Pomidor və “Türk axını”
Noyabrın 1-dən Rusiyaya türk pomidorunun ixracına başlanıla bilər.
Ankara da rusların bu "səxavət”ini cavabsız qoymayaraq "Qazprom”un "Türk axını”
layihəsinin dənizətrafı hissəsində inşa işlərinə başlanılması ilə bağlı
hesabatına müsbət ekoloji rəy verib. İlk baxışdan belə bir təəssürat yaranır
ki, iki ölkə arasında artıq iqtisadi barışıq dövrü başlayıb. Lakin gəlinən rəy
belədir ki, məsələ hələ sona kimi həlini tapmayıb. Rusiyanın "Nezasimaya
qazeta” nəşri yazır ki, bir çox qərarlar hələ müzakirə mərhələsindədir.
Məsələn, Rusiya hökuməti ilin sonuna kimi "Türk axını” layihəsinin ikinci
xəttinin qurudan keçəcək hissəsinin inşası ilə bağlı protokolun imzalanmasına
yalnız ümid edir. Bunun reallaşmasına tək Ankaranın inadkarlığı və gözlənilməz
münasibəti yox, həm də Tehranın ambisiyaları mane ola bilər. Qəzet yazır ki,
Tehran "Türk axını” üzrə "məxfi danışıqların” əhəmiyyətli iştirakçısıdır.
Analitiklərin qənaətincə, ötən həftənin sonu Rusiya ilə Türkiyə
arasında münasibətlərin mülayimləşməsi baxımından bir çox xəbərlərlə yadda
qalıb. Kazanda Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası
komissiya çərçivəsində tədbirlər keçirilib. İlk baxışdan əsas mübahisə mövzusu
olan məsələlər - kənd təsərrüfatı məhsullarının nəqli və Ukraynadan yan
keçməklə qaz kəmərinin inşasının həllini tapacağı görünüb. Rusiyanın energetika
naziri, hökumətlərarası komissiyanın həmsədri Aleksandr Novak bildirib ki,
iclas çərçivəsində Türkiyədən Rusiyaya 50 min ton pomidor ixracı ilə bağlı
razılıq əldə olunub. Onun sözlərinə görə, bununla bağlı müvafiq qurumlar
razılıq əldə ediblər. Lakin əlavə edib ki, bu qərarın tez bir zamanda qəbulu
bürokratik baryerlər üzündən baş tutmaya bilər. Nazir əlavə edib ki, Rusiya
Türkiyədən mal və quş ətinin ixracına qoyulan məhdudiyyətlərin aradan
qaldırılması ilə bağlı məsləhətləşmələri davam etdirir. Artıq oktyabrın 30-dan
etibarən Türkiyədən nar və badımcan idxalına icazə veriləcək. Bunu Rusiya kənd
təsərrüfatı naziri Aleksandr Tkaçev də təsdiq edib. Nazir noyabr-dekabr
aylarında Türkiyədən pomidorun da idxalı üçün müvafiq sənədlərin hazırlandığını
bildirib: "Kənd Təsərrüfatı Nazirliyi noyabr-dekabr aylarından Türkiyədən pomidor
idxalı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və bu məhsulun idxalı
üçün hökumətə təqdim edilməsi məqsədilə yeni layihə hazırlayıb”. Türkiyə tərəfi
də Rusiyadan ət ixracına imkan vermək istəyir, lakin hələ ki, dəqiq müddət
müəyyən olunmayıb.
Konkret olaraq enerji sahəsindən danışsaq, tərəflər bu ilin sonuna
kimi "Türk axını” layihəsi ilə bağlı razılaşmanın zəruriliyini bildiriblər.
"Bizim türkiyəli tərəfdaşlarımız vəd etdilər ki, bu işlər aktiv şəkildə
aparılacaq və ümid edirik ki, ilin sonuna kimi razılaşdıracağıq”, - deyə Novak
bildirib. O əlavə edib ki, türk tərəfdaşlarına minnətdardırlar: "Onlar "Türk
axını” layihəsinin ətraf mühitə təsiri ilə bağlı hesabatına müsbət rəy
veriblər”.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi isə əlavə edib ki,
ölkələr qarşılıqlı hesablaşmaları milli valyuta ilə həyata keçirmək barədə də
razılıq əldə ediblər. Onun sözlərinə görə, bundan əlavə, türk yük daşıyanlar
Moskvadan sürücülərə qarşı viza rejiminin ləğvini istəyirlər: "Bu, iki ölkə
arasında ticarət mübadiləsinə müsbət təsir edə bilər. Rusiya və Türkiyə müdafiə
sənayesi və enerji sahəsində bir sıra strateji layihəni birgə həyata keçirə
bilər”. Nazir əlavə edib ki, ölkələr arasında yaxşı münasibətlərin olmasına
baxmayaraq, ikitərəfli əməkdaşlığın inkişafına mane olan müəyyən bürokratik
məsələlər də var: "Biz irəli hərəkət etməyə icazə verməyən bir sıra sanksiyaları,
qadağaları, bürokratik qaydaları dəf etməyə çalışırıq. Bu məsələlərin həllini
sürətləndirməliyik. Təəssüflə qeyd edirəm ki, indiyədək bu istiqamətdə
məqsədimizə nail ola bilməmişik. Bir neçə il əvvəl baş verən hadisələr hələ də
bu qadağaların kənarına çıxmağa imkan vermir”.
Yeri gəlmişkən, KİV-lər "Türk axını” ilə bağlı daha bir intriqanı
İrandakı vəziyyətlə bağlı qaldırır. "İran.ru”nun materiallarında bildirilib ki,
"İran "Türk axını” ilə bağlı məxfi danışıqların əhəmiyyətli hissəsidir. Türklər
"Qazprom”a bu kəmərin qazla doldurulması ilə bağlı monopoliya hüququ vermək
istəmirlər. Bu layihənin tam şəkildə qazla dolması üçün ora Qətər və İrandan da
qaz gərəkdir. Bu, Ankaranın şərtidir. Bundan irəli gələrək belə bir nəticəyə
gəlmək olar ki, prezident Rəcəb Tayyib Ərdoğan Moskvanı bu məsələdə təzyiq
altında saxlamaq istəyir”.
İran Milli Qaz Kompaniyasının PR departament rəhbəri Məcid
Boujarzadeh bildirib ki, İran "Türk axını”nı alqışlayır: "İranın Rusiya ilə
gözəl münasibətləri mövcuddur”. M. Boujarzadeh diqqəti ona yönəldib ki,
regionda bir çox ölkələrə İran qazı gərəkdir. "Bu səbəbdə biz infrastruktur
yaratmalıyıq. Ola bilsin bizim hökumət Türkiyə rəhbərliyi ilə qazın Türkiyə və
yaxud oradan da Avropaya nəqli məsələsində razılığa gələcək, lakin istənilən
halda, bu məsələ siyasi bölgüdən asılı olacaq”, - deyə o əlavə edib.
Bu mövzu ilə bağlı rəyi soruşulan ekspertlərin fikirləri isə
haçalanır. "Heç bir halda "Türk axını” layihəsinin dayandırılması barədə söhbət
getmir”, - deyə "Alor Broker” şirkətinin analitiki Kiril Yakovenko bildirib.
Onun sözlərinə görə, İran onu bu boru xətti ilə qazı buraxmağa məcbur edən
arqumentlər istərdi, lakin hələ ki, bu mövcud deyil”.
Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev isə hesab
edir ki, kəmərin qoyulacağı ilə bağlı tam əmin olmaq olmaz. Onun sözlərinə
görə, Ərdoğanın mövqeyi istənilən an dəyişə bilər və bu, ağla belə gəlməyən
faktorlarla bağlıdır. "Türkiyə bizim ən sadə olmayan tərəfdaşımızdır. Hər şey
baş verə bilər”, - deyə "İşgüzar Rusiya” şirkətinin vitse-prezidenti Tatyana
Mineyeva bildirib.
Xatırladaq ki, "Türk axını” layihəsi iki xətli və ümumi gücü 15,75
mlrd. kub metr olmalıdır. Birinci xəttin 2018-ci ilin martında reallaşması
nəzərdə tutulur və bu, türk istehlakçılarının tələbatını ödəmək üçündür.
2019-cu ildə isə ikinci xəttin inşası nəzərdə tutulur. Bu xətt isə Ukraynadan
yan keçməklə rus qazının Cənub və Cənub-Şərqi Avropaya nəqlini nəzərdə tutur.
Azər NURİYEV