• çərşənbə axşamı, 25 iyun, 15:43
  • Baku Bakı 29°C

Avropanı fəth edən xanım

04.05.24 01:44 2644
Avropanı fəth edən xanım

Ülviyyə Fətəliyeva tarixi nəticəyə imza atdı. O, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələdi. Turniri məğlubiyyətsiz başa vuran Fətəliyeva 10 görüşdə 8,5 xal qazandı.

Azərbaycan qadın şahmatı iri addımlarla irəliləyir. Əvvəllər də xanım iti zəka sahiblərimiz uğurlu nəticələr əldə ediblər. Lakin uğurlu qadın şahmatçımız heç vaxt bu qədər parıldamayıb. Bacarıqlı bir gənc nəsil yetişib və onlar hər turnir əvvəlkindən daha yaxşı nəticələr əldə edirlər. Təkcə ötən il qadın millimiz Avropa çempionatında gümüş medal qazandı, 18 yaşlı Ayan Allahverdiyeva dünya çempionu olmağı bacardı. Günay Məmmədova, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva kimi təmsilçilərimiz tez-tez beynəlxalq turnirlərdə özlərindən bəhs etdirə bilirlər.

Avropa çempionatında bütün rəqiblərini üstələdi

Son olaraq Ülviyyə Fətəliyeva tarixi nəticəyə imza atdı. O, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələdi. Turniri məğlubiyyətsiz başa vuran Fətəliyeva 10 görüşdə 8,5 xal qazandı. Sonuncu turda güclü Gürcüstan şahmatçısı Nino Batsiaşvili ilə qarşılaşmada əldə edilən heç-heçə onun qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşməsi üçün kifayət etdi. Ülviyyə Fətəliyeva ən yaxın izləyicilərini bir xal üstələyərək tarixi uğura imza atdı.

“Generallar”dan öndə gedən “əsgər”

Şahmat üzrə milli komandamızın da üzvü olan Ülviyyə 1996-cı ildə Gəncədə anadan olub. Gəncə şahmat məktəbinin yetirməsi artıq yeddi yaşı olarkən ölkəmizi beynəlxalq arenada təmsil etməyə başlayıb. Rəsmi debütünü Türkiyədə edən iti zəka sahibi orada özündən üç yaş böyüklərlə mübarizə aparıb.

Fətəliyeva 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. Dörd il sonra o, eyni şəhərdə 18 yaşadək şahmatçılar arasında hamını üstələyib. O, həmçinin 20 yaşlı qızlar arasında Azərbaycan çempionu, qadınlar arasında Azərbaycan çempionatının gümüş mükafatçısıdır. 2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında səkkiz xalla bürünc medala sahib olan idmançı bu il, nəhayət, arzusuna çataraq Avropanın ən güclüsü oldu.
Budəfəki qitə birinciliyində çoxlu titullu idmançı, səkkiz qrossmeyster mübarizə aparırdı. Fətəliyeva hazırda beynəlxalq usta dərəcəsindədir. O, reytinqinə görə turnirin ən güclüləri sırasında da deyildi. Ümumiyyətlə, favoritlərdən hesab edilmirdi. Lakin bu dəfə bir “əsgər” “generallar”ı üstələməyi bacardı.

Riskləri sevən, təzyiqdən çıxmağı bacaran

Ülviyyə Fətəliyeva Avropa çempionu adını qazandıqdan sonra arzusunun həyata keçdiyini bildirib. O, uğurunu yaxşı hazırlığa, hisslərə qapılmadan təmkinlə oynamağa bağlayıb. Lakin ümumən 27 yaşlı şahmatçı öz oyunlarında risklər etməyi sevir və bunu uğurla həyata keçirir. Keçmiş dünya çempionları - Robert Fişer və Maqnus Karlsenin oyunlarından ilhamlanan beynəlxalq ustanın oyunlarında da onların stilinə xas elementləri sezmək olar. Ülviyyə daha çox aqressiv oynamağı, hücum etməyi və heç-heçədən qaçmağı sevir. Buna görə də piyadaları, hətta fiqurları tez-tez qurban verir. Şahmat bəzən cansıxıcı oyun hesab edilsə də, bu fikri Fətəliyevanın oyunlarına aid etmək doğru deyil.
Ülviyyə ilə bağlı daha bir maraqlı məqam onun qara fiqurlarla oynamağa üstünlük verməsidir. Adətən, şahmatçılar ilk gediş üstünlüyünə görə ağlarla oynamağa can atırlar. Qaralar müdafiə olunan tərəf olduğu üçün əsasən heç-heçə üçün çalışırlar. Lakin Fətəliyevanın yaxşı debüt biliyi, oyun ortası və oyun sonunda hesablama bacarığı, yaradıcılığı və soyuqqanlılığı təzyiq altında dəqiq gedişlər etməsinə imkan verir. Onun ən bəyəndiyi fiqur isə atdır. Əgər at lövhədədirsə, deməli, həmişə rəqib üçün təhlükələr yaratmaq imkanı da mövcuddur. Bu, klassik şahmat ustalarının partiyalarından süzülüb gələn əhəmiyyətli oyun üslubudur.

Yaxşı təhsil, uğurlu idman karyerası

Ülviyyə Fətəliyeva böyük arzuları olan hər bir gənc üçün motivasiya mənbəyi olmalıdır. O, şahmat karyerası ilə yanaşı, keyfiyyətli təhsil almağa da imkan tapıb. Xarici Dillər Universitetinin ingilis dili müəllimliyi fakültəsini bitirən xanım şahmatçı Romanın La Sapienza Universitetində ingilis və amerikanşünaslıq ixtisası üzrə magistr təhsili almağa da vaxt və fürsət tapa bilib. O, Avropa çempionu olduqdan sonra bildirib ki, bu uğuru xəyal quran gənclərə kömək ola bilər. Çünki böyük uğurlar barədə öncə xəyal qurmalı və daha sonra bunu edəcək bacarığa sahib olduğuna inanmalısan. Ülviyyə də xəyal qurdu, inandı və bacardı.

banner

Oxşar Xəbərlər