• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

Vikipediyada Azərbaycanla bağlı yalanlar

31.05.13 08:04 10779
Vikipediyada Azərbaycanla bağlı yalanlar
Wikipedia (bundan sonra vikipediya – L.M.) virtual ensiklopediyası 2001-ci ildən fəaliyyətə başlayıb. Onun yaradıcıları Amerikanın Ohayo universitetinin fəlsəfə doktoru Larri Sanqer və amerikalı sahibkar Cimmi Uelsdir. Yaradıcıların məqsədi dünyanın bütün dillərində nəhəng virtual ensiklopediya yaratmaq, axtarış sistemi kimi informasiya xidməti göstərməkdir. Hazırda vikipediya (wikipedia.org) dünyanın ən populyar 5 saytından biridir. İnternet mühitində azad yayımlanan ən nəhəng ensiklopediya sayılan vikipediya 285 dildə fəaliyyət göstərir. Ay ərzində vikipediyaya 4 milyard istifadəçi müraciət edir.
Azərbaycan vikipediyasındakı vəziyyət və ölkəmiz barədə məlumatların dünya vikipediyalarında yerləşdirilməsi ilə bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, Vikipediya virtual ensiklopediyasının Azərbaycan bölməsinin adminstratoru İradə Ələkbərova ilə söhbətləşdik.
- Vikipediyanın digər saytlardan, ensiklopediyalardan fərqi nədədir?
- Vikipediya açıq saytdır. Bu, o deməkdir ki, istənilən adam oradan informasiya götürə, informasiya daxil edə və mövcud informasiyalar üzərində redaktə apara bilər. Vikipediya fəlsəfəsinə görə dövlət saytı ola bilməz, lakin müşahidələr göstərir ki, bir çox dövlətlər vikipediyadan öz mənafeləri üçün istifadə etməyə çalışırlar. Başqa millətin nümayəndəsi də Azərbaycan, fransız, rus və s. dillərdə olan vikipediyalara daxil olub həmin dildə bunları edə bilər. Vikipediya kontentinə həm mətn, həm şəkil, həm də video daxildir. Vikipediya həm də sosial şəbəkədir. Burada mübahisələr, müzakirələr də gedir.
- Azərbaycanda vikipediyanın yeri...
- Azərbaycan dilində vikipediya (az.wikipedia.org) 2004-cü ildə yaradılıb. Ümumiyyətlə, vikipediyada ən çox məqalələr ingilis dilində yerləşdirilir. Azərbaycan dili bu sırada 47-ci, Ermənistan 75-ci yerdədir. Azərbaycanda vikipediya çox tanınmır. Çünki Azərbaycan İnternet istifadəçilərinin əsas hissəsini gənclər təşkil etdiyindən, onlar İnternetdən ən çox əyləncə, çatda söhbətləşmə və dərs hazırlamaq məqsədi ilə lazımı informasiyanın əldə edilməsi üçün istifadə edirlər. Vikipediyanın Azərbaycan bölməsində məqalələr iki əlifbada: latın və ərəb əlifbasında yaradıla bilər. Ərəb əlifbasının daxil edilməsində əsas səbəb İran Azərbaycanında yaşayan azərbaycanlıların da bu ensiklopediyada məqalə yaratmaq istəyindən irəli gəlir.
- Gənclərin vikipediayaya marağının az olması səbəbindən Azərbaycan dilində vikipediyada ölkəmizin tarixi, qarşılaşdığı haqsızlıqlar, adət-ənənələri, milli geyimləri, xörəkləri və s. barədə məlumat azdır...
- İnternet informasiyanın təbliği, informasiya qarşıdurması alətinə çevrilib. Bunu artıq çox millətlər başa düşür. Ancaq bizdə dediyim kimi, gənclər yalnız informasiya götürməklə məşğuldurlar. Buna görə də Azərbaycan həqiqətləri, tarixi faktlar Azərbaycan dilində vikipediyada o qədər də yayılmır, məqalələrin çoxu yarımçıqdır, bəzi məqalələrdə faktlar düzgün deyil. Gənclər təkcə Azərbaycan dilində deyil, digər dillərdə də məqalələr yükləməlidirlər.
- Dediniz ki, əcnəbilər də hər hansı ölkənin vikipediyasına daxil olub məlumat yerləşdirə, redaktə edə bilərlər. Onda belə çıxır ki, ermənilər Azərbaycan dilindəki vikipediyaya istədikləri məlumatları yükləyə bilərlər...
- Bəli. Hətta, ermənilər tərəfindən Azərbaycan və digər dillərdəki vikipediyalara münasibətdə vandalizm halları da olur. Belə ki, ermənilər istər Azərbaycan, istər digər dillərdəki vikipediyalarda Qafqaz Albaniyası sözünü silib Ermənistan yazırlar, yaxud Azərbaycan mədəniyyəti, tarixi abidəsi və s. kimi sözlərdə Azərbaycanın adını Ermənistanla əvəzləyirlər. Biz administratorlar İP ünvanına görə sayta hansı ölkədən giriş olduğunu bilirik. Məlumat dəyişikliyi olan kimi yenidən həmin yanlış məlumatı Vikipediya-Azərbaycandan silib düzəldirik. Rusiya vikipediyasında da belə hallar olanda rus administratorlarına şikayət edirik. Onlar buna nəzarət edir. Rus dilindəki vikipediyada azərbaycanlı fəal istifadəçilər var ki, onlar könüllü olaraq Azərbaycan haqqında məlumatlara nəzarət edirlər.
- Belə çıxır ki, hər bir dildə olan vikipediyanın öz administratoru var. Bəs administratoru kim təyin edir?
- İstifadəçilər yığışıb müəyyən müzakirə aparırlar. Hansı istifadəçi daha fəaldırsa, daha düzgündürsə və keyfiyyətli iş görürsə, onları seçirlər. Səsvermə keçirilir və səslərin üçdə ikisini yığan istifadəçilər adminstrator olur.
- Azərbaycanda administratorlar kimdir?
- Azərbaycan dilindəki vikipediyanın 14 administratoru var. Admnistratorlar yalnız Azərbaycandan deyil, İran Azərbaycanından, Almaniyadan da administratorlarımız var.
- Administratorların adi istifadəçilərdən fərqli hansı hüquqları var?
- Onlar məqaləni mühafizə edə bilərlər ki, bu zaman heç kəsin həmin məqaləyə düzəliş etmək hüququ olmur. Eyni zamanda, istənilən məqaləni tamamilə silə bilərlər. Ümumiyyətlə, istifadəçilər hər hansı məqaləyə dəyişiklik və əlavə edərkən bunu nə üçün etdikləri barədə izahat verməlidirlər. Əks təqdirdə, adminstratorlar həmin istifadəçini fırıldaqçı kimi qəbul edib bir neçə günlüyə, aylığa, yaxud bir illiyə blok edə, yəni vikipediyada hər hansı məlumat yerləşdirməsinə, redaktə etməsinə qadağa qoya bilərlər.
- Adminstratorlar adətən hansı tip məqalələri mühafizə edirlər?
- Mübahisəli məqalələr mühafizə olunur. Məsələn, ölkə daxilində iki qrup hansısa məsələdə razılaşmırsa, bu zaman administrator dəqiqləşdirmə aparıb doğru bildiyi məqaləni mühafizə edir. Bu yaxınlarda Azərbaycan vikipediyasında «Fars körfəzi» məqaləsi barədə mübahisə yarandı. Hərə bunu bir cür adla qeyd edirdi. Sonda bu məqaləni «Fars körfəzi» adı ilə mühafizə etdik. Çünki Azərbaycan dövləti səviyyəsində sözügedən ərazi fars körfəzi kimi qəbul edilir.
- Azərbaycanda mühafizə edilən məqalələr nə qədərdir?
- Azərbaycanda ümumiyyətlə, məqalələr az olduğuna görə mühafizə edilən informasiyalar da 10-a yaxındır. Onlar əsasən coğrafi adlarla bağlıdır.
- Bəs Qarabağla bağlı mühafizə edilən məlumatlar varmı?
- Qarabağla bağlı əsasən ingilis və rusdilli vikipediyada mühafizə edilən məqalələr mövcuddur. Hazırda Rusiya vikipediyasında emənilər tərəfindən Azərbaycana qarşı kəskin informasiya müharibəsi gedir.
- Çoxları deyir ki, hamı vikipediyada informasiya yerləşdirə bilərsə, bu, o deməkdir ki, orada informasiyaların düzgün olmama ehtimalı böyükdür...
- Bu gün vikipediyada 37 milyon məqalə, 17 milyon şəkil var. Britaniya ensiklopediyasında 120 min məqalə, Böyük Sovet ensiklopediyasında cəmi 95 min məqalə var. Çünki sözügedən vikipediyaları yaradan 5-10 mütəxəssisdir, amma ümumdünya vikipediyasını yaradan bütün dünya internet istifadəçiləridir. Aparılan araşdırmalar göstərib ki, 5-10 mütəxəssis tərəfindən hazırlanan “Britannika” və “Böyük Sovet ensiklopediya”larında da səhvlər az deyil.
- Bayaq dediniz ki, Azərbaycan dilindəki vikipediya erməni dilindəki vikipediyadan öndədir. Bəs müxtəlif dillərdə olan vikipediyalarda gedən informasiya müharibəsində necə, Ermənistan, yoxsa Azərbaycan daha güclüdür?
- Təəssüf ki, erməni tərəfi güclüdür. Azərbaycan dilindəki vikipediyanın öndə olmasına baxmayaraq, ermənilər informasiya müharibəsində udurlar. Çünki ermənilər öz dillərində olan vikipediyaya deyil, digər dillərdə məlumatlar yerləşdirməkdə maraqlıdırlar. Erməni gənclərinin əsas vəzifəsi erməni yalanlarını dünyaya həqiqət kimi çatdırmaqdır. Onlar internetə bu məqsədlə girirlər. Biz fikirləşirik, bu, bizim mədəniyyətdir, tarixi abidədir və s. Buna görə mübahisə etməyə, təbliğat aparmağa lüzum görmürük. Amma unuduruq ki, həqiqətin həqiqət olduğunu isbat etməsək, onu sonda yalan kimi qəbul edəcəklər. Ermənilər öz yalanlarını o qədər həqiqət kimi göstəriblər ki, sonda bütün dünya da onu həqiqət kimi qəbul etməyə başlayır.
- Belə çıxır ki, gənclərimizi bu işə cəlb etməklə vikipediyadakı informasiya müharibəsində qalib tərəf ola bilərik?
- Əlbəttə yalnız gəncləri bu işə cəlb etməklə iş bitmir. Alimlərimizi, siyasətçilərimizi də səfərbər etməliyik. Azərbaycanla bağlı digər dillərdəki vikipediyalarda kifayət qədər yalan məlumatlar var. Məsələn, rus dilindəki vikipediyada «Azərbaycanda tarixin saxtalaşdırılması» kimi məqalə yerləşdirilib. Erməni tarixçiləri, erməni politoloqları rusdilli vikipediyada oturub Azərbaycana qarşı əməlli-başlı informasiya müharibəsi aparırlar. Nizami Gəncəvi fars şairi kimi göstərilir, amma biz heç nə edə bilmirik. Çünki bunu sübut etmək üçün ədəbiyyatşünaslar, nizamişünaslar, tarixşünaslar müzakirəyə qoşulmalıdır. Gənclər nə qədər vətənpərvər olsalar da, elmi biliyə malik deyillərsə, bunu sübut edə bilməyəcəkələr. Hətta Türkiyənin vikipediyasında belə ermənilərə uduzuruq. Çünki erməni gəncləri Türkiyədə çoxdur və aktivdirlər. Buna görə də türkdilli vikipediyada da Azərbaycanın tarixi ilə bağlı yanlış məlumatlar yer alır. Məsələn, Kəlbəcəri Kaşatağ, Kəlbəcərin bir hissəsini isə Şaumyan kimi göstərirlər. Türkdilli vikipediyada “Dağlıq Qarabağ Cümhuriyyətindəki bölgələr” adlı məqalə də yerləşdirilib. Bu işə də təcrübəli alimlərimizin qarışması lazımdır. Bizdə vətənpərvər alimlər var, amma onlar çox zaman bilmirlər ki, vətənpərvərliklərini, biliklərini harada istifadə etsinlər.
- Yaşlı alimlərimizin əksəriyyəti bəlkə də internetdən istifadə etmir. Bu problemi aradan qaldırmaq üçün nə təklif edirsiniz?
- Təklif edirik ki, alimlərimizə İnformasiya Texnologiyaları İnstitutunda treninqlər keçirilsin, onlara vikipediya barədə məlumat verək, saytdan istifadəni öyrədək. Aspirantlarımıza dərs keçirik, amma qocaman, təcrübəli alimlərimizə də sözügedən yöndə treninqlır keçmək lazımdır. Eyni zamanda jurnalistlərə treninqlər keçərək onları da bu işə cəlb edə bilərik. Buraya daha çox adam cəlb edilsə, hərə vikipediyada bir cümlə yazsa, böyük bir iş görmüş olarıq. Bir institutun işi ilə bu problem düzələn deyil.
- Vikipediyada informasiya yerləşdirməyin şərtləri hansılardır?
- İlk növbədə mənbə göstərilməlidir. Digər dillərdəki vikipediyalarda mənbə göstərilmədən qoyulan məlumatlar silinir, amma Azərbaycan dilindəki vikipediyada silinmir. Çünki bizdə onsuz da məlumat azdır. Buna görə adminstratorlar həmin məlumatları İnternetdə başqa mənbələrdən dəqiqləşdirməklə saxlayırlar.
- Bəs ermənilər Azərbaycanla bağlı yanlış məlumatlar yerləşdirərkən haraya istinad edirlər?
- Ermənilərdə belə bir siyasət var. Onlar əvvəlcə yalan məlumatın, məsələn, Avropada tanınan çox nüfuzlu bir xəbər agentliyində çıxmasına nail olurlar. Sonra istinad edərək onu vikipediyada yerləşdirirlər. Yaxud hansısa tanınmış elmi jurnalda məqaləni yazır və istinadla vikipediyaya verirlər.
- Hansı mənbələr vikipediyada etibarlı mənbələr sayılır?
- Tanınmış ensiklopediyalar, dövlət saytları, tanınmış yazıçıların, jurnalistlərin bloqları, şəxsi saytları, müəyyən universitetlərin, tanınmış elektron kitabxanaların, nüfuzlu xəbər agentliklərinin saytları, dünya səviyyəli alimlərin, tarixçilərin kitabları və s. etibarlı mənbələr sayılır.
- Ölkə Prezidenti İlham Əliyev 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində sərəncam imzalayıb. Sərəncamda Vikipediyanın inkişaf etdirilməsi ilə əlaqədar xüsusi bənd var. Həmin bənddə Azərbaycana dair kontentin və Vikipediya kimi qlobal informasiya resurslarında ölkəmizlə əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologi¬aları Nazirliyinin, qeyri-hökumət təşkilatlarınının bu işə cəlb edilməsi tapşırılır. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu olaraq hansı işləri görürsünüz?
- KİV-də vikipediya haqqında mütəmadi məlumatlar veririk, aspirantlara, dissertantlara mövzu barədə mühazirələr oxuyuruq, vikimetrik təqdiqatlarla bağlı elmi araşdırmalar aparırıq. Eyni zamanda vikipediyanı Azərbaycanın tarixi, tanınmış şəxsləri və milli-mədəni dəyərləri haqqında məlumatlarla zənginləşdiririk.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər