Tələbələrin imtahan həyəcanı - Reportaj - Fotolar

Ötən ilin son ayından etibarən ölkəmizdəki ali və
orta ixtisas təhsil müəssisələrində payız imtahan sessiyasına start verilib. Tələbələr
əvvəlki aylarda, eləcə də semestrlərdə öyrəndiklərinin, qazandıqları biliklərin
bir növ hesabatını verməyə başlayıblar. Tələbələrin böyük həyəcanla gözlədiyi
bu anı izləmək, imtahan prosesini yaxından müşahidə etmək üçün bu günlərdə Bakı
İdarəetmə və Texnologiya Kollecində (BİTKol) olduq.

Kollecin girişində özümüzü
nəzarətçiyə təqdim edib məqsədimizi bildirdikdən az müddət sonra təhsil müəssisəsinin tədris işləri üzrə
direktor müavini Nofəl Nəbiyevlə görüşdük. O, imtahanlarla bağlı bizə məlumat
verərək söylədi ki, 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan
sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək
məqsədi ilə direktor Varis Allahverdiyev tərəfindən əmr imzalanıb, İmtahan Mərkəzi
yaradılıb. İmtahan sessiyası əyani şöbədə 29.XII.2017-ci il tarixdə başlayıb və
01.II.2018-ci il tarixədək davam edəcək. Qiyabi şöbədə isə imtahan sessiyası
04.12.2017-ci il tarixdə başlayıb 28.XII.2017-ci il tarixdə başa çatıb.

Direktor müavini qeyd etdi ki, imtahanlararası müddət minimum 2 gün,
imtahanlara ayrılmış vaxt 3 akademik saat müəyyənləşdirilib. Direktor müavini
onu da qeyd etdi ki, şəffaflıq və obyektivlik naminə imtahan prosesində arzu
etdikləri halda tələbələrin valideynləri, hətta istənilən peşəkar media
qurumunun təmsilçisi də müşahidəçi qismində iştirak edə bilər. Onun sözlərinə
görə, istənilən tələbənin valideyni imtahan prosesini yaxından izləyə,
övladının imtahan verdiyi auditoriyada əyləşib onu müşahidə edə bilər. N.Nəbiyev
dedi ki, belə bir şərait bilavasitə kollecin direktoru Varis Allahverdiyevin təşəbbüsü
ilə yaradılıb.

İmtahan prosesi barədə məlumatları öyrəndikdən
sonra direktor müavininin müşayiəti ilə təhsil müəssisəsindəki istədiyimiz mərtəbəyə
qalxıb oradakı otaqlarda imtahanın gedişini izləmək imkanı qazandıq. Əvvəlcə
onu qeyd edək ki, kollecin dəhlizlərində tam səssizlik hökm sürürdü. İmtahan
keçirilən otaqların hamısının qapısı açıq idi. Sakitliyə, nizam-intizama
cavabdeh olan müəllimlərin nəzarəti altında tələbələr yazılı imtahan verirdilər.
Onlar bilet suallarının cavabını fikirləşir, bildiklərini möhürlü cavab vərəqlərinə
yazırdılar. Eyni mənzərəni hər bir auditoriyada müşahidə etmək mümkün idi.
İmtahan prosesinə, tələbələrə mane olmamaq üçün biz də bacardıqca sakitliyə
riayət edir, yalnız müşahidələr aparıb, foto çəkməklə kifayətlənirdik.

Kollecdə olduğumuz müddətdə İdarəetmə şöbəsinin müdiri Gülnarə Qurbanova ilə həmsöhbət olduq.
Şöbənin fəaliyyəti, müəllim və tələbələrin nizam-intizamı, dərsə davamiyyət barədə
suallarımıza cavab axtardıq. G.Qurbanova bildirdi ki, şöbədə hər bir imtahan
sessiyasının nəticələri daim təhlil edilir, görülən işin uğurlu olub-olmaması
ortaya çıxarılır, növbəti imtahan sessiyası üçün daha ciddi hazırlıqlar
aparılır. Onun sözlərinə görə, kollecdə imtahan sessiyasının şəffaf və obyektiv
təşkili üçün imtahan komissiyası yaradılıb, vicdanlı, peşəkar, neqativ
hallardan uzaq olan əməkdaşlar prosesə cəlb olunub. G.Qurbanova söylədiklərini əyani
şəkildə göstərmək üçün bizi kollecin İdarəetmə şöbəsinin fəaliyyəti, həmçinin
orada çalışan müəllim heyəti ilə də tanış etdi.

