• çərşənbə, 04 Dekabr, 07:47
  • Baku Bakı 4°C

“Avro-2024”ün sürprizləri

29.06.24 03:02 5027
“Avro-2024”ün sürprizləri

Türkiyə millisi qrup mərhələsini altı xalla başa vurub. Montellanın komandası Gürcüstan üzərində 3:1, Çexiya qarşısında 2:1 hesablı qələbələrlə minimal tapşırığın öhdəsindən gəlməyi bacarıb.

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir. Artıq qrup mərhələsinin oyunları başa çatıb və iyunun 29-da 1/8 finala start veriləcək. Turnirin ilk iki turu bol qollu alınsa da, üçüncü turda komandalar daha çox nəticəyə oynadılar ki, bu da qarşılaşmaların baxımlılığının müəyyən qədər azalmasına səbəb olub.

Favorit Almaniya və itkisiz irəliləyən ispanlar

A qrupunda ev sahibi Almaniya gözlənildiyi kimi bütün rəqiblərini üstələyib. "Bundestim" iki qələbədən sonra İsveçrə ilə qarşılaşmada son dəqiqə qolu ilə heç-heçə edərək lider olub. Yulian Nagelsmannın komandası üçüncü turda çətinliklə üzləşsə də, ümumən göstərdiyi oyunla favoritlər sırasında olduğunu sübut edib. Meydan sahibi səkkiz qolla qrup mərhələsində ən çox fərqlənən yığma olmağı bacarıb. Onlarla birgə İsveçrə də növbəti mərhələyə adlayıb. Şotlandiya isə bir xalla turnirdə ən zəif nəticə göstərən yığmalardan olub.
B qrupunda İspaniya maksimum xal toplayıb. Komanda İtaliya və Xorvatiya kimi güclü rəqiblərlə mübarizədə qapısında top belə görməyib. Son Avropa çempionu İtaliya isə xorvatlarla oyunda yalnız son dəqiqə qolu ilə ikinci yerə yüksələ bilib. “Ölüm qrupu”nda “sağ qalmaq” mübarizəsində Xorvatiya uğursuzluğa düçar olub. Albaniyaya qarşı matçda əldən verilən qələbə yekunda onlara baha başa gəlib. Albanlar da Şotlandiya kimi AVRO-2024-ü bir xalla başa vurublar.

Qol vurmağa çətinlik çəkən favoritlər

Qitə çempionatında gözləntiləri qarşılamayanlar sırasında son Avropa çempionatının finalçısı İngiltərə və dünya ikincisi Fransanı xüsusi qeyd etmək lazımdır. Düzdür, hər iki yığma növbəti mərhələyə yüksələ bilib, hətta ingilislər qrup lideri olublar. Lakin sözügedən komandaların göstərdiyi oyun və xüsusən qol vurmaqda çətinlik çəkməsi azarkeşlərini üzmələrinə səbəb olub. Hər iki kollektiv üç qarşılaşmada cəmi iki dəfə fərqlənə bilib və bir qol buraxıb. B qrupunda yer alan ingilislər Serbiya üzərində qələbə ilə başlasalar da, daha sonra Danimarka və Sloveniya ilə qarşılaşmalarda müvafiq olaraq, qollu və qolsuz heç-heçəyə razılaşıblar. Adıçəkilən bu iki ölkənin yığmaları isə üç heç-heçə ilə qrupdan çıxa biliblər. Yalnız İngiltərəyə uduzan Serbiya isə qrup sonuncusu kimi turnirlə vidalaşıb.

Fransa isə favorit hesab olunduğu D qrupunda beş xalla ikinci yeri tutub. Burada Avstriya sürpriz şəkildə birinci olub. Üçüncü pilləni Niderland tutub və növbəti mərhələyə vəsiqə qazanıb. Polşa isə qrupda qalıb. 

