• cümə, 19 Aprel, 05:19
  • Baku Bakı 18°C

Vahid namizəd olmağa kimin daha çox şansı və haqqı var?

10.07.13 08:40 10315
Vahid namizəd olmağa kimin daha çox şansı və haqqı var?
Belə çıxır ki, İsa Qəmbər vahid namizədlik mübarizəsində Rüstəm İbrahimbəyova ancaq puluna görə uduzur.
Özlərini demokratik qüvvələr kimi qələmə verənlərin Milli Şurasında prezident seçkilərinin hazırlıqları ləng də olsa başlayıb. Amma hələlik təşkilat yalnız öz daxilindəki problemləri həll etməklə məşğuldur. Problem isə vahid namizədlə bağlı qəbul edilən qərarın tam olmaması ilə bağlıdır. İyulun 2-də Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi elan olunsa da, partiyası tərəfindən dəstəklənən Müsavat başqanı İsa Qəmbər namizədliyini hələ də geri götürməyib. Düzdür, başqan elə həmin sessiyadaca elan edib ki, əgər Rüstəm İbrahimbəyovu ölkəyə gəlsə, namizədliyi qeydə alınsa onu dəstəkləyəcək. O, bu şərtlər daxilində siravi partiyadaşlarını kino xadiminə səs verməyə çağırıb. Həmin iclasda Müsavat başqanının qərarına ciddi etirazlar olmadı, ümumi razılaşma əldə edildi.
Amma iyulun 8-də Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə müraciət ünvanlayaraq İsa Qəmbəri namizədliyini geri götürməyə çağırıb. Sanki belə təsəvvür yaranır ki, İsa Qəmbərin prezidentliyə namizəd olmağa haqqı çatmır. İbrahimbəyov isə hər şeyin fövqündə dayanan və bir qayda olaraq başqaları haqqında ikinci şəxsin təkində danışan bir siyasətçi kimi təqdim olunur. Siyasətə özünü yenicə sınayan rejissor-prodüsser yerdə qalan müxalifət liderlərini uşaq kimi qələmə verməyə çalışır. Sanki o, Uilyam Volosdur, Vatslev Haveldir. Hətta fəaliyyəti elan olunduğu gündən kağız üzərində qalan «El» hərəkatının sözçüsü və qoçusu funksiyasını yerinə yetirən Eldəniz Quliyev açıq şəkildə bəyan edib ki, Azərbaycanda ziyalıları sıralıyarkən Rüstəmdən sonra on sıranı boş saxlamaq lazımdır. Doğurdandamı belədir? Bunun üçün bu iki namizəd - Rüstəm İbrahimbəyovla İsa Qəmbər arasında bəzi müqayisələri aparmağa ehtiyac var.
Siyasi prosesləri izləyənlərə yaxşı məlumdur ki, Rüstəm İbrahimbəyovun bioqrafiyası, keçdiyi həyat yolu, dünya görüşü onun Azərbaycan müxalifətinin real vahid namizədi olmasına imkan vermir. O, heç vaxt siyasətçi olmayıb, siyasi proseslərin iştirakçısına çevrilməyib, digər tərəfdənsə heç vaxt milli olmayıb. Rus dilində fikirləşib, daha doğrusu rus başıyla düşünüb Azərbaycan dilində ağıl fikir söyləmək cəhdləri hələ ki nəticəsiz qalıb. Yaşı 70-i ötəndən sonra siyasətə gəlməsi, Azərbaycanın problemləri barədə düşünməyə başlaması da şəxsi qisasçılıq hissi ilə bağlıdır. Təbii ki, müxalifətə heç bir aidiyyəti olmayan birinin birdən-birə özlərini demokratik qüvvələr adlandıran bir toplumun vahid namizədi olması uzun müddətdir bu düşərgədə olan, canını fəda edən, illərini xərcləyən sıravi müsavatçıları, hətta cəbhəçiləri də qıcıqlandırır. Axı niyə Tural Abbaslı, Əbülfəz Qurbanlı birdən-birə peyda olmuş bu şəxs üçün özlərini polis dəyənəyinin altına atmalı, döydürməli, həbsə düşməlidirlər? Onların öz liderləri, uzun illərdir siyasi mübarizədə can qoyan partiya sədrləri yoxdurmu? Əlbəttə ki, var. Özlərini demokratik qüvvələr adlandıran siyasi partiyaların liderləri neçə illərdir ki, öz siyasi müvazinətlərini qoruyub saxlaya biliblər.
Onlardan biri, bəlkə də birincisi, elə Müsavat başqanı İsa Qəmbərdir. O, hələ Rüstəm İbrahimbəyovun namizədliyi gündəmə gəlməmişdən payızda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib. Sonradan onun namizədliyi partiyası tərəfindən rəsmən irəli sürülüb, seçki qərargahı yaradılıb. Bütün bunlardan sonra Milli Şura ideyası gündəmə gəlib, Rüstəm İbrahimbəyovun vahid namizəd olması ilə bağlı kampaniya başladılıb. Müxtəlif faktorları nəzərə alan Müsavat başqanı Rüstəm İbrahimbəyova güzəştə gedə biləcəyini bəyan edib. Amma bunu da ona çox görüb, tamamilə kənara çəkilməsini istəyirlər. Analoji bir sual meydana çıxır: Xeyir ola? İsa Qəmbər uzun müddətdir Azərbaycanın siyasətinin içində olan bir şəxsdir. Prezident seçkilərində namizəd olub, partiyası bir neçə dəfə parlamentdə təmsilçilik qazanıb. Onun uzun illərdir ardıcıl müxalifətçilik xətti hər kəsə məlumdur. İndi o, bütün bu üstün məziyyətlərini kənara qoyub öz namizədliyini Rüstəm İbrahimbəyovun xeyrinə geri götürməsini hansı arqumentlə əsaslandıra bilər? Yaşına görəmi? Əlbəttə ki, xeyir. İsa Qəmbər Rüstəm İbrahimbəyovdan çox cavandır. Siyasi təcrübəsinə görəmi? Qətiyyən. Yuxarıda da qeyd etdiyimiz kimi, İsa Qəmbər siyasi təcrübəsinə görə Rüstəm İbrahimbəyovu çaya susuz aparıb, susuz gətirər.
Bəs onda Müsavat başqanı kinorejissorun qara qaşına, qara gözünəmi vurulub ki, onun namizədliyini dəstəkləməlidir. Belə çıxır ki, İsa Qəmbər vahid namizədlik mübarizəsində Rüstəm İbrahimbəyova ancaq puluna görə uduzur. Bəlkə də İsa Qəmbər yaranmış vəziyyətdə pul faktorunu nəzərə alıb kinorejissora güzəştə gedərdi. Burada bir maneə var. Başqan verdiyi qərarı tərəfdaşlarına, partiyadaşlarına izah edə bilməyəcək. Bəli, ilkin mərhələdə o, müxalifətin seçkiyə vahid qüvvə kimi getməsinin vacibliyini önə çəkərək Rüstəm İbrahimbəyovu dəstəkləyəcəyini bəyan etdi, özünün isə ehtiyat namizəd olacağını bildirdi. Amma indi ondan ümumiyyətlə, ehtiyat namizəd belə olmamasını istəyirlər. Özü də Rüstəm İbrahimbəyovun namizəd kimi qeydə alınması ilə bağlı kifayət qədər ciddi hüquqi maneələrin olduğu bir şəraitdə. Belə bir şəraitdə torbada pişik görünməyə başlayır.
Rüstəm İbrahimbəyov Məşədi İbad kimi hər şeyi puluna güvənib etmək istəyir. Müsavatçılar isə əqidə adamlarıdır, onları pula ələ almaq çox çətindir. Bu baxımdan son vaxtlar Müsavat Partiyasının funksionerlərinin, bu partiyaya yaxın siyasilərin, jurnalistlərin İsa Qəmbərin namizədliyinə qarşı dözümsüzlüyə təpki göstərmələrini başa düşmək olar. Bu, kifayət qədər təbii bir refleksdir. İnsanlar 20 ildir fəaliyyət göstərib liderlərinin hansısa bir seçkidə uğur qazanması arzusu ilə yaşayırlar, qüvvələrin sınanması zamanı gələndə isə birisi puluna və xarici dəstəyinə arxalanıb ortaya düşür və illərdir ürəklərdə yuva quran arzuların üstündən xətt çəkmək istəyir. Bu səbəbdəndir ki, Müsavat funksionerləri heç bir siyasi sifariş olmadan İsa Qəmbərin Rüstəm İbrahimbəyov tərəfindən xərclənməsinə razı ola bilmirlər. Bütün bunları nəzərə alaraq qətiyyətlə iddia etmək olar ki, bu gün İsa Qəmbərin Rüstəm İbrahimbəyovla müqayisədə müxalifətin vahid namizədi olmaq üçün daha böyük şansı var. O, kinorejissordan fərqli olaraq daha şanslı namizəddir. Belə olan halda onun seçkilərə qatılmaması, daha doğrusu seçkilərə qatılmasına qadağanın qoyulması anormal hal olardı. Görünən odur ki, Rüstəm İbrahimbəyov və havadarları müxalifət camiəsini və Müsavat funksinerlərini bu anormallığı təbii hal kimi qəbul etməyə məcbur etmək istəyirlər. Amma bu, alınan deyil. Heç kim, xüsusilə də əqidə adamları şanslı namizəd olan liderlərini qoyub puluna və xarici dəstəkçilərinə güvənən kinorejissoru dəstəkləməyəcəklər.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər