• çərşənbə axşamı, 12 noyabr, 00:18
  • Baku Bakı 13°C

Yol kənarında turistsiz qalan obyektlər

15.07.23 05:00 21981
Yol kənarında turistsiz qalan obyektlər

İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri həmin ərazidə fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinə ciddi təsir edib. Turistlərin sayı kəskin azalıb, gəlir səviyyəsi aşağı düşüb. Ekspertlər sahibkarlara səbirli olmağı məsləhət görürlər.

Bir müddətdir ki, İsmayıllı-Şəki yolunda əsaslı təmir-bərpa işləri aparılır. Bu yolla hərəkət etmək xeyli çətinləşib. Bu səbəbdən məlum istiqamət üzrə turistlərin axınında azalmalar müşahidə olunur. Qeyd edək ki, təmir işləri aparılan yol boyunca çoxsaylı istirahət mərkəzləri, təndirxanalar, restoranlar, kafelər mövcuddur. Nəticədə, hər il yay aylarında müştərilərlə dolu olan bu restoranlar, istirahət mərkəzləri indi boş qalıb. Üstəlik, bir neçə gün əvvəl yaşanan sel fəlakəti turizm obyektlərinin vəziyyətini daha da çətinləşdirib. Belə vəziyyətdə tək qazanc yeri turistlər olan obyekt sahibləri nə etməlidir?

Turistlərə əvvəlcədən məlumat verilməlidir

Turizm eksperti Ramin Zamanov dedi ki, bu məsələdə tək çarə yolların inşasının yekunlaşmasını gözləməkdir: “Turistlərin səfəri üçün alternativ yollar təklif oluna bilər. Yolsuzluq şəraitinə uyğun nəqliyyat vasitələrindən istifadə də mümkündür ki, səyahətlərini əvvəlcədən planlamış turistləri ünvana çatdıra bilsinlər. Məsələn, safari tipli nəqliyyat vasitələri seçilə, yaxud piyada keçidlər qoyula bilər. Yollarda təmir işləri aparılırsa, turistlərə əvvəlcədən bu barədə məlumat verilməlidir”.

Həmin zonalarda aktivlik yaranacaq

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov isə bildirdi ki, bu rayonlara hazırda insanlar az üz tutsa da, təmirdən sonra səyahətlərin sayı artacaq: “İsmayıllı-Şəki yolunda hazırda təmir-bərpa işləri gedir. İstənilən infrastruktur işləri - yolların bərpa olunması, kommunikasiya xətlərinin çəkilməsi iqtisadi canlanma yaradır. Yolun təmiri müsbət haldır. Gələcəkdə həmin yerlərin turizm bölgəsi olaraq inkişafına xidmət edəcək. Çünki yol daha rahat, ərazilər daha əlçatan olarsa, həmin yerlərə gedən turistlərin intensivliyi də artar. Bu zonalarda aktivlik yaranacaq, daha çox istirahət mərkəzləri, otellər fəaliyyət göstərə biləcək. Çünki turistlər, əsasən daha əlçatan yerlərə səyahət etməyi üstün tuturlar”.

Belə vəziyyətdə obyektlərin işləməyi çox çətindir

C.Aşurovun fikrincə, yol təmiri sahibkarları düşünərək indiki vaxta salınmamalı idi: “Yol tikintisi müvəqqəti xarakter daşıyır. Amma yaxşı olardı ki, təmir-tikinti işləri mövsüm vaxtı aparılmasın. Qeyri-mövsümi zamanda olsaydı, sahibkarlara dəyən ziyan daha az olardı. Bu, əslində razılaşdırılmalı idi. Adətən, belə təmir-tikinti işləri sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınaraq mövsüm olmayan vaxtlarda həyata keçirilir. İnsanların istirahətə getdiyi dövrdə qazıntı işlərinin aparılması fonunda obyektlərin işləməsi çox çətindir. Ancaq mövcud şəraitdə atıla biləcək başqa addım yoxdur”.

“Heç kim biznesin riskləri olduğunu fikirləşmir”

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, sahibkarlıq fəaliyyətində belə hallar çox baş verir: “Həmişə soruşulur ki, niyə mövsüm vaxtı qiymətlər daha baha olur. Amma heç kim biznesin riskləri olduğunu fikirləşmir. Sahibkar obyektdən 3 ay pul qazanır, amma 9 ay müştərisi olmur. Sahibkar hər bir halda obyektin xərclərini ödəməlidir. Qiymətlərin baha olduğunu deyəndə onların problemlərini düşünmürük. Bu məsələ sahibkarın öz problemidir. Yol çəkilir, yaxud sel gəlib deyə, onlara büdcədən yardım edilməsindən söz gedə bilməz. Çünki bu, büdcə təyinatına uyğun deyil. Güzəştli kreditlər verilməsini də deyə bilmərik. İnsanlara satışı kompensasiya etmək üçün kredit vermək ədalətli çıxış yolu deyil”. Bu dövrdə sahibkarlar pul qazanmayacaq X.Kərimli qeyd etdi ki, sahibkarların tək yolu insanları həvəsləndirməkdir: “Bu obyektlərin dövriyyəsi tam olaraq aşağı düşməyəcək. Çünki, vətəndaşlar yenə də alternativ yollardan istifadə edərək, bir az artıq məsafə qət edərək həmin ərazilərə gedə biləcəklər. Amma, yol çəkilən hissədəki sahibkarlar satış dəyərinin itirilməsindən əziyyət çəkəcək. Onlar bu prosesdə aksiyalar həyata keçirə bilərlər. Qiymətləri maksimum ucuzlaşdırmalıdırlar ki, vətəndaşlar həvəsləndirmə yolu ilə gəlsinlər. İnsanlar fikirləşsinlər ki, “pis yolla gedəcəyəm, amma daha ucuz şəkildə istirahət edəcəyəm”. Təbii ki, bu müddətdə sahibkarlar pul qazanmayacaq, hətta ziyana da gedə bilərlər”.

“Ziyanı öz hesablarına qarşılamalıdırlar”

İqtisadçı düşünür ki, sahibkarlar səbirli olmalı və ziyanı öz hesablarına qarşılamalıdırlar: “Sahibkar həmişə pul qazanacaq” deyə bir qayda yoxdur. Nəzərə alaq ki, yol da çəkilməlidir. Çünki çəkilən yoldan həmin sahibkarlar da faydalanacaq. İnsanlar yeni yoldan istifadə edəcək və həmin sahibkarlara da xeyir verəcək. Bu halda insanların daha çox gəlməsi nəticəsində sahibkar əksinə, qiyməti daha da qaldıracaq. Bu, təbii biznes prosesidir. Onlar belə nüansları öz hesablamalarında nəzərə almalıdırlar. Sahibkarlar mövcud vəziyyətdə bu ziyanı öz ehtiyatları hesabına kompensasiya etməlidir”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər