• çərşənbə axşamı, 25 iyun, 15:19
  • Baku Bakı 29°C

Hədəf olimpiya qızılıdır

25.05.24 01:16 1823
Hədəf olimpiya qızılıdır

Hidayət Heydərovun kolleksiyasında qatıldığı bütün böyük turnirlərin baş mükafatı var. Çatışmayan yalnız Olimpiya Oyunlarının qızılıdır. Bu il Parisdə keçiriləcək növbəti Yay Olimpiya Oyunlarında da 26 yaşlı cüdoçu əsas favoritlərdən olacaq. 

Cüdo Azərbaycanda ən populyar və uğurlu idman növlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz Yay Olimpiya Oyunlarında güləşdən sonra ən yaxşı nəticəni məhz sözügedən yapon döyüş sənətində göstərib. Cüdoçularımız olimpiadalarda beş medal qazanıblar ki, bunlardan biri qızıl, ikisi gümüş, ikisi bürüncdür. Olimpiya Oyunlarında ilk “qızıl” da məhz cüdonun payına düşür. 1992-ci ildə Barselonada təşkil edilən Olimpiadada Nazim Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lakin o, MDB adından yarışırdı. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında isə Elnur Məmmədli bütün rəqiblərini üstələyib.

2024-cü il də artıq Azərbaycan cüdosunun tarixinə düşdü. Elxan Məmmədovdan 11 il sonra cüdoçumuz dünya çempionu adını qazandı. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən yarışda 73 kq çəki dərəcəsində Hidayət Heydərov planetin ən güclüsü adını qazandı. Bu yazımızda ondan bəhs edəcəyik.

Kimdir Hidayət?

Hidayət Heydərov 1997-c ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçaydandır. Hidayətin üç yaşı olarkən ailəsi Bakıya köçüb. Balaca vaxtlarından aktivliyi ilə seçilən, idmana marağı olan qəhrəmanımız altı yaşında olarkən cüdoya başlayır. Onun ilk müəllimi Tərlan Həsənov olur.

Əzmkarlığı ilə diqqət çəkən Hidayət tezliklə cüdoda uğur qazanmağa başlayır. O, 2008-ci ildə Bakı çempionluğunu, bir il sonra isə Azərbaycan çempionluğunu qazanır. 60 kq çəki dərəcəsində iki dəfə Azərbaycan çempionluğunu əldə edən yeniyetmə idmançının ayağı bundan sonra beynəlxalq arenaya açılır. 2010-cu ildə Tbilisidə keçirilən beynəlxalq turnirdə ikinci yerə çıxan Hidayət növbəti il Ankarada keçirilən Avropa kuboku uğrunda turnirdə birinci yeri tutur. 2012-ci ildə Hidayət yeniyetmələrdən ibarət Azərbaycan yığmasına dəvət alır. Antalyada yeniyetmələrin Avropa kubokunda yarışan Hidayət turniri birinci pillədə başa vurur.

Avropa və dünya çempionatı medalları

Heydərov sonradan yarışlara 73 kq çəki dərəcəsində qatılır. Hansı ki, bu çəkidə Elnur Məmmədli, Rüstəm Orucov kimi idmançılar böyük uğurlar əldə edib, Olimpiya oyunlarında medal qazanıblar. Hidayət hazırda dördqat Avropa çempionudur. O, 2017-ci ildə Varşavada, 2022-ci ildə Sofiyada, 2023-cü ildə Monpelyedə, bu il isə Zaqrebdə bütün rəqiblərini üstələyib. O, qitə birinciliyində iki bürünc, bir gümüş əldə etməyi də bacarıb.

Hidayətin dünya çempionluğu arzusu isə gec reallaşdı. O, bəzən hakim haqsızlığı, bəzən xırda səhvlərdən qızıla çata bilmirdi. Daha əvvəl Bakı, Tokio və Daşkənddə qızıla iddia edən cüdoçu yekunda bürünc medalla kifayətlənib. Bu il isə o, çoxdankı arzusuna çatdı. Avropa və dünya çempionluqlarından əlavə, Heydərov Avropa Oyunlarında, Yay Universiadasında, İslam Həmrəyliyi oyunlarında medal qazanmağa müvəffəq olub.

Əzmkar çempionluq

Abu-Dabidəki dünya çempionatı boyu Hidayət gərgin mübarizədə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Finalda isə o, hazırkı Asiya çempionu, yaponiyalı Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Lakin Hidayət təslim olmayıb. Əzmkarlıq göstərən idmançımız vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib və Abu-Dabidə Azərbaycan bayrağını dalğalandırıb.

Çatışmayan yeganə medal

Hidayət Heydərovun kolleksiyasında qatıldığı bütün böyük turnirlərin baş mükafatı var. Çatışmayan yalnız Olimpiya Oyunlarının qızılıdır. Bu il Parisdə növbəti Yay Olimpiya Oyunları keçiriləcək. 26 yaşlı cüdoçu ölkəmizi Fransa paytaxtında da təmsil edəcək. 73 kq çəki dərəcəsində idmançımız Olimpiadanın əsas favoritlərindəndir. Ölkəmizin Yay Olimpiya Oyunlarında səkkiz illik qızıl medal həsrətinə məhz Hidayət Heydərovla son qoyacağına ümid böyükdür.

Hidayətin özünün də arzusu budur. O, dünya çempionu olduqdan sonra bu barədə fikirlərini bildirib. Hidayət deyib ki, dünya və Avropa çempionluqlarından sonra Olimpiya qızılını da əldə edib Azərbaycan idmanının tarixinə düşmək istəyir. Heydərov bunun üçün bütün imkanlara malikdir. Cüdo həvəskarlarına isə inanmaq və dəstək olmaq düşür.

banner

Oxşar Xəbərlər