AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Açıq kitab”ın oxunmamış səhifələri

“Açıq kitab”ın oxunmamış səhifələri

08 Mart 2020, 10:00 1304
Azərbaycan eposşünaslığı, o cümlədən, onun tərkib hissəsi olan qorqudşünaslığı ciddi inkişaf yolu keçmişdir. Bu sahədə dəyərli əsərlərimiz az deyil. Belə bir zəngin nəzəri tədqiqat bazasının fonunda "Kitabi-Dədə Qorqud” haqqında konseptual səviyyədə yeni söz demək asan görünmür. Bu mənada AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin son illərdə "Dədə Qorqud” eposu haqqında ardıcıl və sistemli araşdırmaları maraq doğurur. Elmi ictimaiyyət K.Əliyevin bu araşdırmalarını, haqlı olaraq, qorqudşünaslıqda yeni və təqdirəlayiq hadisə kimi qiymətləndirmişdir.
 
K.Əliyev eposla bağlı elmi axtarışlarının nəticələrini öncə ayrı-ayrı məqalələrdə, daha sonra isə bu məqalələri sistemləşdirərək üç kitabında əks etdirmişdir. Onun "Eposun poetikası: "Dədə Qorqud” və "Koroğlu” (2011) kitabının birinci bölməsi, "Açıq kitab – "Dədə Qorqud” (2015) kitabı isə bütünlüklə klassik eposumuzun tədqiqinə həsr olunmuşdur. Həmin tədqiqat yeni redaktədə və təkmilləşdirilərək müəllifin "Çağdaş folklorşünaslığın problemləri” (2017) kitabına da daxil edilmişdir. "Dədə Qorqud” araşdırmaları bu kitablarda fərqli başlıq və strukturda verilsə də, əslində, vahid bir tədqiqatdır. Sadəcə olaraq, müəllif hər dəfə tədqiqatının əsas məqsədlərindən birini başlıqda qabarıq nəzərə çatdırmaq istəmişdir. Bu yazımızda prof. Kamran Əliyevin "Kitabi-Dədə Qorqud” üzərində araşdırmalarını dəyərləndirməyə çalışmışıq.
 
K.Əliyevin: "Xalq təfəkkürünün qoruyucusu olan epos mətni xalqın həmin mətndə açıq şəkildə ifadə edə bilmədiyi bir sıra fikirlərin də mühafizə məkanıdır” (2,33) fikri onun tədqiqatının preambula hissəsi sayıla, tədqiqata qiymət vermək istəyən mütəxəssis üçün açar rolunu oynaya bilər. Kamal Abdullanın təbirincə, "Gizli Dədə Qorqud”da, K.Əliyevin öz sözləri ilə desək, bu "açıq kitab”da müəllif zahirən üzdə olmayan, ancaq kifayət qədər informativ tutumu olan məsələlərə işıq salmağı qarşısına məqsəd qoymuş, həmçinin bu kitabda açıq-aydın müşahidə edilən, haqqında zahirən təzə nəsə söyləməyin sanki mümkünsüz göründüyü təfərrüatları yeni gözlə şərh etmək niyyətini izləmişdir. Nəticədə oxucuya çatdırılır ki, bu açıq kitab heç vaxt bağlanmayan kitabdır, burada hələ nə qədər açıqlanmalı mətləblər var.
 
K.Əliyevin toxunduğu məsələləri iki qrupa bölmək olar: Bir qisim məsələlər vardır ki, qorqudşünaslıqda davamlı olaraq diqqət mərkəzində olub. Məsələn, "Dəli Domrul” boyunun Dədə Qorqud oğuznamələri arasında yeri və fərqliliyi, Təpəgöz obrazının mənşəyi, funksional-semantik səciyyəsi, epik qəhrəman, epos mətnində şeir-nəsr və s. məsələlər. Digər qisim isə, ümumiyyətlə, diqqəti xüsusi cəlb etməyən, adi görünən, oxuyub sadəcə üstündən keçdiyimiz məsələlərdir. Beyrəyin qanlı köynəyi, Burla xatunun adında "boyu uzun” təyini, Bayındır xanın səfəri, Uruzun ənənəvi epik qəhrəmanlardan fərqlənməsi kimi detallar K.Əliyevin təqdimində əhəmiyyət qazanır və orijinal şərhlərini tapır. Hər iki qisim məsələlərə münasibətdə müəllifin iki keyfiyyəti aydın müşahidə olunur: birincisi, başqalarının görə bilmədiklərini görə bilmək bacarığı – bu, hər bir tədqiqatçı üçün çox önəmli keyfiyyətdir; ikincisi, polemik mətləblərə yeni söz demək iddiası ilə girişmək cəsarəti – qorqudşünaslığın nəhəng nümayəndələrinin toxunub sanki nöqtə qoyduğu məsələlərə Kamran müəllim çəkinmədən, cəsarətlə girişmişdir.
 
Bu iki keyfiyyəti birləşdirən, müəllifə cəsarət və yaradıcı impuls verən onun dərin müşahidə qabiliyyətidir. Zənnimcə, tədqiqatın uğurlu alınmasının əsas səbəblərindən biri dəqiq müşahidələrin obyektiv dəyərləndirmələrlə tamamlanmasıdır. Məsələn, müəllif Beyrəyin vətənə qayıdışında atı qopuzla dəyişməsi kimi kiçik bir epizoddan çıxış edərək "dəli” ayamalı silsilə obrazların poetikası haqqında ümumiləşdirilmiş fikirlər söyləyir. Və ya Beyrəyin qanlı köynəyinin gətirilməsi xəbərinə diqqəti yönəltməklə dastanda verilən xəbərlərin gerçəkliklə bağlılığı istiqamətində düşüncələrini ifadə edir. Hər iki halda konkret bir detal üzərində müşahidə müəyyən qrup obrazın, bütünlükdə eposun poetikası haqqında maraqlı nəticələr çıxarmağa imkan verir.
 
Məlumdur ki, folklorda, xüsusilə onun mühüm bir janrı olan eposda etnik-milli həyat, ənənə, düşüncə öz epik ifadəsini tapır. Etnik-milli yaddaşın ən mühafizəkar "mühafizə məkanlarından” biri məhz eposdur. Etnik dünyanın epik dünya modelinə, milli dünyagörüş və düşüncənin epik-bədii düşüncəyə, tarixi şəxslərin epik qəhrəmana, etnosun tarixi gerçəkliklərinin epik gerçəkliyə, bədii həqiqətə proyeksiyalanmasının, keçidinin bütün yolları eposda kəsişir. K.Əliyev bütün bunları epos yaradıcılığında mühüm amillər hesab edərək "Kitabi-Dədə Qorqud”u etnopoetika baxış müstəvisində öyrənmişdir. O, Azərbaycan eposşünaslığına, o cümlədən, qorqudşünaslığına yeni nəzəri baxış, elmi-metodoloji yanaşma və təhlil üsulu gətirmişdir. Bu etnopoetikadır, etnopoetik təhlil-tədqiq üsuludur. Müəllifin də qeyd etdiyi kimi, "etnopoetika bədii düşüncə ilə etnosun təbiəti arasındakı əlaqə və təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamətlərini meydana çıxaran bir elm sahəsi”dir (1,3). Başqa sözlə, K.Əliyev özünəməxsus etnopoetik bir məntiqlə eposdakı müxtəlif təfərrüatların, motiv və obrazların etnopoetik xarakterini açmağa çalışmış və çox zaman buna müvəffəq olmuşdur. Başlanğıcda etnopoetika məsələsi qaldırılır, ardınca xalqın həyat tərzi, etnik düşüncəsi, adət-ənənələri, etnoqrafiyasının dastan poetikasına təsiri araşdırılır. Etnopoetika baxımından dastana yanaşma tərzi dastan mətnində şeir-nəsr məsələsinin izahında qabarıq görünsə də, bununla məhdudlaşmır, bütün tədqiqat boyu davam edir.
 
İkinci nəzəri əsas kimi, tədqiqatda strukturalist-semiotik təhlil metodundan da istifadə olunmasıdır. Bəlli olduğu kimi, strukturalizmdə təkrarlaşan modellər deyilən gizli informasiyanın üzə çıxarılması mühüm məqsədlərdən biridir. Həm sintaktik, həm də semantik aspektdə yanaşma K.Əliyevin bütün araşdırması boyu gözlənilir. Yəni müəyyən struktura malik olan mətnlə gerçəklik və ayrı-ayrı struktur vahidlərinin öz arasında olan münasibətlər izlənilir. Bu səpkidə yazılmış dəyərli əsərlərimiz vardır. Burada K.Əliyevin özünəməxsusluğu nədir? O, "semiotik fəhmlə” (R.Kamal) eposda əks olunan geyimin, silahın, hər hansı bir hərəkətin, detalın hansı informasiyanın daşıyıcısı olduğuna diqqət yetirir, nəticədə epik qəhrəmanın, başqa obrazların sosial statusunu və onların epos poetikasında yerini müəyyənləşdirir. Tədqiqatda etnopoetik və struktur-semiotik təhlil üsulu iç-içədir, vəhdətdə istifadə olunmuşdur. Bu da təbiidir və etnopoetika ilə strukturalizm arasında nəzəri-metodoloji yaxınlıqdan qaynaqlanır (bu əlaqənin öyrənilməsi isə ayrıca bir araşdırma mövzusudur).
 
K.Əliyevin tədqiqatında nəzəri konsepsiyaların geniş şərhinə, termin sıxlığına, mürəkkəb sintaktik konstruksiyalara, demək olar ki, rast gəlmirik. Müəllif bunlara ehtiyac duymur. Sadə, anlaşıqlı, məntiqi izahlarda hansısa nəzəri konsepsiyanın tətbiqi zahirən görünmür, lakin dərin qatda müəllif mühakimələrinin ciddi nəzəri-metodoloji əsaslarının olduğu şübhəsizdir.
 
K.Əliyevin tədqiqatı öncə "Kitabi-Dədə Qorqud” haqqında məqalələr silsiləsi kimi meydana çıxmışdır. Lakin bu məqalələr arasındakı ciddi bağlılıq, ümumi tədqiqat ideyasına tabelik, ümumi istiqamət, vahid elmi nəticələrə gəlinməsi onu monoqrafiya kimi də dəyərləndirməyə imkan verir. Eyni zamanda burada monoqrafik akedemizm, akademik üslub yoxdur. Əsərin dili elmi-publisistik, müəyyən məqamlarda bir qədər də emosional, obrazlı dildir. Qısa cümlələr, sadə dil onun üslubunu müəyyənləşdirən əlamətlərdəndir. Ümumiyyətlə, aydın və sadə yazmaq K.Əliyev qələminin səciyyəvi cəhətlərindəndir. Məhz buna görədir ki, araşdırmanı "Kitabi-Dədə Qorqud”un populyarlaşmasına, dərk olunmasına xidmət edən, onu sevdirən əsərlərdən biri kimi də qiymətləndirmək olar.
 
K.Əliyevin tədqiqat üslubunun səciyyəvi xüsusiyyəti kimi, onu da deməliyik ki, alim nəyi isə təsvir etmir, həmin "nə isə”nin etnik həyatdan gələn genezisini, təkamülünü, inkişaf prosesini müəyyənləşdirməyə çalışır. Bu isə son dövrdə folklorşünaslığımızın əldə edilmiş mühüm uğurlarından birinin – poetika məsələlərinin genezisdən başlayaraq, təkamül prosesini izləmək yolunun uğurlu davamıdır.
 
K.Əliyev tədqiqatında "Kitabi-Dədə Qorqud”la bağlı bir sıra məsələləri araşdırmışdır. Bunlardan biri epos mətnində şeir məsələsinin etnopoetika kontekstində izahıdır. Müəllifin problemə yanaşması belədir ki, "Kitabi-Dədə Qorqud” şeirindən danışmaq şeirin təşəkkül və ilkin inkişaf dövründən söhbət açmaq deməkdir”. Tədqiqatçı burada soylama adı ilə verilən şeirləri demək olar ki, təhlil etmir. O, əsas diqqəti eposun nəsr kimi çap olunmuş hissələrinə yönəldir. Niyə "çap olunmuş” deyirik? Müəllifin də qeyd etdiyi kimi, eposun əlyazma nüsxələrində şeirlər misraları alt-alta verilməklə nəsrdən fərqləndirilməmiş, ümumi ardıcıllıqla yazılmışdır. Yəni bunların şeir formasında verilməsi artıq mətnşünasların işidir. Bu baxımdan burada şeir, nəsr yanaşması bir qədər şərtidir. K.Əliyev də nəsr kimi verilən hissələrin içində kifayət qədər şeir parçaları görür. Məhz onların təhlili ilə türk-oğuz şeirinin genezis və təşəkkülü barədə fikir yürüdür. Bir misra, iki misra, dördlük, bayatı və çoxbəndlilik hansı ardıcıllıqla, necə formalaşıb, yaranma poetexnikası necədir sualına cavab verməyə çalışır və buna müvəffəq də olur. Onu da deyək ki, bu, K.Əliyevə qədər də toxunulmuş, mübahisəli bir məsələdir. Yalnız Dədə Qorqud eposu ilə deyil, Orxon-Yenisey abidələri ilə də bağlı nəzəri fikirdə belə mübahisələr olmuşdur. Yəni oradakı mətnlərdə şeir var, yoxsa onlar yalnız ritmik nəsrdən ibarətdir kimi suallar bir çox alimləri düşündürmüşdür. K.Əliyev tədqiqatında bu ənənəvi mübahisəli problemin şərhi zamanı müşahidələri əsasında öz yozumunu verə bilmişdir.
 
Müəllif etnopoetika işığında buradakı şeirin inkişaf məsələsinə yanaşır və janr məsələsini bir kənara qoyur. O belə hesab edir ki, kamil janrlar sonrakı mərhələnin nəticəsidir, müəyyən inkişaf prosesi nəticəsində yaranıb. Etnopoetika aspektli məsələlərin izahında janra əsaslanmaq o qədər də səmərə vermir. Haqlı mülahizədir. O, şeirdə etnik düşüncə ilə obrazlılıq arasında əlaqənin sonrakı dövrlərdə yaranması fikrini də irəli sürür (bizcə, bu fikir müəyyən qədər mübahisəlidir: türk şeirində obrazlılıq etnik-məişət həyatı və ətraf təbiətlə bağlı ibtidai bənzətmə-müqayisələrdən mükəmməl və mürəkkəb məcazlar sisteminə qədər uzun bir inkişaf yolu keçmişdir). Müəllif birbaşa misradan, yəni strukturdan başlayır. Onun fikrincə, etnopoetik düşüncə ilkin olaraq şeirin quruluşunu – misranı axtarır. Misra isə tənhadır, lakin o təkliyi sevmir. Harmoniya onun yanında qoşalıq tələb edir. Və bu nəticə çıxarılır: "Ən qədim və ilk türk şeiri qoşa misralı şeirdir. Müəllif həm "Kitabi-Dədə Qorqud”dan, həm də digər xalq mənbələrindən (atalar sözü, məsəl, tapmaca, "Oğuznamə” – "Əmsali-Məhəmmədəli” və s.dən) verilən misallar əsasında mövqeyini əsaslandırır və həqiqətən, inandırıcıdır ki, türk şeirinin ilk forması qoşa misralı şeir olub və onun hecalarının sayı da az olub. Müəllifin fikrini sübut etmək üçün eposdakı qadın adlarına istinad etməsi də maraq doğurur. O, xatunların adlarını (Boyu uzun // Burla xatun, Sarı donlu // Selcan xatun, Baybican qızı // Banıçiçək) alliterasiyanın xüsusi rol oynadığı qoşa misra kimi dəyərləndirir. K.Əliyevin yanaşmasında belədir ki, adların formalaşmasında qoşa misra özünü qoruyub saxlayır və bu, istənilən halda etnik düşüncə ilə bağlıdır.
 