Ən böyük bəxtsiz

AVRO-2024-ün ən qəribə vəziyyəti E qrupunda yarandı. Üç turdan sonra komandaların hər birinin dörd xalı olub. Yalnız top fərqinə görə Rumıniya lider, Belçika isə ikinci yeri tutub. Ukrayna dörd xalla qrup sonuncusu olub. Bir çox komandaların hətta daha az - üç xalla mərhələ adladığını nəzərə alsaq, Ukraynanı turnirin ən bəxtsiz komandası adlandırmaq da olar. 

Türkiyə minimal tapşırığın öhdəsindən gəldi

Nəhayət, F qrupunda gözlənildiyi kimi Portuqaliya lider olub. Çexiya və Türkiyə üzərində qələbələrdən sonra Gürcüstana sürpriz məğlubiyyət komandanın qarşısını kəsə bilməyib. “Ay ulduzlular” da qrup mərhələsini altı xalla başa vurublar. Gürcüstan üzərində 3:1, Çexiya qarşısında 2:1 hesablı qələbələrlə Montellanın komandası minimal tapşırığın öhdəsindən gəlməyi bacarıb. Cəmi bir xal toplayan Çexiya da AVRO-2024-ün fiaskoları sırasına düşüb. 

Tarix yazan gürcülər

Azərbaycanın digər qonşusu Gürcüstan ilk dəfə qatıldığı Avropa çempionatında qrup səddini aşmaqla növbəti dəfə tarix yazmağı bacarıb. Buna 24 komandalı turnirin formatı da kömək edib. Belə ki, altı qrupda ən yaxşı üçüncü yeri tutan dörd komanda da 1/8 finala yüksəlir. Dörd xal yığan gürcülər üçüncülərin mübarizəsində ən yaxşı ikinci göstəriciyə nail olublar. 

1/8 final cütləri

1/8 final mərhələsi bu gün İsveçrə - İtaliya və Almaniya - Danimarka matçları ilə start götürəcək. İsveçrəlilər qrupdakı oyunları ilə rəğbət qazansalar da, böyük turnirlərdə İtaliyanın məhz qrupdan sonra daha yaxşı çıxış etməsi qarşılaşmanın gərgin olacağı ehtimallarını artırır. Almanlar isə Danimarka ilə görüşdə favoritdirlər. Lakin Danimarka da müdafiədə etibarlıdır və almanların işi heç də asan olmayacaq.

İyunun 30-da daha iki 1/8 final matçı keçiriləcək. İspaniya Gürcüstanı sınağa çəkəcək. Qrup mərhələsini birnəfəsə keçən ispanlar duelin aşkar favoritidirlər. Gürcüstanın isə bəxtinin gətirmədiyini demək olar. Hələ ki, gözlənilən oyunu göstərməyən İngiltərə millisi bu mərhələdə Slovakiya ilə üz-üzə gələcək. Slovaklar möhkəm komanda olduqlarını göstəriblər və ingilislərə başağrısı olmağa çalışacaqlar. 
Fransa və Portuqaliya 1 iyulda meydana çıxacaqlar. Fransızları Belçikaya qarşı ağır matç gözləyir. Belçikalılar qrup mərhələsində çətinliklə üzləşsələr də, heyət baxımından kifayət qədər yaxşı seçimlərə malikdirlər. Fransa isə, nəhayət, favorit kimi görünməyə çalışacaq. Portuqaliyanın işi nisbətən daha asandır. Kriştiano Ronaldo və komanda yoldaşları Sloveniyanı sınağa çəkəcəklər. O Sloveniya ki, qrup mərhələsini üç heç-heçə ilə başa vurub.

Nəhayət, iyulun 2-də 1/4 finalın son iki iştirakçısı müəyyənləşəcək. Türkiyə millisi sürpriz şəkildə qrup mərhələsini lider tamamlayan Avstriya qarşısında şans axtaracaq. Niderland isə Rumıniyanı üstələmək niyyətindədir. “Narıncılar” bu dueldə 1/4 finala yüksəlməyə daha yaxın tərəf kimi görünürlər.

banner

Oxşar Xəbərlər