• çərşənbə axşamı, 24 iyun, 08:30
  • Baku Bakı 20°C

“Həmişə cavan qalacaq əsərlər yazmışam”

01.09.16 12:46 2188
“Həmişə cavan qalacaq əsərlər yazmışam”
"Mən çox xoşbəxt bəstəkaram. Hansı bağçaya, məktəbə gedirəmsə, görürəm mahnılarım oxunur. Bəzən heç bilmirlər bunların müəllifi Oqtay Zülfüqarovdur. Artıq onların çoxu xalq mahnılarına çevrilib”. Xalq artisti O.Zülfüqarov onunla görüşən, qapısını döyən bütün jurnalistlərə bu sözləri söyləyirdi. 87 yaşlı bəstəkar bu sözləri dilə gətirmək haqqı qazanana qədər uzun və çətin bir yol keçmişdi.
Ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edən bəstəkara yazdığı altı yüzədək uşaq mahnısı və digər janrlarda yazdığı əsərlər əbədi şöhrət qazandırıb. O, daha çox uşaq bəstəkarı kimi tanınıb. Ölkənin ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vuran O.Zülfüqarov balacalara daim böyük sevgi və həssaslıqla yanaşıb, onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb. Neçə-neçə nəsil onun mahnıları ilə böyüyüb. Uşaqların sevə-sevə oxuduğu, dinlədiyi yüzlərlə mahnının həm musiqisi, həm də sözləri məhz ona məxsusdur: "Mahnılarımı tanıyan tanıyır. Eləsi var bir əsər yazır, hər yerdə onu təbliğ edir. Mən o bəstəkarlardan deyiləm...”,- deyə sənətindən zövq alırdı.


Mahnılar, teatr və kino üçün musiqilər...

Bəstəkarın həyat yoluna nəzər saldıqda göz qarşısında maraqlı və zəhmətkeş bir ömrün səhifələri vərəqlənir.
1929-cu il mayın 31-də həkim ailəsində anadan olan O.Zülfüqarov musiqi məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Konservatoriyanın violonçel sinfini bitirib, görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olub. 1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran O.Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Tanınmış bəstəkar uşaqlar üçün yazılan "Qız-ulduz”, "Pişik və Sərçə” və "Meşə nağılı” operalarını yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkar böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım” uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifi kimi tanınıb. "Şənlən, mənim xalqım”uvertürası 1962-ci ildə Moskvada laureatlıq qazanıb.

2010-2012-ci illərdə O.Zülfüqarov "Məlik Məmməd” nağılı əsasında uşaqlar üçün "Sehrli alma” iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq” və "Aysel” Uşaq Mahnı Teatrı O.Zülfüqarovun rəhbərliyi altında fəaliyyət göstərib. O, həmçinin Azərbaycan Dövlət Televiziyasında uşaqlar üçün verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onları "Oxuyur Aysel” adlı toplu adı altında çap etdirib. 1972-ci ildə "Əməkdar incəsənət xadimi”, 2000-ci ildə "Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi çalışıb.


Çətin vaxtlar idi
O.Zülfüqarov həyat və yaradıcılığı ilə bağlı danışanda öncə çətinliklə keçən uşaqlıq illərini xatırlayırdı. Müharibə dövründə böyüdüyündən həyatı əzablı keçmişdi. Üstəlik ailədə ata-anasının xoş olmayan münasibəti, sonunda ayrılmaları, balaca Oqtayın nənəsi Həvvanın himayəsində qalması onu vaxtından əvvəl böyütmüşdü: "Müharibə başlayanda on iki yaşım vardı. 176 saylı orta məktəbə gedirdim. Müharibə vaxtı məktəblərin çoxunu hospitala çevirirdilər. Ona görə məktəbdən-məktəbə keçirdik. 14 saylı, bir müddət sonra 18 saylı, daha sonra 171 saylı məktəbdə oxumalı oldum. Anam adımı orta məktəbə özünün soyadı ilə yazdırmışdı. Doğum şəhadətnaməmə baxan olmamışdı. Elə ki pasport almağa getdim, dedilər, əzizim, sən Zülfüqarovsan. Belə də yazdılar. Orta məktəb sənədlərimdə isə soyadım Əliyev qaldı. Orta məktəbdə babat oxuyurdum. Dərs cədvəlimdə hansı qiymət desən, var idi, 2, 3, 5… Amma ictimai işlərdə fəal idim. Rəssamlıq qabiliyyətim olduğundan, məktəbin divar qəzetini mən bəzəyirdim”.

Nənəsinin əziz nəvəsi saydığı Oqtay özünü atasız-anasız hesab etməyib: "Bilirdim ki, mənim iki anam, iki atam var. Nənəm də məni əziz saxlayırdı. Dayılarımın, xalalarımın da uşaqları var idi. Amma nənəm deyirdi, Oqtaydan başqası yoxdur. Dolanışıq ağır idi. Ev əşyalarımızı bazara çıxarıb dəyər-dəyməzinə satırdıq. İndi də yadımdadır. Evimizdə otuz kasa var idi. Farfordan idi. İndi onların qiyməti çox baha olar. Nənəm onlardan birini mənə verirdi. Kasanı bazara aparırdım. Giriş qapısında dayanan alverçilər yaxınlaşıb soruşurdular: "Nə gətirmisən?” Kasanın birini 30 manata satırdım. Çörəyin kilosu isə 100 manata idi. Acından ölməmək üçün elələri var idi əyinlərinin paltarını satırdı. Yaxşı ki nənəmin uşaqlarının bir əlləri üstümüzdə idi. Xalalarım, anam bacardıqları qədər bizə kömək edirdilər. Dayılarım da müharibədən qayıdandan sonra nənəmə çox əl yetirirdilər. Ancaq çətin vaxtlar idi”.


"İstəyirəm sən musiqiçi olasan”

Ata-anası, atalığı tibb sahəsində olduğundan o da uşaqlıqda həkim olmaq istəyib. Bir gün anasının "Oqtay, sən mənim arzumu yerinə yetirmədin. İstəyirdim sən musiqiçi olasan”- sözlərindən sonra, anasının arzusunu gözündə qoymaq istəməyib: "Hə, nə olar, ana, musiqiçi olaram”, - deyib: "Bizim nəsildə musiqini çox sevirdilər. Dayılarımın ikisi yaxşı gitara, nənəm qarmon, atalığım mandolina çalırdı. Anam hərdənbir gitarada çalıb-oxuyurdu. Vaqif Mustafazadənin anasıyla rəfiqəlik etdiyi vaxtlarda onunla fleytaya da getmişdi. Ancaq qohumlarımdan heç kim musiqi ilə sənət kimi məşğul olmamışdı. Mən birinci olacaqdım”.

1945-ci ilin aprelində heç kimə, hətta anasına da heç bir söz demədən 1 saylı musiqi məktəbinə gedib: "On altı yaşım vardı. Bığ yerim tərləmişdi. Həmin məktəbə isə altı-yeddi yaşlı uşaqları qəbul edirdilər. Direktor Fatma xanım məni görüncə: "Çox gecdir, sən böyüksən” dedikdən sonra bir az düşünüb: "Yaxşı, imtahanda iştirak edərsən”,- deyə razılıq verdi”.

Müəllimlər musiqi məktəbinə gələn gəncin musiqi qabiliyyətini yoxlayıblar. Direktor: "Hə, yoldaşlar, necədir? Bunu məktəbə qəbul edək, ya yox?”- soruşunca əvvəlcə heç kimdən səs çıxmayıb. Birdən Müller onu yanına çağırıb və barmaqlarını yoxlayıb: "Mən bunu birinci sinfə qəbul edirəm” - deyib. O, 16 yaşlı oğlanı öz sinfinə götürüb. "1945-ci ilin yayı idi. Müharibə təzə qurtarmışdı. Aclıq idi. Fatma xanım hörmət etdi, öz yemək kartoçkasını mənə verdi. İndiki Milli Parkla üzbəüzdə "İnturist” var idi. Orada gündə bir dəfə nahar edə bilərdim. Müller şikəst olduğundan, şagirdləri ilə evində məşğul olurdu. Mən də onun yanına gedib-gəlirdim. İki aydan sonra artıq Müllerin köməkçisi idim. Çox fəal idim. Müəllimim mənə bir dərs verəndə onunu, tapşıranda iyirmisini hazırlayırdım. Sonra bunları bir yerdə musiqi məktəbinə qəbul olunduğum uşaqlara öyrədir, hətta buna görə pul qazanırdım”.

O.Zülfüqarov musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul olub. 1951-ci ildə həmin məktəbi bitirdikdən sonra Konservatoriyaya daxil olub. Bu təhsil ocağında violonçel üzrə təhsilini davam etdirib. Violonçeldə oxusa da, gizli-gizli musiqi əsərləri yazıb: "Bəstəkarlığa marağım böyük idi. Evdə violonçelin simlərini kəsirdim ki, kökləyəndə qırılsın. Özü də elə yerdən kəsirdim, bağlamaq da olmurdu. Bir gün tələbə dostum müəllimə "sirrimi” açdı: "Oqtay violonçeldə çalmaq istəmir, o, əsər yazır”. Müəllim məni Qarayevin yanına apardı. Məsələni ona danışdı. Qarayev musiqilərimi dinlədikdən sonra dedi: "Mənə elə gəlir ki, səni bəstəkarlıq şöbəsinə götürmək olar”.

Yazdığı əsərləri bir müddət heç kimə göstərməyib. Üç il violonçel şöbəsində oxuduqdan sonra onu bəstəkarlıq şöbəsinin ikinci kursuna keçiriblər: "Mənə xoşbəxtlik üz verdi, Qara Qarayev kimi dahi bəstəkarın tələbəsi oldum. Bəstəkarlıq şöbəsinin üçüncü kursunda oxuyanda tədbirdə mənim triom səsləndi. Dmitri Şostakoviç o zaman mənim barəmdə gözəl fikirlər söylədi: "Dörd saat gənclərin konsertini dinlədim. Axırıncı Oqtay Zülfüqarovun əsəri oldu. Yorulmuşdum. Ancaq onun musiqisi mənə rahatlıq gətirdi”. Elə o vaxtdan bəstəkar kimi sayılmağa başladım”.

O.Zülfüqarov müəllimi Qara Qarayevin "Oqtay, özünü sına, musiqilərin oynaqdır. Uşaq musiqi əsərləri səndə yaxşı alınar”- sözlərindən sonra uşaqlar üçün əsərlər yazmağa başlayıb. Yazdığı əsərlər uşaqların da, böyüklərin də qəlbinə yol tapıb. O.Zülfüqarov əsərlərinin taleyinə inanaraq yazıb: "Onlar axar su kimidir. Burdan yolunu bağlasalar, başqa yerdən özlərinə yer tapacaqlar. Musiqinin, sözün dəyərini bilənlər həmişə olacaq”- deyib.
Bu gün uşaqlar üçün yazılan əsərlərin səviyyəsi onu qane etmirdi: "Uşağı aldatmaq olmaz. Onlar üçün böyüklərdən ikiqat artıq səviyyəli əsərlər yazmaq lazımdır. Bizim bəzi bəstəkarlar isə görürlər yazdıqları mahnı zəifdir, böyüklər deyəcək, bu nədır, uşaq şeirini mətn verib edirlər uşaq mahnıları. Uşaq onu oxumayacaq. Gərək onlara zəngin mahnı verəsən. Uşaqlarla işləmək çox əziyyətlidir”- deyirdi.


Ürəyimi qocaltmışam

O.Zülfüqarov həyatdan həmişə zövq alırdı: "Adam var, gözəllikləri görmür, deyir depressiyadayam, stressdəyəm… Mənim canım ağrımırsa, musiqi bəstələyirəm, yaxud şeir yazıram, şəkil çəkirəm, bağımda əkirəm-becərirəm, ağacları peyvənd edirəm. Əlimdən hər iş gəlir. Bağımda ikimərtəbəli evim var. Onun bənnası, qaynaqçısı, elektriki, çilingəri özüm olmuşam. Yayda hamımız - üç uşağım, səkkiz nəvəm, iki nəticəm yığışıb o evdə dincəlirik”.
Görkəmli bəstəkar yaşının çoxluğuna baxmayaraq daim çalışırdı. Yeni əsərlər üzərində işləyirdi. Gözəl ailəsi, yaradıcılığına olan maraq ona daim həyat, yaşamaq eşqi verirdi: "Naşükür deyiləm. Çox işlər görmüşəm. Həyatla döyüşə-döyüşə bu günlərə gəlmişəm. Ürəyimi qocaltmışam. Əvəzində həmişə cavan qalacaq əsərlər yazmışam”.

O.Zülfüqarov ona yaradıcılıq ilhamı yaşatdığı həyatla vidalaşmasaydı, hələ dinləyicilərin qəlbinə yol tapan, onlara zövq verən çox əsərlərin müəllifi olacaqdı...

Allah rəhmət eləsin!


Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər