Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi - Fotolar

"Şahdağ öz qarı və buzlaqları ilə əbədi olduğu kimi "Şollar”
çeşməsinin suyu da əbədidir”
Hacı Zeynalabdin Tağıyev
Orta və ali təhsil müəssisələrindəki dərsliklərdə, eyni zamanda populyar ədəbiyyatlarda sudan bəhs olunarkən, - "su həyat mənbəyidir”, - fikrinə tez-tez rast gəlmək olur. Əslində isə Yer kürəsinin üçdə ikisinin ibarət olduğu su planetimizdə
həyatın özüdür. Çünki yaşadığımız dünyada bütün canlıların, o cümlədən
insanların, heyvanların, bitkilərin orqanizmi bu və ya digər nisbətdə sudan
ibarətdir. Misal üçün, insan orqanizminin hər yerində, xüsusən də qanda,
sümükdə, əzələdə, daxili orqanlarda və sairdə az və ya çox miqdarda su var. Normal
şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla gün ərzində 2-3 litr
intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul
etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq
iqtidarında deyil.

Su
həm də çox universal mühitdir. Məlumdur ki, insanın qidasını təşkil edən
nemətlərin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi
pozular, orqanizmin qidalanması mümkün olmaz. Belə ki,
bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə insanın həzm sistemi
tərəfindən "emal” oluna bilir. Məhz bu hikmətdən başqa bir vacib şərt
qaynaqlanır – suyun insan həyatı üçün faydalılığı həm də onun təmizliyi ilə
şərtlənir. 1 dəqiqə ərzində insan orqanizmində 4 milyon eritrosit məhv olur,
elə o qədəri də yaranır. Su nə qədər təmiz olarsa, onun iştirakı ilə yaranan və
yaşayan qan maddəsi daha təmiz və sağlam olar. Çünki su özü ilə gətirdiyi "çirkab”
vasitəsilə qanı korlayır, orqanizmdə mutagen dəyişikliklər yaradır və genlərə yazılmış
"genetik informasiya”nı dağıdır. Məhz bu kimi bir çox səbəblərdən içməli təmiz
su insan üçün həyati əhəmiyyət kəsb edir.

Su ehtiyatlarına görə Cənubi Qafqazın ən "kasıb” ölkəsi
Bütün
bunlar nəzərə alınaraq, Yer kürəsində mövcud olan hər bir ölkədə əhalinin
içməli təmiz suya olan tələbatının ödənməsi üçün müxtəlif tədbirlər görülməkdə,
irimiqyaslı layihələr həyata keçirilməkdədir. Lakin bir çox ölkələrdə içməli su
problemi hələ də özünü göstərməkdədir. Azərbaycan da ölkə
ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə
görə Cənubi Qafqazın ən "kasıb” ölkəsi sayılır. Ancaq buna baxmayaraq,
Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən
irəlidədir. Bu vəziyyətə çatmaq üçün isə ölkəmiz uzun bir yol qət edib.
Azərbaycanda, xüsusən də paytaxt Bakıda içməli su deyən kimi, ilk yada düşən
"Şollar” olur ki, bu da təsadüfi deyil. Çünki "Şollar” Abşeron yarımadasının
içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə
tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat
şəhəri yaxınlığında yerləşən Şollar kəndindəki yeraltı sulardan götürür.
İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin
tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildir ki, Bakı
əhalisini su ilə təmin edir.

"Şollar”la başlayan həyat
Hazırda ölkə istehlakçılarınımərkəzləşdirilmiş
qaydadaiçməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri
göstərən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat üçün yaydığı
məlumatlardan aydın olur ki, mənbəyini Bakıdan187 kilometr məsafədən
götürən "Şollar” su kəmərinin tikintisinə hələ 1903-cü ildə başlanıb.
Lakin kəmərin tikintisində fasilələr yarandığından "Şollar” suyu Bakı əhalisinə
düz 14 ildən sonra, yəni 1917-ci ildə çatdırılıb. Həmin il fevralın 18-i tarixə
"Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşüb. 1917-ci ildə "hərbi
variant” üzrə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar
layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata
keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su
anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5
dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə
çatdırılıb. "Azərsu” rəsmilərinin söylədiklərinə görə, 1917-ci ildən fasiləsiz
fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. Hazırda
da "Şollar” ilin bütün dövrlərində orta hesabla saniyədə 1200-1300 litr su
verir.

Məhsuldarlığı "Şollar”dan 2 dəfə çox olan ikinci su
kəməri
Mənbəyini
Xaçmaz rayonu ərazisindən götürən İkinci Bakı Su Kəmərinin tikintisinə isə
1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin 17 sentyabr tarixli qərarı ilə
başlanılıb. İkinci Dünya Müharibəsi ilə əlaqədar kəmərin inşasında fasilə
yarandığından, bu layihəni düz 24 ildən sonra reallaşdırmaq mümkün olub.
1958-ci ildə kəmərin tikintisi tam başa çatdırılıb və bu mənbədən Bakıya
saniyədə 2,73 kubmetr (sutkada 240 min kubmetr) təmiz su nəql olunub. Uzunluğu
175 kilometr olan dəmir-beton konstruksiyalı kəmər hazırda Siyəzən və Şabran
rayonlarını da içməli su ilə təmin edir. Məhsuldarlığı "Şollar”dan 2 dəfə çox
olan İkinci Bakı Su Kəməri mənbə kimi artezian tipli quyulardan, lay və bulaq
sularından qidalanır. Maraqlısı budur ki, eyni istiqamətdən çəkilmiş Birinci və
İkinci Bakı Su kəmərlərinin suyu paytaxta qədər heç yerdə qarışmır. Belə ki,
İkinci Bakı Su Kəməri Xudat-Bakı avtomobil yolunun solunda,"Şollar” isə
magistralın sağında yerləşir. "Şollar” kəmərində olduğu kimi, İkinci Bakı Su
Kəməri ilə nəql olunan su da H.Z.Tağıyev qəsəbəsindəki nasos stansiyasına qədər
özüaxımlı rejimdə ötürülür. Buradan da nasoslarla Bakıya çatdırılır.

Kürün suyu paytaxt Bakıya çatdırılır
Qeyd edək ki,
Abşerona sözün əsl mənasında həyat bəxş edən "Şollar” – I və II Bakı Su Kəmərləri
zaman keçdikcə böyüyən, inkişaf edən yarımadanın tələbatının ödənilməsinə
kifayət etməyib. İstehlakçıların su təchizatının dayanıqlılığını təmin etmək
üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında Kür çayının sahilində
sutəmizləyici qurğular kompleksinin inşası və oradan Bakıya kəmərlərin
çəkilməsinə başlanılıb. 1969-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
"xalq tikintisi”nə çevrilən bu layihə qısa müddətdə tamamlanıb. Kür su
kəmərləri sisiteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə
istismara verilib. Təmizlənən suyu Bakı sakinlərinə çatdırmaq üçün Hacıqabul
rayonunun Kiçik Talış kəndi yaxınlığında yerləşən kompleksdən 2 ədəd magistral
kəmər çəkilib.

Birinci mərhələdə kəmərlərlə paytaxta saniyədə 3,2 kubmetr
içməli su ötürülsə də, bu, artan tələbatı yenə də ödəməyib. Ona
görə də 1980-ci illərdə Kür su kəmərləri sisiteminin ikinci növbəsi tikilib.
1984, 1986 və 1988-ci illərdə 3 mərhələdə Bakıya daha 3 magistral su kəməri
çəkilib. Kür su kəmərləri sisiteminin ikinci növbəsinin istismara verilməsi ilə
yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində müşahidə olunan su
qıtlığı aradan qaldırılıb. 1998-2005-ci illərdə "Böyük Bakının su təchizatı
sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Dünya Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici
qurğular kompleksində yenidənqurma işləri aparılıb. Kür su kəmərləri sisteminin
imkanlarından yararlanmaqla, 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri
tikilib. Magistral kəmərin tam istismara verilməsi Hacıqabul, Şirvan,
Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər
sakininin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasına yol açıb.

Ceyranbatan su anbarı
Samur-Abşeron
kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş
sutəmizləyici qurğular kompleksi də Abşeron yarımadasının içməli su
təchizatında böyük paya malikdir. Anbar ingilis mühəndis Uilyam Lindleyin
1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb. İlkin olaraq
Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılmasına qərar verilib. Paralel
olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon
kubmetr olan anbar yaradılıb və 1957-ci ildə hövzənin su ilə
doldurulmasına başlanıb. Ceyranbatan sutəmizləyici qurğular kompleksi və
magistral su kəmərləri isə Azərbaycan SSR Nazirlər Sovetinin 21 noyabr 1957-ci
il tarixli və 2 iyun 1960-cı il tarixli nömrəli qərarları əsasında 3 mərhələdə
inşa edilib. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin birinci mərhələsi
8 sentyabr 1961-ci idə istismara verilib.

Kompleksin ikinci mərhələsi 1966-cı
ildə, üçüncü mərhələsi isə ümummilli lider Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə, 1978-ci ildə işə salınıb. Bu gün Sumqayıt şəhəri,
Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su
Ceyranbatanda emal olunur. Müasir dövrdə Abşeron yarımadasının dayanıqlı və
keyfiyyətli içməli su təchizatı məqsədilə Ceyranbatan gölünün sahilində
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi də inşa olunub. 28
oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan bu kompleks və 83,5 km uzunluğunda
Ceyranbatan-Zirə magistral su kəməri layihələri Pirallahı qəsəbəsi də daxil
olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini
dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir.

Su təchizatında ən iri layihə
Oğuz-Qəbələ-Bakı
su kəməri isə Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata
keçirilən sonuncu və ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru
xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin
dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun
gətirilməsinin vaxtının çatdığını bildirib və bu məqsədlə Oğuz-Qəbələ zonasının
yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş verib. Prezident İlham
Əliyevin "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı,
Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli sərəncamı ilə
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanıb. Dövlət Neft Fondunun
vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış
mərasimi 2010-cu il dekabrin 28-də keçirilib. Uzunluğu 262,5 kilometr, diametri
2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olan bu su kəməri ilə
Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam
uyğundur. Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən
su paytaxtın əksər rayonlarını təmin edir.

2035-ci ilədək görüləcək işlər
Bütün
sadalanan bu faktlar onu deməyə əsas verir ki, su ehtiyatlarının məhdudluğuna
və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən "kasıb” ölkəsi
sayılan Azərbaycanda suya olan tələbatın ödənilməsi hər zaman diqqət mərkəzində
olub. Ötən əsrin əvvəllərində məşhur xeyriyyəçi H.Z.Tağıyevin "Şollar”la başlatdığı,
bu gün 100 yaşı olan aksiya ümummilli lider Heydər Əliyevin istər sovetlər
birliyi dövründə, istərsə müstəqillik illərində Azərbaycanda siyasi
hakimiyyətdə olduğu müddətdə daha da genişləndirilib, günün tələbləri
səviyəsinə çatdırlıb. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident
İlham Əliyev dəstəyi ilə bu gün "Azərsu” ASC də ölkədə içməli suya olan tələbatın
maksimum səviyyədə ödənməsinə çalışır. Paytaxt Bakı və Azərbaycanın bütün
rayonlarının 2035-ci ilədək perspektiv inkişafı nəzərə alınmaqla, bölgələrin su
təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin uğurla
həyata keçirilməsi buna ən bariz nümunədir.
Rufik İSMAYILOV
Yazı "Azərsu” Açıq Səhmdar
Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
