• cümə, 26 Aprel, 15:40
  • Baku Bakı 23°C

Qırmızı həyəcan

06.03.21 10:30 1535
Qırmızı həyəcan
Və ya insanlıq üçün ən dəhşətli təhlükə
İqlim dəyişikliyi dünya üçün ən ciddi təhlükələrdəndir. Tək ətraf mühitə deyil, eyni zamanda siyasi, iqtisadi və sosial sistemə zərbə vuran problemdir. Bunu BMT Təhlükəsizlik Şurasının iqlim dəyişikliyi ilə bağlı keçirilən onlayn iclasın iştirakçıları da bildirib.
BMT-nin baş katibi Guterreş öz çıxışında temperaturun 1,5 dərəcədən çox artmasının qarşısını almaq lazım olduğunu qeyd edib. O bildirib ki, bunu etmək üçün həlledici addımlar barədə qərar vermək lazımdır. Onlardan biri kömürdən istifadəni dayandırmaqdır: "Alimlər əmindir ki, əsrin sonuna qədər qlobal temperaturun artımı 1,5 dərəcəni keçməməlidir. İqlim dəyişikliyindən əziyyət çəkən insanları və icmaları qorumaq bizim borcumuzdur. Beynəlxalq sülh və təhlükəsizlik naminə iqlim böhranının artan nəticələrinin qarşısının alınması üçün hazırlıqları sürətləndirməliyik”.
Guterreş öz çıxışında Yer kürəsində ümumi illik temperaturun artımının 1,5 dərəcəni keçməsini Yerin gələcəyi üçün "qırmızı həyəcan” adlandırıb.
Dünyaca məşhur təbiətşünas və TV aparıcısı Ser David Attenboro iqlim dəyişikliyini "indiyə qədər müasir insanlıq qarşısında dayanan ən dəhşətli təhlükə” adlandırıb. Alimin sözlərinə görə, okeanların çirklənməsi, təmiz su və qida məhsullarına çıxışın məhdudlaşması, yaşayış yerlərinin məhv edilməsi birinci dünya müharibəsinin miqyasına bənzər bir münaqişəyə səbəb ola bilər.
"Qlobal istiləşmə mif deyil”
Qlobal istiləşmə mif deyil. Termometr sütununun kiçik dalğalanmaları planetin həyatına təsir edəcək kimi görünmür, lakin alimlər əks fikirdədirlər. Sənaye, kənd təsərrüfatı və hər hansı digər insani fəaliyyət zərərli tullantılar ilə nəticələnir. Atmosferdə bu tullantılardan nə qədər çox olarsa, yerin orta temperaturu o qədər də yüksək olacaqdır. Mütəxəssislər bildirirlər ki, temperaturun 1,5 dərəcədən çox artması planet üçün dönməz nəticələrə səbəb ola bilər.
1,5 və ya 2. Fərq varmı?
Yerin orta illik temperaturunun artmasının həddini müəyyən etməyə çalışan elm adamları əvvəlcə 2 dərəcə Selsi göstəricisinə meylli idi. Lakin sonradan artımı 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün bütün vasitələrə əl atmaq qərara alındı. Klimatoloqlar temperaturun 2 dərəcə artmasının geniş miqyaslı yanğınlara səbəb olacağını, karbon ehtiyatlarının azalacağına və heyvanların yaşayış yerlərini itirəcəyini müəyyən ediblər. 1,5 dərəcə istiləşmə ilə həşəratların təxminən yarısı, onurğalıların bir hissəsi və bitkilərin 10 faizi yox olacaq. Temperatur artımı 2 dərəcəyə yaxınlaşırsa, floraya ziyanın miqdarı ikiqat, həşəratlara isə üçqat artacaq.
İsti ölkələrdə bu fərq hiss olunacaqmı?
Bu templə flora və fauna növlərinin məhv edilməsi ilə bütün dünyanın ekosistemləri pozulacaq. Daşqınların qarşısını almaq, suyu təmizləmək və torpaq münbitliyini qorumaq çətin olacaq. Temperaturun 1,5 dərəcədən 2 dərəcəyə artması il ərzində isti günlər həndəsi irəliləyiş ilə artacaq. Dünyanın bəzi yerlərində daha az yağış yağacaq, digərlərində əksinə. Afrikanın cənubunda və Aralıq dənizinin sahillərində yaşayan insanlar bundan daha çox əziyyət çəkəcək. Çünki burada quraqlıq flora və faunanı kökündən dəyişə biləcək.
Əbədi buzluqlar yerin fərdi künclərində yüz minlərlə və bəlkə də milyonlarla il mövcud olub. Planetin ümumi temperaturunun 1 dərəcədən artıq qalxmasına icazə verməsək, buzlaqların qorunması ehtimalı 70 faiz olacaq. Ancaq 2 dərəcədə buz hətta Arktikada belə əriyəcək. Ağ ayılar və digər şimal heyvanların növləri qeyri-təbii şəraitdə yaşamaq üçün mübarizə aparmaq məcburiyyətində qalacaqlar. Tədqiqatlar 2300-cü ilə qədər 1,5 dərəcə istiləşmə baş verərsə, dəniz səviyyəsinin 1 metr artacağını göstərir. Eyni zamanda, Qrinlandiya və Qərbi Antarktidada buz səthlərinin dağıdılması riski yüksəkdir. Temperatur daha sürətli artarsa, bu buzlar əriyəcək və dəniz səviyyəsi 200 ildə 2 metrə qədər artacaq. Milyonlarla insan hər il daşqına məruz qalacaq, bir çox sahil şəhərlərinin sakinləri köçmək barədə düşünməli olacaq.

