“O, sənətdə bizə həmişə dayaq olub”

Xalq artisti, “Şöhrət” ordenli rejissor Mərahim Fərzəlibəyov: “Ulu Öndər həmişə incəsənət adamlarını xüsusi diqqət və qayğı ilə əhatə edirdi. O, sənətə və sənətkara layiqli qiymət verən humanist, alicənab şəxsiyyət idi”.
“Mədəniyyət başqa aləmdir, uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O, həssasdır. Əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”. Ulu Öndər Heydər Əliyevin bu kəlamları ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyət və incəsənətinin intibah dövrünü bir daha əks etdirir. Ulu Öndər Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün qürur mənbəyi hesab edirdi. Bu sahədə əldə edilən uğurları dünya ictimai fikrinə çatdırmaq üçün səylərini əsirgəmirdi. Onun ədəbiyyat və incəsənətə, o cümlədən bu sahənin təmsilçilərinə xüsusi diqqət və qayğısı sənət adamları tərəfindən heç zaman unudulmur.
Dövlətçilik tariximizdə müstəsna yeri olan, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində onun şərəfli həyat yolu bütün əzəməti ilə gözlərimiz önündə canlanır. Ulu Öndər bütün ömrünü, mübarizəsini, yorulmayan fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf edib, respublikamızın beynəlxalq aləmdə hərtərəfli tanınması üçün əlindən gələni əsirgəməyib.
Xalq artisti, “Şöhrət” ordenli rejissor Mərahim Fərzəlibəyov də Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bizimlə bölüşdü.
"Çox nadir hallarda olur ki..."
- Mərahim müəllim, 1960-80-ci illər Azərbaycanda ədəbiyyat və incəsənətin intibah dövrü kimi dəyərləndirilir. Bu illər Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrə təsadüf edir. Dahi rəhbərin bu sahələrə diqqət və qayğısı ədəbiyyat və incəsənətimizin çiçəklənməsinə yol açmışdı. O illəri bir sənət adamı kimi necə xatırlayırsınız?
- Çox nadir hallarda olur ki, dövlət başçısı dövləti idarə etməklə bərabər, onun mədəniyyət və incəsənətinə də xüsusi önəm versin. Biz mədəniyyət və incəsənət işçilərinin böyük xoşbəxtliyi idi ki, 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev ilk dəfə kinomuzu irəli çəkdi. “İstintaq” filmi çəkildi. Mərkəzdə - Moskvada bu filmin yayılmasına icazə verilmirdi. Bu, yalnız Ulu Öndərin şəxsi təşəbbüsü ilə mümkün oldu. Rejissor Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində”, “Babək” filmləri də eyni problemlərlə üzləşdi. Bu filmlərin çəkilişinə az miqdarda pul ayrılmışdı. Ulu Öndərin kinoya etdiyi himayəçilik filmlərin çəkilişinin uğurlu başa çatmasına və ekranlara çıxmasına kömək etdi. Dahi rəhbər ədəbiyyata, incəsənətə, mədəniyyətə eyni dərəcədə diqqət göstərir, onun inkişafı üçün əlindən gələni edirdi. Bu gün də Prezident İlham Əliyev tərəfindən mədəniyyətə, ədəbiyyata, incəsənətə böyük diqqət göstərilir. Çünki bu, Ulu Öndərin qoyduğu işıqlı yoldur.
- Teatr da incəsənətin bir sahəsidir. Sənət adamları həmişə tamaşadan sonra Ulu Öndərin pərdə arxasına keçməsini, onlarla söhbətini, qayğıları ilə yaxından maraqlanmasını xoşluqla xatırlayırlar...
-Mən özümü xoşbəxt sayıram ki, Ulu Öndər quruluş verdiyim beş tamaşaya baxıb. Yadımdadır ki, görkəmli dramaturq İlyas Əfəndiyev o zaman “Xurşudbanu Natəvan” əsərini yazmışdı. O, məni teatra dəvət etdi və belə bir monumental əsəri hazırlamağı həvalə etdi. Mən onda cavan bir rejissor idim. Bu tamaşa da böyük rezonans doğurdu. İlk dəfə Xan qızı Natəvan səhnəyə gəldi. İlyas Əfəndiyev o vaxtkı çar üsul-idarəsinin apardığı siyasəti ustalıqla qələmə almışdı. Natəvan şairə olmaqla bərabər, böyük bir dövlət xadimi kimi verilmişdi. Xan qızı son monoloqunda “bizi bu əzablı yolların axırında azad Azərbaycan gözləyir”, - deyə bildirdi. Sovet dövründə belə bir monoloqu demək riskli idi. Hamımız monoloqa Ulu Öndərin münasibətini həyəcanla gözləyirdik. Amma ilk alqışı elə özü etdi və bütün zal ona qoşularaq ayaq üstə Natəvanı alqışladı. Mənim üçün azadlıq mübarizəmiz məhz Ulu Öndərin o alqışından başladı. O alqış Azərbaycanın ilk müstəqilliyinə çalınan alqış idi. Ulu Öndər mənim yadımda elə qaldı: işıqlı, sənətə vurğun, dövlət işləri ilə yanaşı ədəbiyyata, teatra, incəsənətə dəyər verən bir insan kimi. Bizim bəxtimiz onda gətirmişdi ki, Ulu Öndər gənc olarkən həvəskar aktyor kimi İbrahim Həmzəyevin dərnəyində “Vaqif”, “Hamlet” tamaşalarında oynamışdı. Sənətə məhəbbəti uşaqlıqdan yaranmışdı. Bu sənət eşqi onu heç vaxt tərk etmirdi. Tamaşaların, filmlərin ilk nümayişinə gedirdi, təhlillər edirdi... O, sənətdə bizə həmişə dayaq olub, biz bu qayğını həmişə hiss etmişik və bu gün də unutmuruq.
“Elə bildiniz, mən getdim, daha gəlməyəcəyəm?”
- Ulu Öndər sonra sizin hazırladığınız “Maqbet” tamaşasına da baxmağa gəlmişdi...
- Ulu Öndər daha sonra ikinci tamaşama - “Maqbet”ə də baxmağa gəldi. Onda Hüseyn Ərəblinskinin yubileyi idi. Təntənəli gecədən sonra, tamaşa başlayana yaxın Ulu Öndər getdi. Biz onun baxmağını gözləyirdik, amma işi olduğu üçün getməli oldu. Bir həftədən sonra biz yenidən “Maqbeti” oynadıq. Ulu Öndər tamaşaya baxmağa gəldi. ”Elə bildiniz, mən getdim, daha gəlməyəcəyəm?”- dedi. Bu, Ulu Öndərin böyük sənətə, aktyorlara verdiyi dəyər, yüksək insani xüsusiyyəti idi. Biz onu görəndə hədsiz sevindik. O, tamaşaya elə təhlil verdi ki, şəxsən mən rejissor kimi başa düşdüm ki, bir rejissor olaraq “Maqbet”i niyə səhnələşdirmişəm.
“Mən tövsiyə edirəm ki...”
- Görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasına ikinci quruluş verməyinizin səbəbi nə idi?
- İlyas Əfəndiyevin Qarabağla bağlı “Hökmdar və qızı” tamaşasına da Ulu Öndər layiqli qiymət verdi. Əsər XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs edirdi. “Bu tamaşanı mütəmadi oynamaq lazımdır” dedi. Ulu Öndər tamaşaya baxandan sonra “bunu da sən qoymusan”, - deyə soruşmadı, “nə yaxşı ki, bunu da sən qoymusan!” dedi. Üzünü İlyas müəllimə çevirib “sən təkcə bədii əsər yazmamısan. Mən tarixi yaxşı bilirəm. Sən tarixi bədii-emosional güclə tamaşaçılara çatdırırsan. Mən tövsiyə edirəm ki, bu mövzuya film çəkilsin, bütün gənclər bu tamaşaya baxsın və Qarabağın tarixini öyrənsinlər”. Elə də oldu. Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə təqdim olundu. Hətta əsərə “Hökmdar və qızı” və “Qarabağnamə” adı ilə ikinci quruluş verdim. Artıq 30 ildən çoxdur ki, bu əsər Akademik Milli Dram Teatrının səhnəsində oynanılır. Mayın 10-da yenə də Ulu Öndərin xatirəsinə həsr olunan “Qarabağnamə” tamaşası bu səhnədə oynanılacaq. Çünki bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz zəfər çalıb, torpaqlarımız işğaldan azad olunub. Tamaşa Qarabağda tarixi Zəfərdən sonra izləyiciyəbir başqa ovqat bəxş edir...
2000-ci ildə Heydər Əliyev “Dədə Qorqudun 1300 illiyi” ilə bağlı Sərəncam verdi. Xalq yazıçısı Anar Dədə Qorqudla bağlı pyes yazdı. Bu əsərin səhnələşdirilməsi mənə tapşırıldı. Əsəri Heydər Əliyev Sarayında tamaşaya qoydum. İlk dəfə türkdilli dövlətlərin başçıları Ulu Öndərlə birlikdə gəlib bu tamaşaya baxdılar. Tamaşadan sonra Heydər Əliyev “Mən əsəri oxudum, fikirləşdim ki, bu səhnədə necə gedə bilər, bunu Anara da dedim...”, - deyə təəssüratını bölüşdü. Sonra mənə dönüb “sən bunu lüks hazırlamısan”, - deyə baş barmağını qaldırdı. Sonradan Ulu Öndərə yaxın olan adamlar dedilər ki, o, “lüks” sözünü çox nadir hallarda işlədir. Ulu Öndərin bu qiyməti mənim üçün həmişə işıqlı yoldur. Bu, mənə hazırladığım tamaşaların həmişə yüksək keyfiyyətdə olmasını təlqin edir. Məni daim məsuliyyətlə işləməyə, yeni yaradıcılıq axtarışları etməyə sövq edir.
Sumqayıt Teatrının bina məsələsi
- Tamaşaların birində, deyəsən, Sumqayıt Teatrının bina məsələsi də həll olunmuşdu...
- Nəriman Həsənzadənin görkəmli ictimai xadim Nəriman Nərimanov haqqında “Bütün Şərq bilsin” tamaşasını Sumqayıt Teatrında səhnələşdirdim. Mən o zaman bu teatrın baş rejissoru idim. Bu tamaşada elə fikirlər vardı ki, o dövrdə onları səsləndirmək olmazdı. Ulu Öndər bu tamaşadan xəbər tutmuş, “gətirin, mən də baxım” demişdi. Biz tamaşanı Bakıda Akademik Milli Dram Teatrında oynadıq. Ulu Öndər gəlib baxdı və tamaşadan sonra kollektivlə fikirlərini bölüşdü. Tamaşanı çox bəyənmişdi, xeyli gözəl sözlər dedi. “Tamaşa Moskvada oynanılmalıdır” deyə fikrini bildirdi. Biz həmin tamaşanı Nəriman Nərimanovun uzun illər çalışdığı Moskva şəhərində də oynadıq. Məhz orada Sumqayıt Teatrının bina məsələsi də həll olundu.
Sənətə və sənətkara layiqli qiymət verən humanist, alicənab şəxsiyyət
- Ulu Öndər həmçinin mədəniyyət və incəsənət xadimlərinin mənəvi rifahları ilə bərabər, maddi rifahlarının da qayğısına qalırdı...
- Bəli, Ulu Öndər həmişə incəsənət adamlarını xüsusi diqqət və qayğı ilə əhatə edirdi. O, sənətə və sənətkara layiqli qiymət verən humanist, alicənab şəxsiyyət idi. Xalq artistlərinin, ehtiyacı olan sənət adamlarının mənzillərlə təmin olunmasını görürdük. Sənətkarlara fəxri adlar, mükafatlar verilirdi. Mənə elə gəlir ki, hər bir sənətkara verilən mükafat onu yeni zəfərlərə hazırlayır. Nə yaxşı ki, Prezident İlham Əliyev də Ulu Öndərin layiqli davamçısı kimi bu yolu mətanətlə davam etdirir. Onun əsasını qoyduğu uğurlu yolda ölkəmiz Ali Baş Komandanımızın rəhbərliyi ilə inamla addımlayır. Ölkəmiz günü-gündən inkişaf edir, çiçəklənir. Biz sənətkarlar da bu inkişafın bəhrələrindən, uğurlarından fərəhlənir və görülən işləri yüksək qiymətləndiririk...
Təranə Məhərrəmova
