• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Qərbi Azərbaycana Qayıdış diplomatiyasının BMT uğuru - TƏHLİL

28.03.23 18:47 518
Qərbi Azərbaycana Qayıdış diplomatiyasının BMT uğuru - TƏHLİL

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılması tarixi uğurdur. Yarandığı qısa vaxtda İcmanın artıq ikinci sənədidir ki, BMT tərəfindən yayımlanır. Bundan əvvəl İcmanın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət, daha sonra Konsepsiyanın yayılması onu deməyə əsas verir ki, bu istiqamətdə həyata keçirilən işlərdə qısa zamanda daha böyük uğurlar əldə edə biləcəyik. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Konsepsiya təkmil şəkildə hazırlanmış sənəddir. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Deputat bildirib ki, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSRİ-nin 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır. Müasir Azərbaycanın müstəqilliyinin ilk illərində bu istiqamətdə bir sıra addımlar atılsa da 2022-ci ildə İcmanın təsis edilməsi, Konsepsiyanın qəbulu və görüşlərin keçirilməsi mövcud problemin həllini daha da sürətləndirir. Belə ki, artıq Konsepsiyadan irəli gələn məsələlər gündəmə gətirilir. Təşkilatlanma işləri həyata keçirilir və beynəlxalq arenada azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə bağlı sistemli iş aparılır.

İltizam Yusifovun sözlərinə görə, Konsepsiyada əsas tərəfdaş kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olması göstərilib və bu tərəfdaşlıq nəticəsində tətbiq oluna bilən beynəlxalq standartlar əsasında, Azərbaycan hökuməti və Ermənistan hökuməti ilə təmaslar şəraitində qayıdışın detallı planı hazırlanacaq. Bunun üçün biz Ermənistan tərəfindən səylərin şahidi olmuruq. Halbuki bu məsələyə ən çox Ermənistan tərəfi səy göstərməlidir. Belə ki, 1948-ci il dekabrın 10-da qəbul olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində göstərilir ki, hər bir insan hər hansı bir dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. O da qeyd olunub ki, hər bir insanın öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var.

“Göründüyü kimi, Azərbaycan dövləti bu Paktın müddəalarını yerinə yetirir. Ermənilərin Azərbaycanda yaşamaq hüquqlarına təminat verir. Ancaq Ermənistan tərəfi öz üzərinə götürdüyü bu paktın heç bir bəndinə məhəl qoymur. Bu isə belə davam edə bilməz. Azərbaycan hökuməti beynəlxalq hüququn verdiyi səlahiyyətlər çərçivəsində bu işi qısa zamanda həyata keçirəcək. Buna heç kimin şübhəsi olmasın”, - deyə İltizam Yusifov vurğulayıb. (Azərtac)

banner

Oxşar Xəbərlər