Alim şeir şəkillərinin təkamülünü etnopoetik aspektdə izlərkən daha çox şeir strukturlarının etnosun təbiəti və tarixi həyatı ilə əlaqəsinə diqqət yetirir. O, qoşa misradan bəndə keçidin təkamülünün şərhi zamanı türk etnosunun həyatında atın mühüm rol oynamasından ətraflı danışır, atın müxtəlif yerişlərinin yaratdığı təbii ritmlərlə dördlük şeirin (onun qafiyə sisteminin) formalaşması arasında yaxınlıq görür və qətiyyətlə hökm verir ki, "türk şeirinin formalaşması atın ayaqlarına və yerişinə borcludur”. Başqa sözlə desək, burada türk şeirinin təbiəti təqlid əsasında yaranması mülahizəsi yer alır və bu mülahizədə mərkəzi fiqur kimi türkün həyatının ayrılmaz bir parçası olan at durur. K.Əliyev yazır: "... türk etnosu öz həyat tərzi, qəhrəmanlığı, fəaliyyət dairəsi və hətta o dünyası üçün ata borclu olduğu kimi, poetik təfəkkürünün formalaşması üçün də məhz ata borcludur”. Müəllif birbaşa analogiya aparmasa da, burada ərəb şeirinin, əruzunun formalaşmasına zınqırovlu dəvənin ləngərli yerişinin yaratdığı ritmlərin təsiri haqqında məlum fikirləri də xatırlasaq, irəli sürülən mülahizənin inandırıcı və təbii göründüyünü qeyd etməliyik. Belə hesab edirik ki, K.Əliyevin bu mülahizələri türk şeirinin təşəkkül və tarixini araşdıracaq tədqiqatçıların diqqətindən yayınmayacaq və yeni elmi ideyalara yol açacaqdır. Bu mülahizələr milli musiqimizin araşdırılmasında da öz tətbiqini tapa bilər. Belə ki, zərb alətləri ilə ifa olunan bəzi milli ritmlər at yerişinin ritm dinamikasını xatırladır.
 
K.Əliyev "Kitabi-Dədə Qorqud” da "bayatı düşüncəsi”nin olduğu fikrindədir. Məsələ ondadır ki, tədqiqatçı epos mətnində bayatının formalaşmasında etnik düşüncənin, dünyagörüşünün rolunun izlərini görür. Məsələn, o, "Uruzun dustaq olduğu boy”dan aşağıdakı parçaya diqqət çəkir:

Sağda oturan sağ bəglər!
Sol qolda oturan sol bəglər!
Eşikdəki inaqlar!
Dibdə oturan xas bəglər!

Ardınca yazır: "Məlumdur ki, bu nümunə Divandakı nizamı ifadə edir və canlanan mənzərədə Oğuz dövlətinin və dövlətçiliyinin mikromodelini görmək o qədər də çətin deyildir. Lakin burada bir başqa məsələ vardır: Necə olur ki, Yazıçı Ozan sağdakı və soldakı bəylərdən sonra, dibdəki xas bəyləri xatırlamadan eşikdəki inaqları (ÜÇÜNCÜ MİSRANI!) nəzərə çarpdırır və sonra yenə içəri qayıdır?. Tədqiqatçı daha sonra KDQ-un müqəddiməsində qadınlar haqqında deyilən fikirlərin şeir formasında rekonstruksiyasını da misal çəkərək bunları "bayatı düşüncəsi” hesab edir.
 
Qeyd edək ki, bu müşahidələr yenidir, orijinal fikirlərə yol açmışdır. Müəllif bayatı poetikasının türk etnik düşüncəsində izlərini görür, bayatının üçüncü misrasının fərqliliyini etnik düşüncədə hər hansı sıralanmadakı fərqliliyin inikası kimi qiymətləndirir, etnik düşüncənin poetik formanı müəyyənləşməsinə birbaşa təsir göstərdiyi qənaətinə gəlir.
 
Tədqiqatın "Dəli Domrul” boyuna həsr olunmuş hissəsi də K.Əliyevin mövzuya yeni müstəvidə yanaşması, yeni elmi ideyalar irəli sürməsi, tədqiqat üslubunun fərqliliyi haqqında danışmağa imkan verir. Onun epos haqqında çap etdirdiyi ilk kitabında boya həsr etdiyi oçerkin başlığına diqqət yetirək: "Dəli Domrul” boyu: təsadüf, yoxsa zərurət?” Göründüyü kimi, müəllif elə başlıqdan oxucuya polemik ruh vəd edir. O, öncə "Dəli Domrul” boyunun eposun ümumi strukturunda, kompozisiyasında yerinin fərqliliyi haqqında görkəmli qorqudşünasların (V.M.Jirmunski, O.Ş.Gögyay, X.Koroğlu və b.) ənənəvi fikirlərini xatırladır. Həmin fikirlər, əsasən, bundan ibarətdir ki, boy "Dədə Qorqud kitabı”nın ümumi kompozisiyasına uyuşmur və başqa oğuznamələr arasında yad görünür”, "kitabın içində təcrid edilmiş halda qalmışdır”. Bir sözlə, boy "eposun strukturuna yad bir boy” elan edilir. K.Əliyev həmin fikirlərə qiymət verir, onlara opponentlik edir. Amma hansı yolla? Əvvəlcə opponentlik etmək istədiyi fikirləri daha da möhkəmləndirəcək dəlillər gətirir, "Dəli Domul”u təkləyən amillərə”, qəhrəmanın "tənhalığına” diqqət yetirir. Məsələn, o qeyd edir ki, əksər boyların başlanğıcında verilən ekspozisiya – Bayındır xanın, yaxud Qazan xanın məclis qurması səhnəsi burada yoxdur, ümumiyyətlə, onlar boyda iştirak etmirlər; Dəli Domrulun digər boyların qəhrəmanları kimi qırx silahdaşı yoxdur, əksər boylarda iştirak edən, yaxud adları sadalanan igidlərin bu boyda adları çəkilmir; ata-anaya münasibət burada bütün digər boylardan fərqli şəkildə təzahür olunur; Domrulun döyüşdüyü düşmən obrazı da (Əzrayıl) ənənəvi boylardakı düşmənlərdən fərqlidir; boyda hadisələrin əks olunduğu bədii zaman qısadır; eposun "tarixi coğrafiyasından” burada əsər-əlamət yoxdur; üslubca da (nağıl tipindədir) digər boylardan fərqlidir.
 
Sanki K.Əliyev mövcud fikirləri daha da əsaslandırmağa çalışır və buna nail olur. Burada nöqtə qoyur və elə bil deyir, əslində belə deyil, sadaladıqlarımız məsələnin zahiri tərəfidir, mahiyyət isə bizə başqa şey deyir. Sonra o, öz fikrini – "Dəli Domrul” boyunun Dədə Qorqud oğuznamələri sırasına təsadüfən düşmədiyini, eposun ümumi kompozisiyası ilə sıx bağlı olduğunu sübut etmək üçün dəlillər aşkarlayır. Burada, xüsusilə, iki tezisin üzərində dayanır:
 
Birincisi, müəllif Dəli Domrulun dəli-doluluq edən obraz qardaşlarını (Dəli Qarcar, Dəli Ozan, Dəli İgid və b.) xatırladır, paralellər aparır, Dəli Domrulun həmin obrazlarla tipoloji bağlılığını, beləliklə də, tənha və təsadüfi olmadığını sübut etmiş olur. Ümumiyyətlə, K.Əliyev hər hansı bir boy, obraz, motiv, istənilən təfərrüat haqqında danışarkən digər boylarla analogiyalar aparır, struktur vahidləri arasında əlaqəni bərpa edir, ümumiləşdirilmiş nəticələr çıxarmağa nail olur. Ən ümumi nəticələrdən biri budur ki, "Kitabi-Dədə Qorqud” bütün boyları ilə birlikdə kompozisiya və məzmun baxımından bitkin bir vahiddir – eposdur. Bu hissədə də həmin fikir əsaslandırılır.
 
İkincisi, K.Əliyev "Dəli Domrul” boyunun epos mətnindəki fərqliliyini boyun oğuzların dinc yaşayış dövrünün epik əks-sədası olmasında görür və bu fərqliliyin özünün boyu digər boylarla bağladığını, eposun oğuzların həyatını "müharibə” və "sülh” nizamında tamlığı ilə əks etdirdiyini, oğuznamələr silsiləsində tamamlayıcı boylardan biri olduğunu qeyd edərək yazır: "Beləliklə, "Dədə Qorqud eposundakı "Dəli Domrul boyu” vasitəsi ilə Azərbaycan və ümumtürk dastan mədəniyyəti tarixində, qəhrəmanlıq eposları şəcərəsində yalnız igidlərin döyüş ənənələri deyil, türk xalqlarının həyat tərzinə uyğun olaraq, dinclik dövrünün də xüsusiyyətləri öz ifadəsini tapmışdır”. Bu, şübhəsiz, boya, bütünlükdə eposa yeni yanaşmadır.
 
Tədqiqatda maraqlı oçerklərdən biri oğuz elinin xanımlarına həsr olunmuşdur. Bu hissədə bir neçə məsələ – xanımların statusu, bədii portretlərinin rekonstruksiyası, etnik-sosial mənşəyi, sayların sakramentallığı ilə xanımların mənşəyi arasındakı əlaqə və s. araşdırılmışdır. Qadın obrazlarını ümumən səciyyələndirərkən də müəllif öz etnopoetik baxışlarına, tədqiq üslubuna, yazı manerasına sadiq qalmış və bir sıra maraqlı tezislər irəli sürmüşdür. Bunlardan biri Burla xatun obrazının adındakı "Boyu uzun” ifadəsi ilə onun sosial statusu arasındakı bağlılıqdır. Tədqiqatçı müşahidə edir ki, Qazan xanın xanımının adı onun iştirak etdiyi oğuznamələrdə, bir qayda olaraq, "Boyu uzun Burla xatun” şəklində işlənir, lakin "Bamsı Beyrək” boyunda onun adı sadəcə "Burla xatun” şəklində səslənir. Bunun səbəbinin izinə düşən müəllif nəzərimizə çatdırır ki, boyda Bamsı Beyrək dəli ozan kimi davranır. Narazılıqları görən Qazan xan deyir ki, ona heç kim toxunmasın, mən bəyliyimi bir günlüyə verdim ona. Həmin zaman və həmin hadisələr çərçivəsində Burla xatunun adının qarşısında bir yerdə də olsun "Boyu uzun” ifadəsi işlənmir. Tədqiqatda iddia edilir ki, "boyu uzun” ifadəsi yalnız Burla xatunun zahiri görkəmi ilə bağlı deyil, əslində onun statusu ilə – şahzadə (xan qızı), bəylərbəyi Qazan xanın xatunu olması ilə bağlıdır. K.Əliyevə görə, "...Qazan xan bəylərbəyliyini bir günlük Beyrəyə (dəli ozana!) verdiyi üçün Burla xatun Qazan xanın xanımı kimi qalır, amma cəmiyyətdəki statusunu itirir. Deməli, "Boyu uzun” ifadəsinin alliterasiya yaratmaq funksiyası məsələnin zahiri tərəfidir. Əsl həqiqətdə isə "uca boy” mənasını verən "boyu uzun” ifadəsi Qazan xanın xanımı və Bayındır xanın qızı Burla xatunun cəmiyyətdəki statusunun təsdiqidir”. Fikrimizcə, maraqlı müşahidə və hökmdür.
 
Oğuz elinin xanımlarına həsr olunmuş oçerkdə başqa diqqətçəkən fikirlər də vardır ki, onların bəzilərini burada qeyd edirik:
1. Qadın obrazlarının bədii portretlərindəki eyniliklər ("güz alması kimi al yanaqlar”, "qurulu yaya bənzər çatma qaşlı”, "qoşa badam sığmayan dar ağızlı”...) Dirsə xanın xatunu və Burla xatunun da iştirak etdiyi boyların eyni bir ifaçı ozanın dilindən söylənməsi ilə izah olunur;
2. Ehtimal edilir ki, xanımların yanağının bəzən "güz (payız) alması”na, bəzən də "qar üzərinə dammış qana” bənzədilməsi ozanın mətni hansı mövsümdə söyləməsindən irəli gəlir;
3. Oğuz xanımlarının mənşəyi (İç Oğuzdan, Dış Oğuzdan, yaxud "kafər” qızı olmaları) izah edilir. Düzdür, bunların bir çoxu epos mətnində aydın bildirilir. Lakin birbaşa mənşəyi haqqında heç bir məlumat verilməyən xanımlar da vardır ki, müəllif sayların sakral mahiyyətini, konkret desək, üç və altı saylarının işlənməsindəki fərqləri misallarla izah edib (statistik hesablamalar da aparıb) əsaslandırmaqla Səgrəyin xatununun "kafər” düşərgəsindən olması qənaətinə gəlir və s.
Tədqiqatda maraqlı oçerklərdən biri "Beyrəyin qanlı köynəyi” haqqındadır. K.Əliyev qəhrəmanın geyiminin xüsusi informasiya daşıdığı fikrini əsas tutaraq "Bamsı Beyrək” boyunda Yalançı oğlu Yalıncığın Beyrəyin ölüm xəbərinə hamını inandırmaq və Banuçiçəyi ala bilmək üçün igidin qanlı köynəyini gətirməsi faktına xüsusi diqqət yetirir. O, qanlı köynək amilindən çıxış edərək ümumən qəhrəmanın geyiminin daşıdığı funksiyalar, eposda verilən xəbərlərin gerçəkləşməsi kimi məsələlər barədə maraqlı və orijinal fikirlər irəli sürür. Əsas geyimlərdən olan qaftan və onun verilməsinin funksiyaları müəllif tərəfindən müxtəlif boylardan konkret misallar gətirilməklə müəyyənləşir. Onun əsas fikirlərindən biri budur ki, eposda xəbərlər həmişə doğru çıxır. Hətta söyləyənin ya bilərək yalan söylədiyi, ya aldatmaq məqsədilə dedikləri, ya da qeyri-müəyyən şəkildə söylədiyi xəbərlər nəticədə gerçək çıxır. K.Əliyev doqquz müxtəlif boydan gətirdiyi misallarla öz fikrini təsdiq edir.
 
