• şənbə, 03 May, 21:19
  • Baku Bakı 16°C

Azərbaycan geosiyasi moderator rolunda  

03.05.25 05:31 217
Azərbaycan geosiyasi moderator rolunda  

İndi Azərbaycanın xarici siyasət gündəmində tamamilə başqa hədəflər durur. Rəsmi Bakı yeni dünya nizamı prosesində fəal iştirak edir və geosiyasi dividentlər hədəfləyir.

Azərbaycanın xarici siyasətinə münasibətdə tətbiq edilməyə başlamış yeni geosiyasi termin - Orta güc rəsmi Bakının regional liderlik çərçivələrini aşaraq daha böyük coğrafiyada fəaliyyətini əks etdirən statusun təcəssümüdür. İndi bu çoxvektorlu diplomatiyanın qarşısında duran vəzifələr mahiyyət və keyfiyyət etibarilə fərqli və daha qlobal xarakterlidir. Azərbaycanın xarici siyasət kontaktlarında nəzərə almağa məcbur olduğu və üzərində bir təzyiq amili kimi hiss etdiyi başlıca problem - torpaqlarının işğalı faktorunu neytrallaşdırdıqdan sonra diplomatik təmasların mahiyyəti də transformasiyaya məruz qalıb. Ölkəmizə səfərə gələn dövlət liderləri, yaxud beynəlxalq təsisatlarının rəhbərlərinin leksikonundan Qarabağ tematikası tamamilə yığışdırılıb, bizim onların ərazi bütövlüyümüzü, yaxud işğaldan qurtulmuş torpaqları tərkib hissəmiz olaraq tanımalarını bəyan etmələrinə xüsusi ehtiyacımız da yoxdur. İndi Azərbaycanın xarici siyasət gündəmində tamamilə başqa hədəflər durur: Yeni dünya nizamı prosesində iştirak və əldə edilə bilinəcək geosiyasi dividentlər.

İlham Əliyevin ilin əvvəlində verdiyi anons 

Bakının yeni dünya düzəninin formalaşdırılması prosesini kənardan izləməyəcəyinin anonsunu Prezident İlham Əliyev ilin əvvəlində etmişdi. Dövlət başçısı bəyan etmişdi ki, Azərbaycanın bu nizamın yenidən formalaşdırılması prosesindən ciddi gözləntiləri var. Bu məzmunlu bəyanat rəsmi Bakının əldə etdiyi yeni geosiyasi status - Orta gücün ölçü və konturlarını dəqiq şəkildə müəyyən edirdi ki, son illərin, xüsusilə də ayların diplomatik trafiki bunun əyani təzahürüdür. 

Hələ ötən ilin sonuna qayıdıb Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etdiyini, daha sonra isə İslam aləminin elitar iqtisadi klubu olan D-8-ə qəbulunu xatırlamağımız qənaətimizin təsdiqi üçün yetərlidir. Xüsusilə son fakt çoxşaxəli xarici siyasətin yeni vektorunun göstəricisidir ki, bu da Bakının diplomatik fəaliyyətdəki müstəqilliyinin əlamətidir. Azərbaycanın müsəlman dünyasının həyatında oynamağa başladığı əlahiddə rol onun Yaxın Şərq kimi mürəkkəb regiona nüfuz etməsilə büruzə verilir. Bakı yenidən qurulmağa başlayan Suriyadakı proseslərdə iştirak niyyətini irəli sürür və bununla da müsəlman dünyasının yeni aktoru mövqeyindən çıxış edir. Digər tərəfdən isə həmin İslam aləminin başlıca problemi olan İsraillə münasibətlərin nizamlanması prosesindəki iştirakın növbəti fazasına qədəm qoyur: əvvəl ABŞ-nin yəhudi icması Azərbaycanın Avraam razılaşmasında iştirakı təşəbbüsü ilə çıxış edir, sonra isə Bakının Ankara-Təl-Əviv gərginliyinin aradan qaldırılması prosesinin əsas vasitəçisi olduğu bəyan olunur.

Diplomatik fəaliyyətin qloballaşması ilə paralel olaraq, geoiqtisadi təşəbbüslərin də aktivləşməsi prosesi izlənilir. Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın qarşılaşdığı irimiqyaslı logistika və ticarət böhranından çıxışın kilid isminə çevrilir. Şərq-Qərb ticarət prosesinin yeni trendi olan Orta Dəhliz layihəsi məhz Azərbaycanın illərlə vəsait yatırdığı nəqliyyat infrastrukturu hesabına gələcəyə ümid qazanmış olur. 

