AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müharibə?

Müharibə?

Təfsilat
02 Aprel 2021, 16:00 645
Ukrayna-Rusiya gərginliyi pik həddə
 
Azərbaycanın Qarabağ zəfəri uzun illərdir mövcud problemləri ilə barışmış duruma salınan postsovet məkanında ciddi rezonans doğurdu. Və bu faktı artıq əksəriyyət qəbul edir. SSRİ dağıldıqdan sonra torpaqlarının bir hissəsini itirən, separatçı və qondarma qurumlarla üz-üzə qalan dövlətlər Qarabağ müharibəsindən özləri üçün dərs çıxarmış oldular. Onlar əmin oldular ki, mümkünsüz görünən problemlər həll oluna bilər - sadəcə bunun üçün siyasi iradə, xalq-dövlət birliyi gərəkdir. Moldova və ardınca Ukraynada yaşananlar bunun əyani sübutudur. Moldova Dnestryanı bölgədə, Gürcüstan Abxaziya və Cənubi Osetiyada, Ukrayna isə Donetsk və Krımda ilhaqa son verməyin yollarını axtarır. Gürcüstanda baş verən son olay göstərdi ki, Rusiyaya qarşı mənfi münasibət hələ də güclüdür. İnsanlar torpaqların itirilməsi ilə barışmaq istəmir. Söhbət rusiyalı şovinist jurnalist və aparıcı Vladimir Poznerin Gürcüstana səfəri ətrafında yaşanan gərginlikdən gedir. Hətta bu səfər etiraz aksiyaları ilə müşayiət olunub. Məsələyə baş nazir İrakli Qaribaşvili də qarışıb. Nəticədə jurnalist Gürcüstanı təcili tərk etməyə məcbur olub. Gürcüstana ad gününü qeyd etmək üçün gələn Poznerin Tbilisidə qaldığı otelin qarşısında onun ölkəni tərk etməsi tələbilə etirazları keçirilib. Etirazçılar Poznerin "Abxaziya heç zaman Gürcüstana qayıtmayacaq" sözlərinə görə və Gürcüstanın ərazi bütövlüyünü tanımadığı səbəbilə onun ölkədə qalmasını yolverilməz hesab ediblər. Bundan əlavə, etirazçılar Pozneri və onu müşayiət edərək Rusiyadan gəlmiş çoxsaylı çevrəsini və eləcə də, Tbilisidə onu qəbul edən oteli koronavirusla bağlı karantin qaydalarını pozmaqda ittiham ediblər. Gürcüstan mediasının yazdığına görə, ölkə rəsmiləri Poznerin, onu müşayiət edənlərin və onu qəbul etmiş otelin karantin qaydalarının pozulmasına görə cərimələndiklərini bildiriblər. Beləliklə, bu fakt onu deməyə əsas verir ki, insanlar işğal faktı ilə heç vaxt barışmayıb və barışmayacaqlar da.
 
Ukrayna-Rusiya gərginliyi pik həddə
 
Gürcüstandan fərqli olaraq Ukraynada vəziyyət kritik həddədir. Rusiya ilə münasibətlər artıq müharibə həddinə çatıb. Belə bir fikir var ki, may ayında iki ölkə arasında hərbi əməliyyatlar start götürəcək. Donbas, Luqansk və Krımı qaytarmaqda israrlı olan Ukrayna tərəfi, artıq Donetsk vilayətinə qüvvələr cəmləşdirib. Mediada gedən xəbərlərdə Ukrayna ilə sərhədə tərəf irəliləyən çoxsaylı rus  tankları və BTR-lər görünüb. Əksəriyyət hesab edir ki, Ukrayna Gürcüstan deyil və Rusiya qoşun yeritsə, bu əməliyyat çox mürəkkəb və qanlı olacaq. Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Ruslan Xomçak Rusiyanın sərhədə 58 batalyon-taktiki qruplaşmasından ibarət ordu qüvvələri yığdığını bildirib. Eyni zamanda general deyib ki, Ukrayna ordusu da 100 minlik qüvvə ilə Donbasa hücuma hazırdır. Belə bir durumda Ukrayna Könüllülər Ordusunun komandanı Dmitri Yaroş bildirib ki, Rusiya Ukraynaya təkcə şərqdən yox, şimal və cənubdan da hücuma keçəcək. Yaroşun sözlərinə görə, yaxın aylarda Donbasda vəziyyət pisləşəcək: "Fikrimcə, yaşılların (rus hərbçiləri nəzərdə tutulur) ortaya çıxması ilə bütün cəbhə boyu böyük fəallıq baş verəcək. Rusiya Belarusdakı və işğal altında olan Krımdakı qüvvələrini artırmaqla, açıq şəkildə vəziyyəti gərginləşdirmək arzusunu nümayiş etdirir. Ruslardan hər şey gözləmək olar”.
"Ukraynanın müttəfiqləri vəziyyətin təhlükəli olduğunu tamamilə başa düşürlər”. Ukraynalı politoloq Taras Berezoveç deyib. "Yalnız onların Ukrayna rəhbərliyini düzgün şəkildə stimullaşdıracağına və istiqamətləndirə biləcəklərinə ümid etmək qalır. Təəssüf ki, rəqib kiminlə iş gördüyünü gözəl bilir. Hər şey həddən artıq ciddidir”, - Berezoveç bildirib.
 
Ukraynasız Ukrayna müzakirəsi
 
Yeri gəlmişkən, Ukrayna mediası yazır ki, Rusiya-Almaniya və Fransa liderlərinin prezident Vladimir Zelenskinin iştirakı olmadan keçirilən videokonfansı Ukrayna diplomatiyasının ciddi məğlubiyyətidir. Qeyd edilir ki, Vladimir Zelenskini bu videokonfransa ona görə dəvət etməyiblər ki, Donbas, Makron, Putin və Merkel arasında gedən müzakirələrdəki mövzulardan biridir. Yəni problem tam müzakirə olunmur. Media iddia edir ki, əslində Zelenski ona görə dəvət edilməyib ki, bunu Putin belə istəyib. Rusiya prezidentini özündən çıxaran həm də, oliqarx Viktor Medvedçuka qarşı qəbul edilən sanksiyalardır. Bu isə Kreml nöqteyi-nəzərindən yolverilməzdir. Məsələ ondadır ki, Rusiyanın vəziyyəti də qənaətbəxş deyil. Krım və Donbasın uzun illərdir işğalı, Suriyada üzləşdiyi fəlakət, Navalnının həbsi və zəhərlənməsindən sonra ümidsiz şəkildə izolyasiyadan yaxa qurtarmağa, avropalı liderlərlə razılığa gəlməyə çalışır. Hələ ki, görünən odur ki, Putin heç bir halda Krımı qaytarmağa tələsmir. Rusiya üçün bu məsələ artıq qapanıb. Eləcə də, rusiyalı müxalifətçiləri də opponent kimi tanımağa da tələsmir. Yerdə qalır Donbas. Rusiya yalnız bu məsələdə danışıqlara getməyə hazır görünür.
 
ABŞ-dan Ukraynaya dəstək
 
Ukrayna Müdafiə Nazirliyi Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostinin  ukraynalı həmkarı arasında aparılmış telefon danışığı barədə məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər Donbasdakı vəziyyəti və Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsini müzakirə ediblər. Lloyd Ostin ukraynalı həmkarı Andrey Tarana bildirib ki, əgər Rusiya Ukrayna ilə münaqişəyə başlasa, ABŞ müdaxilə edəcək. "ABŞ müdafiə naziri qeyd edib ki, Rusiya aqressiyasının eskalasiyası halında Birləşmiş Ştatlar Ukraynanı tək qoymayacaq və Rusiya Federasiyasının Ukraynaya qarşı aqressiv cəhdlərinin həyata keçirilməsinə imkan verməyəcək”, - məlumatda deyilir. Bildirilir ki, bu Lloyd Ostinlə Andrey Taran arasında son ay yarım ərzində ikinci telefon danışığıdır. Son telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı barədə Pentaqon da məlumat yayıb, Lloyd Ostinin Ukraynaya dəstək vədi verdiyini təsdiqləyib. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərə bildirib ki, danışıqlar zamanı cənab Ostin Rusiyanın Ukraynanın şərqində "aqressiv və təxribatçı hərəkətlərinin eskalasiyasını” pisləyir. "O, habelə təsdiq edib ki, ABŞ Rusiya təcavüzünə qarşı daha effektiv müdafiəni təmin etməsi üçün Ukrayna qüvvələrinin potensialının artırılmasına sadiqdir”, - Kirbi bildirib. Pentaqon nümayəndəsi qeyd edib ki, 2015-ci ildən bu yana ABŞ Ukraynaya 2 milyard dollarlıq hərbi yardım ayırıb.
 
Putin daha bir işğala girişə bilərmi?
 
Beynəlxalq media da baş verənləri analiz edir. "Politico” dərgisində Leon Aron yazır ki, prezident Vladimir Putinin Ukraynaya müdaxiləsinə səbəb olmuş faktorlar indi də ortalıqdadır – ölkəiçi etirazlar, çabalayan iqtisadiyyat və şöhrət arzusu. Və bu faktorların trayektoriyasını proqnozlaşdıraraq plan cızmaq ABŞ prezidenti Co Bayden administrasiyasını narahat etməlidir. Müəllif qeyd edir ki, hazırda Putinin oxşar böyük və cəsarətli addım barədə düşünməsinə azı iki səbəb var. Birinci səbəb stratejidir: o, özü və Rusiya üçün şöhrət istəyir. İkinci motiv isə taktikidir: ömürlük prezidentliyə çalışır. 2024-cü ildə, 72 yaşında altı illiyə, daha sonra 2030-cu ildə daha bir müddətə prezident seçilmək istəyərdi. Həm də on ildən artıqdır iqtisadiyyat və gəlirlərin durğunluq yaşadığı bir ölkədə, Covid-19 pandemiyasının da hələ çəkilib getmək fikri yoxdur. Putin 2014-cü ildə Krımın "qaytarılması”ndan iqtisadi tənəzzülü kompensasiya etmək üçün yararlandı, həm də öz populyarlığının, rejiminin legitimliyinin əsas sütununa çevirdi. "Levada” Mərkəzi müstəqil sorğu şirkətinin direktoru Lev Qudkov Putinin legitimliyə yeni iddiasını "vətənpərvər səfərbərlik" adlandırıb. Qeyd edir ki, bundan sonra Putinin populyarlığı artdı. Məqalədə deyilir ki, Putin daha bir qalibiyyət müharibəsi istəsə, yetərincə potensial hədəflər var. Azı beş qonşu ölkə aşkar namizədlərdir. Onlardan üçü – Gürcüstan, Moldova və Ukrayna "dondurulmuş münaqişələr” olan ərazilərdir. Müəllif, təhlükənin bununla bitmədiyini, NATO-nun şərq cinahına, Estoniya, Latviya və Litvaya da sürətlə və qalibiyyətlə "dürtülmə”nin mümkün olduğunu qeyd edir. "Həm Brüssel, həm də Moskva Baltik ölkələrinin qısa zaman kəsimində müdafiəsiz olduğunu bilirlər”, – məqalədə deyilir. ABŞ-da Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Corc Fridman da hesab edir ki, Ukrayna ərazilərini geri qaytarmalıdır: "Amerikanın mövqeyi budur ki, Ukrayna məsələsində birinci Polşa, sonra Türkiyə kömək etməlidir. Türkiyə Krımı ilhaq kimi qəbul edib”, - deyə siyasi təhlilçi qeyd edib.  Əlavə edib ki, ABŞ prezidenti Bayden də elan etmişdi ki, Ukraynanın hüquqlarının bərpasını istəyirik, strateji düşmənimiz əvvəlcə Rusiyadır, sonra Çindir. Beləliklə, bütün bunlardan bu nəticəyə gəlmək olar ki, vəziyyət müharibə həddinə gəlib çatıb. Ukrayna heç bir halda güzəştə getmək istəmir. Əksinə, ordusunu daha müasir döyüş vasitəli ilə gücləndirir. Rusiya da eyni mövqedədir. Çox gözəl bilir ki, Ukraynaya hər hansı bir güzəştə getmək, iflasla nəticələnəcək. Bu bölgələrə illərdir ki, rusların boğazından kəsilib milyardlarla pul göndərilir. Və qəfildən bəlli olur ki, bu torpaqları geri qaytarmaq gərəkdir. Bu cür ssenari Kreml tərəfindən yaxın perspektivdə qəbul edilməyəcək.
 
Azər NURİYEV