• cümə, 29 Mart, 15:34
  • Baku Bakı 14°C

Rəsmi İrəvanın sülh ritorikasını dəyişmə SƏBƏBİ

31.05.23 14:35 1166
Rəsmi İrəvanın sülh ritorikasını dəyişmə SƏBƏBİ

Artıq heç kimə sirr deyil ki, Avropa İttifaqının (Aİ) və ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarında son həftələrdə ciddi irəliləyişlər əldə olunub. Mayın 22-də yerli mətbuat nümayəndələri ilə müsahibəsində Ermənistanın Baş Naziri Nikol Paşinyan birmənalı olaraq Qarabağ regionunun Azərbaycanın dünya ictimaiyyəti tərəfindən tanınmış sərhədləri daxilində olduğunu bəyan etdi. İki dövlət arasında sülh müqaviləsinin yaxın zamanda imzalanacağı ilə bağlı optimizm bu bəyanatdan sonra daha da artdı. Həttə müxtəlif mənbələrdən iyunun 1-də Kişinyovda keçiriləcək görüşdə sülh müqaviləsinin imzalanacağına dair gözləntilər ifadə olunurdu.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov deyib.

O bildirib ki, bununla belə, Ermənistanın xarici siyasətinə və onun Azərbaycan torpaqlarına dair ərazi iddialarına yaxından bələd olan müşahidəçilər rəsmi İrəvanın bəyanatlarına skeptik yanaşırlar.

“Ermənistan daxilində Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına qarşı çıxan, hətta Baş Nazir Paşinyanı hədələyən kifayət qədər güclü siyasi dairələr mövcuddur. Eyni zamanda diaspora erməniləri də bu məsələdə barışmaz radikal və təcavüzkar mövqe tutur və rəsmi İrəvana müxtəlif kanallarla xəbərdarlıq mesajları göndərirlər.

Belə bir kontekstdə Paşinyanın iyunun 1-də sülh müqaviləsinin imzalanmayacağını bildirməsi və müqavilənin mətnin hələ razılaşdırılmadığını bəyan etməsi onu göstərir ki, onun hökuməti bu istiqamətdə qətiyyətli addım atmaqdan çəkinir. Buna paralel olaraq, son günlər Azərbaycana qarşı yeni hərbi təxribatların törədilməsi rəsmi Yerevanın vəziyyəti yenidən gərginləşdirmək və sülh müqaviləsinin imzalanması üçün tələb olunan ilkin şərtləri aradan qaldırmaq məqsədi güddüyünü göstərir”, - deyə o qeyd edib.

V.Hüseynovun fikrincə, heç şübhəsiz ki, belə bir vəziyyət bölgədə sülh və təhlükəsizliyə böyük zərbə vurur və iki xalq arasında barışığın əldə olunması təşəbbüslərinə mane olur.

“Aydındır ki, beynəlxalq ictimaiyyət, xüsusilə, əsas vasitəçilər ABŞ və Aİ imkan verməməlidir ki, Ermənistan və Azərbaycan arasında sülh üçün mövcud tarixi şans hədər getsin. Bunun üçün rəsmi Yerevana təzyiq göstərmək, eyni zamanda sülh müqaviləsi təşəbbüslərinə qarşı çıxan qüvvələrə sərt cavab vermək və onların təsir rıçaqlarını neytrallaşdırmaq tələb olunur”, - deyə o əlavə edib.

banner

Oxşar Xəbərlər