• çərşənbə, 17 Aprel, 02:21
  • Baku Bakı 14°C

İsraillə münasibətlərdə yeni mərhələ - ŞƏRH

03.06.23 00:30 2563
İsraillə münasibətlərdə yeni mərhələ - ŞƏRH

İsrail prezidentinin Bakıya səfəri Azərbaycana düşmən olan, hədələyən güclərə açıq mesaj idi. Bir daha nümayiş etdirildi ki, heç də onların düşündüyü kimi zəif və təklənmiş dövlət deyilik. 

İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfəri, aparılan müzakirələr və səsləndirilən bəyanatlar iki ölkə arasında strateji əməkdaşlığın mövcud səviyyəsini bir daha dünyaya nümayiş etdirdi. Rəsmi Bakının Təl-Əvivlə münasibətləri dostluq və qarşılıqlı maraqlardan irəli gəlir. Son 30 ildə Azərbaycan İsraillə iqtisadi, ekoloji, tibb və xüsusilə müdafiə sənayesi istiqamətində əməkdaşlığı ən yüksək səviyyəyə çatdırıb. 2023-cü ildə isə İsraildə Azərbaycan səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı bir üst mərhələyə daşıyıb. 

“Bizim tarixən yəhudilərlə isti münasibətlərimiz olub”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, İsrail-Azərbaycan münasibətləri daima yüksələn xətt üzrə inkişaf edib: “Məlumdur ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri İsraildir. Bunun çox özəl səbəbləri var. Xalq olaraq tarixən yəhudilərlə bizim isti münasibətlərimiz olub. Bizi tək siyasi yox, həm də mənəvi dəyərlər birləşdirir. Təbii ki, İsrail prezidentinin səfəri Azərbaycanın xarici siyasət kursunda ən mühüm istiqamətlərdən biridir. Bu gün İsrail və Azərbaycan deyəndə iki dost ölkə arasında hərbi, mənəvi, mədəni, iqtisadi, təhsil, ekologiya, müasir texnologiyalar istiqamətində daim inkişaf edən əməkdaşlıq önə çıxır”. 

“Bir-birimizdən öyrənəcək məsələlərimiz çoxdur”

A.Nağıyev vurğuladı ki, İsrailin kənd təsərrüfatı sahəsində tətbiq etdiyi təcrübə Azərbaycan üçün çox lazımdır: “Su çatışmazlığı və digər bu kimi problemlərin həllində İsrail təcrübəsi nümunədir. Səhiyyə sahəsində də qarşılıqlı mübadilələrimiz var. İkinci Qarabağ müharibəsindən sonra İsraildən həkimlərin gəlməsi, reabilitasiya mərkəzlərində işləməsi bir daha göstərdi ki, bizim bir-birimizdən öyrənəcək məsələlərimiz çoxdur. O cümlədən, ekoloji sahədə əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Bilirik ki, dünyada içməli su problemi var və faktiki olaraq İsrail dəniz suyunu şirinləşdirərək texniki su kimi istifadə edir. Azərbaycanda da bu problem mövcuddur, İsrail texnologiyasından istifadə edə bilərik. Digər əsas məqam kibertəhlükəsizlikdir. Kibertəhlükəsizlik, terrorla mübarizədə xüsusi xidmət orqanları arasında İsrailin müvafiq qurumları dünyada öncül yerlərdən birini tutur. Eyni zamanda, yeni innovasiyalar sahəsində mübadilənin olması çox mühüm məsələdir”.  

  

“Müstəqil xarici siyasətimiz var”

Bəzi region ölkələrinin bu səfərə münasibətinə toxunan A.Nağıyev qeyd etdi ki, İsrail-Azərbaycan münasibətlərinin inkişafını qonşularımızdan müsbət qarşılamayanlar da var: “Bizim öz xarici siyasətimiz var və İsraildə səfirliyin açılması ilə yanaşı, həm də Fələstində nümayəndəlik fəaliyyətə başladı. İstər İran, istərsə də digərləri bir daha şahid oldu ki, müstəqil xarici siyasətimiz var. Bizim regional, beynəlxalq səviyyədə apardığımız siyasət özümüzə aiddir. Burada ümumi maraqlar və dostluq əsas rol oynayır”. 

Təhlükəsizlik amili

Politoloq Natiq Miri bildirdi ki, İsrail prezidentinin Azərbaycana səfəri çox önəmli, əhəmiyyətli siyasi hadisə idi: “Uzun müddət bu münasibətlərin inkişafını istəməyən qonşu İran hər vəchlə buna əngəl olmaq və Azərbaycanı təhdid etməklə məşğul idi. Bu kontekstdə yanaşdıqda Azərbaycanın təhlükəsizliyi baxımından bu səfər çox önəm daşıyırdı. Səfərin əsas məqsədlərindən biri münasibətlər sistemini, əməkdaşlığı daha da zirvəyə daşımaqdan ibarət idisə, diqqət yetirilən əsas məqamlardan biri də birgə müdafiə sənayesi istehsalının inkişafı idi. Dünyada müdafiə sənayesinin inkişaf etdiyi azsaylı ölkələrdən biri İsraildir. 44 günlük Vətən müharibəsində İsrailin Azərbaycana yardım etməsi, xüsusilə ən müasir strateji silahların verilməsi ilə bağlı rolunu qətiyyən unutmaq olmaz”. 

Səfərin görünən, görünməyən tərəfləri

Politoloq qeyd etdi ki, İsrail prezidentinin səfərinin həmçinin Azərbaycan dövlətinin dünyada mövqelərinin güclənməsi, Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ probleminin birdəfəlik həlli üçün ciddi əhəmiyyəti var: “Səhnənin üz tərəfində bunlar görünməyə bilər. Ancaq əmin olun ki, müxtəlif siyasi mərkəzlərdə, qlobal güclərin olduğu ölkələrdə bir çox strateji qərarların verilməsində bu səfərin çox böyük əhəmiyyəti olub. Ən azından ABŞ-nin son bəyanatını xatırlamaq yetərlidir. Yəni, Azərbaycan Prezidentinin Laçında verdiyi bəyanat, açıqlamalar və bu kontekstdə Qarabağda mövcud olan separatçı rejimin özünü buraxdığı təqdirdə amnistiyanın tətbiq oluna biləcəyi ehtimalından danışması, bunun ABŞ tərəfindən təqdir olunması dediklərimizin bilavasitə təzahürü sayılmalıdır. Səfərin həm görünən, həm də görünməyən tərəfləri var. Bu səfər Azərbaycana düşmən olan, hədələyən bir çox regional və qlobal güclərə də mesaj oldu ki, heç də onların düşündüyü kimi zəif və təklənmiş dövlət deyilik. Bu mesajla hər kəs öz payını alıb”.

Bəxtiyar Məmmədli 

banner

Oxşar Xəbərlər