Şöbənin gənc mütəxəssisləri Nərmin İmaməliyeva, Esmira Seyidova, Günay Bağırlı, Atəş Bayramov, Günay Umudova, Şəbnəm Kazımbəyli və Aynur Rzaquliyevanınişgüzarlığı otaqdakı abı-havadan dərhal hiss olunurdu.İmtahan
komissiyasının sədr müavini, monitorinq və qiymətləndirmə bölməsinin rəhbəri
Emin Rəhimli tələbələrin biliklərinin düzgün qiymətləndirilməsindən,
imtahan sessiyalarının şəffaf təşkil olunmasından söhbət açdı. Bildirdi ki,
imtahan biletləri şöbədə anonim şəkildə hazırlanır, təkrar yoxlandıqdan sonra
xüsusi zərflərdə möhürlənərək saxlanılır. Yalnız imtahan günü həmin zərf
imtahana daxil edilir və orada açılır. Yəni, biletlərin mahiyyətindən, oradakı
suallardan tələbə-müəllim heyətinin, eləcə də imtahan prosesinə nəzarət edəcək
müəllimlərin əvvəlcədən xəbəri olmur. E.Rəhimli vurğuladı ki, bütün bu işlərin
görülməsində başlıca məqsəd tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə
nail olmaqdır.

İmtahan cavablarının yoxlanmasından söhbət açan E.Rəhimli
bildirdi ki, bu proses kamera nəzarəti olan xüsusi otaqlarda həyata keçirilir.
Bu zaman hansısa qrupa dərs deyən müəllim imtahan cavablarının yoxlanmasında
birbaşa iştirak etmir. Onun sözlərinə görə, imtahan cavablarını həmin fənn üzrə
dərs deyən başqa bir müəllim yoxlayır. Burada önəmli məqam ondan ibarətdir ki,
imtahan cavab vərəqləri kodlaşdırıldığından müəllim həmin cavabların hansı tələbəyə
məxsus olduğunu da bilmir. Bununla hansısa müəllimin, yaxud köməkçi heyətdən
kimlərinsə hər hansı tələbəni himayə etmək halları mümkünsüz olur. Hətta
direktorun özü də bu prosesdən kənarda qalır.

E.Rəhimli söhbət əsnasında onu da bildirdi ki,
imtahan prosesinin şəffaf və obyektiv təşkili ilə paralel olaraq, kollecdə
imtahan nəticələrdən razı qalmayanlar üçün Münaqişə Komissiyası da yaradılıb. Əgər
hər hansı tələbə hesab edirsə ki, imtahanda nümayiş etdirdiyi bilik və bacarıq
müqabilində qeyri-obyektiv qiymət alıb, heç nədən çəkinmədən Münaqişə
Komissiyasına müraciət edə bilər. Bu zaman o, heç bir kənar təsir və ya təzyiqlə
üzləşmir. Həmsöhbətimin qeyd etdiyinə görə, belə müraciət qəbul edildiyi halda
dərhal həmin tələbənin imtahan cavabı yerindəcə təkrar yoxlanılır və rəy
verilir.

Bundan başqa, tələbələr yalnız imtahan prosesi ilə bağlı deyil,
ümumiyyətlə kollecdə oxuduqları müddətdə üzləşə biləcəkləri hər hansı
çatışmazlıq, çətinlik və ya hadisə ilə əlaqədar şöbə müdirlərinə, direktor
müavinlərinə və direktora da müraciət etməkdə sərbəstdirlər. E.Rəhimli onu da əlavə
etdi ki, imtahanın nəticələri barədə məlumatlar bir gün sonra kollecin rəsmi
saytında (www.bitkol.edu.az + "Tələbələr” + "İmtahan nəticələri”) müvafiq bölmədə
yerləşdirilir. Beləliklə, hər bir tələbə kollecə gəlmədən də imtahan nəticələrini
öyrənə bilər.

Kollecdə olduğumuz müddətdə öyrəndiyimiz məlumatlar,
apardığımız müşahidələr, imtahandan razı halda çıxan tələbələrin sevinc hisləri,
övladlarını həyəcanla gözləyən valideynlərin məmnunluğu təhsil müəssisəsindən
xoş təəssüratlarla ayrılmağımıza səbəb oldu. Şübhə etmədik ki, BİTKol-da payız
imtahan sessiyası kollec rəsmilərinin qeyd etdiyi kimi tam şəffaf və obyektiv
keçirilir.
B.MƏMMƏDLİ

