• şənbə, 27 Aprel, 19:22
  • Baku Bakı 26°C

Vaxt da gedir, yaş da... Müsahibə

28.10.23 02:03 4821
Vaxt da gedir, yaş da... Müsahibə

 Xalq artisti Ramiz Həsənoğlu: “Tamaşaçının ümumi səviyyəsini bir və ya üç adamla ölçmək olmur, təbəqələr var. Tamaşaçının zövqünü aşılamaq lazımdır, aşağılamaq yox. Reytinq, gəlir naminə tamaşaçının zövqünü korlamaq olmaz”.

Xalq artisti Ramiz Həsənoğlu yaradıcılığına bir az təvazökar yanaşır. Baxmayaraq ki, adını kino, teatr və televiziya tariximizə yazdıran tamaşaların, filmlərin rejissoru kimi sevilir. Yeni işlərini isə təkcə özü yox, onun dəst-xəttini sevən və hər zaman darıxan tamaşaçılar səbirsizliklə gözləyirlər.

Xalq artisti “Kaspi”yə müsahibəsində görmək istədiyi işlərin, sənətlə bağlı arzularının çox olduğunu dedi.

Böyük fasilə oldu

- Siz dörd il əvvəl “Azərbaycantelefilm”in direktoru təyin olunanda demişdiniz ki, son 10-12 ildə epizodik yaradıcılıqla məşğul olmusunuz, demək olar ki, yalnız kinoda çalışmısınız. Bəs təyinatdan sonra hansı dəyişikliklər baş verdi?

- Həyat bir yerdə durmur. İstər-istəməz biz onunla ayaqlaşmalıyıq. Hər günün öz şərtləri var və bu şərtlərə görə iş görürsən. Yazıçı oturub romanını yazır, rəssam fırçasını götürüb çəkir, bəstəkar musiqisini bəstələyir... Rejissorun işi aktyor da daxil olmaqla bunların hamısını hərəkətə gətirməkdir. Bu da vəsait, yer tələb edir. Bu mənada, rejissorluq bəlkə də dünyada ən çətin peşələrdən biridir. Bəli, bir müddət kifayət qədər böyük fasilə oldu. Bu fasilədə böyük teatrda, kinoda iş gördüm. Amma Azərbaycan Televiziyasında demək olar ki, iş görmədim. 2019-cu ildə bilavasitə rejissor kimi də iş görməyə başladım. “Nəsiminin son gecəsi” və Çexovun bir aktyorun taleyindən bəhs edən “Qu quşunun nəğməsi”ni Azərbaycan mühitinə gətirdik. Hələlik görülən işlər budur. Təbii ki, bundan əvvəl görülən işlərin davamı var. “Fatehlərin divanı”ndan söhbət gedir. Artıq İlqar Fəhmi ssenarini yazır, demək olar ki, material hazırdır. Yaxın vaxtlarda reallaşdırmağa başlayacağıq. Bu il mənim üçün və başçılıq etdiyim “Sabah” Yaradıcılıq Studiyası üçün əlamətdardır. Bu il “Sabah”ın 30 yaşı tamam oldu. “Topal Teymur”un efirə çıxmasının 40 ili, “Ac həriflər”in 30 illiyi, “Nigarançılığ”ın 25 ili tamam oldu. Fərəhlənirəm ki, bu işləri sənət dostlarımla birlikdə görə bilmişəm.

- İndicə sadaladığınız, belə deyim, darıxmaqdan tamaşaçının burnunun ucu göynədiyi teletamaşalar indi artıq yoxdur. Rejissor da var, bəlkə aktyor qıtlığıdır?

- Yaxşı sualdır... Nəzərdə tutduğunuz əsərlər elə bir zamanda yaranmışdı ki, Azərbaycan Televiziyası teleməkanda yeganə kanal idi. O kanalda yaranan hər bir işin öz məsuliyyəti vardı. Kanalların sayı artandan sonra tamaşaçının imkanları da artdı. Bu da o demək deyil ki, keyfiyyətin artmasına səbəb olub. Tamaşaçının ümumi səviyyəsini bir və ya üç adamla ölçmək olmur, təbəqələr var. Tamaşaçının zövqünü aşılamaq lazımdır, aşağılamaq yox. Reytinq, gəlir naminə tamaşaçının zövqünü korlamaq olmaz. Azərbaycan Televiziyası böyük bir fabrikdir. Kinostudiyadan fərqi ondan ibarətdir ki, kinostudiya filmlər çəkməklə məşğuldur. Ciddi telekanalın məqsəd və öhdəlikləri isə çox böyükdür. İctimai-siyasi, elmi-kütləvi, musiqili, idman proqramları, tamaşalar, telefilmlər var. Onların hamısı ağzını açıb gözləyir - vəsait tələb edir. Tutaq ki, biz hansısa tamaşanı imkanlardan çıxış edib hazırlayırıq. İndi yaradıcı adamdan “niyə bunlar yoxdur?”, “niyə yaranmır?” soruşmaq da düz deyil. Səbəbləri çoxdur. Təkcə onu deyə bilərəm ki, hazırda Azərbaycan Televiziyasında görülən işlər yeni quruluşların yaranmasına, serial çəkilişlərinə, bədii quruluşlara imkanlar açır. Rəhbərlik bizim üçün o yolları aydınlaşdırır.

“Kino ilə bağlı məsələ kifayət qədər qəliz və ciddidir”

- Rejissorlar çox vaxt öz “qanlarından” olan insanlarla bir komandada işləməyi xoşlayırlar. Vaxtilə işlədiyiniz insanlar artıq yoxdur. Komandanı necə formalaşdıra bilirsiniz?

- Kadr qıtlığı hiss eləmirəm. Ola bilsin, sənətin sahələrinin inkişaf eləməsi ilə bağlı yeni, daha inkişaf etmiş peşələrə ehtiyac var. Bəlkə səslə, qrafika ilə, avadanlıqla bağlı bir az qıtlıq ola bilər, amma yaradıcı personal - rejissor, operator, yazıçı, ssenarist həmişə olub, olacaq da.

- Eyni sualı kinoya da aid edirəm. Avqust ayında Azərbaycan kinosu 125 illik yubileyini qeyd etdi. Bu sahədə müəyyən kadr və struktur dəyişiklikləri var. Bəs kino necə, varmı?

- Mənə elə gəlir ki, kino ilə bağlı məsələ kifayət qədər qəliz və ciddidir. Biz sovet dövrünün qanunları ilə xeyli film çəkdik. Onların uğurluları da, uğursuzları da oldu. Bir strategiya vardı və ona uyğun filmlər çəkildi. Kino Nazirliyi vardı, sonra onu dəyişib agentlik etdilər, sonra başqa bir quruma çevirdilər. Nəticədə kino Mədəniyyət Nazirliyinin şöbələrindən biri kimi qaldı. Kinonu istiqamətləndirən və irəli apara bilən insanların əlindən o imkanlar alındı. Mən problemi bunda görürəm. Düzdür, son zamanlar müəyyən addımlar atılır, amma yenə hesab edirəm ki, kino kiminsə əlinə baxmamalıdr, hansısa nazirliyin nəzdində çalışmamalıdır. Azərbaycan kinosunun buna haqqı da çatır. Məncə, kinomuz yenidən toparlanmalıdır.

“O qədər də optimist deyiləm”

- “Cavid ömrü”, “Sübhün səfiri” kimi filmlərinizdən sonra hansı klassiklərin taleyini ekranlaşdırmağı düşünürsünüzmü?

- Hər iki filmi Anarın ssenarisi əsasında çəkmişdim. Anarın Cəfər Cabbarlı ilə bağlı bir ssenarisi də var və artıq qəbul olunub. Ancaq o filmin çəkiləcəyi ilə bağlı o qədər də optimist deyiləm. Kino vəsaitə bağlıdır. Çox istərdim o film çəkilsin. Çünki vaxt da, yaş da gedir. Kino həm də fiziki qüvvə tələb edir. Düzdür, Qərbdə rejissorlar var ki, yaşı 90-a yaxınlaşanda da kino çəkə bilirlər. Amma fikir verin, bizdə kinoda çalışan adamların orta yaşları, həyatdan köçən vaxtları nə vaxtdır? Çoxları 70-i adlamırlar. Çünki kino ağır sənətdir - həm fiziki, həm mənəvi, həm psixoloji cəhətdən ağırdır. Kino məsuliyyətli bir sənətdir, can dözmür. Fikirləşəndə, mən bu işlərin tez bir zamanda yoluna düşəcəyinə inanmıram. Bu mənada o qədər də optimist deyiləm. Bilirsinizmi, istedadlı cavanlarımız yetişir, yetişəcək və kinomuza gələcək, amma təcrübəsi olan adamların sayı sürətlə azalır. Yeni həvəslə gələn gənclər də gərək təcrübə toplasınlar ki, ortaya iş qoya bilsinlər.

