• çərşənbə axşamı, 16 aprel, 19:20
  • Baku Bakı 18°C

Qadın qadına maneə deyil, dəstəkdir? - MÜSAHİBƏ

11.04.23 11:30 1202
Qadın qadına maneə deyil, dəstəkdir? - MÜSAHİBƏ

Lalə Ələkbər: “İnsanların beynindəki stiqmanı qırmaq üçün bu bloqu yaratdım. Bəy izləyicilərim də var. Çox rahat şəkildə postlarıma fikir bildirir, hansısa məlumatı mənimlə bölüşürlər. Müraciət etsələr, təbii ki, onlara da kömək edəcəyəm, dəstək olacağam”.


“Qadın “boşanmışam” dedikdə, insanların verdikləri ilk reaksiya onun halına acıyırmış kimi üz ifadəsidir. Elə düşünürlər ki, qadın boşandısa, bütün həyatı puç olur. İnsanların ikinci sualı isə “niyə” olur. O sualın əvəzində isə özünü necə hiss etdiyini, nəyəsə ehtiyacının olub-olmadığını soruşmaq lazımdır” – bu fikirlər “Qadın qadına dəstəkdir” sosial layihəsinin yaradıcısı və rəhbəri Lalə Ələkbərə aiddir. Lalə xanım hazırda “Chevening” təqaüdü ilə Böyük Britaniyanın York Universitetində “Qadın, zorakılıq, münaqişə” ixtisası üzrə magistr təhsili alır. 
Bildirək ki, L.Ələkbər 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində Fizika müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. Sonra ailə qurub. Evliliyi 3 il davam edib. Bu müddət ərzində şiddətin hər növündən əziyyət çəkib. Sonda dözə bilməyib və ayrılıb. 2015-ci ildə Gəncə Dövlət Universitetində Fizika fənninin metodikası və metodologiyası ixtisası üzrə magistratura təhsili alıb. Magistratura təhsili aldığı müddətdə qeyri-hökumət təşkilatlarında (QHT) fəaliyyət göstərib. İlk olaraq “Təmas” Regional İctimai Birliyinin nəzdində qadın sığınacağında işləyib. 2018-ci ildən GİZ-in (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) təşkilatçılığı ilə Mingəçevirdə həssas durumdakı insanlar - məcburi köçkünlər, qadınlar, gənclərlə iş sahəsində çalışıb. Həmçinin karyera məsləhətçisidir və dinləmə konsultasiyaları keçirir.

“Məlumatsızlıqdır, gizlədirlər, utanırlar”

- Lalə xanım, həm bakalavr, həm də magistratura ixtisasınız fizika üzrə olsa da, QHT sektorunda fəaliyyətə başlayıbsınız. Buna səbəb nə oldu?

- Bakalavr təhsilim dövründə müəyyən təşkilatların üzvü idim, gənclər sahəsi, QHT sektorundan az-çox məlumat əldə etmişdim. Magistratura təhsili alarkən boşanmışdım və məişət zorakılığından əziyyət çəkmişdim. Bu sahədə olan təcrübəmlə digər xanımlara kömək edim deyə QHT sektoruna gəldim.

- Bəs “Qadın qadına dəstəkdir” layihəsi necə ərsəyə gəldi?

- QHT sektorunda çalışdığım insanlar məişət zorakılığından əziyyət çəkən, həssas qrupa aid idi deyə bu sahədəki boşluqları görürdüm. Müşahidə edirdim ki, bizim insanların beynində boşanmış qadına qarşı bir stiqma var. Düşünürlər ki, boşandısa, həyat dağılır, hər şey puç olur. Məlumatsızlıqdır, qadınlar boşanma prosesində əziyyət çəkirlər, gizlədirlər, utanırlar. Bu stiqmaları dağıtmaq istəyirdim. Karantin dönəmində “storytelling” təliminə qoşuldum. Bu təlimlərə qoşulduqdan sonra bloq açmaq qərarına gəldim. Bloqu açmaqda məqsədim insanları maarifləndirmək və dəstək olmaqdır. 2020-ci ilin avqustundan postlar yazmağa, mövzu seçməyə başladım. 3 növ paylaşımlar olurdu: “Siz bilirsinizmi?” rubrikası, “Qanunvericilik” və “Mənim hekayəm”. Beləliklə, “Qadın qadına dəstəkdir” layihəsi ərsəyə gəldi.

“Bir-birimizi anlayırıq, çox yaxşı əlaqəmiz var”

- Bizdə “Qadının düşməni qadındır” yanaşması var. Siz isə  “Qadın qadına dəstəkdir” deyirsiniz. Ad seçiminiz də maraqlıdır.

- Bəli, ölkəmizdə belə bir düşüncə var. Deyirlər ki, qadın qadının paxıllığını çəkir. Halbuki paxıllığın cinsiyyəti yoxdur. Paxıllıq hər kəsdə ola bilər. O zaman fikirləşdim ki, layihəyə bu stiqmanı qıra biləcək bir ad seçməliyəm. Qadın qadına maneə yox, hər zaman dəstəkdir. Hər zaman mənə dəstək olublar, mən də dəstəyəm və dəstək olmağa hazıram. Yaratdığım bloqda da qadınlar bir-birinə dəstəkdir.

- Heç irad bildirən olur ki, niyə qadınlara dəstək olursunuz və ya niyə bu layihə?

- Açıq şəkildə irad bildirən olmayıb. Barmaqla sayılacaq qədər az adam rəy yazıb. Amma 99 faiz yaxşı rəylər alıram. İnsanlar, xüsusən də qadınlar tərəfindən çox yaxşı qarşılanır. İnsanlar qəbul edir və başa düşür ki, nəyə görə bu bloqu açmışam. 10 min nəfərlik auditoriyam var. Bir-birimizi anlayırıq, çox yaxşı əlaqəmiz var. Hər səhər açıram mesaj qutusunu və ən azı 10-15 mesaj görürəm. Səhər ilk işim mesajları, rəyləri bir-bir oxuyub, cavablandırmaqdır. Mənim üçün o insanlarla o bağı qurmaq, onların fikirlərinə qulaq asmaq, köməklik edib dəstək olmaq çox vacibdir.

“İdeya var, amma hələ ki...”

- Layihə qadınlarla bağlıdır. Amma məişət zorakılığından əziyyət çəkən bəylər də var. Bəs bəylər müraciət edərsə, onlara da dəstək olarsınız?

- Paylaşımlarım sırf qadınlar deyil, hər kəs üçündür. Sadəcə Azərbaycanda məişət zorakılığından ən çox əziyyət çəkən qadınlar olduğu üçün ona görə bloq bu istiqamətdədir. Bəy izləyicilərim də var. Çox rahat şəkildə postlarıma fikir bildirir, hansısa məlumatı mənimlə bölüşürlər. Bəylərdən məişət zorakılığından əziyyət çəkdiyi üçün müraciət edən yoxdur. Bəylərin çox az faizi məişət zorakılığından əziyyət çəkir. Əziyyət çəkəndə də çox zaman ictimailəşdirmirlər. Amma bəylər müraciət etsə, təbii ki, onlara da köməklik edəcəyəm, dəstək olacağam.

- Bu sahədə təhsilə ehtiyac duymağınızın səbəbi nə oldu?

- 6 ildir bu sahədə işləyirdim. Bloq yaradılmışdı. Bu sahədə təlimlər də keçmişdim. Amma hiss edirdim ki, təhsilə ehtiyacım var. Zorakılıqla mübarizə sahəsinə həm marağım var, həm də düşünürəm ki, insanların bu haqda məlumata daha çox ehtiyacı var. Azərbaycanda bu sahə üzrə təhsil də yoxdur. Böyük Britaniyada sırf bu sahə üzrə təhsil olduğunu öyrəndim. “Chevning” təqaüdünə müraciət etdim və qalib oldum.

- Təqaüdün şərtinə görə, təhsili bitirdikdən sonra ölkənizə geri dönməlisiniz. Azərbaycana qayıtdıqdan sonra planınızda nələr var?

  • - Azərbaycana dönmək, öyrəndiklərimi ölkəmdə tətbiq etmək, faydalı işlər görüb insanlara kömək etmək niyyətindəyəm. Məqsədim layihəni davam etdirib daha da böyütməkdir. Düşüncəmdə ideya var, amma hələ ki açıqlamıram (gülür).
  •  
  • Zərif Salmanlı
banner

Oxşar Xəbərlər