Bakı-Vaşinqton təmasları intensivləşib

ABŞ rəhbərliyinin Cənubi Qafqaz bölgəsinə marağı artmaqdadır. Ağ Ev rəhbərliyi bölgədə Azərbaycanın yaratdığı yeni reallıqları nəzərə alır və bölgədə əsas tərəfdaş qismində məhz rəsmi Bakını görür.
Son günlərdə Bakı-Vaşinqton diplomatik xəttində təmaslar artıb. Bu fəallıq ABŞ-nin Azərbaycanla münasibətlərin inkişafına verdiyi önəmin ifadəsi kimi dəyərləndirilir.
Trampın təbrik məktubu
Prezident Donald Trampın Prezident İlham Əliyevə Müstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubunda bu önəm xüsusi olaraq qeyd edilir. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Azərbaycanla əlaqələri, həmçinin rəsmi Bakının terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, Ermənistanla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığını yüksək qiymətləndirir. “30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik”, - Donald Tramp bildirib.
Məktubdan da göründüyü kimi, ABŞ-Azərbaycan münasibətlərində energetika, terrora qarşı mübarizə, iqtisadi münasibətlər və təhlükəsizlik məsələləri prioritet təşkil edir. Hansı ki, bu istiqamətlər üzrə Vaşinqtonla əməkdaşlığın dərinləşdirilməsi Bakının da maraqlarına uyğundur.
Senatordan təşəkkür
Bu kontekstdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr də diqqət çəkir. Qəbul zamanı senator ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğulayıb və buna görə də ayrıca minnətdarlığını bildirib. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxunub. Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.
Bu fikirlər Tramp Administrasiyasının Bayden hökumətindən fərqli olaraq, Azərbaycanın tərəfdaşlıq münasibətləri çərçivəsində vaxtilə atdığı addımları unutmadığının, əksinə yüksək dəyər verdiyinin göstəricisidir. Ağ Ev rəhbərliyinin mövcud beynəlxalq proseslər fonunda Azərbaycanın əhəmiyyətini xüsusi vurğulaması ikitərəfli münasibətlərin inkişafına da müsbət təsir göstərir. Qeyd edək ki, hazırda Azərbaycan həm də bir çox beynəlxalq tranzit layihələrinin əsas halqası sayılır. Prezident İlham Əliyevin senator Stiv Deynslə görüşündə bu məqam da xüsusi qeyd edilib.
ABŞ rəhbərliyinin Cənubi Qafqaza marağı artmaqdadır
Bakı-Vaşinqton diplomatik təmaslarının intensivliyi bununla da yekunlaşmır. Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak və Dövlət Departamentinin Avropa üzrə baş müşaviri Uayett Toelke də Bakıya gəlib. ABŞ səfirliyinin məlumatında qeyd edilir ki, onlar Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər ediblər.
Göründüyü kimi, ABŞ rəhbərliyinin Cənubi Qafqaz bölgəsinə marağı artmaqdadır. Bölgədə isə əsas söz sahibinin Azərbaycan olduğu, yeni əməkdaşlıq imkanlarının məhz Bakının yaratdığı reallıqlara uyğunluğu əsas amildir. Ağ Ev rəhbərliyi bu reallıqları nəzərə alır və bölgədə əsas tərəfdaş qismində məhz Azərbaycanı görür.
Azad Əliyev
