• bazar, 16 Iyun, 03:19
  • Baku Bakı 25°C

İdxal asanlaşacaq, qıtlıq olmayacaq

19.08.23 03:00 3667
İdxal asanlaşacaq, qıtlıq olmayacaq

Dərman vasitələrinin təqib və izləmə sistemi (track and trace) yaradılacaq. Mütəxəssislər düşünürlər ki, bu sistem sayəsində dərman preparatlarına nəzarəti daha rahat təmin etmək mümkün olacaq. 

Milli Məclisdə müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dərman vasitələrinin təqib və izləmə sistemi (track and trace) yaradılacağı əksini tapıb. Bu, dərman vasitələrinin idxalı və dövriyyəsinə nəzarətin həyata keçirilməsini təmin edən, həmçinin onların istehsalı və reseptlə bağlı məlumatları ehtiva edən informasiya sistemidir. Bəs bu layihənin dərman təchizatı sahəsində qarşıya qoyduğu hədəflər nələrdir? 

Statistik məlumatları əldə etməyə imkan verəcək

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, sistemin qarşıya qoyduğu məqsəd dərmanlara həm nəzarət etmək, həm də statistik məlumatların əldə olunmasıdır:

“Təqib və izləmə (track and trace) sistemi dərman vasitələrinin dövriyyəsinin bütün mərhələlərinə nəzarətin həyata keçirilməsini təmin etmək üçün qurulan elektron informasiya sistemidir. Sistem dərman vasitələrinin ölkə ərazisində istehsalı, idxalı və ixracı proseslərinə nəzarət edilməsini, respublikada mövcud dərman vasitələrinin sayı və növü barədə ətraflı məlumatın əldə olunmasını, yaranmış və ya yarana biləcək dərman çatışmazlığı barədə məlumatın operativ əldə edilməsini nəzərdə tutur. Hədəflərdən biri qeyd olunan sistemin köməyi ilə saxta dərman vasitələrinin ölkə ərazisinə gətirilməsinin və vergidən yayınma kimi cinayət əməllərinin qarşısını almaqdır. Təqib və izləmə sistemi dərman vasitəsinin ölkə ərazisində istehsalından və ölkəyə idxalından sonra satışa çıxarılması və son istehlakçıya qədərki prosesinə bütövlükdə nəzarətin həyata keçirilməsini mümkün edəcək. Eyni zamanda, bu sistem statistik məlumatları əldə etməyə imkan verəcək”. 

Dərman qıtlığının qarşısı alınacaq

Millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, yeni qanun sayəsində dərmanlar bitmədən stokları təmin etmək mümkün olacaq: “Dərman maddələrinin idxal və dövriyyəsinə nəzarət qanun layihəsinə dəyişikliklərdə öz əksini tapıb. Mövsümi xəstəliklər nəticəsində hansısa dərman preparatının miqdarının azalması, sonrakı müddətdə həmin dərman preparatlarının idxalı bəzən uzun çəkir. Bu zaman  ehtiyatlar əriyir və qıtlıqla qarşılaşa bilirik. Bu dəyişiklik həmçinin ehtiyatlara nəzarət etmək üçündür.

Zamanında idxalla bağlı addımların atılması, dərman vasitələrinin statistikasının aparılması, ehtiyacın müəyyənləşdirilməsi, idxalın hansı səviyyədə olmasına nəzarət bu baxımdan önəmlidir. Üçüncü məsələ isə, gələcəkdə istehsalımızda hansı istiqamətləri əsas götürməli olduğumuzu biləcəyik”. 

Keyfiyyətli dərman vasitələrinin idxalı asanlaşacaq

Deputatın fikrincə, bundan sonra həkim, xəstə və əczaçı arasında daha səmərəli əlaqə qurulacaq: “Bu layihə o məqsədlə həyata keçirilir ki, dərman idxalı asanlaşsın, qeydiyyat prosedurunda bürokratik əngəllər aradan qaldırılsın və izafi xərclərin qarşısı alınsın. Nəticədə keyfiyyətli dərman vasitələrinin idxalı asanlaşacaq. Həmçinin, əlavə xərclərdən yayınaraq kifayət qədər rəqabətli qiymət əldə edəcəyik. Dəyişiklik gələcəkdə həkim, tibb müəssisəsi, əczaçı, dərman istehsalçısı arasında sağlam əlaqənin qurulması, son nəticədə keyfiyyətli tibbi xidmətin həyata keçirilməsi məqsədi daşıyır. Əsas məqsədimiz süni qiymət artımının qarşısının alınması, istehsalın stimullaşdırılmasıdır”.


