• bazar ertəsi, 29 aprel, 10:52
  • Baku Bakı 16°C

Əliyev-Ərdoğan görüşündəki iki mühüm detal - TƏHLIL

24.02.24 06:17 3667
Əliyev-Ərdoğan görüşündəki iki mühüm detal - TƏHLIL

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan müzakirələr zamanı yenidən Türk Dövlətləri Təşkilatı amilini gündəmə gətirdilər. Bu da regional təxribat planlarını eroziyaya məruz qoyan alternativ platforma kimi qiymətləndirilə bilər. 


Prezident İlham Əliyev andiçmə mərasimindən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. Bu, bir daha Azərbaycanın strateji müttəfiqi Türkiyəyə verilən dəyərə, Ankara ilə Bakı arasındakı tarixi-siyasi və qarşılıqlı hörmətə əsaslanan genişspektrli əlaqələrə vurğu edir. 

Sözsüz ki, İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra əlaqələrin irəliyə aparılması, strateji müstəvidə daha da dərinləşdirilməsi prioritet olaraq qalacaq. 

Ancaq budəfəki prioritetlər əvvəlki illərdəkindən fərqli olaraq real ölçüdə daha böyük bir gündəliyin praktiki öhdəliklərini göstərir. 

Azərbaycanın regional sıçrayışı

Ən azından nəzərə almaq lazımdır ki, İlham Əliyevin növbədənkənar prezident seçkisindəki qələbəsi böyük tarixi regional sıçrayışa keçidi stimullaşdırır. 

Bu stimullaşdırma regionda sabitliyi pozmaq planı olan qüvvələrə qarşı növbəti mərhələlərdə mühüm strateji qələbəni təmin edən faktordur. Lakin bu amilin etibarlı, möhkəm tellərlə bərkidilməsi və “alınmaz qala”ya çevrilməsi üçün Azərbaycan-Türkiyə müttəfiqliyində yeni səhifələr vərəqlənməlidir. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsindən sonra ortaya çıxan mühüm çağırışdır. Ona görə də deyə bilərik ki, İlham Əliyevin Türkiyəyə səfər edərək Rəcəb Tayyib Ərdoğanla müzakirələri iki dövlətin müttəfiqliyində sarsılmaz hərəkətlərin miqyasını ifadə edir. 

Təhsil regional təsir qüvvəsi rolunda 

Həmin miqyasda iki mühüm detala vurğu edildiyini görmək mümkündür. Birincisi, İlham Əliyevin səfəri zamanı iki ölkə arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə Anlaşma Memorandumu imzalandı. 

Təhsil hər bir ölkənin beynəlxalq indeksinə təsir edən böyük və mürəkkəb sahədir. Təhsilin müasir siyasətdə və strateji konsepsiyalardakı yeri əlahiddə funksiyalara malikdir. Çünki təhsil beynəlxalq arenaya ən müasir standartlarla çıxışı, yad ideoloji təsirlərə qarşı intensiv qrafiki və əhatəli akademik yanaşma çərçivələrini müəyyən edir. Deməli, Azərbaycanla Türkiyənin birgə universitet yaratması qərarı iki ölkə arasındakı inteqrasiyanın daha da sıxlaşdırılmasına yardımçı olmaqla yanaşı, regional təsir qüvvəsi roluna da malik olacaq. 

Təsadüfi deyil ki, İlham Əliyev fevralın 14-də andiçmə mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) qlobal səhnədəki yeri barədə önəmli mesajlar verdi. Həmin yerin qarşıya doğru irəlilədilməsi, geosiyasi və strateji şəkilləndirmədəki mövqelərinin qabağa çəkilməsi üçün bir sıra çağırışlar mövcuddur. Təhsil həmin çağırışları icra edir, TDT çərçivəsində inteqrasiyanı təşviq edərək ona yeni rəng verir. 

İkincisi, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarında təhlükəsizliyə dair mövqelər səsləndirərək bir daha iki ölkənin bir-birinin yanında olduğunu nümayiş etdirdilər. Bu bəyanatlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə məxfi gündəliklə sızıb vaxt qrafikini uzadan kənar qüvvələrə qarşı “möhürlü mövqeləri” göstərir. 

Bu amil regionda hazırlanan təhlükəli sınaq balonlarına qarşı reaksiya müddətini tezləşdirir və İrəvanı Bakının şərtləri əsasında sülh müqaviləsinə doğru tələsdirir. Cənab Ərdoğanın bu baxımdan Ermənistanı sülh müqaviləsini imzalamağa dəvət etməsi Zəngəzur dəhlizi layihəsinin işığında xüsusi əhəmiyyət kəsb edir. Ermənistan regional gərginliyi yüksəldən ipə deyil, Azərbaycanla Türkiyənin təqdim etdiyi gündəliyə əsaslanan platformaya enməlidir. 

Kənar nəfəsləri TDT ilə kəsmək

Təəccüblü gəlmir ki, Azərbaycanla Türkiyənin geosiyasi reallıqlardakı güclü mövqeyi bir çoxlarını, o cümlədən Fransanı narahat edir. 
Fransanın Cənubi Qafqazda aktiv fazada Azərbaycana qarşı təxribatların tərtibatçısı rolunda çıxış etməsi onun geosiyasi reallıqları təcili dəyişdirmək planından xəbər verir. Söz yox ki, Fransanın geosiyasi spektrdəki belə tutumu Cənubi Qafqazdakı rəqabəti eskalasiya səviyyəsinə qədər alovlandırır. 

Bu alov Yaxın Şərqdə genişlənən eskalasiya bucaqları, davam edən Rusiya-Ukrayna müharibəsinin geosiyasi təsirləri ilə yüksəyə qalxa bilər. Parçalanmış ümidlərlə Azərbaycana qarşı cəbhənin gülləsinə çevrilmək istəyən Ermənistanın mövqeyindəki çoxbaşlılıq vəziyyəti daha da kövrəkləşdirir. 

Təbii ki, Azərbaycanın belə regional çətinliklərlə dolu situasiyada müdafiə qüdrətini gücləndirmək və regional əməkdaşlıqda yeni üfüqlər açmaq prioritetləri başadüşüləndir. 

İlham Əliyevin andiçmə mərasimində TDT-nin güclü potensialına diqqət çəkməsi fonunda həmin mənzərə aydınlaşır. 

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan müzakirələr zamanı yenidən TDT amilini gündəmə gətirdilər, bu da regional təxribat planlarını eroziyaya məruz qoyan alternativ platforma kimi qiymətləndirilir. 

Deməli, Azərbaycan və Türkiyə TDT-nin dünya ticari-iqtisadi arteriyasındakı rolunu təşkilatın geosiyasi qüdrəti ilə tamamlamaqda maraqlıdırlar. 

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər