• bazar ertəsi, 07 oktyabr, 18:42
  • Baku Bakı 23°C

Son illərdə Azərbaycanda tütündən istifadə edənlərin sayı artıb

31.05.23 13:32 3325
Son illərdə Azərbaycanda tütündən istifadə edənlərin sayı artıb

31 may hər il dünyada Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Dünya ölkələri tütünün zərərlərinə diqqət çəkmək üçün bu istiqamətdə hər il silsilə tədbirlər həyata keçirirlər. Tütün hər il 8 milyondan çox insanın ölümünə səbəb olur. Tütündən istifadə ürək-damar xəstəlikləri, xroniki pulmonolji xəstəliklərin, o cümlədən vərəm, asma, xərçəng xəstəliyinin yaranmasını sürətləndirir. Tütündən dünyasını dəyişən insanların sayı QİÇS, malyariya və vərəmdən dünyasını dəyişənlərdən daha çoxdur. Bunu AZƏRTAC-a “Sağlamlığa Xidmət” İctimai Birliyinin rəhbəri Pərvanə Vəliyeva deyib.

Tütün istifadəsi sağlamlıq üzərindəki yükündən əlavə, səhiyyədən, məhsuldarlığın itirilməsindən, yanğından zərər və ətraf mühitə zərər kimi böyük iqtisadi xərclərə səbəb olur. Dünyada hər il təxminən 3,5 milyon hektar ərazi tütünçülük üçün istifadə olunur. Tütün yetişdirilməsi ildə 200 000 hektar meşələrin qırılmasına səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu dünyada tütündən istifadənin ən yüksək nisbətinə malikdir, təqribən 209 milyon böyüklər (və ya 29 faiz) siqaret çəkir. Bundan əlavə, regionda qadınlar siqaret çəkənlərin 21 faizini təşkil edir. Avropada təxminən 74 milyon qadın siqaret çəkir. Tütündən istifadənin yayılması regionda geniş şəkildə dəyişir.

ÜST-nün Qlobal tütün epidemiyası hesabatının son məlumatına əsasən, Azərbaycanda tütündən istifadə kişilər arasında təxminən 40 faiz, qadınlar arasında isə 3 faizdir. 2020-ci ildə böyüklər arasında tütünçəkmə 24 faiz təşkil edib. 2017-ci ilin məlumatına əsasən isə yaşı 15-dən yuxarı olan kişilər arasında siqaretçəkmə təxminən 33,1 faiz təşkil edib, yəni son illərdə ölkəmizdə tütündən istifadə edənlərin sayı artıb.

Azərbaycan ÜST-nün Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına 2006-cı ildə qoşulub. Bu Konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci il dekabrın 1-də ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilib və qanunun pozulmasına görə məsuliyyət müəyyən edilib. Azərbaycanın tütündən istifadə sahəsində həyata keçirdiyi tədbirlər bir çox beynəlxalq çağırışlara və tələblərə cavab verir.

ÜST-nün builki tütünlə mübarizədə istifadə etdiyi şüar: “Bizə tütün yox, qida lazımdır”.

2023-cü ilin qlobal kampaniyası tütün fermerləri üçün alternativ məhsul istehsalı və marketinq imkanları haqqında məlumatlılığı artırmaq və onları davamlı, qidalı məhsullar yetişdirməyə təşviq etmək məqsədi daşıyır.

Tütün istehsalçılarının davamlı qidaların istehsalçısına çevrilməsi təşviq edilir, bununla da qlobal ərzaq böhranına töhfə verilməsi təbliğ edilir. Tütün yetişdirilməsi və istehsalı qida təhlükəsizliyi məsələlərini daha da artırır.

Artan ərzaq böhranı münaqişə və müharibələr, iqlim hadisələri, təbii fəlakətlər və COVID-19 pandemiyasının iqtisadi və sosial təsirlərinə diqqət çəkilir. Bütün bunların fonunda tütünçülüyün azaldılması və fermerlərin alternativ ərzaq məhsulları istehsalına keçməsi üçün hüquqi tədbirlərin görülməsinə təcili ehtiyac var.

2023-cü ilin Ümumdünya Tütünlə Mübarizə Günü şirkətləri, hökumətləri və siyasətçiləri qanunvericiliyi gücləndirməyə, uyğun siyasət və strategiyalar hazırlamağa və tütün fermerlərinə bazar şərtlərini onlara və ailələrinə daha yaxşı həyat təmin edəcək ərzaq məhsullarının yetişdirilməsinə keçməyə imkan verməyə çağırır.

banner

Oxşar Xəbərlər