• şənbə, 27 Aprel, 23:54
  • Baku Bakı 26°C

Süni mayalanma pulsuz olmayacaq - AKTUAL

29.07.23 01:00 3610
Süni mayalanma pulsuz olmayacaq - AKTUAL

Süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən qərarlardan biridir. Bununla bağlı təkliflər səsləndirilsə də, agentlik hələ ki, bunun planda olmadığını bildirir.

Azərbaycanda bir dəfə ekstrakorporal (süni) mayalanma etdirmək üçün 3000-4000 manat lazımdır. Heç də az məbləğ deyil. Nəzərə alaq ki, bəzən ilk cəhddən cütlüklərin övlad sahibi olmaq arzusu reallaşmır. Bu zaman sırf maddiyata görə son çıxış yolu süni mayalanma olan cütlüklər övlad sahibi ola bilmirlər. Elə bu səbəbdən, icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən əməliyyatlardan biri də, süni mayalanmadır. Hələ 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilmişdi ki, Azərbaycanda 2020-ci ildən süni mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. Ancaq bu məsələ hələ də reallaşmayıb.

“Çox bahalı əməliyyatdır”

Süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması üçün “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmalıdır. Bugünlərdə millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında bu mövzuya yenidən toxunub. Bildirib ki, bu qanunu qəbul etmək lazımdır: “Biz nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə ortaq razılığa gələ bilmirik. Azərbaycanda sonsuz ailələrin sayı çoxalır. Türkiyədə bununla bağlı qanun var. Belə ki, ailələr süni mayalanma ilə bağlı əməliyyat zamanı iki dəfə dövlətdən dəstək ala bilir. Üçüncü əməliyyatın isə yarısı tibbi sığorta vasitəsilə olur, yarısını isə vətəndaş özü ödəyir. Bu əməliyyatlar həddindən artıq bahadır, hətta orta yaşayış səviyyəsinə malik insanlar üçün də bu, çox bahalı əməliyyatdır”.

“Problem ciddidir, ona görə lazımdır”

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də bildirir ki, problem ciddidir və bu səbəbdən süni mayalanmanın Xidmətlər Zərfinə salınması vacibdir: “Övlad dünyaya gətirməklə bağlı problemlər çoxalıb. Burada genetik, iqlim, ekoloji, qida, insanların günəşlə təmasının az olması, istifadə etdiyimiz geyimlər və s. faktorların rolu var. Bu səbəbdən sonsuzluq geniş vüsət alıb. Övlad sahibi olmağın çıxış yollarından biri olan süni mayalanma əməliyyatı da çox bahadır. Bəzən süni mayalanma da effektiv olmur. Amma bir çox ailələr məhz bu yolla övlad sahibi ola bilirlər. Bəzən təkrar süni mayalanmaya getməli olurlar. Bir dəfəni borc-xərc edirlər, sonra davamını gətirə bilmirlər”.

İ.Hüseynli deyir ki, bu əməliyyatın icbari tibbi sığortaya daxil edilməsi ilə yanaşı, necə icra edilməsi də çox önəmli məqamdır: “Ola bilər ki, Xidmətlər Zərfinə daxil edilsin, amma limitli çərçivədə olsun. Limitli olsa, yenə də problemlər olacaq, ehtiyacı olan hər kəs yararlana bilməyəcək”.

“Nəzərdə tutulmayıb”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, Xidmətlər Zərfinə daxil edilən xidmətlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müvafiq meyarlara uyğun olmalıdır. Rəsmi statistik göstəricilərə əsasən, son 5 il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər, əhali arasında əlillik faizi yüksək olan xəstəliklər, sayında davamlı artım müşahidə olunan xəstəliklər, sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər təhlil edilir. Qeyd olunanları nəzərə alaraq, süni mayalanmanın icbari tibbi sığorta sisteminin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulmayıb.

“Sığorta fondundakı vəsaitin miqdarına baxsaq...”

Millət vəkili Müşfiq Məmmədli deyir ki, hazırda Xidmətlər Zərfinə 3500-dən artıq tibbi prosedur və xəstəlik daxil edilib, zamanla da bu artırılacaq: “İcbari tibbi sığorta tam dolğun şəkildə 2 ildir ölkə ərazisini əhatə edir. İcbari tibbi sığorta fondunun müstəqil fond şəklində büdcəsinin icmal büdcəyə daxil edilməsi bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Biz fondda toplanmış vəsaitlərin davamlı şəkildə artmasını müşahidə edəcəyik. İcbari tibbi sığorta fondunda vəsaitin artım tempi bu cür davam edərsə, təbii ki, digər xəstəliklərin də xidmətlər zərfinə daxil edilməsi prosesi baş verəcək”.

Millət vəkili bildirdi ki, çox yaxın zamanda süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi real deyil: “Bəzi ölkələrdə süni mayalanma icbari tibbi sığortaya daxil edilməyib, bəzi ölkələrdə müəyyən hissəsi vətəndaş tərəfindən qarşılanır, müəyyən hissəsini dövlət ödəyir, bəzi ölkələrdə isə tam icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. Azərbaycana gəlsək, ölkəmizdə icbari tibbi sığortanın hazırda əhatə etməli olduğu bir çox patologiyalar var. Bunlar insan orqanizmi üçün təhlükə yaradan, insanların sağlamlığına təcili müdaxilə edilməsi vacib olan xəstəliklər qrupudur. Onkoloji xəstəlikləri və digər əməliyyat prosedurlarını qeyd edə bilərik. İcbari tibbi sığorta fondundakı vəsaitin miqdarına baxsaq, fonddakı vəsaitlərin artım tempini analiz etsək, bunun üçün bir qədər vaxta ehtiyac var. Yəni, bu və gələn il üçün süni mayalanmanın icbari tibbi sığorta çərçivəsinə daxil olunması real görünmür. Amma, zamanla bütün tibbi prosedurlar icbari tibbi sığorta çərçivəsinə alınacaq”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər