• şənbə, 27 Aprel, 01:50
  • Baku Bakı 14°C

38 ildir komada olan yığma üzvü

12.05.20 13:00 690
38 ildir komada olan yığma üzvü
Həyat yoldaşı ondan tez öləcəyinə görə narahatdır
1981-ci ildə Fransa yığmasının sabiq futbolçusu Jan-Pyer Adams karyerasını bitiridi. Onun 33 yaşı vardı. O, karyerasının son ilini həvəskar komanda "Şalon”da keçirdi. Adams karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmaq istəyirdi. İşə də elə "Şalon”da başladı.
1982-ci ildə, doğum günündən sonra o, məşqçi kateqoriyasını artırmaq üçün Diyona getdi. Elə orada da zədələndi. Müalicə olunmaq lazım idi. Adams "Lion” fanatı olan bir həkim tərəfindən müayinə olundu. O, diz əməliyyatı üçün göndəriş yazdı və bildirdi ki, fəsadların qarşısını almaq üçün əməliyyat nə qədər tez olsa, bir o qədər yaxşıdır. O qədər də mürəkkəb əməliyyat sayılmırdı, belələrini milyonlarla edirlər.
"Hər şey qaydasındadır, mən əla formadayam” – Adams xəstəxanaya yollanarkən ailə üzvlərinə belə demişdi. O, Lionun qərbində yerləşən Eduardo Errio adına qospitala gəldi. O vaxtdan Adamsın şüuru özünə gəlməyib.
Adams 1948-ci ildə - Seneqalın müstəqil dövlət olmadığı, Fransız Qərbi Afrikası sayıldığı bir vaxtda Dakarda anadan olub. İkinci Dünya müharibəsindən sonra Afrikada həyatın nə qədər çətin olduğunu izah etməyə ehtiyac yoxdur. Jan-Pyer sərt katolik ailəsində böyüyürdü. Futbol onu uşaqlıqdan əhatə etmişdi. Dayısı yerli "Janna Dark” klubunda çıxış edirdi. Amma valideynləri onun təhsil almasında israr edirdilər və qiymətləri aşağı olduqda, oynamağa icazə vermirdilər.
10 yaşı tamam olanda nənəsi onu Parisin 150 kilometrliyində yerləşən Montarji şəhərciyindəki Sent-Lui məktəbinə yerləşdirdi. Nənə Afrikaya qayıtdı, onu isə Jordin ailəsi övladlığa götürdü. Ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərin əvvəllərində Afrikadan gəlmiş uşaq üçün Fransada çox çətin idi. Cəmiyyətə adapatsiya olumağa futbol kömək etdi. Sinif yoldaşları onun fiziki durumunu tez qiymətləndirdilər və o, U-13 komandasında oynamağa başladı.
Jan-Piyer orta məktəbi yaxşı qiymətlərlə bitirib stenoqrafçı təhsili almağa başladı. Amma sonradan təhsili yarımçıq dayandırıb rezin fabrikində çalışdı və paralel olaraq futbol oynadı. Beləcə, həvəskar komanda olan "Montarji”yə düşdü. Bu komanda tezliklə Fransanın həvskar komandaları arasında çempion oldu.
19 yaşında isə hərbi klub "Antanta Bano Fontenblo Nemur”a keçdi. Bu komanda da həvəskar idi. Amma Adams irəli addım atdığını düşünürdü. Jan-Pyer 1968-ci ildə Montarjidə diskotekada sarışın qızla – Bernadetta ilə tanış oldu. O, sadə fəhlə ailəsindən idi. Atası inşaatçı kimi çalışırdı və qızının qaradərili şəxslə münasibətlərinə şübhə ilə yanaşırdı. Anası isə daha mühafizəkar idi və onların evlənməsi üçün xeyir-dua vermədi. Buna görə də, qız evdən getməli oldu. Düzdür, bir ildən sonra toy baş tutdu və valideynlərlə də münasibət qaydasına düşdü.
Ailə həyatı qurduqdan sonra Adamsın futbolda da işləri qaydasında getdi. O, "Fontenblo”nun əsas heyət üzvü oldu, bu komandanın heyətində 2 dəfə çempionluq sevinci yaşadı. 22 yaşlı futbolçunun oyunu Liqa 1 komandalarının diqqətini çəkdi. Nağıl kimi yüksəliş başladı. Onu "Nim”ə dəvət etdilər. Məşhur məşqçi Kader Firud onu cəmisi bir yoxlama oyununda sınadı və dərhal da peşəkar müqavilə təklif etdilər. Həmin vaxt məşqçi ona belə deməişdi: "Səndə gənc canavar keyfiyyəti var. Əgər işləməkdən qorxmayacaqsansa, onda tezliklə əsl timsaha çevriləcəksən”.
