyil, sözün həqiqi mənasında dərin təfəkkürlü
bir alimin özünəməxsus orijinal aydınlaşdırmaları, elmi-nəzəri nəticələridir. Mən
bu fundamental əsəri XXI əsr Azərbaycan dilçiliyində və ümumən türkologiyamızda
uğurun başlanğıcı hesab edirəm.
Əsərin elmi redaktoru akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, bu əsər
Azərbaycan dilçilik elmində uğurlu bir hadisədir və hər cür mükafata layiqdir.
Monoqrafiya XIX əsrin ən böyük poliqlot alimi, işıqlı bir ziyalı, ilk dəfə şərq
dillərini Avropa dilləri ilə müqayisəli istiqamətdə tədqiq edən Mirzə Kazım bəyin
təkrarsız təcrübəsinin məhsulu olan "Türk-tatar dilinin ümumi qrammatikası”
fundamental əsərinin dünyanın çoxsaylı dilləri ilə müqayisəli şəkildə
araşdırılmasına həsr edilmiş aktual bir tədqiqatdır. Həcm etibarilə də seçilən
(1007 səhifə) bu fundamental əsərdən Türk-Azərbaycan dili tarixinin mütəxəssisləri,
dilçi-filoloqlar, türkoloqlar, dil nəzəriyyəçiləri, şərqşünaslar, ərəbşünaslar,
ümumən Şərq və Avropa dilləri üzrə müxtəlif profilli dilçi-tədqiqatçılar, tərcüməçilər
faydalana bilərlər.
Sevil Mehdiyeva,
AMEA-nın Nəsimi adınaDilçilik İnstitutunun Azərbaycan dili tarixi
şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor