• cümə, 23 Fevral, 23:30
  • Baku Bakı 5°C

Prezident Dünya İqlim Fəaliyyəti Sammitində 

02.12.23 05:44 1078
Prezident Dünya İqlim Fəaliyyəti Sammitində 

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidentini qarşıladıqdan sonra birgə foto çəkdirilib.

Qarşılıqlı faydalı əməkdaşlıq

Qeyd edək ki, Sammitin açılışının keçirildiyi gün həm də, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü qeyd olunub. Bununla bağlı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayan Azərbaycan Prezidenti onu Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının rəsmi açılışı münasibətilə təbrik edib, tədbirin işində uğurlar arzulayıb. Dövlət başçısı bildirib ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur: “Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində sizin böyük əməyiniz vardır”.

Qardaşlıq əlaqələrinin növbəti bariz təzahürü

Təbrik məktubunda daha sonra vurğulanır ki, biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, birgə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik: “Bu yaxınlarda ölkənizin “Masdar” şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür.

Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcəkdir”.

Birgə investisiya fondunun əhəmiyyəti qeyd edilib 

Yeri gəlmişkən, Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Prezident İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.  

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edilib, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirilib.

SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti - ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulanıb.
Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edilib.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər