• şənbə, 10 May, 07:40
  • Baku Bakı 15°C

“Hər zaman Azərbaycan xalqının gələcəyini düşünürdü” - MÜSAHİBƏ

10.05.25 03:17 91
“Hər zaman Azərbaycan xalqının gələcəyini düşünürdü” - MÜSAHİBƏ

 Misir Mərdanov: “Ulu Öndər müəllimə həmişə böyük hörmət göstərirdi. Tabeliyində işləyən bir məmur olsam da, mənə həmişə “Misir müəllim” deyə müraciət edirdi. Hər zaman Heydər Əliyevdən ehtiram, diqqət və qayğı görmüşəm”.

Ulu Öndər Heydər Əliyevlə birlikdə işləmək, onun zəngin idarəçilik təcrübəsindən faydalanmaq hər kəsə nəsib olmayıb. Budəfəki həmsöhbətimiz də Ümummilli Liderin rəhbərliyi dövründə ölkənin ən strateji sahələrindən birinə rəhbərlik edib. “Kaspi”nin müsahibi 1998-2013-cü illərdə təhsil naziri olmuş, professor Misir Mərdanovdur.

“Tariyel Ağayev zəng edərək Prezidentin qəbuluna dəvət olunduğumu bildirdi”

- Maraqlıdır, nazir təyin edilməyinizlə bağlı qərar sizə necə çatdırıldı? Heydər Əliyevlə daha yaxından işləmək məsuliyyətini nəzərə alsaq, o an hansı hisləri keçirdiniz?

- Mən həmin vaxt Bakı Dövlət Universitetinin rektoru idim. Bu vəzifəyə də məni Heydər Əliyev təyin etmişdi. Rektor işlədiyim müddətdə bir neçə dəfə Ulu Öndərlə təkbətək görüşmüşdüm, xarici ölkələrə səfərlərində iştirak etmişdim. Rektor olduğum zaman Heydər Əliyev dörd dəfə müxtəlif ölkələrin prezidentləri ilə bərabər universitetə gəlib. Bu müddətdə Ulu Öndəri yaxından tanımaq imkanı oldu. Həmin vaxt nazir vəzifəsi 5-6 ay idi ki, boş idi. Müxtəlif adamların adı çəkilirdi, o cümlədən mənim də. Bir gün otağımda oturmuşdum. Prezidentin köməkçisi Tariyel Ağayev zəng edərək Prezidentin qəbuluna dəvət olunduğumu bildirdi.

Qəbul zamanı bir saatdan çox müddətdə təhsilin müxtəlif problemləri, həlli yolları, perspektivləri, sovet təhsil sisteminin uğurları və uğursuzları, Ulu Öndərin sovet hakimiyyəti illərində rəhbərlikdə olduğu zaman ali təhsil üçün nüfuzlu universitetlərə göndərilən kadrların haralarda işləmələri, xüsusilə dərsliklərlə bağlı geniş müzakirə apardıq. Bundan sonra bildirdi ki, fərman imzalayıb səni təhsil naziri vəzifəsinə təyin edəcəm. Yaxın günlərdə təhsil sahəsində islahatların aparılması üçün bir dövlət komissiyası yaradılacaq. O komissiyanın sədri də sən olacaqsan. Bu işə ciddi yanaşmağımı, bir də yeni dərs ilinə qədər xaricdə təhsil alan azərbaycanlıların nümayəndələri ilə görüşünün təşkilinə hazırlaşmağı tapşırdı.

“Ulu Öndər həmin an məni və digər məmurları ciddi şəkildə danladı”

- Heç olubmu ki, nə zamansa Heydər Əliyevin tənqid hədəfinə çevrilmisiniz?

- Ulu Öndər müəllimə həmişə böyük hörmət göstərirdi. Tabeliyində işləyən bir məmur olsam da, mənə həmişə “Misir müəllim” deyə müraciət edirdi. Hər zaman Heydər Əliyevdən ehtiram, diqqət və qayğı görmüşəm. Nazir işlədiyim dövrdə yalnız bir dəfə belə hal olub. Səhv etmirəmsə, 2000-ci il yeni dərs ilinin ilk günündə Nərimanov rayonunda 82 saylı məktəbə gəlmişdi. Günümüz çox yaxşı başladı.

Məktəbin həyətində valideynlərlə görüşdü, birinci siniflərə baş çəkib çox razı qaldı. Daha sonra ikinci mərtəbəyə qalxdıq. Məktəbin foyesində yeni çap olunan dərslikləri yığmışdım. Həmin vaxt ətrafda həm administrasiyanın, həm də bizim nazirliyin nümayəndələri, icra hakimi, məktəb direktoru və digərləri var idi. Heydər Əliyev yaxınlaşıb dərsliklərin bir neçəsini götürüb vərəqlədi. Birdən çox əsəbiləşdi və dərsliklərin səviyyəsindən narazılığını bildirdi. Həmin tədbir canlı yayımlanırdı. Ulu Öndər həmin an məni və digər məmurları ciddi şəkildə danladı. Hamıda belə bir təsəvvür yarandı ki, mən artıq həmin tənqidlərdən sonra işləyə bilməyəcəm. Lakin bu hadisədən sonra 13 il nazir kimi fəaliyyətimi davam etdirdim.

