• şənbə, 03 May, 20:20
  • Baku Bakı 16°C

İki ölkəni yaxınlaşdıran səfər

03.05.25 04:27 189
İki ölkəni yaxınlaşdıran səfər

Azərbaycan İrana münasibətdə hər zaman xoşməramlılıq nümayiş etdirib. Məsud Pezeşkianın başa çatmaqda olan həftədə reallaşan səfəri qarşı tərəfdə də bu niyyətin olduğuna dair ümidlər yaradır. 

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri mühüm məqamlarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektlərinə dair aparılan müzakirələr, əldə edilən razılaşmalar Bakı və Tehran arasında əlaqələrin mövcud durumuna nəzər salmaq baxımından da mühüm əhəmiyyət kəsb edir. 

“Məramımız, məqsədimiz birdir”

Hər iki ölkənin bu səfərə xüsusi diqqət yetirdiyi prezidentlərin mətbuata birgə bəyanatı zamanı səsləndirdikləri fikirlərdən də aydın görünür. Prezident İlham Əliyevin sözlərinə görə, Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”. İlham Əliyev vurğulayıb ki, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələri yüksək səviyyəyə qaldırmaq: “Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək”.

“Öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik”

Keçirilən görüşlərdə Məsud Pezeşkianın azərbaycanlı həmkarı İlham Əliyevə “əziz qardaşım” deyə xitab etməsi xüsusilə diqqət çəkdi. Onun sözlərinə görə, hər iki dövlət birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcək və öz çətinliklərini həll edəcək: “Beləliklə, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək. İş adamlarımız birgə istehsal proseslərini həyata keçirsinlər, birgə sərmayələr yatırsınlar, işlər qursunlar. Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli, digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz. Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq, öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik”. 

İranın ən təhlükəsiz sərhədi

Bu səfər zamanı Azərbaycanın ali rəhbərliyinin ortaya qoyduğu siyasi iradə və qonşu ölkənin rəhbərinə qarşı səmimi münasibət Vətən müharibəsindən sonra 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması ilə nümayiş etdirilən mehriban qonşuluq siyasətinin təzahürüdür. Bu gün İranın ən təhlükəsiz sərhədləri məhz Azərbaycanladır. Azərbaycan İrana münasibətdə hər zaman xoşməramlılıq nümayiş etdirib. Regional proseslərdə qarşılıqlı maraqların bərabərhüquqluluq prinsipi əsasında nəzərə alınması məqsədi ilə yaradılan 3+3 formatlı müxtəlif platformaların da təşəbbüskarı məhz Bakı olub. 

Birgə layihələr

Mövcud beynəlxalq müstəvidə iki ölkəni birləşdirən çoxsaylı iqtisadi və geosiyasi məqamlar var. Burada Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri xüsusi önəm daşıyır. Azərbaycan-İran iqtisadi-ticari əlaqələrinin gələcək perspektivləri ilə bağlı tərəflərin birgə biznes-forum zamanı səsləndirdikləri fikirlər xüsusilə diqqətəlayiqdir.   

Prezident İlham Əliyevin sözlərinə görə, statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz: “Ona görə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirəlayiq olacaq”. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir: “O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın”. 
İran Prezidenti də azərbaycanlı həmkarı ilə həmfikir olduğunu deyib: “Əziz qardaşımın vurğuladığı kimi, Azərbaycan və İran nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkələr olaraq aramızdakı əsas nəqliyyat dəhlizlərini və marşrutlarını – bizimlə Rusiya arasında Şimal–Cənub, həmçinin Şərq–Qərb nəqliyyat marşrutlarını həyata keçirə bilərlər. Bu isə ticarətin, elmin, mövcud təcrübənin və texnologiyanın ötürülməsinə lazımi şərait yaradır”. Onun sözlərinə görə, İran və Azərbaycanın ərazisi Şərqin Qərbə, Şimalın Cənuba birləşməsi üçün dördyol ola bilər. 

Beləliklə, məlum hadisələrdən sonra iki ölkə arasında bəzi məsələlərdə yaranan fikir ayrılıqlarının müzakirələr yoluyla aradan qaldırılması üçün tarixi fürsət yaranıb. Azərbaycan bu niyyətində hər zaman olduğu kimi qətiyyətli və səmimidir. Məsud Pezeşkianın səfəri qarşı tərəfdə də bu niyyətin olduğuna dair ümidlər yaradır. 

Azad Əliyev 

banner

Oxşar Xəbərlər