İstisna Beyrəyin qanlı köynəyidir. Çünki qanlı köynək Beyrəyin ölümünü bildirir, Beyrəksə sağdır. Müəllifə görə, bu xəbər "həmin məqamda yalandır, amma nəticə başqadır”. Nəticədə XII boyda (yəni dastanda) bu xəbər də gerçəkləşir. K.Əliyev haqlı olaraq belə hesab edir ki, eposun əsl mahiyyəti boylar arasında yaxınlıq və
əlaqələrin tapılmasından asılıdır. "Həmin asılılığın və təmasın əyani formada nümayişi Beyrək obrazı ilə bağlı məsələlərdə bir daha bütün aydınlığı ilə görünür”.
Tədqiqatda başqa oçerklər də vardır ki, onların hər biri haqqında ayrıca danışmaq olar. Lakin bütün oçerklər haqqında şərhləri bir məqaləyə sığışdırmaq mümkün deyildir. Qısaca onu qeyd edək ki, obrazların funksiyası, semantikası, epos strukturunda yeri baxımından Uruz, Buğac, Təpəgöz haqqında da orijinal müşahidə və mülahizələrlə müşayiət olunan oçerklər tədqiqatda əhəmiyyətli yer tutur. Hər bir obraza münasibətdə K.Əliyevin yeni fikirləri vardır. Bu hissələrdə Uruzun varisliyi ilə əlaqədə epos məntiqinə görə paradoksal görünən "zəifliyi” – məğlubiyyətləri kompozisiyada gərginliyi artıran vasitə kimi dəyərləndirilir. Təpəgözə mif və reallıq kontekstində yanaşılır, onun Oğuz və çoban mənşəyinin obraz olaraq semantikasına təsiri araşdırılır. Təpəgöz – Aruz paraleli əsasında obraza fərqli münasibət müəyyənləşir, "ən güclü düşmən oğuzun özündən ola bilər” qənaətinə gəlinir. Buğac və onun boyu əsasında eposda doğuluş motivindən söz açılır və s.
 
Yekun olaraq onu deyə bilərik ki, prof. Kamran Əliyev "Kitabi-Dədə Qorqud” (eləcə də "Koroğlu” dastanı) haqqında araşdırmaları ilə Azərbaycan eposşünaslığında yeni bir yolun başlanğıcını qoymuşdur. O, eposda "gizlənmiş poetik biçimli” informasiyaları etnopoetik tədqiq üsulu ilə aşkarlamağa nail olmuş, klassik eposun oxunuşunun və dərkinin yeni elmi-metodoloji nümunəsini vermişdir. Onun toxunduğu məsələlərin bir çoxuna aid qorqudşünaslıqda fərqli fikirlər mövcud olsa da, bütün hallarda problemlərə K.Əliyevin öz yanaşması, öz şərhi var. Bu mənada onun tədqiqatını "Kitabi-Dədə Qorqud” haqqında Kamran Əliyev sözü” adlandırmaq olar. Bu söz alternativ baxışlarla səciyyələnir. İnanırıq ki, K.Əliyevin bu tədqiqatı yeni etnopoetika araşdırmalarına rəvac verəcək, Azərbaycan eposşünaslığında bu yolun davamçıları olacaqdır.
 
Etibar TALIBLI