- Rejissor olmağı çox adam arzulayır, amma bu sahədə az adam uğur qazanır. Yaxşı rejissor olmağın sirri nədədir?

- “Yaxşı” sözünü kənara qoyub deyərdim ki, rejissor olmağın yolu var. Vaxtilə mən Sankt-Peterburqda oxuyanda ustadım David İsaakoviç Karasikin bir ifadəsi vardı: “Rejissorluğu öyrətmək olmaz, amma öyrənmək olar. Əgər elə bilirsinizsə ki, mən sizə rejissorluqdan dərs deyəcəyəm, səhv edirsiniz. Biz bir-birimizdən bəhrələnmək üçün bura yığışmışıq”. Bu, rejissorluq sənətinin formuludur. Rejissor gərək hər zaman dünyaya açıq, incəsənətdən, ədəbiyyatdan, elmdən xəbərdar olsun. Məşğul olduğu sənətin, toxunduğu mövzunun incəliklərini bilsin. Bu mənada, rejissorluq bütün yaradıcı peşələrin içində ən mücərrəd, eyni zamanda ən mürəkkəbidir. Şekspirin dövründə rejissor anlayışı yox idi, amma bir nəfər bu funksiyanı boynuna çəkirdi ki, yazılanlar ortaya çıxsın. Şekspir öz əsərlərinin rejissoru olub, amma o zaman “rejissor” sözü yox idi. Hər bir adam həyatda istər-istəməz rejissorluqla məşğuldur. Bir toyu, bir tədbiri təşkil edəndə kimsə irəli çıxır - bax, o adam rejissordur.

"Mən xoşbəxtəm ki..."

- Bayaq xatırladınız ki, “Topal Teymur”un 40 illiyidir. Bu, bir insan ömrüdür... O filmdəki aktyorların çoxu artıq həyatda yoxdur.. İndi onlarsız çətin olmur?

- “Topal Teymur”un yubileyini yadırğamışdım. Tamaşanın yubileyini vaxtilə İstanbuldakı konsulumuz olan İbrahim Nəbioğlu “facebook”dakı statusu ilə yadıma saldı. Teletamaşanın premyerası 1983-cü ilin may ayında olub. Mən film haqqında rəhbərliyə də məlumat verdim. Dilarə Səlimin aparıcılığı ilə “Görüş yeri” verilişi bu aydan etibarən ekrana qayıdır. Verilişin buraxılışlarından biri “Topal Teymur”a həsr olunacaq. Təəssüf ki, o aktyorların əksəriyyəti - Hamlet Xanızadə, Hamlet Qurbanov, Amaliya Pənahova, Ramiz Novruzov artıq həyatda yoxdur. Çox az adam qalıb...

Mən xoşbəxtəm ki, vaxtilə onlarla işləməyə imkan tapmışam və o tamaşalar yaranıb. O aktyorların hər birinin öz yeri var. Mən təsəvvür etmirəm ki, “Fatehlərin divanı”nda Teymurləngi Fuad Poladovdan başqa kimsə oynaya bilsin. Təsəvvür etmirəm ki, İldırım Bəyazidi Hamlet Qurbanovdan başqa kimsə oynasın. Hər bir rejissorun öz görümü var. Eyni əsərə ayrı-ayrı rejissorlar müxtəlif aktyorları çağıra və hər biri də öz seçimində haqlı ola bilər. Bu mənada mən indi də hesab edirəm ki, yenidən “Teymurləng”ə müraciət edəsi olsam, həmin aktyorları indi həyatda və formada olan aktyorlar arasından tapa biləcəyəm. Azərbaycan ifaçı sənəti ilə heç vaxt kasıb olmayıb. İstedadlı aktyorlar olub, həmişə də olacaq. Yaxşı əsər, yaxşı ifa və quruluş gec-tez öz tamaşaçısını tapır. Mənə gəldikdə, bütün ömrüm, həyatım sənətin içində keçib, bir-birinə yoğrulublar. Görülən işlər nə qədər özünü yaşadacaq, bu, gələcəyin işidir. Bütün işlərim mənim üçün qiymətlidir. Hər bir çəkilən əsərdə rejissorun möhürü var. Amma mənə elə gəlir ki, məni adekvat şəkildə ifadə edən “Aç həriflər”dir. Orada ironiya da, ağrı da, sevgi də var.

Kino illüziyadır...

- Qarabağ artıq işğaldan azad olunub. Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış məsələsi də aktuallaşıb. Baş verən hadisələr fonunda yaşadığınız deportasiyanın bədii həllini düşünürsünüzmü?

- Əslində artıq o proses bu və ya digər şəkildə gedir. “Sabah” yaradıcılıq studiyasında təkcə qərbi azərbaycanlılar haqqında deyil, işğaldan azad olan torpaqlarımız haqqında da verilişlər hazırlanır. Ancaq elə hadisələr və tarixlər var ki, onların təqdimatında çox tələsmək lazım deyil. Bunun üçün ictimai-siyasi, publisistik proqramlar var. Tamaşaçının aclığını onlarla ödəmək olar. Siqləti yüksək olan bədii əsərlər üçün tələsmək lazım deyil. 1941-45-ci il müharibəsindən sonra yaranan əsərlərə baxın. “Tütək səsi”, “Bizim Cəbiş müəllim” filmlərini götürək. Bu ekran əsərləri illər sonra yarandılar.

- Fikrimcə, indi çəkilən seriallar da bəsitdir...

- Bu, bir bəladır. Təkcə bizim deyil, bir çox ölkələrin bəlasıdır. Peşəkarların televiziyadan və kinodan uzaqlaşıb başqa sahələrə keçməsi, əlbəttə, adama təsir edir. Mən çox təəssüf edirəm ki, Ramiz Fətəliyev kimi ssenarist çox az işləyir. Onun yaş və təcrübəsi elədir ki, durmadan iş ğörməlidir. Necə ki, bunu vaxtilə Rüstəm İbrahimbəyov, Anar edirdi. Mən istərdim ki, o liderlərin sürəti səngiməsin. Azərbaycan teleməkanında olan seriallara gəlincə, mənə elə gəlir ki, hamısını bir rəngə boyamaq lazım deyil. Aralarında yaxşıları da var. Sadəcə, onlara diqqət və imkan yaratmaq lazımdır.

- Polşanın kinometri Anjey Vayda müsahibələrinin birində “Mən 30 yaşına qədər həyatda nələr olduğunu düşünməmişdim. Yalnız 60 yaşında onun təsirlərini hiss etməyə başladım” deyib. Eyni sualı sizə ünvanlasam...

- Maraqlıdır... Əslində Vayda hər bir yaradıcı adamın içində o yaşa gəlib çatana qədərki düşündüklərini ifadə edib. Mən də həmin şeyləri deyə bilərəm. Sonradan bunları başa düşürsən. Balzakın “Şaqren dərisi” əsərindəki kimi: istəklər artdıqca, o dəri daralır. Yəni hər birimizin bir şaqren dərisi var. O nə vaxtsa quruyacaq. Sənət adamlarının da şaqren dərisi ömürlərinin uzun olmasına baxmayaraq, daha sürətlə quruyur. Çünki onlar bir neçə adamın taleyindən söhbət aparırlar. Hər bir filmə həyatlarının müəyyən bir hissəsini qoyurlar.

- Siz gənclikdə olduğu kimi kinematoqrafın həyatı dəyişə biləcəyinə inanırsınız?

- Yox, kino, ümumilikdə sənət illüziyadır. Reallıqlara heç nə qalib gələ bilmir. Çexovun bir fikri var: “İnsanda hər şey gözəl olmalıdır”. Gözəl olan insan sənətlə məşğul olanda həyat da gözəlləşir. Məsələn, sənətkarlar var ki, həyatda çox mənfi təsir bağışlayır, amma onların sənətləri ölməz idi. Sənət dünyanı mənən zənginləşdirmək, harmonik etmək üçün yaranıb.

- Əgər bir gün bir tamaşaçı kimi qarşınızı kəsib “Mən “Qatarda” kimi tamaşa istəyirəm” desəm, nə cavab verərsiniz?

- Çox yaxşı arzudur... “Qatarda” öz dövrünün tələbi ilə o zaman yaranan bir tamaşa idi. Kaş elə bir imkan yenə düşsün və dövrün, zamanın nəbzini tutan bir əsər ortaya çıxsın ki, mən onu səhnələşdirə bilim!

Söhbətləşdi: Təranə Məhərrəmova 

 

banner

Oxşar Xəbərlər