• şənbə, 17 May, 21:56
  • Baku Bakı 18°C

Dünya sülh yolunu İstanbulda axtarır 

17.05.25 04:41 152
Dünya sülh yolunu İstanbulda axtarır 

Türkiyə beynəlxalq proseslərin dalana dirəndiyi bir dövrdə münaqişələrin həllinə əhəmiyyətli töhfələr verməklə adından söz etdirməyi bacarır. İstər Suriya məsələsi, istərsə də uzaq Afrika qitəsindəki on illərlə davam edən qanlı münaqişələrin barış yolu ilə həllinə nail olunması qardaş ölkənin beynəlxalq aktor kimi güclü dövlət olduğunun isbatıdır.

Türkiyə uzun aradan sonra yenidən dünyanı ikiyə bölən Ukrayna-Rusiya münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürüb. Qeyd edək ki, 2022-ci ilin mart ayında müharibə yeni başladığı zamanda da Kiyev və Moskva arasında birbaşa danışıqlar məhz Ankaranın vasitəçiliyi ilə reallaşıb. Birinci İstanbul danışıqları nəticəsiz başa çatsa da, həmin dövrdən keçən müddət ərzində tərəflərin birbaşa danışıqlar masası arxasında əyləşməsinə ayrı heç bir dövlət nail ola bilməyib.

Ankaranın ön plana çıxması

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi müasir Türkiyə beynəlxalq proseslərin dalana dirəndiyi, qaydaların alt-üst olduğu bir dövrdə münaqişələrin həllinə əhəmiyyətli töhfələr verməklə dünyada adından söz etdirməyi bacarır. İstər Suriya məsələsi, istərsə də uzaq Afrika qitəsindəki on illərlə davam edən qanlı münaqişələrin barış yolu ilə həllinə nail olunması Türkiyənin beynəlxalq aktor kimi güclü dövlət olduğunun isbatıdır. Məhz bu amillər hazırda beynəlxalq aləmin sonlandırmağa çalışdığı, lakin bütün cəhdlərin uğursuzluqla yekunlaşdığı Ukrayna-Rusiya münaqişəsinin həllində Ankaranın ön plana çıxmasını şərtləndirir. 

Trampdan və Putindən gələn təşəbbüs

Bir məqam xüsusilə qeyd edilməlidir. Türkiyə müharibə davam etdiyi illər ərzində dəfələrlə barışın əldə olunmasında vasitəçilik missiyasını təklif edib. Hətta dünyada ərzaq böhranına yol açan problemin Qara dənizdə taxıl dəhlizi yaradılması ilə aradan qaldırılması, tərəflər arasında çoxsaylı əsir mübadilələrinin təşkili də Türkiyənin xidmətləridir. Ankaranın mövcud münaqişəyə və fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Ukrayna ilə yaxşı təmaslarını qoruyub saxlaması vasitəçilik missiyasını üzərinə götürən dövlət kimi əsas məqam sayılır. Bu səbəbdən, yeni İstanbul danışıqları ilə bağlı təşəbbüsün hansı ünvanlardan gəldiyi də xüsusi önəm daşıyır. Ankaranın vasitəçiliyi öz üzərinə götürməsini ilk olaraq ABŞ Prezidenti Donald Tramp, daha sonra isə münaqişə tərəflərinin liderləri olan Volodimir Zelenski ilə Vladimir Putin təklif edib. Türkiyə rəhbərliyi isə bu məsələyə müsbət yanaşmaqla yanaşı, danışıqların nəticə yönümlü olması üçün bütün diplomatik imkanlarını işə salıb. 

Türkiyə münaqişənin həllində söz sahiblərindən biridir 

Münaqişə tərəfləri və prosesdə dolayı olaraq iştirak edən müəyyən dairələr İstanbul danışıqlarına çox da ümid bağlamadıqlarını bildirsələr də, reallıq dəyişməz olaraq qalır. Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli prosesində aparıcı söz sahiblərindən biridir. Bu, rəsmi Ankaranın bəyanatlarında da vurğulanır.  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı ilə Ankarada görüş zamanı deyib ki, hazırkı mərhələdə müharibənin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri edir. Türkiyə Prezidenti danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini, həm texniki, həm də liderlər səviyyəsində  (?) ola biləcək danışıqları güclü şəkildə dəstəklədiyini vurğulayıb. O, həmçinin iki ölkənin prezidentinin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu əlavə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə İstanbulda Ukrayna ilə bağlı danışıqların münaqişənin nizamlanmasında yeni səhifə açacağına ümidvar olduğunu bildirib. "Türkiyə həmişə sülhə diplomatik yolla nail olmağın tərəfdarı olub", - o qeyd edib.

“Bütün oyunu Ərdoğan oynayır”

İstanbul danışıqlarına beynəlxalq medianın da böyük marağı var. Bu prosesdə Ərdoğan amili, güclü Türkiyənin çox böyük nüfuz və diplomatik imkanlara malik olması xüsusi qeyd edilir.  

ABŞ-nin aparıcı qəzetlərindən olan “Washington Post”dakı təhlildə Türkiyənin Suriyada qalib gəldiyi və Ukrayna-Rusiya danışıqlarının "kritik aktoru"na çevrildiyi bildirilib və bu, belə izah edilib: “Trampın Ağ Evə qayıtması bu dönüşün yolunu açdı. Tramp Ərdoğanla şəxsi yaxınlığını gizlətmir. Türkiyənin öz bölgəsində təsir gücünə malik olması və sabitləşdirici güc olma potensialı Tramp administrasiyasının nəzərində əhəmiyyətli bir üstünlükdür. Bu səbəbdən NATO müttəfiqi ilə digər geosiyasi çəkişmələri bir kənara qoymaq olar”.

Ankaranın əzəli rəqibi Yunanıstan mətbuatında çıxan xəbərlərdə də Türkiyənin son günlərdə baş verən beynəlxalq proseslərdə oynadığı aparıcı rol yüksək qiymətləndirilib. Beynəlxalq arenada baş verən son hadisələri sıralayan şərhlərdə “Bütün oyunu Ərdoğan oynayır” başlığı xüsusilə diqqət çəkir. 

“Ankaraya minnətdarıq”

Beynəlxalq birlik də bu məsələdə Ankaraya minnətdardır. “Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk”, - deyə Latviyanın xarici işlər naziri Bayba Braje "CNN Türk"ə müsahibəsində bildirib. O qeyd edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək konstruktiv mövqe ortaya qoyur: “Türkiyə bir çox məsələdə, o cümlədən əsirlərin mübadiləsində və danışıqlarda mühüm rol oynayır”.

Nazir onu da qeyd edib ki, Ankara NATO-nun mühüm tərəfdaşıdır: “Xəritədən də məlum olur ki, bütün cənub qanadımız Türkiyədir. Məsafə baxımından uzaq olmağımıza baxmayaraq, Türkiyə bizim üçün də çox önəmlidir. Türkiyə böyük gücdür”.

Azad Əliyev

banner

Oxşar Xəbərlər