"Nim” həmin vaxt tarixinin ən uğurlu dönəmini yaşayırdı, çempionluq uğrunda mübarizə aparır, avrokuboklarda çıxış edirdi. Fiziki göstəricilərini nəzərə alan məşqçi onu mərkəz müdafiəçisi mövqeyində oynadırdı. Məhz bu mövqedə oynayarkən – 24 yaşında Fransa yığmasına dəvət aldı. O, Fransa yığmasının ilk qaradərli futbolçularından biri oldu.
Daha sonra Admas "Nitsa”ya keçdi, PSJ-dən dəvət aldı. Amma zədələrdən əziyyət çəkdiyi üçün Paris klubunda 2 il ərzində cəmisi 24 oyuna çıxdı.
Daha sonra isə "Şalon”da məşqçilik karyerası başladı. İşləri də pis getmirdi. Ondan sonrasını isə bilirsiniz. Adams əməliyyat üçün Liona gəldi. Həmin gün həkimlər tətil elan etmişdilər. Əməliyyatın planlaşdırıldığı vaxtda pesonal az idi. Həyat yoldaşı Bernadett həyəcanlı idi. İki dəfə zəng etsə də, telefona cavab verən olmamışdı. Üçüncü dəfə isə ona demişdilər: "Bernadett, tez gəlin”.
Qadın şoka düşmüşdü. Kluba zəng edərək kömək istəmişdi. Klubun iki əməkdaşı onunla Liona yollanmışdı. Qospitalada isə ona bildrmişdilər ki, həyat yoldaşı komaya düşüb. Cərraha kömək edən anestezioloq şprisləri dəyişik salıb. O, Adamsın bir neçə saat yatmasına səbəb olacaq bir maddənin əvəzinə, ona demək olar ki, ölümcül anesteziya dozası vurub. Həyat yoldaşı palatada bir neçə gün keçirdi. Amma Adams özünə gəlmədi. Üç həftə sonra o, gözlərini açdı. Ancaq beynin fəaliyyəti yox idi. O, vegetativ bir vəziyyətdə idi. Noyabr ayında onu evlərinə yaxın – Şalondakı xəstəxanaya köçürdülər. Amma vəziyyəti getdikcə pisləşirdi. Bir ay ərzində 11 kq çəki itirmişdi. Yarada iltihab təsbit edildi, infeksiya sümüklərə çatırdı. Başqa bir əməliyyata ehtiyac vardı. Bernadett ümid edirdi ki, bu əməliyyatdan sonra əri əvvəlki həyatına qayıdacaq. Amma olmadı.
Düzdür, vəziyyəti stabilləşdi. Doqquz aydan sonra xəstəxana heyəti bildirdi: əlimizdən gələni etdik. Və Bernadettə ərini ixtisaslı işçilərin nəzarət edə biləcəyi qocalar evinə göndərməyi məsləhət gördülər.
O isə həkimlərə belə cavab verdi: "O, evə qayıdacaq”. O vaxtdan bəri Bernadett Adamsa təkbaşına qulluq edir. Adams müəyyən idrak funksiyalarını saxlayır: gözlərini açır, əlil arabasında oturub yeyir, ancaq yerindən tərpənə və danışa bilmir. Bernadett əmindir ki, əri onu anlayır və səsini eşidir.
Bernadett ərindən tez öləcəyindən qorxur: "Onda ona kim baxacaq? O, mənsiz neyniyə bilər?”
1982-ci ildə Adams komaya düşəndə ailənin maliyyə vəziyyəti ağırlaşdı. Xəstəxana kompensasiya ödəmədi. Ailəyə federasiya, liqa rəhbərliyi və yığmanın sabiq futbolçuları kömək edirdilər.
Adamsın sabiq klubları PSJ və "Nim” də ailəyə pul göndərdidlər. 1989-cu ildə məhkəmədə həkimlərin səhvə yol verdikləri sübut edildi. Anestezioloqu cəmisi 750 avro cərimə etdilər. Xəstəxana isə kompensasiya ödəməli oldu – hər ay 5 min avro, üstəlik, tibbi xərclər üçün əlavə vəsait. Bernadett isə belə deyir: "Mənim üçün həyat 1982-ci ilin 17 martında dayanıb”. Artıq onun 72 yaşı var. Amma qadın əmindir ki, müasir tibbin köməyi ilə əri sağalacaq və onlar ölməzdən əvvəl danışacaqlar.
banner

Oxşar Xəbərlər