• cümə, 26 Aprel, 15:59
  • Baku Bakı 23°C

Türkiyənin nüfuzlu nəşri Azərbaycanın turizm potensialından yazdı

19.09.17 10:00 781
Türkiyənin nüfuzlu nəşri Azərbaycanın turizm potensialından yazdı
Bu gün artıq tam əminliklə söyləmək olar ki, turizm tükənməyən gəlir mənbəyidir və bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrdə dövlət büdcəsinin formalaşmasında əsas faktor kimi çıxış edir. Turizm mövsümünün ilboyu davam etməsindən ABŞ, Böyük Britaniya, Çin, İspaniya, Türkiyə kimi ölkələrin dövlət büdcəsinə milyardlarla əlavə vəsaitlər daxil olur. Ölkəmizdə də son illər bu sahəyə ciddi investisiya qoyulur və son illərdə Azərbaycana gələn turistlərin sayı durmadan artır. Ölkəmizdə turizmin inkişafına dair dövlət tərəfindən mühüm işlər görülüb və bu işlər davam etdirilir. Mütəmadi olaraq Qərb, Rusiya və qardaş Türkiyə mətbuatında ölkəmizin turizm potensialı, günbəgün gözəlləşən Bakı və regionlar barədə reportajlar dərc edilir. Qeyd edilir ki, bir neçə ilə ölkəmiz bu istiqamətdə ciddi uğurlara imza ata bilər. Bu günlərdə Türkiyənin nüfuzlu "Sözçü” qəzeti "Azərbaycana getmək üçün 9 səbəb” başlıqlı məqalə dərc edib. Material belə b başlayır - "Yaxınlarınızın xoşbəxt şəkildə yaşaya biləcək və sizi qane edə biləcək bir ölkəyə getmək istəyərsinizmi? İstəsəniz Azərbaycan sizi gözləyir. Bakı hava limanında düşən kimi səlahiyyətli şəxslər sizə xəbərdarlıq edir - istədiyiniz banka daxil olub vəsaitinizi götürə və qoya bilərsiniz”. Reportajda xüsusi vurğulanır ki, Bakıdakı hər küçədə, meydanda hamının dilindən "iki dövlət-bir millət” sözlərini eşitmək mümkündür.
Dil problemi ilə üzləşməyəcəksiniz
Məqalədə qeyd edilir ki, Azərbaycanda səyahət edən Türkiyə vətəndaşları buralarda dil problemli ilə üzləşməyəcəklər. "Bu gözəl ölkəni öz dilinizlə tam gəzə bilərsiniz. Dünyanın ən köhnə neft ixracatçısı olan Azərbaycan, Xəzər neftini Qərbə açan ilk ölkədir. 1918-ci ildə qadınlara səsvermə hüququnu tanıyan Azərbaycan ABŞ və İsveçrədən əvvəl qadınlara seçkidə iştirak və seçilmə haqqı verən ilk müsəlman ölkə kimi yadda qalıb.
Yeməklər
Böyük bir kulinariya zənginliyi olan Azərbaycanda ən təbii və dadlı qidalarla qarşılaşacaqsınız. Yarpaq dolmaları, plovlar və ətdən hazırlanan gözəl təamlar hər gün masanızın içində olacaqdır.
Tarix
Məqalədə daha sonra bildirilir ki, Azərbaycan dərin tarixə malikdir: "Bakı mütləq ziyarət etməli olduğunuz çox gözəl bir yerdir. Burada sizi Osmanlı İmperatorluğunu, ərəb, Sovet arxitekturasına aid tarixi abidələr salamlayır. Bu diqqətlə qorunan və təqdim edilən əsərlər sizi digər torpaqlara aparacaq”.
Muzeylər
Daha sonra Azərbaycanın bir muzeylər ölkəsi olduğu xüsusi vurğulanır. "Bakıda hər yerdə maraqlandığınız muzeylərlə qarşılaşacaqsınız. Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Tağıyev Tarix Muzeyi, Müasir İncəsənət Muzeyi, Kukla Teatrı, Muğam Mərkəzi və s”, - deyə xüsusi qeyd edilir.
Rəssam Əli
"Bakının İçərişəhər adlanan yerində səyahət edərkən qadın portretləri olan bir ağac diqqətinizi cəlb edəcək. Bu ağac rəssam Əli Şəmsinin sayəsində yenidən həyata qayıdıb. O ağacın yaxınlığında rəssamın atelyesi işləyir. Azərbaycanın görkəmli rəssamlarından olan Əli, ağacın qarşısından hər gün keçən insanların diqqətini çəkdiyi qadın portretləri ilə cəlb etməyi bacarıb. Gəlib ağaca toxunan və qarşısında fotoşəkillər çəkdirən insanlar sayəsində illərdir yarpaq verməyən ağac indi bəlkə də bu maraq sayəsində canlanıb və inkişafa başlayıb”, - deyə məqalədə bildirilir.
Heydər Əliyev Mərkəzi
Məqalədə o da qeyd edilir ki, Azərbaycanın qürur duyulası yerlərindən biri Heydər Əliyev Mərkəzidir. "2013-cü ildə fəaliyyətə başlayan bu 101 min kvadrat metrlik mədəniyyət mərkəzi Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8-ci ildönümü səbəbi ilə fəaliyyətə başlayıb”, - deyə bildirilib.
Memarlıq
Daha sonra qeyd edilir ki, "xüsusən Bakıya gəlincə, geniş küçələri əhatə edən təsirli strukturlar diqqətinizi cəlb edəcək. Estetik gözəlliyi olan bu binaların hər birində bir çox ölkələrin memarlıq abidələri sizin gözünüzü oxşayacaq. Bakıda özünüzü Rusiyada, Parisdə və ya Vyanada səyahət etdiyiniz kimi hiss edə bilərsiniz”.
Təhlükəsizlik
Müəllif yazır ki, "Azərbaycan paytaxtı Bakı dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Turistlərin baş bəlası olan "oğurluq, zorakılıq və təcavüz” kimi cinayətlər Azərbaycanda ağır cinayətlər hesab edilir. Azərbaycanda polis qüvvələrinin həssaslığı ilə demək olar ki, heç bir anarxiya yoxdur”.
Ticarət
Sonda qeyd edilir ki, "dünyanın ən məşhur markaları Bakı küçələrinə fərqli bir canlılıq əlavə edir. Ən məşhur toxuculuq, kosmetika və avtomobil markalarına tez-tez rast gəlinir. Bakı Limanı ətraf ölkələrdən alış-veriş üçün gələn insanların diqqətini cəlb edir. Bura ən müxtəlif çeşidli mağazaların toplandığı ən mühüm mərkəzdir”.
Azər
banner

Oxşar Xəbərlər