Dünyanın məşhur "Microsoft” şirkətinin sahibi, milyarder Bill Geyts öz bloqunda yazır ki, bəşəriyyətə qlobal böhran və fəlakət gəlir. Eyni zamanda, o, ABŞ prezidentinə planeti necə xilas etmək barədə məsləhət verib.
Onun fikrincə, bəşəriyyətin qlobal dramı uzaq deyil: " Qlobal istiləşmə və nəticədə yer üzündəki insanlar üçün yaşayış şəraitinin pisləşməsi gözlənilir. Ancaq iqlim dəyişikliyinin təsiri minimuma endirilə bilər. İnsanın hərəkət üsullarını dəyişdirən "vacib ixtiralar” bizi qoruya bilər. İstilik və soyutma sistemləri, enerji və qida istehsalı sistemlərini dəyişmək vacibdir”.

Azərbaycanda iqlim dəyişikliyi bir çox ərazilərdə, xüsusilə arid (quraq) ərazilərdə su ehtiyatlarının azalması, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, səhralaşma prosesinin genişlənməsi kimi faktlarla özünü büruzə verib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev deyib. O bildirib ki, 1991-ci ildən indiyədək aparılan qiymətləndirmələrə görə, atmosferə atılan qazların miqdarının çox olması səbəbindən Yer səthinin istiləşməsi, günəş şüalarının əks olunması kimi proseslərdə dəyişikliklər olub. Bunun nəticəsində son 30 ildə havanın orta illk temperaturu 1 dərəcə selsiyə yaxın artıb. Bu da dünyanın müxtəlif bölgələrində müxtəlif dəyişikliklərə səbəb olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov bildirib ki, qlobal istiləşmə mənfi mənada bütün təsərrüfatlara təsir edir, o cümlədən kənd təsərrüfatına: "Məsələn, püstə, badam, ərik, şaftalı, alça və bu kimi meyvə ağacları vaxtından əvvəl çiçəkləyir. Sonra isə havanın temperaturu nisbətən aşağı düşən kimi həmin çiçəklər məhv olur və bu, birinci növbədə, o ağaclardan meyvə alınmasını xeyli azaldır. Bununla yanaşı, yüksək temperatur olduqda yağıntılar normadan az müşahidə edilir və torpağın məhsuldar rütubəti azalır. Bu da becərilən dənli bitkilərin gec inkişaf etməsinə, həmçinin torpaqda rütubət çatışmazlığına gətirib çıxarır”.
Yaşıl kurs
Bu il Avropa Birliyində "Avropa üçün yaşıl əhd” - yaşıl sövdələşmə icra olunmağa başlayır. Yaşıl kursun əsas məqsədi 2050-ci ilə qədər Avropanı karbondan azad etməkdir. Yaşıl sövdələşmə enerji baxımdan səmərəli olmayan 35 milyon binanın yenilənməsini tələb edir, pestisidləri 30 faiz, gübrə istifadəsini 20 faiz azaldır. Strategiyaya əsasən, orqanik istehsal ilə məşğul olan torpaqların payı 25 faiz olmalıdır və kənd təsərrüfatının yeri 10 faiz azaldılaraq bu ərazilərdə meşələr salınmalıdır.

Rusiya Elmlər Akademiyasının Cənubi Elm Mərkəzinin rəhbəri, okeonoloq, akademik Gennadiy Matişov isə qlobal istiləşmə nəzəriyyəsini rədd edib. Alim hesab edir ki, qlobal istiləşmə nəzəriyyəsi düz olsa idi Arktikada buzlar artıq ərimişdi. Alim hesab edir ki, əksinə, isti dövr sona çatır və iqlim soyuq dövrə doğru gedir: "Keçən il Mərkəzi Rusiyada qış qeyri-adi dərəcədə isti olsa da, şaxtalar eyni anda Şimali Amerikaya gəldi və Yaxın Şərqə isə qar yağdı”.

Gennadiy Matişov qeyd edib ki, son 15 il ərzində Taqanroq körfəzi ildə orta hesabla 54 gün ərzində buzla örtülmüşdür və bu, cənub üçün qeyri-adi haldır. O, iqlimin dövrü olduğunu və hər hansı proqnoz verərək ən azı yüz ilin məlumatlarına diqqət yetirməsinin vacib olduğunu bildirib: "Yalnız buzun həqiqətən ərimiş olacağı təqdirdə istiləşmə barədə danışa bilərik. Bu halda dünya okeanın səviyyəsi altmış metr artacaq. Bu gün isə, istiləşmə deyil, soyuqlaşma baş verir. Bunun sübutu soyuq qış, quraqlıq, yanğınlar, Rusiyanın Avropa hissəsində intensiv yağıntılardır”.
Akademik, kiçik buz dövrünə doğru irəliləyəcəyimizə əmindir. Amma bu, indi yox, minlərlə ildən sonra baş tutacaq.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər