Radikal müxalifət Azərbaycan cəmiyyətinə lazımdırmı?
19.04.19 18:58
1779
Müxalifətin dağıdıcı, anarxist düşərgəsi olan "radikal müxalifət”
qanadı günbəgün əsl simasını göstərməkdədir. 90-cı illərin ab-havasından çıxa
bilməyən bu qüvvələrin ötən illər ərzində müxtəlif adlar altında birləşməsi və
yenidən bir-birini təhqir edərək ayrılmasının dəfələrlə şahidi olmuşuq. Belə
qüvvələr indi də "Milli Şura”, "Azərbaycan Xalq Hərəkatı” və sair adlar altında
bir araya gəliblər.
Siyasi mübarizənin necə aparıldığını öyrənə bilməyən bu qüvvələr gəlişigözəl
adlar altında birliklər yaradaraq özlərini cəmiyyətə sırımağa cəhd edirlər.
Söyüş və təhqirləri "demokratik” yanaşma kimi sərgiləyən bu qüvvələr cəmiyyət
tərəfindən qəbul edilmir. Bunu açıq şəkildə həm mediadan, həm də sosial
şəbəkələrdən görmək olar. Belə olan halda, köhnə təfəkkürlü, yalnız dağıdıcı
mövqedə olan və təhqirlərdən o yana keçə bilməyən radikal müxalifət Azərbaycan cəmiyyətinə
lazımdırmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi
ki, demokratik cəmiyyətdə iqtidarla bərabər müxalifət də olmalıdır: "Bu,
demokratik cəmiyyətin çox vacib göstəricisidir. Bu gün Azərbaycanda müxalifət
çoxqütblüdür. Müxalifətin konstruktiv qanadı var ki, müxalifətdə dayanaraq
Azərbaycan dövlətçiliyinə, demokratik proseslərin inkişafına, vətəndaş
cəmiyyətinin möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Onların əksəriyyəti bu
gün Milli Məclisdə təmsil olunur. Lakin müxalifətin həm də dağıdıcı, anarxist
qanadı da var ki, bunlar hələ də köhnə təfəkkürlə, düşüncə tərzi ilə yaşayır və
intellektual inkişafdan geri qalırlar, hadisələrin gedişinə innovativ yanaşmaları
yoxdur. Bundan əlavə, müxalifətdə dayanaraq dövlətçiliyə xidmət etmək kimi
düşüncə tərzi mövcud deyil. Belə bir müxalifət özünü qoruyub saxlamaq üçün ən
müxtəlif vasitələrə əl atır. Bəlli olduğu kimi, anarxist, dağıdıcı, qisasçı
mahiyyət daşıyan bu müxalifətin Azərbaycanda sosial dayaqları yoxdur. Onlar
artıq tükəniblər və cəmiyyət tərəfindən müdafiə olunmurlar. Xalq bunları qəbul
etmədiyi halda, özlərini yaşatmaq üçün nə etməlidirlər? Ona görə də yığışırlar,
ən müxtəlif gəlişigözəl adlar altında birliklər, ittifaqlar yaradırlar və onun
ətrafında fikir mübadiləsi aparıb gündəmdə qalmağa çalışırlar. Biz bunun son
nəticəsini "Azərbaycan Xalq Hərəkatı” adlı qurumda gördük. Tükənən, artıq
siyasətdə yeri və söz sahibi olmayan, vaxtilə xalq hərəkatında bu və ya digər
şəkildə iştirak edən bəzi simalar, eləcə də bir nəfər sədrdən ibarət olan
partiya rəhbərləri də bura qoşularaq gündəmdə qalmaq üçün görüntü yaradırlar.
Bunun da, əlbəttə ki, perspektivi yoxdur”.
F.Ağamalı qeyd etdi ki, bu cür insanlar əslində ölkədə siyasi
proseslərin inkişafına heç bir töhfə vermirlər: "Əksinə, onlar siyasi
proseslərin gedişinə kölgə salırlar. Anarxist mövqedə dayananlar konstruktiv
xarakter daşıyan, fəal müxalifətin formalaşmasına ciddi şəkildə maneçiliklər
törədirlər. Ona görə də hesab edirəm ki, müxalifətdə dayanan partiyalar öz münasibətini
ifadə edib, demokratik yol ilə belə qüvvələri siyasi səhnədən
uzaqlaşdırmalıdırlar. Nə qədər ki belə dağıdıcı qüvvələr siyasi səhnədən
uzaqlaşdırılmayıb, Azərbaycanın siyasi mühitində, o cümlədən müxalifətdə bu cür
xoşagəlməz hallar baş verəcəkdir”.
Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, əslində
"radikal müxalifət” sözünü daha çox "qeyri-milli anarxist” sözü ilə əvəzləmək
lazımdır: "Çünki radikallıq fərqli bir şeydir. Bir milli qüvvə ola bilər və o,
radikal davranar. Məsələn, Dağlıq Qarabağ işğaldadır, biz silahlanırıq və
ərazilərimizi azad etməyə gedirik. Yaxud da, siyasi mübarizəmizi dondururuq,
müharibə üçün hazırıq və savaşa yollanırıq. Necə ki, 2016-cı ildə Milli
Dirçəliş Hərəkatı Partiyasının Qarabağ departamentindən 860 nəfər keçmiş
döyüşçü ərizə ilə dövlət başçısına müraciət etdi və Ali Baş Komandanın əmrini gözlədiyini
bildirdi. Təəssüflər olsun ki, radikal dediklərimiz sovet dönəmində, 20 Yanvar
hadisələrindən sonra qorxularından özlərini "Şimali Azərbaycan Demokrat
Partiyası” adlandırdılar və imperiyaya qarşı radikal mübarizə aparmadılar. Biz
o dövrdə bütün üsullarla mübarizə aparırdıq və rəhbərlik etdiyim "Qisas”
təşkilatı var idi. Amma bunlar gizlənirdilər. İndi isə öz dövlətinə qarşı
radikal mübarizə aparmaq dövlətçiliyə qarşı çıxmaqdır. Başqa dövlətlərin
hazırladığını ölkəyə gətirənlərin "qəhrəmanlığı” göstərir ki, qorxaqdırlar.
İndi demokratik mübarizə aparmaq lazımdır, dövlətin möhkəmlənməsinə xidmət
edilməlidir”.
F.Quliyev əlavə etdi ki, heç bir ideya ortaya qoymayan, konseptual
təkliflə çıxış etməyən bu adamlar sadəcə olaraq kreslo davası edirlər, amma bacarmırlar:
"Bunların savaşı "ana müxalifət” adı ilə bağlıdır. Biz görmüşük ki, müxalifət
fərdlərə qarşı yox, problemlərə qarşı müxalifətçilik edər. Hər hansı bir
hərəkət dövlətə, milli maraqlara qarşıdırsa, biz onun qarşısındayıq. Amma
bunlar qan düşmənçiliyi səviyyəsində mübarizə aparırlar və hər şeyi qara rəngdə
görürlər. Ortaya da konseptual bir şey qoymurlar. Yəni, əslində müxalifətçilik
nöqsanları göstərmək və alternativ yolu təqdim etməklə onun aradan qaldırılması
üçün öz mövqeyin ortaya qoymaqdan ibarət olmalıdır. Bunu da bacarmırlar və
hakimiyyət uğrunda sivil mübarizə bir yana, indi də "ana müxalifət” uğrunda dava
salıblar. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Onlar "mən daha çox
müxalifətəm”, "daha çox qrant istəyirəm”, "xarici mərkəzlərdə məni tanısınlar”
deyə, bir savaş aparırlar. Kasa içərisində fırtına edən bu adamlar yalnız
biri-birinə qarşı mübarizə aparmaq iqtidarında və gücündədirlər. Çünki ortada
ideoloji birlik yoxdur. Özünü guya ki, Rəsulzadə-Elçibəy irsinin davamçısı kimi
təqdim edənlər onda niyə bir yerdə ola bilmirlər? Əlbəttə ki, aralarındakı
savaş korporativ maraqlar, qrant və "ana müxalifət” kimi görünmək uğrunda gedir
və bunun üçün cəmiyyətdən istifadə edirlər. Siyasi qüvvələr bunu çoxdan bilirdi.
Əhalinin 90 faizi bunların arxasınca getmirdi və biz bunu mitinqlərdə gördük.
10 faiz siyasiləşmiş mühit var idi ki, indi radikal dediyimiz düşərgədə həmin
bu insanları biri-birilərinin əlindən almaq uğrunda savaş gedir. Artıq
biri-biriləri ilə dava etməklə də iç üzlərini ortaya qoyurlar. Yəni, bu,
özünüifşadır. Hər zaman demişəm ki, bu adamlara meydan vermək lazımdır ki,
görünsünlər. Çünki görünməyəndə onlar haqqında mif yaranır. Ona görə də meydan
vermək lazımdır ki, bilməyənlər də kimin millətə, kimin isə korporativ
maraqlara xidmət etdiyinin şahidi olsun”.