“Bu şəxs Heydər Əliyev idi”

- Ulu Öndərlə bağlı ən çox yadınızda qalan an hansıdır?

- Heydər Əliyevlə bağlı xatirələrin içərisində hansınısa seçmək mənim üçün çox çətindir. Ancaq birini xüsusi qeyd edə bilərəm. 1998-ci ildə yeni nazir vəzifəsinə təyin olunan zaman Prezidentin Qazaxıstana rəsmi səfər edəcəyini, nümayəndə heyətinə mənim də daxil edildiyimi bildirdilər. Qazaxıstanda parlamentdə görüş zamanı bir nəfər ağbirçək qazax qadın söz alaraq çıxış etdi. O çıxış heç zaman yadımdan çıxmır. Həmin qadın 1986-cı il Alma-Ata hadisələrini yada saldı. Bu, Kunayevin vəzifədən uzaqlaşdırılması ilə bağlı idi. Bildirdi ki, Kunayev ölməmişdən bir neçə saat əvvəl onu yanına dəvət edib vəsiyyətini açıqlayıb. Qazax xalqının bu vəsiyyətdə qeyd olunanları unutmamasını istəyib. Hamımız diqqətlə qulaq asırdıq və qadının nə söyləyəcəyini maraqla gözləyirdik. Həmin xanım Kunayevin ona Siyasi Büroda vəzifəsindən azad edilməsi anlarını danışıb.

Həmin vaxt Mixail Qorbaçov Kunayevin yerinə qazax xalqını tanımayan Kolbin soyadlı Rusiya vətəndaşının təyin olunmasını səsə qoyub. Hamı onun namizədliyini dəstəkləsə də, yalnız bir nəfər etiraz edib. Bu şəxs Heydər Əliyev idi. Qorbaçov etirazın səbəbini soruşduqda Heydər Əliyev açıq şəkildə Kolbinin qazax xalqını tanımadığını əsas gətirərək, onun birinci katib təyinatının çox böyük səhv olduğunu bildirib. Qorbaçova sonradan peşman olacağını deyib. Siyasi Büroda əksəriyyətin Qorbaçovun adamlarının olduğunu nəzərə alsaq, bu addımı yalnız Heydər Əliyev kimi bir şəxsiyyət ata bilərdi. Özüm də daxil Heydər Əliyevin böyüklüyünü zaman keçdikcə daha dərindən dərk edirik. O, hələ sovet hakimiyyəti illərində Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi neçə-neçə ziyalımızı DTK-nın caynağından xilas edib. Ulu Öndər hələ Naxçıvan DTK-sında leytenant rütbəsində olarkən Sovet ordusu Cənubi Azərbaycanı tərk edən zaman buraya üz tutan minlərlə soydaşımızın təhlükəsizliyinin təminində də mühüm rol oynayıb. Ulu Öndərin fəaliyyəti ilə bağlı bu cür məqamları cəmiyyətimiz daha yaxından bilməlidir. Heydər Əliyevin Azərbaycan dili ilə bağlı fəaliyyəti də xüsusi qeyd edilməlidir. Vaxtilə Mirzə İbrahimov və digərləri bu istiqamətdə müəyyən işlər görmək istədilər. Ancaq sonradan hamısını cəzalandırdılar. Lakin Heydər Əliyev hansı addımın nə zaman atılmalı olduğunu çox gözəl bilirdi. Azərbaycan dili ilə bağlı qərar 1978-ci ildə məhz Ulu Öndərin qətiyyəti ilə verildi. Bu siyasət və qətiyyət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

“Ulu Öndər müəllimlərlə bir yerdə oturacağını bildirdi”

- Heydər Əliyevlə son təmasınız və nələr haqqında danışdığınız da maraqlıdır...

- Onunla sonuncu telefon təmasım indiki Heydər Əliyev Sarayında Naxçıvanski adına liseyin yubileyi zamanı məlum hadisədən bir neçə gün sonraya təsadüf etdi. Vəziyyəti ilə bağlı maraqlanmaq üçün zəng etsəm də, hər şeyin yaxşı olduğunu bildirib, qəfil Gürcüstandakı azərbaycanlı şagirdlərə kitabların çatdırılıb-çatdırılmadığını soruşdu. “Dağıstan və Dərbənddəki məktəblərə kitabları necə, çatdırdınmı?” - deyə davam etdi. Bu cür məqamları unutmurdu. Ulu Öndər hər zaman Azərbaycan xalqını, onun gələcəyini düşünürdü.

1998-ci ildə Azərbaycan müəllimlərinin ilk qurultayını keçirəndə Heydər Əliyev də iştirak edirdi. Salona daxil olanda harada oturacağı ilə maraqlandı. Biz onun üçün ayrıca yer hazırlamışdıq. Lakin Ulu Öndər müəllimlərlə bir yerdə oturacağını bildirdi. O, həqiqətən də unudulmaz şəxsiyyətdir.

Azad Əliyev

banner

Oxşar Xəbərlər