Aida İmanquliyevanın tədqiqatlarında mədəni yaxınlıq və sintez
Rus
ədəbiyyatından tutmuş, amerikan, Avropa ədəbiyyatına qədər, müsəlman sufi düşüncə
tərzinə, Qərb və Uzaq Şərqdəki düşüncə cərəyanlarına dərindən bələd olan ərəb məhcər
ədəbiyyatçılarının ədəbi-fəlsəfi irsinin tədqiq edilib yalnız Azərbaycan
oxucusuna deyil, eyni zamanda dünya ictimaiyyətinin də diqqətinə çatdıran, bu dəyərli
irsin tədqiqinə yeni aspektdən yanaşan, elmi-ədəbi tədqiqatın önəmli bir
parçası olan "müqayisəli ədəbiyyat” fonunda ərəb məhcər ədəbiyyatçılarının
yaradıcılığının müqayisəli tədqiqatını aparan görkəmli ərəbşünas alim məhz Aida
İmanquliyeva olmuşdur.
Mixail Nuaymə nümunəsində A.İmanquliyevanın apardığı müqayisəli ədəbiyyat tədqiqatından, xüsusilə də Mixail Nuaymənin ədəbi irsinin rus ədəbiyyatı ilə müqayisəli şəkildə tədqiq olunmasından konkret misallar çərçivəsində bəhs etmək daha məqsədəuyğundur.
Mahir Həmidov
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Hər
hansı bir ədibin yaradıcılığının və ya ədəbi cərəyanın müqayisəli şəkildə tədqiqata
cəlb olunması asan məsələ deyil. Xüsusən də bu tədqiqat müxtəlif multikultral dəyərləri, mədəniyyətləri öz
yaradıcılqlarında təcəssüm etdirən ərəb məhcər ədəbiyyatçılarının nümayəndələrinin
bədii irsi fonunda daha çətindir. Onların xristian və müsəlman mədəniyyətlərindən qidalanan şəxsiyyəti
daha sonra rus və Amerika intellektuallarının və qədim hind inanclarının təsiri
nəticəsində formalaşaraq yeni elmi-ədəbi simaların üzə çıxmasına səbəb
olmuşdur. Məsələn, ədəbiyyatla yanaşı, Həllac Mənsur, İbn
Ərəbi, İbn Fariz, İbn Sina, Əbul Alə əl-Məarri, Cəlaləddin Rumi kimi müsəlman
mütəfəkkirlərinin, xristian mistik cərəyanlarının, amerikan transsendentalistlərinin
və Uzaq Şərq düşüncə və inanc sistemlərindən Latso, Budda, Brahma kimi fikir
öndərlərinin təlimlərinin bilicisi olan ərəb məhcər ədəbiyyatçılarının ədəbi
irsinin müqayisəli tədqiqatını apara bilmək ən azından həmin mütəfəkkirləri ədiblər
qədər bilməyi tələb edir. Bu baxımdan ərəb məhcər ədəbiyyatçılarının ədəbi-fəlsəfi
irsini, yuxarıda adlarını qeyd etdiyimiz ədib və mütəfəkkirlərlə müqayisəli şəkildə
tədqiq etmək Aida xanımın, sadəcə, ərəb ədəbiyyatı mütəxəssisi kimi deyil, eyni
zamanda, fərqli ədəbi və fəlsəfi cərəyanların, multikultral dəyərlərin də dərin
bilicisi olduğunu göstərir.
Aida
xanım ərəb, rus, türk, ingilis, fransız, bir sözlə dünya ədəbiyyatının bilicisi
idi. O, İslamdan
öncəki Cahiliyyə şairlərinin əsərlərini, İslamdan sonrakı ərəb ədəbiyyatını,
XIX yüzillikdə Avropanın təsiri altında yeni janrlarda yaradılmış müasir ərəb ədəbiyyatını
gözəl bilirdi. Buna görə də o, ərəb məhcər ədəbiyyatının orijinal təhlilini verə
bildi və bu təhlillərin ərəb müəlliflərinin yazdıqlarından daha güclü və hərtərəfli
olduğunu söyləmək mümkündür. Onlar məhcər şair və yazıçılarının tərcümeyi-halını,
əsərlərindən nümunələri verməklə kifayətlənir, elmi təhlilə bir qədər səthi
yanaşırlar. Aida xanımsa dərinlikləri tədqiq edir, məsələlərə, xüsusilə
multikultral dəyərlərə elmi prinsipiallıqla yanaşır, bütün məziyyətləri əhatə
etməyə çalışırdı.
Ədəbi
cərəyanlara gəldikdə Aida xanım Cübran Xəlil Cübranın erkən yaradıcılığında
sentimentalizm cərəyanını izləməsini, sonralar sentimentalizmdən romantizmə
keçid dövrünü yaşamasını, Əmin ər-Reyhaninin ərəb romantizminin təşəkkülündə
rolunu, Mixail Nuaymənin rus ədəbiyyatındakı realizmdən bəhrələnməsini
ustalıqla açıb göstərmişdir.
A.İmanquliyevanın
bu sahədəki tədqiqatlarını yüksək qiymətləndirən görkəmli şərqşünas alim,
akademik Vasim Məmmədəliyevin sözləri ilə desək, "Aida İmanquliyeva məhcər ədəbiyyatının
ən görkəmli nümayəndələri Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox
Qərb romantizminin, Mixail Nuaymənin isə rus tənqidi realizminin təsirinə məruz
qaldığını göstərmiş və bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri
mühit, ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif
çox doğru olaraq belə bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə
R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha
çox hiss edildiyi halda, Poltavada təhsil almış Mixail Nuaymənin bədii
yaradıcılığında L.Tolstoyun, İ.Turgenyevin, A.Çexovun, ədəbi-tənqidi məqalələrində
isə V.Belinskinin təsiri müşahidə olunur”.Aida
xanımın elmi yaradıcılığının aparıcı motivi Şərq-Qərb məsələsi idi. O, əsrlər
boyu bir-biri ilə mübarizə aparmış bu iki qütbün ortaq və fərqli cəhətlərinin,
onları birləşdirən və ayıran xüsusiyyətlərin ədəbiyyatda necə əks olunması məsələsini,
bir sözlə multikultral dəyərləri araşdırırdı.
A.İmanquliyeva
"Qələmlər birliyi və Mixail Nuaymə”, "Yeni ərəb ədəbiyyatı korifeyləri” və
"Cübran Xəlil Cübran” adlı əsərlərində bu müqayisəli elmi tədqiqatı ortaya
qoymuş, dünya tədqiqatçıları arasında ərəb məhcər ədəbiyyatının yüksək səviyyədə
araşdırılmasına öncüllük etmişdir.Mixail Nuaymə nümunəsində A.İmanquliyevanın apardığı müqayisəli ədəbiyyat tədqiqatından, xüsusilə də Mixail Nuaymənin ədəbi irsinin rus ədəbiyyatı ilə müqayisəli şəkildə tədqiq olunmasından konkret misallar çərçivəsində bəhs etmək daha məqsədəuyğundur.
Erkən
yaşlarından rus ədəbiyyatı və mədəniyyəti ilə yaxından təmasda olan Nuaymə bu ədəbiyyatın
öncülləri sayılan Tolstoy, Dostoyevski, Turgenyev, Belinski, Çexov, Puşkin,
Qoqol və başqa görkəmli ədiblərə olan heyranlığını hər zaman özü açıq bir şəkildə
dilə gətirib. Nuaymə yaradıcılığında rus ədəbi irsinin təsiri özünü iki istiqamətdə
göstərir: birincisi, ədəbiyyatda reformist fikirlərin səslənməsi və ədəbiyyatın
ictimai rolunun olması, ikincisi isə, bu ədəbiyyatda daha çox, din, kilsə, varlıq mövzusunda Nuaymənin
fikir dünyasının bəhrələndiyi yazıçıların mövcudluğu.
Ədəbiyyatda
yenilik tərəfdarı olan Nuaymənin əsərlərində rus klassiklərinin təsir dairəsini
müəyyən edən A.İmanquliyeva konkret misallar əsasında müqayisəli ədəbi çalışma
aparıb. Məşhur rus tənqidçisi Belinskinin ədəbi-tənqidi görüşlərinin M.Nuaymənin
ədəbi-tənqidi estetikasının formalaşmasındakı rolundan bəhs edən A.İmanquliyeva
məhz bunun sayəsində Nuaymənin klassik ərəb
tənqidi düşüncə tərzinin xaricinə çıxaraq, ədəbiyyatın əsas vəzifəsinin nədən
ibarət olduğuna açıqlıq gətirdiyini ifadə edir. Belinski kimi Nuaymənin də ədəbiyyatın
mühüm sahəsi olan teatr əsərlərinin cəmiyyətin doğru istiqamətdə addım atmasında,
teatr səhnəsi vasitəsilə həqiqətlərin olduğu kimi birbaşa tamaşaçıya təqdim
olunmasının əhəmiyyətindən bəhs edərək, bu iki görkəmli ədib arasında paralellər
aparan Aida xanım Nuaymənin ərəb cəmiyyəti içərisindəki tərbiyəvi və reformist
rolunun Belinskinin rus cəmiyyəti içərisindəki rolundan az olmadığını
vurğulayır.
M.Nuaymənin
hekayə müəllifi kimi formalaşmasında da rus ədiblərinin böyük rolu olmuşdur.
Çexov və Turgenyev ilə Nuaymə arasında müqayisələr aparan A.İmanquliyeva xüsusən
də ikincisinin Nuaymə üzərindəki təsirini ön plana çəkir. Hətta Nuaymənin "əl-Əba
vəl-bənun” ("Atalar və oğullar”) adlı dram əsərinin Turgenyevin eyniadlı əsəri
ilə bənzərlik təşkil etdiyini və bunun, sadəcə, ad oxşarlığı deyil, eyni
zamanda əsərin sujetinin, qəhrəmanların rus yazıçısının əsəri ilə bənzərlik təşkil
etdiyini xüsusi qeyd edən Aida xanım iki əsər arasında müqayisə apararaq dolğun
təhlillərə yer verir.
M.Nuaymənin
ədəbi şəxsiyyətinin, xüsusən onun din, kilsə, varlıq kimi mövzularda
dünyagörüşünün formalaşmasında, şübhəsiz ki, rus ədibi və mütəfəkkiri Tolstoyun
rolu böyük olub. Erkən yaşlarından etibarən Tolstoyun əsərlərini mütaliə edən
Nuaymənin ədəbiyyatda dini motivli mövzuların işlənməsində ondan ilhamlandığını
qeyd edən A.İmanquliyeva Nuaymənin kilsəyə və din adamlarına qarşı mövqeyinin dəyişməsində
bu görkəmli rus ədibinin böyük rolu olduğunu vurğulayır.Görkəmli
ərəbşünas alim məhcər ədəbiyyatçılarını rus ədəbiyyatçıları ilə müqayisə etməklə
kifayətlənmir. O, eyni zamanda amerikan yazıçılarının, xüsusilə, amerikan
transsendentalistlərinin öncüsü olan Emersonun məhcər ədəbi quruluşunun nümayəndələri
üzərindəki təsirlərindən bəhs edir. Xüsusən də, Nuaymənin fəaliyyətinin üçüncü
mərhələsində ədəbi yaradıcılığını transsendentalizmin təməl prinsipləri üzərinə
bina etdiyini, bundan sonrakı yaradıcılıq fəaliyyətində daha çox varlıq,
varlığın mahiyyəti, ölüm kimi fəlsəfi
mövzulardan bəhs edən əsərlər qələmə aldığını vurğulayır. Həqiqəti dərketmədə
rasional ağıldan daha çox, intuisiya yolu ilə qəlbi ön plana çəkən amerikan
transsendentalistlərinin dünyagörüşləri ilə Nuaymənin bu çərçivədəki düşüncə
forması arasında yaxınlıq var. Əslində, bu düşüncə tərzi, sadəcə, amerikan
transsendentalistlərində mövcud deyil. Bunu qədim hind inanclarında, müxtəlif
mistik cərəyanlarda və müsəlman sufi ənənəsində də görmək mümkündür. Bu kimi
reallıqları ön plana çəkən A.İmanquliyeva çoxçeşidli mədəniyyət qaynaqlarından
bəhrələnməsi ilə müasir ərəb ədəbiyyatında iz qoyan Nuaymənin ədəbi
yaradıcılığının fərqli mədəniyyətlərlə olan əlaqəsini üzə çıxarmışdır.
Burada
bir məsələni də qeyd etmək lazımdır ki, ərəb ədəbi tənqidçiləri müasir ərəb ədəbiyyatında
ilk novella nümunəsinin Misir yazıçısı Məhəmməd Teymurun 1917-ci ildə qələmə
aldığı "Fil-qitar” ("Qatarda”) adlı hekayəsinin olduğunu söyləyirlər. Ancaq A.İmanquliyeva
bu mövzuda da ərəb ədəbiyyatçılarından bir addım önə çıxaraq, müqayisəli ədəbiyyat
prizmasından yanaşmaqla adını qeyd etdiyimiz müəllifin novellasını M.Nuaymənin
hələ 1914-1915-ci illərdə qələmə aldığı "Sənətuhəl-cədidə” (”Onun təzə ili”) və
"əl-Aqir” ("Qısır”) adlı hekayələri ilə müqayisə edir. Nuaymənin hekayələrindəki
süjet xəttinin Məhəmməd Teymurun hekayəsi ilə müqayisədə daha uğurlu olduğunu
qeyd edir. Eyni zamanda Aida xanımın ifadəsi ilə desək, "M.Teymur hekayəsində qəhrəmanlarının
zahiri görünüşlərini təhlil etməklə kifayətləndiyi halda, Nuaymə qəhrəmanlarının
daxili aləmlərinə də nüfuz etməyi bacarmış, onların psixoloji vəziyyətlərini də
oxucuya məharətlə çatdıra bilmişdir”. Nəticə etibarilə, Nuaymənin
adlarını qeyd etdiyimiz iki əsərinin müasir ərəb ədəbiyyatında novella janrının
ilk nümunələri olaraq qəbul oluna biləcəyini müqayisəli şəkildə üzə çıxaran A.İmanquliyeva
bir çox ərəb ədəbiyyatçısı ilə müqayisədə fərqli yanaşma nümayiş etdirmişdir.
A.İmanquliyevanın
müqayisəli elmi araşdırmalarından göründüyü kimi, o, sadəcə, tanınmış ərəbşünas
kimi deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin və fərqli ədəbi-fəlsəfi cərəyanların
dərin bilicisi olaraq elm dünyasında öz dəst-xəttini qoymuş, elmi məsələlərə
qlobal şəkildə, multikultral dəyərlər sistemi çərçivəsində yanaşmış bir
alimdir. Ona görə də bu görkəmli
alimimizin irsini öyrənmək mədəniyyətin müxtəlif sahələri haqqında fikir əldə
etməyə, dünya ədəbiyyatına vahid bucaq altında baxmağa kömək edir.
Əslində, bu gün qloballaşan
dünyamızda Şərqlə Qərb – bu iki fərqli dünya arasında ortaq dəyərlər
axtarıb-tapmağa çalışan hər bir tədqiqatçı üçün ərəb məhcər ədəbiyyatçılarının
yaradıcılığı, eləcə də bu yaradıcılığın tədqiqinə bir ömür həsr edən
A.İmanquliyevanın əsərləri qiymətli mənbə kimi öz dəyərini hər zaman qoruyub
saxlayır və gələcək zamanlar içərisində də daim saxlayacaqdır.
Mahir Həmidov
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu