• çərşənbə, 16 Oktyabr, 01:43
  • Baku Bakı 16°C

Xankəndiyə yardım göndərildi

23.09.23 06:00 2166
Xankəndiyə yardım göndərildi

Rəsmi Bakı vədinə sadiq qalaraq erməniəsilli vətəndaşlarının yaşadığı ərazilərə humanitar yardımlar göndərməyə başlayıb. BQXK-nın Cenevrə ofisindən ölkəmizə əlavə heyətin gəlməsi və komitənin Bakı ofisindən Xankəndi filialına göndərilməsi də dəstəklənir. 


Rəsmi Bakı Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə ofisindən ölkəmizə əlavə heyətin gəlməsibni və Qızıl Xaç Cəmiyyətinin Bakı ofisindən insanların Xankəndi filialına göndərilməsini dəstəkləyir. Bundan əlavə, Qarabağın erməniəsilli sakinləri üçün hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə ərzaq və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan maşın da Ağdam rayonundan Xankəndiyə yola salınıb. Artıq başa çatan lokal antiterror tədbirlərindən sonra bölgədə atılacaq növbəti addımların nədən ibarət olacağına dair açıq qalan suallar cavabını tapmaqdadır. Azərbaycanın mərkəzi hakimiyyəti Yuxarı Qarabağ iqtisadi zonasındakı çətinliklərin ortadan qaldırılması, reinteqrasiya prosesinin başlanılması üçün ardıcıl tədbirlər görür. 

BQXK-ya yaşıl işıq

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb ki, Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu BQXK-nın dəstəyi ilə etməyə hazırdır.

H.Hacıyev bildirib ki, BQXK-nın Bakı ofisinin nümayəndələri və digər xarici tərəfdaşlarla keçirilən görüşdə Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməsi və yerli antiterror fəaliyyəti zamanı mülki əhalinin zərər çəkməməsi üçün göstərdiyi səylər yüksək qiymətləndirilib: “Qeyd etdiyimiz kimi, könüllü olaraq silahı yerə qoyan erməni hərbçiləri və döyüşçüləri azad olunacaqlar”. O vurğulayıb ki, rəsmi Bakı BQXK-nın Cenevrə ofisindən ölkəmizə əlavə heyətin gəlməsini və Qızıl Xaç Cəmiyyətinin Bakı ofisindən insanların Xankəndi filialına göndərilməsini dəstəkləyir.

Kimlər amnistiyaya düşəcəklər?

Qarabağ separatçılarının amnistiya məsələsi Hikmət Hacıyevin “Reuters” agentliyinə açıqlamasında da əsas vurğulardan biri olub. “Bəzi hərbi birləşmələr müqavimət göstərməkdə davam edəcəklərini bildirsələr də, Bakı silahı yerə qoyan Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”, - o bildirib. 

“Hətta keçmiş hərbi qulluqçulara və komandirlərə - əgər onları belə təsnif etmək mümkündürsə - onlar üçün də amnistiyanı nəzərdən keçiririk və ya təklif edə bilərik”,- H.Hacıyev deyib. Onun sözlərinə görə, hazırda bəzi ayrı-ayrı hərbi qruplaşmalar və komandirlər Bakının şərtlərini qəbul etməyəcəklərini və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər. Prezidentin köməkçisi əlavə edib ki, Qarabağın erməni əhalisi humanitar yardım istəyib. O vurğulayıb ki, Azərbaycan Qarabağın erməni sakinlərinin sülh yolu ilə reinteqrasiyasını istəyir.

20 ton ərzaq məhsulları və çörək 

Yeri gəlmişkən, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə ərzaq və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan yük avtomobilləri Ağdam rayonundan Xankəndi istiqamətinə yola salınıb. Yardımda xüsusi paketlərdə istehsal olunan un, çörək, yağ, şəkər tozu, çay müxtəlif çeşidli konfetlər, makaron, vermişel, bulqur, düyü məhsulları olub. Bundan başqa, dinc sakinlərin istifadə etməsi üçün uşaq bezi, diş fırçası, sabun və s. gigiyenik məhsullar da göndərilib. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanılacaq. Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstək davam etdiriləcək. 

banner

Oxşar Xəbərlər