Qəbul qaydalarındakı dəyişikliklər nə vəd edir?

Dövlət İmtahan Mərkəzi (DİM)
2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta
təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını
açıqlayıb. Abituriyentlərin ixtisas seçimi, müsabiqədə iştirak
etmək və bütövlükdə ali təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə
qəbul qaydalarında yeniliklər edilib. Belə ki, DİM-dən mətbuata verilən
məlumata görə, bu ildən başlayaraq, qəbul imtahanını rus dilində verən və
Azərbaycan dili fənnindən "məqbul” alan abituriyentlərin imtahan nəticələri
ardıcıl iki tədris ili üçün (cari və növbəti) etibarlı sayılacaq, onlar bu
nəticə əsasında qəbul kampaniyasında iştirak edə biləcəklər. Həmçinin
abituriyentlərə cari ilin və ya əvvəlki ilin məzunu olmasından asılı olmayaraq
hər iki imtahanda iştirak etmək imkanı verilir. Yəni abituriyentlərin iki şansı
olacaq. Onlar hər iki imtahanda iştirak edərlərsə, eyni ixtisas qrupunu
seçməlidirlər. Bir imtahanda birinci, digər imtahanda ikinci ixtisas qrupunu
seçə bilməzlər.Müsabiqə isə abituriyentin qəbul imtahanında topladığı
ümumi bal əsasında aparılacaq. Ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə
seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul
imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində
bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur.
Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər.
Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri
müəyyən edəcəklər. Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib.
Digər bir yenilik bir neçə ixtisasın
bir qrupdan digərinə keçirilməsi ilə bağlıdır ki, bununla da əvvəllər I ixtisas
qrupuna daxil olan "Dizayn” (memarlıq və dizayn istiqaməti) ixtisası V ixtisas
qrupuna, II ixtisas qrupuna daxil olan "Geodeziya və xəritəçilik mühəndisliyi
və Yer quruluşu”, "Torpaq və şəhər kadastrı” ixtisasları isə I ixtisas qrupuna
keçirilib.
"DİM-in tətbiq etdiyi dəyişikliklər ali
məktəbə qəbul qaydalarında müsbət dəyişikliklər yarada biləcəkmi?” sualı isə
ekspertlər tərəfindən dəstəklənsə də müzakirəyə ehtiyacı olan məqamları da
vurğulanır.
Həm ziyarət,
həm ticarət
Hələ keçən ildən Dövlət İmtahan Mərkəzinin
2017-2018-ci qəbul ilində rus bölməsi abituriyentlərinin Azərbaycan dilindən
imtahan verəndə əldə etdikləri məqbul nəticənin əvvəlki illər üçün də keçərli
olacağının qeyd edildiyini bildirəntəhsil eksperti Kamran Əsədov bunu müsbət hal kimi dəyərləndirir: "Bu
məsələyə ikitərəfli yanaşsaq, Azərbaycan dilində imtahan verən rus bölməsinin
abituriyentləri "qeyri-məqbul” almırdılar. Yalnız 5-6 faiz şagird qeyri-məqbul
alırdı. Bu qaydanın da ləğv edilməsi əlbəttə, onların təhsil almasına
dəstəkdir. Ümumilikdə isə bir şəxs hər il bir fəndən imtahan verirsə, ilk
növbədə Azərbaycan dili nəzərdə tutulur, növbəti ildə təkrar imtahan verməsi
yaxşı hal deyil. Bu, onun hüququnun tapdanması, həm də imtahanın
etibarlılığının azalmasıdır”. DİM-nin bu nümunəni dövlət qulluğuna qəbul üçün
də elan etdiyini deyən ekspert bildirir ki, kimsə dövlət qulluğuna bir dəfə
imtahan verir və orada müvəffəq qiymət alırsa, ona sertifikat verilir: "Bu, 5
il ərzində keçərlidir. Həmçinin, dünya təcrübəsində imtahanın etibarlılığının
göstəricisidir. Məsələn, İELTS imtahanları var ki, bir neçə il ərzində
keçərlidir. Məsələn, bu il həmin imtahanı versəniz istədiyiniz vaxt istənilən
universitetə qəbul olunarsınız. Bu həmin sənədin hüquqi qüvvəsi və
etibarlılığının göstəricisidir”.
Ekspert yeni dəyişikliyin maliyyə məqsədilə
edildiyini vurğulayır: "Bunun arxasında maliyyənin durduğunu heç kim inkar edə
bilməz. Yəni bu ildən etibarən abituriyentlər bir ixtisas daxilində seçdikləri
4 ixtisas qrupundan birini seçərlərsə, iki dəfə imtahan verəcəklər. Əgər
birində az bal toplayarlarsa, şanslarını ikinci dəfə sınamalı ollacaqlar.
Dünyanın heç bir ölkəsində qəbul aparılan yerlərdə şagirdin taleyi ildə 3 saat
keçirilən imtahanla həll oluna bilməz. Ola bilər ki, həmin imtahan vaxtı şagird
psixoloji gərginliyə düşsün və ya səhhətində problem olsun. Yəni 17-18 yaşlı
şagirddən ildə bir dəfə imtahanın götürülməsi məqbul hesab edilir. Burada həm ziyarət,
həm ticarət məsələsi var. DİM bu imtahanı iki dəfə etməklə maliyyəni göz önünə
alır. Yəni qurum artıq publik şəxs kimi fəaliyyət göstərir və dövlət tərəfindən
maliyyələşmədiyindən imtahanı iki dəfə etməklə gəlirlərini artırmaq istəyir.
Amma bütün hallarda, bu dəyişiklik abituriyentin xeyrinədir”.
İmtahanların
indiyə qədər pulsuz keçirildiyini iddia edən DİM-in fikirlərinin əksinə olaraq,
ekspert qeyd edir ki, indiyə qədər sınaq imtahanları 3 man 54, qəbul
imtahanları 2 manat 50 qəpik idi: "Bundan əvvəl TQDK imtahan qiymətlərinin 25
manat civarında olacağından danışırdı. Amma prezidentin sərəncamı ilə Nazirlər
Kabineti tərəfindən imtahanların qiymətləri ilə bağlı tariflər müəyyənləşəcək.
Əgər imtahanın qiyməti fantastik qiymətə qalxsa, əminliklə deyə bilərəm ki, bu
qəbula gələnlərin sayının kəskin azalmasına səbəb olacaq”.
Sonuncu qəbul
imtahanında 85 min nəfər abituriyentin iştirak etdiyini deyən ekspert onlardan 64 faizinin 200 bal toplaya
bilmədiyini təəssüflə söyləyir: "Bu o deməkdir ki, 64 faizi keçid balını
toplaya bilməyəcəyini bilir. Demək onlar sənəd qəbulunda iştirak etməyəcəklər.
DİM hesab edir ki, əgər imtahanların qiymətini 20 manat etsə, yenə 80 min insan
iştirak edəcək və ortada böyük məbləğ qazanacaq. Ancaq qiymət yüksək olacağı
təqdirdə proqnozlaşdırılmış gəlir əldə edilməyəcək. Nəticə etibarilə
Azərbaycanda ali təhsilə gedənlərin sayı kəskin şəkildə azalacaq. Üstəlik,
təmayülləşməyə keçid nəticəsində artıq bir çox məktəblərdə 10-11ci siniflər
olmayacaq. Bir neçə məktəb birləşəcək, heç kim yaşadığı ərazidən uzaq məktəbə
getməyəcək”.
K.Əsədovun fikrincə, bu məsələlər ciddi araşdırılmasa,
Azərbaycanda ali məktəblərə gedənlərin sayında azalma müşahidə olunacaq. Belə
ki, orta məktəb məzunları buraxılış imtahanlarında iştirak edərək attestat alıb
xarici universitetlərə üz tutacaqlar: "DİM-in imtahan qiymətləri 7-8 manatdan
yuxarı olmamalıdır. Əgər 10-15 manat civarında olarsa, bizim abituriyentlər
kütləvi şəkildə xaricdə oxumağa gedəcəklər. Çünki bizim ali məktəblərimizdə
təhsil haqqı qonşu ölkələrlə müqayisədə bahadır. Təhsil Azərbaycan insanı üçün
əlçatan olmalıdır. Bunun üçün qiymətləri minimuma endirmək lazımdır. Bu
dəyişiklik mütərəqqi addım olsa da, buna gəlir mənbəyi kimi baxmaq lazım
deyil”. İxtisasların bir qrupdan digərinə keçirilməsinə gəlincə, ekspert bunu
da mütərəqqi hal kimi, hətta bir qədər
gecikmiş addım kimi dəyərləndirir: "Təsəvvür edin ki, "Beynəlxalq münasibətlər”
bu gün ikinci qrupda ixtisaslaşıb. Bu ixtisası bitirən şəxslər diplomat
olurlar. Və ya Amerikaşünaslıq, Qafqazşünaslıq, Avropaşünaslıq üzrə oxuyanlar
ikinci qrupda "Azərbaycan tarixi” keçirlər. Ali məktəbdə oxuyanda isə onlara
"Dünya tarixi” tədris olunur. Bu baxımdan "Beynəlxalq münasibətlər”,
"Regionşünaslıq” ixtisasları üçüncü qrupda olmalıdır. Bir çox ixtisaslar yanlış
qruplarda həyata keçirilir. Bu məsələlər ciddi şəkildə mütəxəssisləri cəlb
etməklə yenidən işlənib hazırlanmalıdır”.
Bu məsələlər birtərəfli
həll olunmamalıdır
Təhsil eksperti Nadir
İsrafilov dəyişikliklərin keyfiyyətdən daha çox kəmiyyətə təsir göstərən addım
kimi dəyərləndirir: "Biz ali təhsillilərin adambaşına düşən sayının
artırılmasına görə bir sıra ölkələrlə müqayisədə geridəyik. İki dəfə imtahan
vermək də ali təhsillilərin sayının artırılmasına xidmət edir. Çünki tələbə
imtahan verib 150 bal toplayıbsa, bir aydan sonra onun 300 bal toplaması o qədər
də inandırıcı görünmür. Bu da bizim təhsilin əlçatan olması ilə bağlı irəli
sürülən vəzifələrdən irəli gəlir”.
Ekspert həmçinin dəyişiklikdə Dövlət İmtahan
Mərkəzinin maliyyə maraqları olduğunu istisna etmir. Belə ki, DİM-in
imtahanlardan iki dəfə ödəniş alma məsələsi var: "Çünki DİM-in sədri Məleykə Abbaszadə açıqlamalarında publik şəxs
olandan sonra vəsaitlərin imtahanların, testlərin keçirilməsinə sərf olunduğunu
bildirir. Təhsil naziri də çıxışında müvafiq ballar toplamayanlar üçün
universitetlərin nəzdində hazırlıq kursları təşkil olunacağını qeyd etdi. Bu
kurslar vasitəsilə abituriyentlərin ali təhsil müəssisələrinə daxil olması
məsələsi asanlaşacaq. Ancaq həmin kurslar da ödənişli olacaq”.
Ekspertin
fikrincə, bu dəyişiklik ödənişlərin vətəndaşların yox, dövlətin hesabına həyata
keçiriləcəyi təqdirdə humanist addım hesab olunardı: "Çünki həmin insanlar
müəyyən xərclər çəkirlər, sonra onların işlə təmin olunmasında da problemlər
yaranır. Hesab edirəm ki, bu məsələlər birtərəfli həll olunmamalıdır. Əgər biz
təhsili əlçatan edib qapıları abituriyentlərin üzünə açırıqsa, digər tərəfdən nəzərə
almalıyıq ki, 100 və ya 50 balla ali məktəblərə qəbul elan edəndə qeyri-peşəkar
kadrlar meydana gəlir. Kadrların işlə təmin olunmasında problem yaranır”.
N.İsrafilov hesab edir ki, ali məktəbləri "əlçatan” etməklə kəmiyyət artır və
nəticədə keyfiyyət zəifləyəcək: "Elə ölkələr var ki, biz ali təhsillilərin
sayına görə üstünük. Ali təhsilliləri 5-7 faiz olan ölkələr var. Deyək ki,
bizdə onların sayı 17 faizdir. Ancaq elə ölkələr var ki, orada adambaşına düşən
təhsil 35-37 faizdir. Həmin ölkələrin iqtisadi-siyasi, sosial inkişafı ilə
müqayisə edəndə ali təhsillilərin adambaşına düşən sayının az olduğu ölkələrdə
elmi -nəzəri pedaqoji göstəricilərin daha yüksək olduğu üzə çıxır”.
Ali
məktəblər özlərinin hazırlıq kurslarının açılması təşəbbüsünü irəli
sürdüklərini qeyd edən ekspert hesab edir ki, bu məsələdə tələb və təklif
prinsipləri nəzərə alınmalıdır: "Sovet dövründə tələb və təklif prinsipi
keyfiyyətli kadrların hazırlanmasına səbəb olurdu. Biz indi ya keyfiyyəti, ya
da plan yerlərini əsas götürməliyik. Bu dəyişikliklər plan yerlərinin
doldurulması xətrinə atılan addımlardır. Əgər tələb və təklifə uyğun hərəkət
etsək, yaxşı kadrlar yetişdirə bilərik. Ali kadrların sayına görə
iqtisadiyyatda inkişafa nail olmaq mümkün deyil”.
Ekspertin fikrincə, təhsilin
əlçatan olması dövlət hesabına həyata keçirilsə yaxşıdır. Çünki tələbələr
savadsız yetişsələr belə az da olsa intellektə yiyələnə bilərlər. Yəni fəhlə
işləsələr belə ali təhsilli olmaları onların dünyagörüşünə, baxışlarına təsir
edəcək: "Bu isə insanların maddi çətinlikləri hesabına həyata keçirilməsə, daha
yaxşı olar”.
Təranə Məhərrəmova