Dərman qeydiyyatında bürokratik maneələr

Sosioloq Ilqar Hüseynli isə dərman vasitələrinin qeydiyyatındakı problemləri önə çəkdi. Onun sözlərinə görə, təchizatda yaranan əsas problemlər dərman preparatlarının qeydiyyatında olan bürokratik maneələrdir. Buraya sənədləşmə prosesinin uzun zaman alması, hansısa dərmanın fərqli dozalarının tərkibinin eyni olmasına baxmayaraq, hər birinin sənədlərinin ayrı-ayrılıqda toplanması kimi texniki məqamlar aiddir: “Prosesin sadələşdirilməsi nəzərdə tutulub ki, bu da dərman vasitələrinin çevik təchizatına imkan yaradacaq”. 

İ.Hüseynli bildirdi ki, indiyə qədər də ölkəyə daxil olan dərmanlar qeydiyyata alınırdı. Amma artıq bu proses daha dəqiq həyata keçiriləcək: “Azərbaycanın dərman təchizatının 95 faizi idxaldan asılıdır. Gömrük orqanlarına il ərzində daxil olan dərman preparatlarının hamısı Səhiyyə Nazirliyində də qeydiyyatdan keçir. Amma bunu pərakəndə yox, mərkəzi elektronlaşdırılmış sistem əsasında etmək daha əhəmiyyətlidir”. 
Elektron reseptlərin tətbiqi

Sosioloqun sözlərinə görə, nəzərdə tutulan yeniliklərdən biri elektron reseptlərlə bağlıdır: “Elektron reseptlərin tətbiqi sistemsizliyi aradan qaldıra bilər. Çünki artıq həkimə müraciət zamanı bu vaxta qədər xəstənin hansı dərmanları aldığı ilə bağlı informasiyaların olduğu vahid baza formalaşacaq. Eyni zamanda, reseptlər yazılan zaman əczaçılar və həkimlər arasındakı yazı xəttinə görə olan problemlər aradan qalxacaq, dozalar daha konkret göstəriləcək”. 

İ.Hüseynli düşünür ki, dərman təchizatındakı yenilikləri zaman göstərəcək: “Yeniliklərin hamısı maliyyə və pulla bağlıdır. Əgər iş adamlarının, bu sahədə çalışan insanların qazancı, gəliri çox olacaqsa, bu onlara imkan verəcək ki, sürətli təchizat məsələsini təmin edə bilsinlər. Maliyyə imkanları zəif olsa, hansı sistemin tətbiq olunmasından asılı olmayaraq təchizatda problemlər yaranacaq”.

Bir müddət sonra yeni sistemə ehtiyac qalmayacaq

Həkim Adil Qeybullanın fikrincə, nəzarət mexanizmi əsasında fırıldaqların da qarşısı alınacaq: “Dərman maddələrinin təqib və izləmə sistemi onun istehsalından, yaxud ölkəyə idxal olunduğu andan başlayaraq utilizasiyasına və ya istehlakına qədər olan bütün dövrü əhatə edir.

Nəinki dərman vasitələrinin, psixotrop maddələrin, dərman əlavələrinin və s. izlənmə, təqib sistemini yaratmaq olar. Bununla da dərman maddələrinin saxlanma müddətinin dəyişdirilməsi kimi fırıldaqlar da baş verməz. Bu nəzarət sistemi indi vacibdir. Amma müəyyən dövrdən, işlər qaydasına düşəndən sonra buna ehtiyac olmayacaq”.

Zərif Salmanlı

 

banner

Oxşar Xəbərlər