• cümə axşamı, 18 aprel, 08:26
  • Baku Bakı 12°C

Gürcüstan iki od arasında - TƏHLİL

27.05.23 01:00 994
Gürcüstan iki od arasında - TƏHLİL

Gürcüstanla Rusiya arasında birbaşa aviareyslərin bərpası Avropa İttifaqı ilə Tbilisi arasında gərginliyə yol açıb. Prezident və müxalifətin etirazlarına, Qərbin təzyiqlərinə baxmayaraq, hakimiyyət geri addım atmaq  fikrində deyil.

Avropa ilə Gürcüstan arasında münasibətlər yenidən gərginləşib. Tbilisinin dördillik fasilədən sonra Rusiya ilə aviauçuşların bərpasına icazə verməsi Brüsseldə sərt reaksiya ilə qarşılanıb. Qurum Tbilisini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Tbilisinin qərarının onun avrointeqrasiya yolunda problem yaradacağını bəyan edib.

Son illər Aİ ilə Gürcüstan arasında xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı razılaşmalara əməl edilməsi səviyyəsi aşağı düşüb. 2022-ci ildə bu rəqəm 44 faiz idisə, indi 31 faizdir.

Rusiya-Gürcüstan yaxınlığı müxalifətin narazılığı və etiraz aksiyalarına səbəb olmaqla yanaşı, hakimiyyət daxilində də qarşıdurmanı gücləndirib. Daha dəqiq desək, səlahiyyətsiz prezidentlə hökumət arasında problemlərə yol açıb. 

Prezident “Gürcü arzusu”na qarşı

Hökumətin qərarına müxalifətlə birgə etiraz edən prezident Salome Zurabişvili hesab edir ki, Moskva ilə yaxınlaşma Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olur. Zurabişvili hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ətrafındakı insanları və onların yaxınlarını Gürcüstana buraxmamağa çağırıb. Bildirib ki, onların hamısı sanksiyaya məruz qalan şəxslərdir. Prezident Sergey Lavrovun qohumlarının Gürcüstanda evlənmək niyyətlərini şərh edərkən qeyd edib ki, bu planlar puça çıxıb və bu, “gürcü xalqının qələbəsi”dir. Aviauçuşların bərpasına qarşı çıxan prezident bildirib ki,  Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və birbaşa uçuşların bərpası qəbuledilməzdir. Onun sözlərinə görə, Gürcüstan sakinlərinin fikir ayrılığına baxmayaraq, Rusiya Tbilisiyə arzuolunmaz uçuş həyata keçirib. Prezident hava yolları şirkətini boykot edib. Qarşı tərəf də analoji addımı atıb. “Gürcüstan Hava Yolları” prezidentə xidmət göstərməkdən imtina edib.  

Müxalifət isə prezidenti qeyri-səmimilikdə günahlandırır. Müxalifət liderlərindən biri Paata Manjqaladze bildirib ki, Zurabişvili Gürcüstanın keçmiş baş naziri, “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin strateji məsələlərdə müttəfiqidir. “Mən Salome Zurabişvilinin İvanişvilinin hərəkətlərindən uzaqlaşdığını görməmişəm və prezidentə etibar etmirəm”, - Mancqaladze bildirib.

 Müxalifət hakimiyyətə ultimatum verib

Müxalifətə gəldikdə, Tbilisidə Rusiya ilə birbaşa uçuşların ləğvi tələbi ilə aksiyalar faktiki olaraq hər gün keçirilir. “Sərt etirazdan, birlikdən və mübarizədən başqa yol yoxdur və bu mübarizənin ardınca böyük qələbə gələcək, çünki Rusiyanın qulları Gürcüstanda heç vaxt qalib gəlməyəcək”, - deyə gürcü müxalifətçisi Georgi Vaşadze bildirib. Onun sözlərinə görə, bu etirazın ünvanı Gürcüstanın Rusiyanın kölgəsində qalmasını istəyən Putin və İvanişvilidir. “Putin və İvanişvili o qədər qorxurlar ki, hətta bu reysin uçuş və gəliş vaxtları barədə yalan danışıblar. Biz hamımız etiraz etməliyik, çünki bu, “Gürcü arzusu”nun bütün dünyaya mesajıdır ki, onlar öz xarici siyasətlərini dəyişiblər. Onlar artıq açıq və birbaşa Rusiyaya gedirlər, biz isə bütün cəmiyyət olaraq Avropaya gedirik. Sanksiyaya məruz qalan aviaşirkətlərin Gürcüstana uçuşu bizim təcridimiz deməkdir, çünki bu, avtomatik olaraq hava limanlarımıza qarşı sanksiyaların tətbiqinə səbəb olacaq”, - deyə Vaşadze bildirib.

Qaribaşvili Qərbi ittiham edir

Yaranmış durumu şərh edən baş nazir İrakli Qaribaşvilinin mövqeyi də maraq doğurur. “Aİ-nin siyasətinə tabe olmaq üçün biz Aİ-nin üzvü olmalıyıq. Bu gün biz hələ Avropa İttifaqının üzvü deyilik”, - o deyib. Baş nazir bununla da avropalı tərəfdaşlarını bir növ şantaj edib.

Hibrid işğal

“Rusiya artıq Abxaziya və Cənubi Osetiyanı işğal edib, indi isə bütün Gürcüstanın hibrid işğalını həyata keçirir”. Bunu isə “Formula” telekanalının (Gürcüstan) jurnalisti İrakli Tabliaşvili “Kanal 24”ə müsahibəsində bildirib. “Gürcüstan Avropaya sürətlə daxil olmaq şansını əldən verdi” deyən jurnalist əlavə edib: “Hökumət Putinlə yanaşı oynayır. Başa düşmək lazımdır ki, söhbət gürcü xalqından yox, Gürcüstan hökumətinin kursundan gedir. Gürcüstan hökuməti artıq Putinin sədaları altında rəqs etdiyini gizlətmir. Rusiya ilə Gürcüstan arasında münasibətlərin qurulmasının təşəbbüskarı olan şəxslər kiçik piyadalardır. Əslində bu adamların arxasında "Gürcü Arzusu" və rusiyalı oliqarx Bidzina İvanişvili dayanır. Gürcüstanı pərdə arxasından idarə edən adam”. Onun sözlərinə görə, Rusiyadan gələn təyyarəni 1000-ə yaxın insan etirazla qarşılayıb. Daha sonra Rustaveli prospektində 5-6 min adam toplaşıb. “İzdihamlı deyildi, amma ümid edirik ki, yaxın günlərdə bir çox etirazçı küçələrə çıxaraq Gürcüstanın Rusiya tərəfindən bu cür, yəni hibrid işğalına etiraz edəcək”, - deyə bildirib. Jurnalistin vurğuladığı kimi, Ukraynadan fərqli olaraq Rusiya Gürcüstana hibrid yolla daxil olur. Rusiya Gürcüstanı Şimali Atlantika Alyansından, Aİ-yə inteqrasiyadan və ölkənin qərbyönümlü kursundan əl çəkməyə məcbur edir. Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, “Gürcü arzusu” öz əhalisinə əslində nə baş verdiyini izah etmək üçün çox çalışmalı olacaq. Əgər bunu bacarmasalar, o zaman etirazlar mütləqdir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər