• bazar, 01 Iyun, 13:44
  • Baku Bakı 28°C

Güc, qürur və qardaşlıq zirvəsi

31.05.25 05:02 238
Güc, qürur və qardaşlıq zirvəsi

Uzun illər haqqında danışılan Türkiyə-Azərbaycan-Pakistan ittifaqı institusionallaşma istiqamətində irəlilədilir. Zirvə görüşündə də vurğulandığı kimi, bu əməkdaşlıq formatının qalıcı olması üçün mühüm qərarların qəbul edilməsi gözlənilir.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri, Laçın şəhəri Müstəqillik Günündə möhtəşəm tarixi anlara şahidlik etdi. Dövlət müstəqilliyimizin 107-ci ilinin Laçında qeyd edilməsi, bu tədbirlərdə Prezident İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də iştirakı dünyaya Bakı-Ankara-İslamabad birliyinin gücünü və əzəmətini nümayiş etdirdi. 

Sayca doqquzuncu hava limanı

Vaxtilə Qarabağın və digər ərazilərimizin işğalını sürətləndirən, erməni terrorçuluğunun, separatizminin Azərbaycan ərazilərinə birbaşa çıxışına yol açan işğal edilmiş Laçının yaraları sürətlə sağalır. İndi işğaldan azad Laçında Azərbaycan bayrağı dalğalanır. Laçın bu gün dünyanın nüfuzlu ictimai-siyasi xadimlərini, dövlət və hökumət başçılarını qonaq edir. Ölkə üzrə sayca doqquzuncu, işğaldan azad edilmiş ərazilərdə isə inşa edilən üçüncü beynəlxalq hava limanının Laçında açılması, onun ilk sərnişinlərinin Türkiyə Prezidenti və Pakistan Baş naziri olması isə dünyaya, dosta-düşmənə ünvanlanan mesaj idi. Azərbaycanın gücünün, qüdrətinin, müstəqilliyinin əbədi olacağının mesajı.  

Mühüm siyasi platformaya da ev sahibliyi 

Müstəqillik Günü tədbirləri ilə yanaşı, Laçın həm də yaxın və uzaq perspektivdə bölgəmizdə yeni proseslərə, inkişafa və inteqrasiyaya təkan verəcək mühüm siyasi platformaya da ev sahibliyi etdi. Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə növbəti Zirvə görüşü keçirildi. Bu görüş dünyanın diqqətlə izlədiyi, Cənubi Qafqaz, Yaxın və Orta Şərq, həmçinin Mərkəzi Asiya kimi geniş bir coğrafiyaya mühüm təsirləri olacaq Zirvə kimi dəyərləndirilir. Çünki söhbət maraqları, məqsədləri tam olaraq bir-biri ilə uzlaşan, ən çətin məqamlarda belə bir-birilərinə təmənnasız, tam olaraq hərtərəfli dəstək verən üç ölkənin birliyindən gedir. 

Sülhü və sabitliyi gücləndirən əməkdaşlıq

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub: “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.
Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib: “Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik”.

Prezident vurğulayıb ki, müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.

Azərbaycan Prezidenti üçtərəfli əməkdaşlıq formatının yeni istiqamətlərini də qeyd edib: rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar. 

1,5 trilyon dollarlıq iqtisadi güc

Prezident Rəcəb Tayyib Ərdoğanın üç ölkənin sahib olduğu imkanlar və iqtisadi güclə bağlı səsləndirdiyi fikirlər də diqqət çəkir. Onun sözlərinə görə, qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik: “Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm. Bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir”.

Türkiyə Prezidenti qeyd edib ki, ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir: “Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük”.

Zamanında təşkil edilən əməkdaşlıq formatı

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışındakı məqamlar da İslamabadın üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə nə dərəcədə mühüm əhəmiyyət verdiyini göstərir. Onun sözlərinə görə, bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir: “Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir”.

Ən önəmli müdafiə qalxanlarından biri

Uzun illər haqqında danışılan Türkiyə-Azərbaycan-Pakistan ittifaqı institusionallaşma istiqamətində irəlilədilir. Zirvə görüşündə də vurğulandığı kimi, bu əməkdaşlıq formatının daimi və qalıcı olması üçün mühüm qərarların qəbul edilməsi gözlənilir. Çünki üçtərəfli birliyin mahiyyətcə yeni müstəviyə qaldırılması bölgəmizdə və daha geniş coğrafiyada milli maraqlarımızı, sülhü və inkişafı təhdid edən qüvvələrə qarşı ən önəmli müdafiə qalxanlarından biridir. Əldə edilmiş tarixi fürsət Azərbaycan-Türkiyə-Pakistan ittifaqının beynəlxalq səviyyədə güclü təsir mexanizmlərinə sahib olmasını da şərtləndirir.  

Azad Əliyev

banner

Oxşar Xəbərlər