Regional nizamdan yeni dünya düzəninə doğru

Bakının memarı olduğu yeni regional reallıq ən azı son beş il ərzində onu inkar edən Avropa üçün xilas faktoruna çevrilməkdədir. “Qoca qitə”nin həzm edə bilmədiyi gerçəklik onun qısqanc reaksiyasından imdad diləmə siyasətinə doğru ağrılı transformasiya prosesinə çevrilir. ABŞ ilə ideoloji gərginlik özünü real siyasətdə büruzə verir və bu gün Avropanın başı üzərində yeni “Domokl qılıncı” - qlobal formatlanma kimi mürəkkəb vəzifə durur. Söhbət qitənin iqtisadi oriyentasiyasını Şərqə doğru dəyişməsindən gedir. ABŞ himayəsinin kəsilməsi və Rusiya təhlükəsi önündə ən optimal çıxış yolu birqütblü dünya stereotiplərini dağıdan Çinə sığınmaqdır. Bu gün Azərbaycan belə bir transmilli geosiyasi transformasiyanın mərkəzini - siyasi, iqtisadi və coğrafi qovşağını formalaşdırmaqdadır. Ola bilsin ki, bu reallığı Aİ-də sadəcə geosiyasi təsadüf hesab edirlər. Ancaq Bakı illərdir yürütdüyü siyasəti məhz bu günün yetişəcəyinə hesablayıb. 

Brüsseldə bütün yolların Bakıya apardığını anlamağa başlayıblar

Azərbaycanın hərbi-siyasi qələbəsini qəbullanmayan Fransa liderinin də, onun təzyiqləri ilə Bakının beynəlxalq gözdənsalma kampaniyasının önündə gedən Aİ liderlərinin də Orta Asiya voyajlarının da bizsiz heç bir effekti olmayacaq. Ukraynada müharibə fonunda tələsik Bakıya gəlib mavi yanacaq istəyən, sonra isə Azərbaycana qarşı təhdidlərin başlıca simasına çevrilən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bugünkü reallığı həzm edib münasibətləri sahmana salmağa təbii ki, üzü yoxdur. Yaxud onun Bakıda görünməsinin Azərbaycanda ümumiyyətlə, arzu edilmədiyini yaxşı anlayır. Elə bu səbəbdəndir ki, vaxtilə qaz istədiyi Azərbaycana indi Çinə yol əldə etmək xahişi ilə müavini Kaya Kallası göndərir. Brüsseldə deyəsən, bütün yolların Bakıya apardığını anlamağa başlayıblar. 

Siyasi liderlərin ardıcıl Bakı səfərləri 

Son bir ay ərzində müxtəlif dövlət liderlərinin Azərbaycana səfərləri Bakının daha bir geosiyasi resursu olan siyasi nüfuzundan xəbər verir. Bu nüfuz Azərbaycanın yeni kapital mənbəyidir və Avropanı mavi yanacaqla təmin etməkdən, yaxud Şərq-Qərb nəqliyyat dəhlizindən daha dividentlidir. Bu səfərlərin ardıcıllığına diqqət yetirək: 

- Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ilk xarici səfərini Bakıya etməsi Tbilisinin Azərbaycanın şəriksiz regional liderliyini qəbul etməsi deməkdir;

- Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya səfərinə sırf Berlin-Bakı münasibətləri prizmasından yanaşmaq yanlış olardı. Həm Almaniyanın Aİ-nin əsas sütunlarından biri olması, həm Ştaynmayerin Bakıda verdiyi bəyanatlar bunu deməyə əsas verir ki, o, Azərbaycana ölkəsindən daha çox təmsil etdiyi qitə üçün gəlmişdi;

- Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın səfəri yuxarıda qeyd etdiyimiz kimi, “yanmış körpülər”in bərpası istiqamətində atılmış addımdır;

- İranın siyasi lideri Məsud Pezeşkian da münasibətləri bərpa etmək üçün gəlmişdi. Tehran da ətrafında yaşanan geosiyasi təlatümlər səbəbindən Azərbaycanla bağlı son illərin yanlış siyasətinin reallığı ilə üz-üzədir;

- Qarşıda bizi anons edilən daha iki mühüm səfər - İsrailin Baş naziri Benyamin Netanyahu və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlişləri gözləyir. Hər iki dövləti Azərbaycanla dərin strateji maraqlar bağlayır. Odur ki, bu səfərlərin əhəmiyyətindən söz açmaq artıqdır. Ancaq bir reallıq da var ki, bu səfərlər tək Azərbaycanla deyil, Türkiyə-İsrail münasibətləri baxımından da əhəmiyyətlidir. Azərbaycan bu gün tək maraqların üst-üstə düşdüyü məkan deyil, həm də onları uzlaşdıran geosiyasi moderatordur.

Yeni dünya nizamının bəhrəsini görməyə başlamışıq... 

Rüstəm Qaraxanlı

 

banner

Oxşar Xəbərlər